DAŞDATÜK, YOXSA DAŞTATÜK?

DAŞDATÜK, YOXSA DAŞTATÜK? Daştatük Lənkəran rayonunda kənd adıdır. Lənkəran şəhərindən 18 km cənubda yerləşir. Ərazisi 200 hektar, əhalisi 932 nəfərdir (01.01.2019). Yaşayış məntəqəsi yerli əhalinin dilində - talış dilində Daştətük adlanır. Daştatük Daştətükün Azərbaycan dilinə transliterasiyasıdır (uyğunlaşdırılmış ad).
Daştatük aqroonim (əkin yeri) olub, eyni zamanda şəffaf, yəni mənası aydın olan toponimdir. Toponim talış dilində “daşt” və “tük” komponentlərinin birləşməsindən yaranmışdır. Talış dilində “daşt” – çöl, -ə- birləşdirici səs, “tük” – bicar (çəltik əkilən yer) deməkdir. Daştətük/Daştatük talış dilindən Azərbaycan dilinə tərcümədə “çöldə olan bicar”, “bicarlı çöl”, “bicar olan çöl”, “çəltik əkilən çöl” mənalarını verir.


Maraqlıdır ki, toponim gah Daştatük, gah da Daşdatük şəklində yazılır. Kəndin adı “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” (I cild. B., 2007, səh. 154), “Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti” (Budaq Budaqov, Nadir Məmmədov. B., 2008, səh. 35) kitablarında Daştatük, “Lənkəran” (Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. B., 1990, səh. 299), “Lənkəran: ensiklpedik məlumat” (Mirhaşım Talışlı, Etibar Əhədov. B., 2014, səh. 112), “Lənkəran toponimləri” (İldırım Şükürzadə. B., 2012, səh. 17) kitablarında Daşdatük, “Talış toponimlərinin qısa izahlı lüğəti” (Musarza Mirzəyev. B., 1993, səh. 19) kitabında Daştətük, “Xatirələrimdə yaşayan Lənkəran” (İshaq Axundov. B., 1989, səh. 78) kitabında həm Daştatük, həm də Daşdatük variantında qeyd olunmuşdur.

Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə isə kəndin rəsmi adı Daştatükdür. Kəndin adı rəsmən Daştatük olsa da, kənd sakinlərinin sənədlərində onların doğulduğu və yaşadıqların ünvanın adı Daştatük deyil, Daşdatük yazılır. Buradan haqlı olaraq belə bir sual yaranır. Yaşayış məntəqəsinin adı Daştatükdür, yoxsa Daşdatük? Əminliklə qeyd edə bilərik ki, kəndin adı Daştatükdür. Çünki, talış dilində çöl, biyaban “daşt” adlanır. “Daşt”ın fars variantı “dəşt”dir. Görünür “daşt” sözündə sonda “t” əvəzinə səhvən “d” hərfi yazılmışdır. Kənd sakinlərinin Daştatükün Daşdatük adlandırılması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə ünvanlanmış müraciətinə Milli Məclis yanında Toponimiya komissiyası tərəfindən baxılmış və Daştatükün Daşdatük adlandırılması məqsədəmüvafiq hesab edilməmişdir (09 aprel 2008-ci il, Toponimiya komissiyasının sədri – akademik Budaq Budaqov).
Buradan bir daha aydın olur ki, kəndin adı Daşdatük yox, Daştatükdür.

İldırım ŞÜKÜRZADƏ

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin
müəllimi, tədqiqatçı-tarixçi


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: