Maarif və elm fədaisi - XEYRULLA MƏMMƏDOV

Maarif və elm fədaisi - XEYRULLA MƏMMƏDOV Həyat öz gərdişi ilə gedir. Onu yaşadıqca gah qəmli, gah da şirin notlarla köklənir Tanrı payı olan ömrümüzə. O, da dünyaya baıqaları kimi gəldi, ancaq başqaları kimi yaşamadı. Mətin əqidəsini erkən əsən payız küləyi kimi gah sağa, gah da sola əsdirmədi. Birməqsədli, bir əqidəli ömür yaşadı. Dərdlərini, yaşadığı ağrı-acıları başqasına yük etmədi, öz qəlbində çəkdi, özü yaşadı həmin ağrıları. Onu həyatda heç nə əyə bilmədi. Çünki əyilməz vicdanının böyük heykəli, bir də əqidəsi, savadı, ilahi istedadı ona mane olanlara , mane olmaq istəyənlərə imkan vermədi. Zəka, ağıl, savad, seçdiyi sənətə vurğunluq, bir də ömrünü şam edib tələbələrinə verdiyi təlim-tərbiyə, atalıq qayğısı bu insanı, bu şəxsiyyəti, bu alimi ucadan uca etdi, yalnız və yalnız zirvələrə apardı, zirvələrə ucaltdı onu. Söhbət əvəzsiz elm xadimi, dəyərli şəxsiyyət, filologiya elmləri doktoru, professor Xeyrulla Məmmədovdan gedir. Elmimizə öz parlaq adını yazan, yazdığı monumental əsərləri ilə elm xadimləri, oxucu, tələbə, valideyn qəlbinə köçərək özünə yuva salan professor Xeyrulla Məmmədovdan gedir...

Xeyrulla Məmmədov əsl ziyalı, ziyalılıq simvoludu. Bütün ziyalı və ali insanı keyfiyyətləri, dəyərləri özündə cəmləşdirən alimin elmimizə bəxş etdiyi uğurlar sonsuz idi. Onun sonsuzluğa bənzər ömrü kimi... ADPU-nun filologiya fakültəsində oxuyan zaman onun oxuduğu məruzələrin, analiz etdiyi əsərlərin təsiri altından hələ də çıxmamışam. Elə hey həmin məruzələrə təzədən bir tələbə gənc kimi qulaq asmaq, ədəbiyyatımızın gözəllikləri ilə başbaşa qalmaq istəyirəm. Seç- diyim sənətə olan sonsuz sevgim Xeyrulla müəllimlə tanışlığımdan sonra daha da çoxaldı və elə seçdiyim, vurğunu olduğum alimin elmi rəhbərliyi ilə namizədlik dissertasiyamı müdafiə etdim. Müdafiədən əvvəl və sonra məni ilk təbrik edən də ustadım, bənzəri olmayan Xeyrulla müəllim oldu. Xeyrulla Məmmədovun yetirməsi olmağın məsuliyyəti olduqca böyükdür. Elə ona görə də çalışıram ki, müəllimimin adına layiq yetirməsi kimi elimizə layiqli lövhələr bəxş edim. Bu yolda az-çox nəyə nail olmuşamsa, onu müəllimimlə bölüşürəm.

Xeyrulla müəllim “XX əsr Azərbaycan ədəbiyyatı”ndan mənə dərs deyib. Mühazirələr oxuyub, seminar aparıb. Natiqlik məharəti, ensiklopedik biliyi, heyrə- tamiz dərrakəsi,ədəbi təfəkkürü ilə bizi heyran qoyub, həm fənnini bizə sevdirib, həm iyirmi illik dövrün ədiblərini, həm də özünü.

Zabtəliydi, zəhmliydi, eyni zamanda mülayimdi, kövrəkdi.Qəlbi uşaq qəlbiydi sanki. Kinsizdi rəhmətlik. Faktoqraf alimdi. Faktsız nə yazı yazırdı, nə mühazirə oxuyurdu, nə də ədəbi söhbətlər eləyərdi.

Çox tələbkar müəllim idi. Xüsusilə də Mirzə CəlilSabirlə bağlı. Mirzə Cəlilin kiçik bir felyetonunu oxumayan tələbə ondan yüksək qiymət ala bilməzdi.

Əyilməzdi, qürurluydu, vüqarlıydı, haqq carçısıydı. Ideal hesab etdiyi böyük ədəbi şəxsiyyətlər vardı; Mirzə Cəlil, Ömər Faiq Nemanzadə, İsmayıl bəy Qaspralı, Mirzə Feyzulla, Əziz Mirəhmədov...

Ali məktəbi bitirdim. Iki il idi Şamaxının kəndində müəllimdim. Kənddən şəhərə - evə dəyməyə getmişdim. Dedilər Xeyrulla müəllim səni çağırır. Ürəyimdə fikirləşdim ki, yaxşı mənada, bu mənə bu qədər “zülm” elədi, oxutdurdu, indi nə istəyir görəsən ?

Getdim. Rəhmətlik dedi ki, Dövlət imtahanında diplom işin də, cavabın da xoşuma gəldi. Sənədlərini ver aspiranturaya. Dedim :- Baş üstə.

Qəbul oldum, elmi rəhbərim də qeyd etdiyim kimi professor Xeyrulla Məmmədov oldu. Çox işlətdi məni. On bir ay sərasər Axundov kitabxanasında gecə-gündüz əski əlifbalı mətbuatı araşdırdım, materiallar topladım. Indiki Sankt-Peterburqda elmi ezamiyyətdə oldum.

Hər həftə ya institutda, ya evindəki kabinetində görüşürdük. Elmi söhbətlər edir, mənə ədəbiyyatlar verir, yazılarımı qırmızı qələmlə “al-qana” boyayırdı. Əvvəllər inciyirdim, sonralar ona şükranlar edirdim. Aspiranturanın son dövründə artıq yazılarıma əl gəzdirmirdi, sevinirdim ki, nöqsanlarım yoxdur.

Beləcə, ustadım məni yetişdirdi. Qələmimi elmi səpgidə formalaşdırdı. Allah şahiddir ki, hər səhər valideynlərim üçün salavat çevirəndə, fatihə verəndə ustadım da onlarla bir sıradadır.

Biz həm də yaş fərqinə baxmayaraq, tez-tez çayxanaya gedir,evlərində görü- şür, doğmalaşırdıq bu təmənnasız, bu təmiz insanla.

Rəhmətlik anam getmişdi onlara tədqiqatımla, səviyyəmlə ustadımdan soraq alsın. Tərifləmişdi məni və əlini masanın üstündəki Qurani-Kərimə basıb demişdi ki, Vüqarı Tofiqdən ayırmıram.

Kitablarını da mənə bağışlayanda yazırdı: “tələbəm, dostum Vüqara”... İndi o kitabları əziz xatirə , təbərrik kimi saxlayıram şəxsi kitabxanamda.

Doktorluq müdafiəmdə də əlavə rəydə iştirak elədi, müsbət rəy verdi. Özü də monoqrafiyamın rus variantını oxumuşdu. Təhlillərini də yüksək səviyyədə bildi- yi rus dilində edirdi.

Müdafiəmdə də çıxış elədi,yenə müzakirədəki iradını söylədi.Mən isə bildir- dim ki, razılaşmasam da ustadım olduğuna görə qəbul edirəm. Zal alqışladı.

Çox qəfil oldu ölümü. Dəfnindən qırxınacan çox ağladım, ustadımı itirmişdim. Indi də televiziyada verəndə gözümün yaşı dayanmır. Ürəyi dözmədi, oğul itkisi, onun anasının ölümü, haqsızlıqlar... Ömrü boyu ona olan qəfil, haqsız hü-cumlar. Zəngin, ensiklopedik biliyi başına bəla idi. Daşı düşmüşdü savadsızların başına, dili də dayanmırdı məndən beşbetər. Evdə mənə deyirdilər ustadına oxşa-yırsan, dilin dayanmır. Heç vaxt haqqı nahaqqa dəyişmirdi. Bacara bilmirdilər onunla həşəratlar, yerlipərəst şərəfsizlər.

O bir qolu ilə onların qabağında Koroğluydu, Rüstəm- Zal idi rəhmətlik. Coşsa, nərə çəkirdi, hamı siçan deşiyi axtarırdı...

Sağolsun, dostum Elman Quliyev. Elmanla biz 25 ildir dostuq, qardaşıq. Gözəl alim, gözəl də insandır. Ən sevdiyim, qardaş bildiyim bir ziyalı, alim, ürəyi-min bir parçası sandığım arkadaşımdı Elman.

Elman Xeyrulla müəllimin xatirəsini əziz tutur. Ölümündən sonra “XIX əsr Azərbaycan ədəbiyyatı” monoqrafiyasını nəşrə hazırlatdırıb çap elətdirdi. Pedaqoji Universitetində kitabın tədqimatını, onun xatirə gecəsini keçirtdi. Gözü yaşlı danışdım kürsüdə, özüm də ağladım.

O gün Elman bir şad xəbər də dedi mənə. Daha doğrusu iki şad xəbər.Elmanın uzun illər zəhmətindən sonra Lerikin icra başçısı Xeyrulla Məmmədovun adına Lerikdə mərkəzi küçələrdən birinin verilməsi barədə sərəncam imzalayıb, bir də may ayında mərhumun 75 illiyini qeyd edəcəklər Ata Yurdunda. Məni də dəvət elədi. Çox sevindim hər iki xəbərə. Professor Teymur Əhmədova, “Kredo”-nun redaktoru Əlirza Xələfliyə məlumat verdim, digər qəzetlərə də informasiya göndərib bu şad xəbəri elmi-ədəbi ictimaiyyətlə bölüşdüm. Ruhu şad olsun...

Xeyrulla Məmmədov həm də gözəl bir tədqiqatçı kimi elmimizə daxil olmuşdu. Onun “Əkinçi”dən “Molla Nəsrəddinə qədər” adlı kiktabını oxuyanda görürsən ki, alim XIX əsrin sonu XX əsrin əvvəllərində maarifçi realist ədəbi hərəka-tı necə gözəl tədqiq edib. Eləcə də “S.M.Qənizadənin yaradıcılığı”nı da...
Azərbaycan ədəbiyyatının mürəkkəb bir mərhələsinin –XIX əsrin sonu XX əsrin əvvəllərində (1880-1905) maarifçi realist ədəbi hərəkatın tədqiqinə həsr olunmuş monoqrafiyada diqqəti cəlb edən cəhətlərdən biri alimin şablonçuluqdan uzaq,ənənədən fərqli olaraq mövzuya, təhlilə müstəqil, orijinal yanaşma meyarıdır- sa, digər faktların və müddəaların güclü ümumiləşdirilməsidir.

Milli maarifçilik və onun bədii ədəbiyyata təsiri, maarifçi realizmin spesifi-kası, Axundovdan sonra Azərbaycan ədəbiyyatının yüksəliş yolu və s.məsələlər haqqında geniş məlumat verən professor Xeyrulla Məmmədovun irəli sürdüyü, el-mi təsdiqini isbat edən elmi nəticələr, özünün orijinallığı, elmi tutumu, müasir metodoloji səviyyəsi ilə diqqəti cəlb edir.

Əsər beş hissədən:müqəddimədən, 3 fəsildən və nəticədən ibarətdir. Müqəddimədə tədqiqatçı mövzu ilə bağlı problemin, tədqiq obyektinin – iyirmi beş illik dövrü əhatə edən mərhələnin əlvan boyalarla geniş mənzərəsini verir. Tədqiqatçı XIX əsrin 80-cı illərində Azərbaycan ədəbiyyatının inkişafı üçün qeyri-münasib şəraitin yaranmasının səbəbini 70-ci illərdə “Əkinçi”nin bağlanması, Axundovun vəfatı, Zərdabinin Bakıdan uzaqlaşması, Seyid Əzimin “siyasi etibarsızlıq”da təqsirləndirilib müəllimlikdən çıxarılması, digər ədəbi simaların obyektiv və subyektiv səbəblər üzündən kənarda qalmasında görməklə düzgün qənaətə gəlir. Alim “Ziya” (1879) qəzetinin sözdə bir, əməldə başqa hərəkətini, Ünsizadənin redaktorluq “fəaliyyəti”nin təsvirini verir. “Ziya”nın zərərli ünsürlər, panislamist ideyalar təbliğ etməsini, mədəniyyətimizin inkişafı yolunda heç bir faydalı iş görmədiyini, realist ədəbiyyatın tərəqqisinə ağır zərbə vurduğunu xüsusi qeyd edir.

Kitabda Azərbaycan maarifçiliyinin kökləri araşdırılır, yaranması mərhələləri haqqında tutarlı sübutlara fikirlər söylənilir. X.Məmmədov Sovet dövrü Azərbaycan ədəbiyyatşünaslığında maarifçi realizm haqqında söz demiş alimlərlə yeri gələndə mübahisəyə girir və maarifçiliyin XIX əsrdə Azərbaycanda məfkurə istiqaməti olduğunu qeyd etməklə Azərbaycan maarifçiliyini üç dövrə bölür. Birincisi, XIX əsrin 50-70-ci illəri, ikincisi,XIX əsrin sonu, yəni 80-cı illərdən başlayıb, 1905-ci ilə qədər, üçüncüsü isə birinci rus inqilabından Oktyabr çevrilişinə qədərki dövrü əhatə edir.
...Xeyrulla Məmmədov... İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək,ancaq bu ad heç zaman hafizələrdən silinməyəcək. Çünki elmimizə əbədi yazılan Xeyrulla Məmmədov adı əbədi və sonsuzdur. Əbədilikdən mayasını götürüb sonsuz səmalara doğru üz tutan belə bir alimin şərəfli ömür yolu, əsərləri hələ neçə-neçə nəsli düşündürəcək və neçə-neçə nəsil bundan bəhrələnəcəkdir. Sonra da düşünəcəkdir;- bax budur alim ömrü, budur ziyalı ömrü, budur şəxsiyyət ömrü, bir də budur mənəvi atalıq qayğısı zirvəsi, Xeyrulla Məmmədov zəkası, ziyası, dühası.
Allah rəhmət eləsin.


Vüqar ƏHMƏD,
şair, ədəbiyyatşünas,
filologiya elmləri doktoru, professor.

09.02.2011.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
VƏTƏNDƏN UZAQDA VƏTƏN YAŞADAN ALİM-MÜƏLLİM - ADİL MİŞİYEV...

VƏTƏNDƏN UZAQDA VƏTƏN YAŞADAN ALİM-MÜƏLLİM - ADİL MİŞİYEV...

TDPİ-nin Azərbaycan bölməsi, Ədəbiyyatşunaslıq, Müşfiq Borçalı, Dünya, İsrail
Bir addım öndə...

Bir addım öndə...

"Zirvə", "Elm və Təhsil", Təbriklər
Bir addım öndə...

Bir addım öndə...

---
XALQINI, VƏTƏNİNİ SEVƏN,  MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

XALQINI, VƏTƏNİNİ SEVƏN, MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

ADPU, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
ABBAS HACIYEV - 90

ABBAS HACIYEV - 90

ADPU, Borçalı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

TDPİ-nin Azərbaycan bölməsi, ADPU
Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

BDU
Nəriman ƏLİYEV:

Nəriman ƏLİYEV: "ALİM TƏBƏSSÜMÜ" - Professor Mədəd Çobanov haqqında xatir ...

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
SEVGİNİN  KİTAB-KİTAB  DİLLƏRİ

SEVGİNİN KİTAB-KİTAB DİLLƏRİ

MEDİA, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Elm, Təbriklər, Arxiv, Ramiz Abdullayev
Mahmud Kamaloğlu: BÜTÜN ÖMRÜNÜ ELMƏ HƏSR ELƏMİŞ  BORÇALI SEVDALI ŞƏRƏFLİ AL ...

Mahmud Kamaloğlu: BÜTÜN ÖMRÜNÜ ELMƏ HƏSR ELƏMİŞ BORÇALI SEVDALI ŞƏRƏFLİ AL ...

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

"Zirvə"
Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Yeni nəşrlər, Humanitar elmlər, Başkeçid, Müşfiq Borçalı
Fədakarlıq və axtarış

Fədakarlıq və axtarış

Elm, "Zirvə"
KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

Yeni nəşrlər, MEDİA, Gürcüstan, Darvaz, Müşfiq Borçalı
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
İNSAN ƏZİZLƏNƏR ELDƏN GEDƏNDƏ...

İNSAN ƏZİZLƏNƏR ELDƏN GEDƏNDƏ...

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: