İBRAHİM YUSİFOĞLUNUN “O, GÜNƏŞ ÖMRÜDÜ, SÖNMƏYƏCƏKDİR” POEMASINDA HEYDƏR ƏLİYEVİN BƏDİİ OBRAZI HAQQINDA

İBRAHİM YUSİFOĞLUNUN  “O, GÜNƏŞ ÖMRÜDÜ, SÖNMƏYƏCƏKDİR” POEMASINDA  HEYDƏR ƏLİYEVİN BƏDİİ OBRAZI HAQQINDA

Salidə ŞƏRİFOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
filologiya elmləri doktoru, AMEA-nın professoru,
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü



Giriş

Heydər Əliyev haqqında nəzm, nəzr və dram əsərləri janr müxtəlifliyi və mövzu rəngarəngliyi ilə fərqlənir. Xalq yazıçısı Elmira Axundovanın “Heydər Əliyev: şəxsiyyət və Zaman” altı cilddən ibarət olan roman-tədqiqatında, Xalq yazıçısı Anarın “Unudulmaz görüşlər” publisist-romanında, Xalq yazıçısı Elçinin “Dünya axirət əkini” essesində, Hüseynbala Mirələmovun “Heydər Əliyev” kitabında, Hidayətin “Burdan min atlı keçdi”, Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”, Aqşin Babayevin “Xilaskar”, İftixar Piriyevin “Qurtuluş dastanı” kimi pyes və tamaşalarda, Cabir Novruzun “İxtiyarım olsa idi”, Nəbi Xəzrinin “İnam”, Rəfiq Zəka Xəndanın “Heydər baba”, Zəlimxan Yaqubun “Xalqın ehtiyacı var” poemalarında və bu kimi digər əsərlərdə Heydər Əliyevin tam, dolgun bədii obrazı yaradılmışdır.
Bu bədii nümunələrdə Heydər Əliyevin siyasi xadim, lider, ədəbiyyatın, mədəniyyət və incəsənətin hamisi obrazı canlı şəkildə tərənnüm və təsvir edilmişdir.

İBRAHİM YUSİFOĞLUNUN  “O, GÜNƏŞ ÖMRÜDÜ, SÖNMƏYƏCƏKDİR” POEMASINDA  HEYDƏR ƏLİYEVİN BƏDİİ OBRAZI HAQQINDA İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” poeması 2023-cü ildə keçiriləcək Azərbaycan xalqının görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib.
Müəllifin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxartmağı bacarmış Heydər Əliyevin tarixi şəxsiyyət olmasını bədii dillə təbliğ edir.


Poemanın janr xüsusiyyətləri

İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasında hadisələr təhkiyə üsulu ilə təsvir olunur və təsvir olunan hadisələrin gedişində lirik lövhələrə geniş yer verilməkdədir. Poemadakı hadisələrin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Poemada qəhrəmanın - Heydər Əliyevin həyəcanları, onunla bağlı təqdim edilən hadisələrin təsviri və onların doğurduğu hiss və duyğular yer alır. Poema heca vəznində qələmə alınması ilə diqqəti cəlb edir. Heca vəznində təqdim edilən misralardakı bölgülər əsasən 7, 8, 11 hecadan ibarətdir. Məsələn, aşağıda təqdim edilən bənd 11 hecadan ibarətdir:
Onun böyük olub şöhrəti, şanı,
Qəlbində od vardı hələ yanmağa.
Elə ona görə Azərbaycanı,
Qoymadı içindən parçalanmağa.
Aşağıdakı beytə diqqət yetirdikdə, burada heca bölgüsü 8 hecadan ibarətdir:
Tanrıya çatdı səsimiz
- Heydər olsun rəhbərimiz!
İbrahim Yusifoğlu bəzən bənd daxilində həm 7 hecaya, həm də 8 hecaya müraciət edir. Misralardakı hecalarda fərqlilik bölgü pozulmasını hiss etdirmir və şeirin ahənginə mənfi təsir göstərmir. Tələffüz zamanı həmin əksiklik duyulmur:
Moskvaya qanlı xəbər
Gəlib çatdı sübh çağına.
Ulu Öndər gəldi səhər,
Azərbaycan ocağına.
Hecaların sayı fərqli olan misralarda Azərbaycan xalqının 20 Yanvar faciəsinin təsviri fonunda Heydər Əliyevin siyasi fəaliyyətinə aydınlıq gətirilir. Xalqının bu ağır günündə H.Əliyevin onların yanında durması fəxr hiss ilə tərənnüm edilir. Heydər Əliyevin “Qanlı Yanvar” faciəsini yaşayan xalqını tək qoymamasını, onun yanında olmasını tarixi faktlara əsaslanaraq müəllif bayatı ilə təqdim edir. Müəllifin poemada təqdim etdiyi bayatıya nəzər salaq:
Bakı hər vaxt Bakıdı,
Şəhərlərin pakıdı
Qolun qurusun, fələk,
Bura paytaxt Bakıdı.
Müəllifin təqdim etdiyi bayatı 4 misradan ibarətdir. Hər misrası isə 7 hecadır. Qafiyə şəkli isə aaba şəklindədir. Müəllif poemada bu bayatını yaratması ilə kifayətlənmir, müxtəlif bayatılar yaradır. Məsələn, müəllifin yaratdığı digər bayatıya diqqət yetirək. Müəllif poemada 20 yanvar gecəsi şəhid olmuş İlham və Fərizə Allahverdiyevlərin, yəni bu ailə cütlüyünün faciəsini poemada bayatı ilə təqdim edir:
Qurban olum gəlinə,
Bir görmədim ərinə,
O, məzarda qovuşdu,
Şəhid olmuş ərinə.
Nümunələrə diqqət yetirdikdə, müşahidə edirsən ki, ilk iki misralar üçüncü və dördüncü misralarda ifadə olunan əsas fikirlərin yaranması üçün zəmin rolunda çıxış edir. Təqdim edilən bayatılar ictimai-fəlsəfi məna daşıması, vətənə məhəbbət aşılaması ilə məhəbbət mövzusunu təbliğ edən bayatılardan fərqlənir.
İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasını epiqrafla başlaması diqqətdən yayınmır. Heydər Əliyevə aid olan epiqraf poemanın süjet xəttinə daxil olmasa da, poemanın mövzusu ilə səsləşən hikmətli sözlər kimi diqqəti cəlb edir. H.Əliyevə aid olan “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm…
Azərbaycan Respublikası bundan sonra müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir” kimi hikmətamiz fikirlər əsərin birinci səhifəsinin başında, yəni əsərin əvvəlində açıqlığı ilə səciyyələnən mətn parçası-kəsiyidir. Poemada intrasemiotik uyğunluq yaratmağa qadir olan bu epiqraf bədii mətnin komponenti kimi oxucunu ilkin mətnə istiqamətləndirə bilir. İbrahim Yusifoğlu istifadə etdiyi epiqrafın ifadə etdiyi məna ilə oxucunun diqqətini əsərin məzmununa yönəldərək, əsərin ideyası ilə tanış edir. Oxucu epiqrafla tanış olduqdan sonra poemanın kimdən bəhs edəcəyi haqqında bilgi əldə edir. Poemada bu və digər epiqrafların işlənilməsi poemanın məzmun və ideyasını qavramağa yardımçı olur.
Müəllif poemada bədii fikrin məntiqi ilə uzlaşan çoxsaylı epiqraflardan istifadə etmişdir ki, istifadə edilən epiqrafların da əksər qismi Heydər Əliyevə məxsusdur.
Mətnin semantik yükü ilə bağlı olan bu epiqraflara diqqət yetirdikcə onların poemanın əsas ideyası və məzmununu açmağa yardım etməsinin şahidi oluruq. İbrahim Yusifoğlu təqdim etdiyi epiqraflarla həm də poemanın məzmununa əlvanlıq qatır, açıqlamasına yardımçı olur. Bu epiqraflar həm poemada təsvir edilən hadisələrin mahiyyətinə aydınlıq gətirir, həm də Heydər Əliyevin Azərbaycanın azad və bütöv bir dövlət olacağına inamını əks etdirir. Məsələn, H.Əliyevin Şuşanın azad olunacağı ilə bağlı olan inamı poemada təqdim edilən epiqrafda əksini tapır: “Arzu edirəm ki, Sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün bu iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətizmizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhəri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları Kəlbəcərin o isti suyu... Biz onlarsız yaşaya bilməmişik”.
İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirlərinin epiqraf kimi təqdimi maraq doğurur. Şairin təqdim etdiyi bu epiqrafda Azərbaycan Ordusunun qələbə qazanması, Azərbaycan torpaqlarının azad olunması poetik dillə təqdim edilir. İlham Əliyevin fikirlərini əks etdirən bu epiqrafda həm də ata vəsiyyətini yerinə yetirmiş insanın qüruru əksini tapır: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim! Bu böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!
Gözün aydın olsun, Azərbaycan!
Gözün aydın olsun, dünya azərbaycanlıları!
Füzuli bizimdir!
Cəbrayıl bizimdir!
Zəngilan bizimdir!
Qubadlı bizimdir!
Ağdam bizimdir!
Laçın bizimdir!
Kəlbəcər bizimdir!
Şuşa bizimdir!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır,
Eşq olsun Azərbaycana!”
İbrahim Yusifoğlu poemada zaman anlayışına riayət edərək, xronoloji ardıcıllığı izləyir. Poemada Heydər Əliyevin xalqın keçirdiyi təlatümlü tarixi olaylardan sonra hakimiyyətə gəlməsini konkret tarixlə əks etdirir:
1969-cu il…
Bir gün idi, günəşli gün,
Üzlər gülər, gözlər süzgün,
Qəlblər gəzdi xoş səda-ün,
Bərq də vurdu ləl-zərimiz,
Heydər gəldi rəhbərimiz
İbrahim Yusifoğlu poemada 1990-ci ildə baş vermiş tarixi olayları konkret zaman axarında əks etdirir:
20 yanvar… qış çağı…
İçdik namərd zəhərini…
«Şanlı sovet qoşunları»
Qırıb Bakı şəhərini!
İbrahim Yusifoğlu poemada məkan kimi həm Bakının, həm Naxçıvanın gözəlliklərini, özünə məxsusluqlarını təqdim edə bilir. Məsələn, Naxçıvanın özünəxas xüsusiyyətlərini əsərdə əks etdirir:
Naxçıvan… Ulu şəhər,
Günəşlə bir oyanır.
Bütün küçə, xiyaban
Al şəfəqə boyanır.


Poemanın problematikası

Heydər Əliyevin dövlət xadimi olması, çoxəsrlik dövlətçilik ənənələri İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasının problematikasında əksini tapır. “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasında dövlət xadimi Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin əks etdirilməsini İbrahim Yusifoğlu bir müəllif kimi özü də vurğulayır:
Bir insan ömründən söz açıram mən,
O, günəş ömrüdü, sönməyəcəkdir.
Səadət verdiyi milyonlar qəlbən,
Onun haqq yolundan dönməyəcəkdir.
Poemanın problematikasında diqqəti cəlb edən məqamlardan biri də Heydər Əliyevin siyasi kursunun dəyərləndirilməsi məqamıdır. Müəllif H.Əliyevin siyasi fəaliyyətini yüksək dəyərləndirməklə yanaşı, onun bir siyasi xadim kimi atdığı əməllərinə də işıq salır. Məsələn, Heydər Əliyevin atəşkəş dövründə də siyasi ampulada qala bilməsini tərənnüm edir:
Atəşkəs dövründə Ulu Öndərin,
Ordu qurmaq oldu, müqəddəs anı.
Müstəqil, müdrik siyasətiylə,
Yenidən qururdu Azərbaycanı.
Heydər Əliyevin siyasətinin nəticəsi olan Atəşkəs dövründə Azərbaycanın dirçəlməsi uğrunda siyasi fəaliyyətlə məşğul olması poemanın problematikasının tərkib hissəsinə çevrilib. Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi özünüdərketmənin Heydər Əliyev siyasətinin, milli dövlətçilik təliminin ana xəttini təşkil etməsini və əsas prinsiplərindən olması poemada əksini tapır.
Poemanın problematikasında sələflik, xələflik, varislik məsələlərinə toxunulur. Şair tərəfindən Heydər Əliyevin siyasi yolunun oğlu İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vurğulanır:
Ata vəsiyyətin oğul prezident,
Doğrultdu müqəddəs əməllərində.
Yenilməz bir ordu qurub-yaratdı,
Dünyanın qarışıq, sərt illərində.
Ədəbiyyata qayğı və böyük xidmətlər göstərmiş Heydər Əliyevin bu sahədəki xidmətləri saymaqla bitmir: Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov kimi söz xiridarlarının Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilməsi, “Kitabi-Dədə Qorqud” dastanının yaranmasının 1300, Xaqani Şirvaninin 850, Nizami Gəncəvinin 840, İmaməddin Nəsiminin 600, Məhəmməd Füzulinin 500, Cəlil Məmmədquluzadənin 125, Mirzə Ələkbər Sabirin 120, Nəriman Nərimanovun 100, Məhəmməd Hadinin 100, Əliqulu Qəmküsarın 100, Hüseyn Cavidin 90, Cəfər Cabbarlının 80, Aşıq Şəmşirin 80 və 110, Rəsul Rzanın 60 və 70, İlyas Əfəndiyevin 80, Məmməd Arazın 60, Məhəmməd Hüseyn Şəhriyarın 90, Maqsud İbrahimbəyovun 60, İsmayıl Şıxlının 75, Nigar Rəfibəylinin 60, Nəbi Xəzrinin 50, Mirvari Dilbazinin 70 illik yubileylərinin qeyd edilməsi, Cəfər Cabbarlının, Molla Pənah Vaqifin, Hüseyn Cavidin, Səməd Vurğunun ev muzeylərinin açılması, Hüseyn Cavid, Vaqif məqbərələrinin açılışı, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, Şüvəlanda Yaradıcılıq evinin istifadəyə verilməsi, Hüseyn Cavidin nəşinin Vətənə qaytarılması, ilk dəfə təsis olunmuş “İstiqlal” ordeni ilə Məmməd Arazın, Xəlil Rza Ulutürkün (ölümündən sonra), Bəxtiyar Vahabzadənin təltif edilməsi və s. İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasında Heydər Əliyevin ziyalılara qayğısı müəllifin nəzərindən yayınmamış, ziyalılara verdiyi dəyər qiymətləndirilmişdir:
Çox yazarlar ad aldılar,
Çox dahilər ucaldılar,
Zəhmətindən güc aldılar,
Vardı ümman hörmətimiz,
Heydər baba rəhbərimiz.


Poemanın bədii obrazları


Heydər Əliyevin Azərbaycan ədəbiyyatında bədii obraz kimi şair və yazıçılar tərəfindən əks etdirilməsi onun hakimiyyətə gəldiyi dövrdən başlayır. Akademik İsa Həbibbəyli həm sovet, həm də Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazının işlənilməsi məqamlarına toxunmuş, “Sovet hakimiyyəti illərində Azərbaycan yazıçıları Heydər Əliyevin simasında mənsub olduğu xalqın milli iftixar mənbəyi olan, ölkəni tanıdan və inkişaf etdirən görkəmli dövlət xadiminin obrazını” canlandırmalarını, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında isə Heydər Əliyevin xilaskar obrazı yaradılmış, böyük ədəbiyyat onun milli dövlətçiliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsindəki rolunu bədii sözün bütün vüsəti ilə təsvir və tərənnüm etməyə səfərbər” olmalarını qeyd etmişdir. İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasında bu ənənənin davam etdirilməsinin şahidi oluruq. Poemada Heydər Əliyevin obrazı dolğun şəkildə təqdim edilir:
Köksündə döyünən odlu ürəklə,
Elinə məhəbbət bəsləyirdi O.
Hər zaman müdrik siyasətiylə,
Dünyanı birliyə səsləyirdi O.
İbrahim Yusifoğlu qələmə almış olduğu “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasında obrazın zahiri görünüşünü təsvir etməklə bərabər, təsvir etdiyi obrazın keçirdiyi nigarançılıq, təəssüf, sevinc, kədər və s. hissləri də təsvir edir ki, bu da obrazın daxili portretini oxucunun gözündə canlandırır:
Qəlbində nisgilli dərd çağlayırdı,
Vətənin talanan sərvət-varına.
Ömrünün müqəddəs işi sayırdı,
Qaytarsın xalqını torpaqlarına
İbrahim Yusifoğlunun poemasında Heydər Əliyevin “çekist” obrazında təqdim edilməsi maraq kəsb edir. Belə ki, dövlət təhlükəzsizliyi sahəsindəki böyük və əvəzsiz xidmətlər göstərmiş, siyasətçi nəsli, gələcəyin dövlət adamları üçün örnək sayılmalı obraz kimi Heydər Əliyevin milləti qarşısındakı fəaliyyəti millətinə olduğu kimi çatdırılmalıdır. İbrahim Yusifoğlu poemada H.Əliyevin dövlət təhlükəzsizliyi sahəsindəki xidmətlərini əks etdirməsi faktını qısa şəkildə açıqlamağa cəhd etmişdir:
Belə bir qarışıq, təzadlı anda,
Səfalət almışdı bütöv hər yanı.
Qeyrətli bir oğul zərli paqonda,
Qəlbən qoruyurdu Azərbaycanı.
Poemada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin epizodik şəkildə olsa da, dolğun obrazının təqdimi ilə üzləşirik. İbrahim Yusifoğlu bu məqamı triadada təqdim edir. İlham Əliyevin monoloqu kimi təqdim edilən nitqindəki təntənədə biz İlham Əliyevin obrazını Heydər Əliyev siyasi kursunun davamçısı olmasında, Vətən Müharibəsindəki Zəfər təntənəsində görə bilirik:
Baş əydi, dik baxdı, salamlaşdı da,
O, ulu öndərin abidəsinə.
Zəfər sevincini çatdırdı ona,
Qələbə ovqatlı məğrur səsiylə:

- Salam, gözün aydın, ruhun şad ata,
Sənin vəsiyyətin yerinə yetdi.
Döndü oğulların dəmir yumruğa,
Qarabağ torpağı azad edildi.


Poemanın bədii dili

İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasının bədii dili ilk növbədə dolğunluğu ilə diqqəti cəlb edir. Poemada dialektizmə, arxaizmə və s. müraciət edilmə poemanın dilinin zənginləşməsinə səbəb olmuşdur. Poemada dialektizmlərə müraciət edilmə məqamı maraq kəsb edir. Məsələn, şair mənfur qonşuların siyasətini işıqlandırarkən, fikirlərini dialekt sözlərlə ifadə edir:
Ancaq düşmən marıxdaydı,
Yol gedirdi, çarıxdaydı,
Mənası pusqu, səngər olan “marıx” və ya “marığ” sözünün Bakı, Naxçıvan, Culfa, Ordubad, Cəbrayıl, Cəlilabad, Salyan, Şərur, Daşkəsən, Kəlbəcər, Xanlar, Masallı, Oğuz və digər bölgələrimizdə xalq tərəfindən işlənilməsinin şahidi oluruq. Məsələn, “Bı dəyqə hammısı marığa yatıp görsün mən nə deyirəm” (Naxçıvan), “Bıra marığ kimi yerdi (Salyan), “Elə bil pişigdi, marığda durıb” (Cəlilabad), “Tülkü marıxdan keşdi” (Kəlbəcər), “Neçə gündü kü, marıxda durmuşam (Xanlar), “Tula qırqo:lun marığında duruf” (Oğuz) və s. İbrahim Yusifoğlu da “ancaq düşmən marıxdaydı” misrasında düşmənin, yəni ermənilərin pusquda durmalarına işarə edir.
Müəllifin işlətdiyi “çarıx” (çarıq) sözü köhnəlmiş söz kimi, yəni arxaizm kimi diqqəti cəlb edir. Bəllidir ki, keçmişdə kəndlilərin geydiyi aşılanmış dəridən tikilən ayaqqabılar, həmçinin yüngül ev ayaqqabıları çarıx (çarıq) adlanırdı. Məsələn, “Keçəl Həmzə çarığını geydi, patavasını bərkitdi” (“Koroğlu”), “Vəliqulu kənarda çömbəlib başladı çarıqları çıxartmağa” (C.Məmmədquluzadə) və s. İbrahim Yusifoğlu da “Yol gedirdi, çarıxdaydı” misrasında dilimizdə işlənməyən köhnəlmiş sözə müraciət edir.
Poemanın bədii dilində müəllifin xitablara müraciət etməsi də diqqəti cəlb edir. Məsələn, şairin Ümummilli liderə “Baba” deyə müraciət edilməsi məqamına nəzər salaq:
O qədər qəm-qüssə var canımızda,
Neçə çiçək vaxtsız solmuşdu, Baba.
Ağır anımızda, dar çağımızda,
Hamı siyasətçi olmuşdu, Baba.
İbrahim Yusifoğlu Heydər Əliyevə xitab edərkən, “Baba”, “Heydər baba” və s. kimi xitablarla müraciət etməsinin şahidi oluruq:
Heydər baba, həyatda,
Bu gün, sabah da varıq.
Firəvan günlər üçün,
Biz sənə minnətdarıq.


Nəticə

İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasında Heydər Əliyevin siyasi fəaliyyətinin, xidmətlərinin bədii şəkildə təqdim edilməsi təqdirəlayiqdir. “O, günəş ömrüdü, sönməyəcəkdir” poeması Heydər Əliyevin bir tarixi şəxsiyyət kimi rəhbərlik etdiyi dövlətin azadlığı və dirçəlişi yolunda apardığı mübarizəni bədii dillə tərənnüm edir. İbrahim Yusifoğlu “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasında Heydər Əliyevin keçdiyi şərəfli, həmçinin keşməkeşli həyat yolunun heç də asan və hamar olmadığını açıqlayır. Müəllif zaman kəsiyində mürəkkəb, ziddiyyətli dövrün içindən müdrikliklə, qalibiyyətlə keçib gələn Heydər Əliyevin obrazını canlandırır.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: