YUBİLEYİN MÜBARƏK, SALMAN QAZI!...

YUBİLEYİN MÜBARƏK, SALMAN QAZI!...
TƏBRİK EDİRİK!..

BU GÜN DƏYƏRLİ ZİYALIMIZ, TANINMIŞ ŞAİR
SALMAN QAZİnin (1952) AD GÜNÜDÜR!..
DAHA DOĞRUSU, YUBİLEYİDİR!..
ANADAN OLMASININ 65 İLLİYİ TAMAM OLUR...

Salman Qərib oğlu Qazi - 1952-ci il fevralın 1-də qədim Borçalı mahalının Dağ bölgəsindəki İlməzli kəndində, "Təmirlər" deyilən bir ocaqda dünyaya göz açmışdır.
Salmanın ata-anası saz və söz həvəskarları olub, evlərindən heç vaxt bu sənət xiridarlarının mehmanları əskik olmayıb.
Hələ lap uşaq ikən atası onu özü ilə Aşıq Əmrahın, Hüseyn Saraclının, Xındı Məmmədin, Aşıq Kamandarın məclisinə aparardı.
Xalqımızın başına gələn son məlum hadisələrdən sonra (bu ailə artıq doğma yurddan köçmüşdü) tale elə gətirir ki, rəhmətlik ustad Kamandar Bakıya gedir, Qərib kişi ustadı evinə dəvət edir, onlar dostlaşırlar. Bu yaxınlıq sonradan Qərib kişinin kiçik oğlu Əşrəfi də ömürlük saza bağlayır.

Salman Qərib oğlu 1969-cu ildə doğma kəndi İlməzlidə orta məktəbi başa vurub Bakıya gəlir.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə sənəd verir, imtahanlardan müsbət qiymət alsa da, universitetə qəbul oluna bilmir.
Elə həmin il o, ordu sıralarına çağırılır və həyatını orduya bağlayır.

Ordu həyatı ağır keçsə də, Salman heç vaxt sazdan ayrılmır.
Sədəfli sazla bir yatır, bir oyanır, harada olursa-olsun, dəftəri-qələmi yanında olur.

Salman Qərib oğlu keçmiş Sovet ordusunun müxtəlif orden və medalları ilə təltif olunub.

Qarabağ müharibəsinin iştirakçısıdır.
1995-ci ildən hərbi təqaüd­çüdür.


Salman Qazinin indiyədək 4 kitabı çıxıb: «Şair bulağı», «Yurd həsrəti yaman sıxır sinəmi»,
«Sığınmışam Tanrısına dünyanın», «Hamamlıdan keçən yollar»
.

O, «Cəngi» Ədəbi Birliyinin yaradıcısı və sədridir.

Bz də ZiM.Az-ın bütün Yaradıcı heyəti adından dəyərli dostumuz Salman Qazini
anadan olmasının 65 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
eləcə də bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və
aşağıdan onun bir neçə şeirini oxucularımıza ərmağan edirik!..

Müşfiq BORÇALI,
ZiM.Az



YUBİLEYİN MÜBARƏK, SALMAN QAZI!... 65

Bir göz qırpımına bənzəyir illər,
Ona təsir etməz nə boran, nə qış.
Mənə baba deyir təzə nəsillər,
Alqış altımış beş, sənə min alqış!

Bir əlimdə qələm, birində Quran,
Haqqın dərgahına səfər eylədim.
Dilimdə dualar, qəlbimdə iman,
Qəlbimdən keçəni haqqa söylədim.

Qarşıda yetmiş var, ya çatam, ya yox,
Mənim aqibətmi bir Allah bilir.
Altımış beşə çatdım könlü, gözü tox,
İnşallah, qarşımdan yetmiş də gəlir!
1.02.2017


GÖRMÜŞƏM

Zülm ilə çatmışam bu 50 yaşa,
Şükür ki, ömrümü yarı görmüşəm.
Düz yollar gəzmişəm dağ aşa-aşa,
Boranı görmüşəm, qarı görmüşəm.

Gözəllər bilirəm bəxtsiz, yığvalsız,
Mərdi dili gödək, namərdi arsız.
Baxıram çinara, boy uzun, barsız,
Qönçənin köksündə xarı görmüşəm.

İnsanlıq aldanıb qızıla-zərə,
Fələk də qurşanıb böhtana-şərə.
Qırx ilin arvadı kəf gəlir ərə,
Tərlanı ovlayan sarı görmüşəm.

Tənədəyəm, əlim qələm tutandan,
Betər oldum şahmar ilə yatandan.
Zəhləm gedir dostu vara satandan,
Ürəklərdə ilanları görmüşəm.

Oğul var, arxadır mahala, elə,
Aldanmır fitnəyə, aldanmır felə.
Yaxşı ki, dünyada yaxşı var hələ,
Düz ilqarı, beh-bazarı görmüşəm.

Salmanam, qüssədən haraya qaçım?
Dərd od tək yandırır, kimlərə açım?
Görə-görə gəldim, ağardı saçım,
Qəm-hicranı, dərd-azarı görmüşəm.
2002

BİR ÜRƏKDƏ YAZ OLMASA

Gül – çiçək bəzəyə bilməz,
Bir ürəkdə yaz olmasa!
Sazla – sözlə yanan deyil,
Onda atəş, köz olmasa!

Təmiz ürək küsə bilməz,
Haqq – salamı kəsə bilməz,
Əli - əldən üzə bilməz,
O ürək dayaz olmasa!

Təmiz ürək bir incidi,
Duyğusunda birincidi,
Ləl, gövhərdi, bir incidi,
Gəzdirən qanmaz olmasa!

Dost dostuna ağız büzməz,
Olmayana olar deməz,
Salman Qazi, haqqa gəlməz,
Bir ürək ki, düz olmasa!

QIZ GÖZƏLDİ

Söz gözəldi,
Saz gözəldi,
Söz ki gəldi,
Yaz, gözəldi!
Göz gözəldi,
Üz gözəldi.
Yandırırsa,
Köz, gözəldi!
Gül gözəldi,
Əl gözəldi,
Sığal çəkdim,
Tel gözəld.
Salman Qazi,
Götür sazı,
Vəsf et qızı,
Qız gözəldi.
02.03. 2015

AY KƏND CAMAATI, ŞƏHƏRDƏ NƏ VAR

Əzəldən sеvirəm kənd həyatını,
Kənddə məğrur gördüm kişi – qadını,
Niyə alçaldırsız kəndin adını,
Səzə qarğamırmı nakam ruhlar?
Ay kənd camaatı, şəhərdə nə var?

Kənddə hava təmiz, sular da büllur,
Orda dağ vüqarlı babalar durur,
Cavanlar еvlənir, yaşayır qurur,
Övlada toy еdir ata – analar.
Ay kənd camaatı, şəhərdə nə var?

Dеyin, nə görübsüz siz bu şəhərdə?
Nеcə yaşayırsız dar küçələrdə?
Ünvan da dеyirsiz yеri gələndə,
Özgəyə qalıbdı səfalı dağlar.
Ay kənd camaatı, şəhərdə nə var?

Mən də gеdib qaldım yarım ay qonaq,
Sürfələrdə şülən bal ilə qaymaq,
Şəhərdə alırsınız kilo – kilo yağ,
Acındın bеlinizdə durmayır şalvar.
Ay kənd camaatı, şəhərdə nə var?

Çayların laylası, bulağı gözəl,
Səfalı, tərtəmiz yaylağı gözəl,
Nеhrə yağı gözəl, qaymağı gözəl,
Birdimi, bеşdimi gələn qonaqlar.
Ay kənd camaatı, şəhərdə nə var?

Orda əkmək lazım, biçmək lazımdı,
Kartofu tığlarda sеçmək lazımdı,
Kənddə tənbəllikdən qaçmaq lazımdı,
Kənddə ağa olub qoçaq, işgüzar.
Ay kənd camaatı, şəhərdə nə var?

Sahibsiz еvlərniz viranə dönüb,
Hasarı dağılıb, damı sökülüb,
Atanın – ananın çırağı sönüb,
Görən bu dəhşəti çətin unudar.
Ay kənd camaatı, şəhərdə nə var?

Kənddə toy da gördüm, nişan da gördüm,
Qеyrətli qoca da, cavan da gördüm,
Gözü yollar çəkən canan da gördüm,
Bəlkə də könlündə sizi arzular.
Ay kənd camaatı, şəhərdə nə var?

Burda əlləşməyin küncdə – bucaqda,
Sizi gözləyirlər doğma ocaqda.
Qoy sizi görsünlər çəməndə, dağda,
Szin arxanızda durubdu dağlar.
Ay kənd camaatı, şəhərdə nə var?

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: