Səyavuş UYĞUN: Rübailər...

Səyavuş UYĞUN: Rübailər...

















Çilənsin qəlbinə günəşin nuru,
Alnın açıq olsun saf sudan duru,
Həyatda əbədi yoldaşın olsun,
İnsanlıq siması, insan qüruru.


***

Məhəbbət saf olsun əzəldən gərək,
Əhdi-peymanını danmasın ürək,
Ey mənim həyata atılan dostum,
Parlasın qəlbində sevgi günəş tək.

***

Çılğın məhəbbəti səndən istərəm,
Eşqə sədaqəti səndən istərəm,
Mən bir zülmətəm ki, ey gözəl pəri
Əbədi səadəti səndən istərəm.

***

Məhəbbət şərbətdir hər insan üçün,
Yaşamaq yanmaqdı, yaradan üçün,
Desə ki, “Səninəm” kəhkəşanları,
Gətirrəm ay üzlü o canan üçün.

***

Hərdən ilişəndə işin kələfə,
Kasıblar içində düzül sən səfə,
Bunu hər bir zaman atalar deyib,
Dövlətdə dəvədir, övladda nəvə.

***

İnsanı yaradıb, böyüdən ana,
Mən sənsiz qalmışam bil yana-yana,
Anadan ən yaxın bir varlıqmı var?
Qədrini biləndə, qadir insana.

***

Dağlara yaraşar əzamət, vüqar,
Onun şah duruşu ürəyi oxşar,
Əgər ucalsaydım zirvələr qədər-
Sinəmdə gül açar bütün arzular.


***

Oxşayır qəlbimi payız küləyi,
Hüznlə kövrəldir dərdli ürəyi,
Tale imkan versə deyirəm allah
Olum ellərimin hər an gərəyi.

***

Sayı azalmasın toyun-düyünün,
Bilək qiymətinin sədanın, ünün,
Yazılsın taleyə qızıl həriflə,
Sevincli anları hər ayın-günün.


***

Müşfiq Mədəd oğlu vurğundu yaza,
Bağlayıb k önlünü sədəfli saza,
Sevinclə qarşılar bütün dostları,
Əgər qonaq gəlsə qoca Darvaza.

***

Qartallar yuvası sayılıb bura,
Gəzir Borçalını qıy vura-vura,
Türkün dünyasını tutubdu adı
Məqsədi elmdə bir qala qura.

***

Ellərə dayaqdı şah Babakərim,
Ərənlər yurdudur sərvərim-sərim,
Özüm ərən qızı, qılınc əlimdə,
Bakirə bir qızam Babəkdir ərim.

***

Başına bir tacdı “Haça-qaya”sı,
Hər qaya üstündə qartal yuvası,
Səməd ağa, İstil İsmayıl qeyrəti,
Babadan, atadan qalıb mirası.

***

Ömrünün bəxtinə payız gəlibdi,
Gəlibdi, özü də yalqız gəlibdi,
Acı taleyindən giley etməyə,
Bu gün qapımıza bir qız gəlibdi.

***

Dərdimi demirəm dosta-yoldaşa,
Siri açammıram yaxın sirdaşa,
Tapılmır həyatda könül həmdəmim,
Didəmdən tökülən qanlı göz yaşa.

***

Çox çətin zamanla durmuşuq üzə,
Tanrı qəlbimizə dərd süzə-süzə,
Zülmətlər içində boğuluruq biz,
Həsrətik həyatda günlü gündüzə.

***

Gəlmişik yaşayaq, yaradaq - deyə,
Zülmətlər içindən nur saçaq-deyə,
Ömür də bir borcdur yaşamaq gərək,
Bu gündən sabaha bir soraq-deyə.


***

Bəxtinin hər zaman ağı atadır,
Övladın arxası, dağı atadır,
Dayanıb qalanda yol ayrıcında,
O yolun həm solu, sağı atadır.

***

Gözəllər gözəli ana təbiət,
Havası dərmandı cana, təbiət,
Dağları, düzləri bir mənzərədir,
Gölləri yaşılbaş sona təbiət.

***

Çox da qürrələnmə varın olanda,
İnsan qudurmasın harın olanda,
Axtar xoşbəxtliyi öz taleyində,
Sevdiyin bir gözəl yarın olanda.

***

Qartal ocağının mirası Müşfiq!
Elmdə bir körpü salası Müşfiq!
Səs salıb o böyük Azərbaycana,
Qıy vuran qartalın balası Müşfiq!


***

Sevir Borçalılar qeyrət oğlunu,
Elmdə, bilikdə heyrət oğlunu,
Etdiyi hər yeni zəfəri üçün,
Uyğun alqışlayır Mədəd oğlunu.

Səyavuş UYĞUN
Borçalı,

2017



ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: