12 NOYABR – KONSTİTUSİYA GÜNÜDÜR!..

12 NOYABR – KONSTİTUSİYA GÜNÜDÜR!.. Konstitusiya dövlətin
ali qanunudur!..


Hər bir millətin tarixi, dövlətçiliyi, ölkənin dövlət kimi formalaşması əsas Qanun olan Konstitusiya ilə bağlıdır. Ölkə, Konstitusiyada qəbul olunmuş qanunlar əsasında idarəçilik prinsiplərinə əsaslanır.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk
Konstitusiyası idi.
Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası Azərbaycan dövlətinin sayca dördüncü Konstitusiyası olub onun yeni tarixi modifikasiyasını əks etdirir. Azərbaycan Respublikasında Konstitusiya quruculuğunun tarixi, əsasən, onun SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan Respublikası Konstitusiyasının yeni, SSRİ-nin 1924-cü il Konstitusiyasına müvafiq redaksiyası qəbul olundu. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni, ölkə tarixində yeni mərhələnin reallıqlarını əks etdirən Konstitusiyası qəbul edildi. Azərbaycan müstəqillik əldə edəndən sonra yeni Konstitusiya hazırlanması zərurəti yarandı. Bu məqsədlə Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq bu yeni Konstitusiya qəbul edildi.
1995-ci il Konstitusiyası Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasını qoymuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Noyabrın 12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir.

Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, ikinci əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə, 26 sentyabr 2016-cı ildə isə Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişiklik edilib.
Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi - referendum yolu ilə bu Konstitusiya qəbul edilir.
Azərbaycanda Prezident təsisatı ikili hüquqi təbiətə malikdir, yəni icra hakimiyyətini təmsil etməklə yanaşı, o həm də dövlətin başçısı funksiyasını yerinə yetirir. Prezident bütün seçki korpusu tərəfindən birbaşa seçildiyindən, o, Azərbaycan xalqını bütövlükdə təmsil edir və xalqın vahidliyinin rəmzidir. Eyni zamanda, Prezident dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı qismində çıxış edir. Bu öhdəliklər onun Ali Baş Komandan qismində funksiyasını şərtləndirir.
Ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra olduqca çətin şəraitdə, siyasi-hüquqi, sosial-iqtisadi vəziyyətin ağır olduğu bir dövrdə ölkənin ali hüquqi qüvvəyə malik sənədini – Konstitusiyasını hazırlamaq, özü də müxtəlif siyasi qüvvələrin təsirindən azad, demokratik dəyərlərə əsaslanan, xalqın iradəsini tam əks etdirən bir formada qəbul etmək olduqca çətin idi. Bu taleyüklü, xüsusi həssaslıq və güclü siyasi iradə tələb edən məsələnin həlli də məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyev Konstitusiya layihəsinin hazırlanması üzrə komissiyanın sədri kimi Konstitusiyanı belə qiymətləndirirdi: “Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahat¬lıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm”.
Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan ötən qısa müddət ərzində Nax¬çıvan Muxtar Respublikasının 6 fəsil, 50 maddə və keçid müddəalarından ibarət olan Konstitusiyası hazırlanaraq qəbul olunmuş, Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli Konstitusiya Qanunu ilə təsdiq edilmiş və 8 yanvar 1999-cu il tarixdən qüvvəyə minmişdir.
12 NOYABR – KONSTİTUSİYA GÜNÜDÜR!..
26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı təsdiq edilmişdir.
Beləliklə, ölkə başçısı cənab İlham Əliyev başda olmaqla referendum uğurla keçmiş Konstitusiyaya dəyşikliklər qəbul olunmuşdur. Ölkə Konstitusiyası hər birimizin Ali Qanun kitabıdır, hər birimiz bu kitaba hörmət və ehtiramla yanaşmalı, qanunlarına əməl etməliyik.
Bayramınız mübarək, əziz ölkə vətəndaşları, hər birimizin qapısı sevincə və uğura açılsın.

Ceyhun Ağabəyov


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: