Sürəyya NƏSİB: "Mən Zamanın darağında darandım..."

Sürəyya NƏSİB: "Mən Zamanın darağında darandım..." Sürəyya Nəsib qızı Yusifova - Özbəkistanın paytaxtı Daşkənd şəhərində dünyaya göz açıb. 4 yaşı olanda ailəliklə öz doğma vətəninə - ata yurdları olan Naxçıvanın Şərur rayonundakı Axamət kəndinə köçüblər. İbtidai təhsilini doğma kəndində alan Sürəyya Nəsib sonra təhsilini Kərimbəyli kəndindəki orta mətəbdə davam etdirib. 1973-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universitetinə) daxil olub. 1978-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirən Sürəyya xanım ailə qurub və Maxta kəndindəki məktəbdə pedaqoji fəaliyyətinə başlayıb.

Sürayyə xanım hələ gənc yaşlarından həm də şeirə, poeziyaya böyük maraq göstərib. "Vəfalım" adlı ilk şeiri uğurlu olub. Şeir yazmaq həvəsi günü gündən daha da artıb. Şeirləri "Azərbaycan", "Şərq qapısı", "İşıqlı yol", "Şərurun səsi", "Şərqin səsi", "Ziya", "Elnm və Təhsil", "Vedibasar" və s. müxtəlif qəzetlərdə, "Azərbaycan qadını", "Ulduz", ,"Söz", "Yurd" və s. jurnallarda dərc olunub, "Nurlu misralar", "Məhəbbət ocağında", "Günəş şərurdan keçir", "Uşaqlar və günəş", "İlham çeşməsi", "Zirvə", "Sazlı-sözlü Borçalı", "Canım Azərbaycanım" və s. adlı poeziya almanaxlarında və müxtəlif ədəbi məmuələrdə işıqüzü görüb.
"Qayıt sevgimizə" adlı ilk kitabı 2000-ci ildə nəşr olunub.
"Mən yaşamaq istərəm", "Şam şamdana dönərmiş", "Bu necə taledir", "Yaman günün ömrü", " Mənə kasıb deməyin", "Ömrü belə yaşadım", "Bir gün axtaracaq o gözlər məni" və s. kimi kitabları oxucuların ixtiyarına verilib.
Bu günə kimi müəllifin 17 kitabı dərc olunub. 18-ci kitabı da artıq çapa hazırdır.
Sürəyya Nəsib poeziya yaradıcılığına görə "Abdulla Şaiq", "Qızıl qələm", "M.Araz", "Nəsimi" və başqa diplom və mükafatlarla təltif olunub.
Biz də hörmətli Sürayə xanıma uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda bir neçə şeirini ZiM.Az-ın dəyərli izləyicilərinə təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az




Sürəyya NƏSİB: "Mən Zamanın darağında darandım..." Mən

Düşmənə baxışım iti oxdu, ox,
Gərək bu yöndə də vaxt ayıram mən.
Haqsıza deməyə sözüm çoxdu çox,
Haqqın hüzurunda haqq lalıyam mən.

Canıma hopana can deyərəm can,
Şanlı gecəni də dan bilərəm, dan,
Mərd dostun yolunda qan verərəm, qan,
Sanmasın pak qanı laxtalıyam mən.

Demirəm qızılam, dürəm, almazam,
Amma onlar kimi mən də solmazam,
Könlünü verənin, könlün almasam,
Zən edər ürəyi şaxtalıyam mən.

Mərdlik salnaməmdir, saflıq qətimdir,
Sevdiyim el, millət, sevgim mətindir,
Sürəyya qürurun qırmaq çətindir,
Çünki Şərur qızı Maxtalıyam mən.


Leyli zirvəsi

Sevgidən yük olmaz insan qəlbinə,
Yansam da saldığın oddan çıxmaram.
Leyli zirvəsini veriblər mənə,
Ölsəm, bu müqəddəs addan çıxmaram.

Bu alın yazısı, taledir yəni,
Hər zaman mən səni izləyəcəkdim,
Bir az gec doğsaydı ananız səni,
Yenə də mən səni gözləyəcəkdim.

Ən əvvəl sevgimə sən açdın sinə,
Alışdım nə közə, nə qora döndüm,
Yer təklif eylədi çox ürək mənə
Haranı seçmişdim mən ora döndüm.

Ürəklə oynama, ehtiyatlı ol,
İstərəm qəlbimə hakim olasan.
Mən cocuq, məhəbbət oyuncaq deyil,
Sındırıb yerinə minin alasan.


Sevgi dəstəyi

Gör necə sirlidir, bəllidir addan,
Suç deyil məhəbbət oduna yanma,
Eşqinin alovu güclüdür oddan,
İncidir, yandırır, kül etmir, amma.

Çətindir, məhəbbət yolu dik deyil,
Sevgidə gərəkdir həm qəlb, həm beyin,
Deyərdim Məcnunluq dəlilik deyil,
Siz Allah, bu ada fəxri ad deyin.

Hissə şər deməyə eyləmə riski,
Gücsüz öz gücünü dildə saxlayır.
Sevən ürəyində daşıyır eşqi,
Sevməyən sevgini əldə saxlayır.

Mənim bir arzum var sevəndən bəri,
Kaş hər kəs xisləti mələkdən alsın,
Sevənə əl verməz, əlin dəstəyi,
Sevən, qoy dəstəyi ürəkdən alsın.


Səni

Həyat imtahandır bir az möhkəm ol,
Hər nadan kəlməsi sıxmasın səni,
Eyb etməz, haqq üçün dabandan soyul,
Təki Ulu tanrı yıxmasın səni.

Sayıq ol, ağ olma üzünə haqqın,
Qoyma namərd düşsün izinə haqqın,
Haqq qazan, haqqla bax gözünə haqqın,
Haqsız yaxasına taxmasın səni.

Canın dərd çəkməsin dərd oyunundan,
Azad et quzunu qurd oyunundan,
Elə çıx fələyin sərt oyunundan ,
Qoy xalqım sayından çıxmasın səni.


Keç artıq

Bir yol deyil, ömrüm boyu sınandım,
Qəlbim, daha öz yolunu seç artıq.
Dilbilməzə nə baş əydim, nə sındım,
Ruhum, zəfər şərbətini iç artıq.

Soylu "mərd" lər "mərd" soyunu dəyişdi,
Naqislərin dərd halını dəyişdi,
Yol göstərən öz yolunu dəyişdi,
Mən mən qaldım, dəyişmədim heç artıq.

Mən Zamanın darağında darandım,
Nə namərdə, nə yamana yarındım,
Məsləkimdə dəyişmədən dayandım,
Qalib çıxdım, məndən ötdü suç artıq.

Eh Sürəyya, çox əzablar çəkmisən,
Biçdiyini, yüz ölçüb bir biçmisən,
Sən zamanın sınağından keçmisən,
Qıl körpüdən keçsən rahat keç artıq.


And içmişəm

Sənədək həyatım tamam boş idi,
Ani baxışınla çaldın qəlbimi.
Bu könül sinəmdən dönən deyildi,
Bilmirəm sən necə çaldın qəlbimi.

Sənə and içmişəm bir inam kimi,
Özümü bir daha yoxlayacağam.
Arı çiçəklərdən bal yığan kimi,
Mən sənin sevgini toplayacağam.

Sənə inanıram Allahım qədər,
Qoy Tanrım eşidib məndən küsməsin,
Əzrail gələndə can vermə əgər,
Ona can lazımsa məndən istəsin.


Səni

Həyat imtahandır bir az möhkəm ol,
Hər nadan kəlməsi sıxmasın səni.
Eyb etməz, haqq üçün dabandan soyul,
Təki ulu Tanrı yıxmasın səni.

Sayıq ol, ağ olma üzünə haqqın,
Qoyma namərd düşsün izinə haqqın.
Haqq qazan, haqqla bax gözünə haqqın,
Haqsız yaxasına taxmasın səni.

Canın dərd çəkməsin dərd oyunundan,
Azad et quzunu qurd oyunundan,
Elə çıx fələyin sərt oyunundan,
Qoy xalqım sayından çıxmasın səni.


Aciz qalıbdı

Qəlbimdə yaratdım heykəlini mən,
Sənin görkəmin də qəlbin kimidir.
Necə vəsf eyləyim əməlini mən,
Sözünün ruhu da təbin kimidir.

Elə bil bitibdir söz, kəlam tamam,
Səni vəsf etməyə söz , tapmaq olmur,
Ona bənzəyir ki, bu məsəl babam,
Ocaq var, ocaqda köz tapmaq olmur.

Özümdən deməyi düzü sevmirəm,
Qəlbimdə çox həsrət, çox iz qalıbdı,
Vallah mənim özüm aciz deyiləm,
Qələmim önündə aciz qalıbdı.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: