Müşfiq BORÇALI: "SAZLI-SÖZLÜ BAŞKEÇİD..."

Müşfiq BORÇALI: "SAZLI-SÖZLÜ BAŞKEÇİD..."
Müşfiq BORÇALI
M-Borcali@mail.ru

BAŞKEÇİD (DMANİSİ) RAYONU:

BAŞKEÇİD (indi Dma­nisi) - Qədim Borçalının Dağ böl­gə­­sin­də, dəniz səviyyəsindən 1250 m yüksəklikdə, Gürcüs­ta­nın gü­­ney-gündoğarında, Tiflisdən 102 km. cənub-qərbdə­dir. Bu oykonim «baş» və «keçid» sözlərinin bir­­­ləş­mə­sin­dən ya­ra­nıb. Onun adı yerləşdiyi coğrafi mövqe­yi­nə görə verilib. Tif­lis - Gümrü ticarət yolunun təx­mi­nən otra­la­rın­da Bor­ça­­lının Dağ bölgəsinə tərəf qalxan aşırım Də­likli daş və ora­dan ke­çən yol Başkeçid - əsas keçid adlan­dırılıb.
Baş­ke­çid əv­vəllər Ormeşən, Rus-malakan, Rus Qara­kil­sə­si məntə­qələ­rini əhatə edən kənd icmasının və buradakı qə­dim qalanın adı olub. Həmçinin, mənbələrdə Tu­manis də­rə­­sin­də Türk Or­du­su­nun Komandanı Fərhad Pa­şanın da qala tik­dirdiyi qeyd olu­nur (S.M.Onullahi. Azərbaycan tarixinə dair yeni mənbə.) Son­ralar Baş­keçid böyük bir inzibati-əra­zi­nin və kən­din, ən nə­ha­yət, ra­yon mər­­kəzinin adı olub. 1917-ci ilədək Borçalı qə­zasına, 1929-cu ilədək Lüksemburq (in­di­ki Bolnisi) rayo­nuna daxil olan və 1929-cu ildə ayrıca inzi­bati vahidə çevrilən Baş­keçid rayonu 18 mart 1947-ci ildən Dma­nisi rayonu, ra­yon mər­kəzi isə Dma­nisi qəsəbəsi və 1967-ci ildən Dma­nisi şəhəri ad­lan­dı­rılıb.

1933-cü ildən Azər­baycan və gür­cü dillərində «Sosializm mal­darlığı», sonralar isə «Trialeti» qəzeti nəşr olun­muş­dur. Qəzetinin inkişafında tanınmış şair-jurnalist Mədəd Coşqunun (İsmayılovun) bö­yük əməyi olmuşdur.

Hazırda təxminən 30 min nəfər əhalisi olan Başkeçid ra­yo­nunda soydaşlarımız daim çoxluq təşkil et­mişlər: 1979-cu ildə 32174 nəfər (72,2 %), 1989-cu ildə 33107 nəfər (63,9 %), 2002-ci ildə 18716 nəfər (66,8 %), 2006-cı ildə 20032 (66,7 %), 2010-cu ildə 20179 nəfər (66.6%). Göründüyü ki­mi, 1990-cı ildə Z.Qamsaxurdiyanın və onun şovinist tərəf­daş­­larının «Gürcüstan - gürcülər üçündür!» şüarı altında tö­rət­­diyi məlum olaylardan, təqib və təzyiqlərdən sonra Baş­ke­çidin əhalisi təxminən 15 min nəfər azalmışdır. Belə ki, mə­lum olaylardan sonra soydaşlarımız məcburiyyət qarşı­sın­da qalaraq Azərbaycana pənah gətirmişlər.
Rayonda hazırda 1 şəhər, 15 kənd məclisi, 59 kənd var­dır ki, bunun da 37 kənd­ində bütünlüklə soydaşlarımız məs­kun­­laşmışlar. Dmanisi şəhə­rin­də isə azərbaycan­lı­ların sayı 1000 nə­fərdən çox­dur. Dmanisidə Azərbaycan dilin­də orta mək­təb məlum 1990-cı il olaylarına qə­dər fəaliyyət göstərsə də, təəssüflər olsun ki, hazırda bunu demək mümkün deyil.

Hazırda rayondakı 30 Azərbaycan məktəbində 2284 nəfər şagir­din təlim-tərbiyəi ilə 273 nəfər müəllim məşğul olur.
SOS!!! Göründüyü kimi, Başkeçiddə yaşayan təx­mi­nən 20 min nəfər soy­daşımızdan cəmi-cümlətanı 2284 nə­fəri məktəblilərdir.
Yəni, burada yaşayanların böyük ək­sə­riy­yəti yaşlı nəslin nümayəndələridir. Bu barədə dü­şün­məyə dəyər. Dəyər yox, VACİBDİR!!!


DMANİSİ - bu oykonim barədə toponimikada müxtəlif fikir və mülahizələr söylənilir:
Birinci qrup toponimistlər Dmanisinin təbii-coğafi mühiti­ni nəzərə alaraq, onun türkköklu «duman» və «çən, çiskin, sis» sözlə­ri­nin birləşməsindən düzəlməsi fikrini söyləyirlər. Bu topo­nimin «Dumanis» variantında olmasını qeyd etməklə, "Duman içi" kimi zah edirlər. İkinci qrup toponimistlərin ehtimalına görə, Dumanisi «Tu­man» türk tay­fasının adı əsasında yaranıb. Üçüncü mülahi­zə­yə görə, Du­­manisi «Tuman» şəxs adı əsasında yaranıb. An­caq, bu mü­­lahizələrdən Dmanisi toponiminin türk köklü «Tu­­­­man» tayfa adı əsasında düzəlməsi fikri daha elmi və ağı­­la­batan gö­rünür. Cünki «Tuman» tayfaları Özbəkistanda da, Qu­zey Qaf­qazda Terek çayının aşağı vadisində də, Si­bir­də də yaşamışlar.

İndi də «Dmanisi» toponiminin tarixi mənbələrdə işlən­mə­­sinə nəzər salaq. Dmanisinin adı ilk dəfə VII əsrə aid olan hadisələrlə əlaqədar olaraq, ərəb mənbələrində qeyd olun­­­­muşdur. IX əsrdə yaşamış ərəb müəllifi Əl-Kuti ərəb qo­şunlarının sərkərdəsi Mərvan ibn Məhəmmədin Tu­manın qa­lasını fəth etdiyini qeyd etmişdir. Həmçinin, 1590-cı ilə aid olan Türk mənbələrində Tuman, 1728-ci ilə aid mən­bələrdə Tu­­manisi kimi qeyd olunmuş və Tu­manisinin Tiflis əyalə­ti­nin bir nahiyəsi olduğu göstərilmiş­dir.

TUMANIN QALASI - Qədim Borçalının qərb - Dağ böl­­­­­­gəsində oykonim. V-VII əsrlərin ən möhtəşəm mədə­niyyət xə­zinəsi sayılan «Kitabi-Dədə Qorqud» dastanlarının XI bo­yun­da da «Tuma­nın qalası»nın və «Tumanis dərəsi»nin adı çə­­kilir, Tumanın qələsi ayrıca feodal dövləti kimi təqdim olu­­nur. Bu da təsadüfi deyil. Çünki dastandakı hadisələr ge­niş bir ərazidə, həmçinin də, Tumanın dağlarında cərəyan edir.

Müşfiq BORÇALI: "SAZLI-SÖZLÜ BAŞKEÇİD..."«Salur Qazan dustaq olub, oğlu Uruz çıxardığı boyu bə­yan edər» boyunda belə bir epizod var. «Xan Qazan bir gün «ov yerinə» (bəlkə, Tuma­nın ətrafındakı Ov dərəsinə. - M.Ç.) gedir. Tumanın qələsinə hücum edir, ala bilmir, onu yatdığı yerdə kafirlər tutub qələyə salırlar... Oğlu Uruz gəlib Qazan xanı azad edir...»
Tumanın toponimi həmin yerin coğrafi şəraiti ilə əla­qə­dar olaraq, müasir dilimizdəki «duman, çən, çiskin» mənasını bil­dirən «duman» sözü ilə bağlıdır. Çünki həmin yer dağlıq ra­yonu olduğu üçün ilin çox vaxtı dumanlı, çənli, çiskinli olur. Buradan da, Tumanın toponimi törəmişdir. Qədim türk dil­lərinin qərbi hun budağında isə kar samit səslərin tarixən cingiltiləşməsi hadisəsi qanunauyğun bir haldır. Odur ki, dili­mizin qədim dövrlərində işlənən «tuman» sözündəki «t» sa­mi­ti müasir dilmizə gəlib çatana qədər cingiltiləşmiş və «d» səsinə çevrilmişdir. Azərbaycan dili də türk dillərinin Qərbi Hun budağının Oğuz qrupunun Oğuz-Səlcuq yarımqru­puna da­xildir. Deməli, Tumanın toponiminin «duman» sözün­dən tə­şəkkül etməsinə daha şübhə yeri qalmır. Bu toponimin türk­­­köklü olmasını tarixi faktlar da təsdiq edir. Tarixdən mə­lum­dur ki, 853-cü ildə Böyük Buqun (türkdür) rəhbərliyi ilə ərəb qoşunu Kartliyə hücum edir. O dövrdə Böyük Buğun fəa­­liyyəti haqqında gürcü salnaməsində maraq­lı məlumat ve­rilir. «Buq Dərbənd darvazasını açır və 300 Xəzər ailəsini çı­xardaraq onları Dmanisidə yerləşdirir». Deməli, IX əsr­də Tu­­manında türklərin yaşamasına şübhə yeri qalmır. Gü­­man ki, həmin dövrdən də əvvəl orada türklərin yaşa­masını bilə­rəkdən Buq belə hərəkət etmişdir.
«Xəzər» etnoniminin etimologiyasının izahı da mü­la­hi­zələrimizi sübut edir. Prof. Ə.Dəmirçizadənin qeyd etdiyi ki­mi, «Xəzər və onunla paralel sürətdə işlənən Qaspi əslində bir sözün iki müxtəlif dilə məxsus cəm şəkilçisi ilə forma­laşmış variantıdır. Sözün əsli Qas|Xas-dır; - pi cəm şəkilçisi olduğu kimi, - ər də cəm şəkilçisidir»...

Dastanda isə, qas - qaz etnoniminə bir işarə vardır. «Er­kən mindilər, av yerinə vardılar. Gördülər bir sürü qaz otu­rub» (səh 140). Bu ifadələr bir neçə cəhətdən fikirimizin sü­bu­tuna örnək ola bilər. Birincisi, ova insan gedər; ikincisi, otur­maq anlayışı insana aiddir; üçüncüsü, ov yerində və ya­xud bələndə ovçu - insan oturar və ovunun pusqusunda du­rar. Buradan göründüyü kimi, dastandakı «qaz oturur» ifa­dəsi də bilavasitə insana - ovçuya aid edilməlidir. Das­tanın mət­ninə bu nöqteyi-nəzərdən yanaşdıqda aydın olur ki, xan Qazandan əvvəl ov yerində oturan «qazlar / xaslar/ kaslar» imiş. Əgər kaslar - qazlar - xaslar lap qədim za­man­lardan Tu­­­­­manında məskənləşməmiş olsaydı, güman ki, dastan­­da da özünə yer tapa bilməzdi.

Tumanın sözü isə gürcü yazılı mənbələrində «Tumanisi - Dumanisi - Dmanisi» şəklində sabitləşmişdir. Dumanisi topo­nimi də türk dilinə məxsus «çən, çiskin» mənalarında işlənən «duman» sözü və gürcü dilinə məxsus «is - isi» şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Gürcü dilinə məxsus olan «is- isi» şəkilçisi türk dilindəki - lı (-li, -lu, -lü) şəkilçisinin ifa­­də etdiyi mənanı bildirir. Deməli, Dumanisi (Dmanisi) to­po­niminin ümumi mənası «dumanlı» və yaxud «dumanlı yer» deməkdir.


* * *


AMBARLI - Tiflis quberniyasının Borçalı qəzasının Dağ böl¬gəsində - Başkeçid (indiki Dmanisi) rayonunda kənd adı¬dır. Sonralar «Ambarovka» adlanan həmin kənd indi gürcü di¬lində «Qanaxleba» ad¬la¬nır.

ARMIDLI (ARMUDLI) - Qədim Borçalının Dağ bölgə¬sinin Başkeçid yaylasında (indiki Dmanisi rayonunda) kənd adıdır. Bu oykonim «armud» sözü ilə «-lı» şə¬kil¬çisinin birləş¬mə¬¬sindən yaranıb. «Armudlu» sö¬zü¬nün ümu-mi mənası «ar¬mudu bol olan yer» demək¬dir. Rayon mərkə¬zindən 7 km cə¬nub-qərbdə Armudlu gö¬lü kəna-rında, dəniz səviyyəsindən 1414 m yüksəklikdə yer¬ləşən, 12 iyul 1949-cu ildən gürcü dilində «Pantiani» adla-nan və ha¬zırda 600 nəfərə yaxın azərbaycanlı yaşayan bu kənd¬dəki Azərbaycan məktəbi 1926-cı ildən fəaliyyət göstə¬rir.
Şair Əlixan Binnətoğlu, Şahvələd Armudlu və b. bu kəndin yetirmələridir.
Tiflis əyalətinin Pəmbək nahiyə¬sində - Qərbi Azərbaycanda (indiki Ermənistanın Quqar ra¬yonunda) da «Armıdlı» adlı kənd olub. 1920-ci ildə bu kən¬din əhalisinin bir hissəsi soy¬qırıma məruz qalıb, bir hissəsi isə qovulub. Güney Azərbaycanda da ona yaxın Armudlu adlı kəndlər var¬dır.

AŞAĞI DMANİSİ - Tiflis quberniyasının Tiflis qəzasında - qədim Borçalının Dağ bölgəsinin Başkeçid yayla-sında (indiki Dmanisi rayonunda) kənd adıdır. Bu oykonim «aşağı» sözü ilə «du¬man» və «sis» sözlərinin birləşməsindən yaranıb. Bax: DMANİSİ …

AŞAĞI QARABULAQ - Bax: QARABULAQ…

AŞAĞI ORZUMAN - Bax: Orzuman…

AZGƏYLİYƏN - Qədim Borçalının Başkeçid bölgəsində (indiki Gürcüstanın Dmanisi rayonunda) kənd adıdır. Ra¬yon mərkəzindən 14 km qərbə, dəniz səviyyəsindən 1344 m yüksəklikdə yerləşir, əhalisi 700 nəfərə yaxındır.
Tanınmış alimlər Bədirxan Əhmədov, Məhəmmədəli Mustafayev, Xaləddin İbrahimli, Şamxəlil Məmmədov, Kərəm Məmmədov, tanınmış jurnalistlər Mədəd Coşqun, Emin Mahmudov və başqaları bu kəndin yetirmələridir.

Azgəyliyən - «Azqanlı» et¬nonimik oykoniminin gürcü dilində təhrif olunmuş va¬rian¬tın¬dan törə¬mişdir. «Az¬qanlı» oy¬ko¬nimi isə iki qə¬dim türk¬dil¬li tayfa adının birləş¬məsindən əmələ gəlmişdir. Bu oykonimin birinci kom¬ponenti türk dil¬lərinin qədim yazılı abidə¬lərində, o cüm¬lədən VI-VIII əsr¬lərdə yazılmış Orxon abi¬dələrindən Kiçik Gül-təkin və Böyük Gültəkin kitabələrində tayfa və xalq adı mə¬qamında işlənmiş «az budunığ» (az xal¬qı); ikinci komponenti isə orta əsrlərdə qeydə alınan türk¬dilli «qanlı» et¬no¬nimindən ibarət¬dir. Başqa sözlə desək, «Az-qan¬lı» oyko¬nimi «az» və¬ «qanlı» tayfalarının adlarının birləşməsindən əmələ gəlmişdir. Güman ki, həmin kəndin sakinlə¬ri¬nin etnogenezisində həm «az», həm də «qanlı» tayfasının iştirakı olmuşdur.
«Azqanlı» kəndinin adı uzun müddət gürcü dili sənədlərində qeydə alınarkən, «Azqaniani» || «Azkakliani» şək-lin¬də təh¬riflə yazılmışdır. Gürcüstanda demokratik hakimiyyət qurulduqdan sonra türkdilli mətbuatda həmin kəndin adı ilkin tarixi əsasda yox, bir növ, gürcü dili qanunları əsasında for¬ma¬laşmış «Azqaqliani» sözündən yenidən Azərbaycan-türk dilinə translite¬rasiya edilmiş və eləcə də, danışıq dilində, bir növ, təhrif olunmuş Azgəyliyən şəklində sabitləşmişdir.
«Qanlı» tayfasının adı Azərbaycan-türk bayatılarında da öz əksini tapmışdır:

Əzizim dözə qanlı,
Sürmə çək gözə qanlı,
Qorxuram qərib öləm,
Yerimdə gəzə qanlı.


-bayatının dördüncü misrasındakı «qanlı» sözü də tayfa adı məqamında işlənmişdir.
«Az» etnonimi əsasında düzələn oykonimlərə Azərbay¬canın Ordubad rayonundakı «Aza» qəsəbəsinin, Astara rayo¬nundakı «Azazu» kəndinin, Dağlıq Qarabağdakı «Azik» kən¬dinin və «Azıx» mağarasının adlarının tərkib hissəsində də təsa¬düf etmək olur. Həmçinin, «az» etnonimi əsasında dü¬zələn toponimik adlara, demək olar ki, bütün türk dünyasının ərazilərində, o cümlədən, Altaydan tutmuş Orta Asiyaya, Krı¬¬ma və Balkan yarımadasına qədər hər yerdə rast gəlinir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, «Azərbaycan» sö¬zü¬nün əsasında da «az» etnonimi dayanır və onun məntiqi bü¬növrəsində «Az-ər-bay-can» makro toponimi yaranmışdır. Deməli, «azlar» bu ərazilərdə lap qədim dövrlərdən yaşamış və tarixi möhürünü irs qoymuşlar.
Onu da əlavə edək ki, xalqımızın etnogenezisində fəal iş¬tirak etmiş olan «qanlı» tayfasının adını özündə saxlayan etno¬toponimlərə Azərbaycanın bir sıra rayonlarında da təsa¬düf etmək olar. O cümlədən, Kəlbəcər rayonunda Qanlı, To¬vuz rayonunda Bozalqanlı adlanan kəndlər; Qərbi Azər¬bay¬canın (indiki Ermənistanın) Basarkeçər ra¬yo¬nunda Qanlı, Axur¬yan rayonunda Qanlıca adlı kəndlər ol¬muşdur. Həmin kəndlərin tarixi adları da «qanlı» etnonimi əsasında təşəkkül tapmışdır.

BAĞÇALAR - Qədim Borçalının Dag bölgəsinin Başke¬çid (in¬di¬ki Dmanisi) nahiyəsində kənd adıdır. Bu oykonim türk köklü «bağ», «bağça» söz¬ləri ilə «-lar» cəm şəkilçi¬si¬nin birləşmə¬sindən yaranıb. Ümu¬mi mənası «bağı, bağçası olan yer» de¬məkdir. Gədi çayının mənsə¬bində, rayon mərkə¬zin¬dən 17 km günbatar səmtdə, də¬niz sə¬viyyəsindən 1188 m yük¬¬səklikdə yerləşən bu kəndin əhalisi 156 nəfərdir.

BƏZƏKLİ - Qədim Dağ Borçalısının Baş¬keçid (indiki Dma¬¬ni¬si) rayonunda kənd adıdır. Bu oykonim türk tayfa-la¬rı¬nın birinin «Boz Ox» tayfa adının təhrif olun¬ması nəticə¬sin¬də yaranıb. Qarasu çayının sol sahilində, rayon mərkəzindən 8 km cə¬nub-qərbdə, dəniz səviyyəsindən 1280 m yüksəklikdə yer¬lə¬şən bu kənd XIX əsrdə Hamamlı kənd icmasına mənsub olub. Əhalisi 778 nəfərdir.
Qərbi Azər¬baycan ərazisində mövcud olmuş İrəvan qu¬berniyasının Üç¬kilsə (Eçimiədzin) qəzasında da Bəzəkli adlı kənd olub.

BOĞAZKƏSƏN (Meşəağzı) - Qədim Dağ Borçalısının Baş¬¬ke¬çid (indiki Dma¬nisi) rayonunda kənd adıdır. Bu oyko¬nim Azərbaycan-türk dilində «dar yer, ke¬çil¬məz yer, dar ke¬çid», «aşırım», «dərələrarası ke¬çid» mə¬na-sında işlənən «bo¬ğaz» və «kəsən» söz¬lərinin birləşməsindən yaranıb. 9 noyabr 1959-cu ildə kən¬din əzəl adı dəyişdirilib, indi gürcü dilində «Meşəağzı» - «Tkispiri» adlanır. Hamamlı ça¬yının sağ sahilində, rayon mərkəzindən 14 km cənub-qərbdə, dəniz sə¬viy¬¬yəsin¬dən 1320 m yüksəklikdə yerləşirən bu kəndin əhalisi 72 nəfərdir.

CARANOR - Qədim Bor¬çalının Dağ bölgəsinin sabiq Baş¬keçid (indiki Dmanisi) rayo¬nunda kənd adıdır. İndi bu kənd rəsmi sənədlərdə «Qora» adlanır. Bu oykonim türk dil¬lərində «sıl¬dırımlı sa¬hil» mənasını bildirən «car» sözü ilə monqol dilində işlənən «nohur» sözünün birləşməsindən ya¬ranıb. Bu mülahizəni kəndin coğrafi mövqeyi də təsdiq edir.

ÇOPURALILAR - Qədim Dağ Borçalısının sabiq Başkeçid (in¬diki Dmanisi) rayonunda kənd adıdır. Bu oykonim «Ço¬pur Alı» (lar) nəsil adı əsasında yaranıb. Yəni, bu kənd, onun özülünü qo¬yan Çopur Alının nəslinin şərəfinə qoyulub. Kən¬din ilk sakinləri XX əsrin əvvəllərində Bağ Borçalısının Arıx¬¬lı kən¬dindən köçüb məskunlaşmışlar. Rayon mərkəzin¬dən 25 km qərbdə yerləşən bu kəndin əhalisi 125 nəfərdir.

DAĞ ARIXLI - Qədim Dağ Borçalısının Başkeçid (in¬di¬ki Dma¬ni¬si) rayonunda kənd adıdır. Bu oykonim türkköklü «dağ» sözü ilə «arıqlı» tay¬fa adının birləşməsindən yaranıb. Qıp¬çaqların Arıq tayfasının, Orta Asiyada qıpçaq qara¬qalpaq¬larda indi də mövcud olan Arıq qövmünün də adını əks et¬dirə bilər. Lükün - Şindi dağının qərb ətəklərində, rayon mərkəzindən 12 km şimal-qərbdə, dəniz sə¬viy¬yəsindən 1465 m yük¬səklikdə yer¬lə¬şən bu kəndin əhalisi 768 nə¬fər¬dir.

DAĞ DƏLLƏRİ - Bax: DƏLLƏR…

DAĞ-QIZILHACILI - Qədim Dağ Borçalısının sabiq Başkeçid (in¬di¬ki Dmanisi) rayonunda kənd adıdır. Qomaret yay¬¬lasında, ra¬yon mərkəzindən 20 km şimal-qərbdə, dəniz sə¬viyyəsindən 1240 m yüksəklikdə yerləşir, əhalisi 400 nə¬fə¬rə yaxındır. XIX əsrin tarixi mənbələrində kəndin adına Təh¬məzqulu-Qızılhacılı şəklində də rast gəlinir. Bax: QIZILHACILI.

DAĞ MUĞANLI - Bax: Borçalı (indiki Mar¬neuli) ra¬yo¬nunun Böyük Muğanlı kəndi... Bolnisi rayonunun Bala Mu-ğan¬lı kəndi… Qaraçöp (Saqareco) rayo¬nun¬da Yor-Mu¬ğanlı kəndi…

DAĞ ŞIXLI - Bax: ŞIXLI…

DƏLLƏR - Qədim Dağ Borçalısının Başkeçid (indiki Dmanisi) rayonunda, Başkeçid yamacında, Maşavera (Meşəvari) çayının sağ sahilində, rayon mərkəzindən 4 km cənub-şərqdə, dəniz səviyyəsindən 1160 m yük-səklikdə yerləşən kəndin adıdır. Əhalisi 330 nəfər vardır.
Polkovnik Vaqif Sadıxov və b. bu kəndin yetirmələridir.

Eyniadlı kənd həm də Bağ Bor¬çalısının Bol¬ulus (indiki Bolnisi) rayonunda (əhalisi 365 nəfər) var. Bolulusdakı bu kənd xalq arasında Aran Dəlləri, Başkeçiddəki isə Dağ Dəlləri adlanır. Aran Dəlləri Borçalının Bağ bölgəsində cənub tərəfdən meşələrlə örtülü dağa söykənib, sanki həmin dağdan güc alır. Dağ Dəlləri isə Borçalının Dağ bölgəsində yerləşir. Bu kənd əksər vaxtlar çən-çiskin altında olsa da, havası olduqca saf və təmizdir. Hər iki kəndin ab-havası, sanki Koroğlunun Çənlibelini xatırladır… Hər iki toponim türk tayfalarından olan Tele-Tələ tayfasının adını əks etdirir. Ətraflı bax: Bolnisi rayonu Dəllər kəndi.

DUNUS - Qədim Borçalı mahalının Dağ bölgəsində, Baş¬keçid yaylasında, alçaqda, Bolulus (Bolnisi) - Baş-keçid (Dmanisi) yolunun kənarında, Maşaver çayının sağ sa¬hilində, rayon mərkəzindən 8 km şərqdə yerləşir. Bu oykonim ərəb mənşəlli «dan» və «üss» sözlərinin birləşməsindən yaranıb. Bu oykonim Azərbaycan dilində «alçaq, aşağı» mənasında işlənən «dun» və «özül, bünövrə, təməl, əsil» mənalarında iş¬lənən «üss» sözlərinin birləşməsindən yaranıb. Ümumi mənası «al¬çaq, yerdə qoyulan özül» deməkdir. Kəndin coğrafi mövqeyi də bu mülahizəni təsdiq edir. Bu kəndin adı 1536-cı ilin mənbələrində qeyd olunub. Hazırda əhalisi 700 nəfərə yaxındır. Tanınmış hüquq-mühafizə işçisi Səlimxan İsmayılov və b. bu kəndin yetirmələridir.

Müşfiq BORÇALI: "SAZLI-SÖZLÜ BAŞKEÇİD..."ƏNGİRƏVAN - Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Bu kənd daim Hamamlı kənd icmasına aid olub. Bu oykonim türkköklü «əngi» (birinci) sözü ilə «İrəvan» sözünün birləşməsindən yaranıb. Xalqın dilində «Əngirəvan» kimi tələffüz olunur. Ümumi mənası «Birinci İrəvan» deməkdir.
Maşavera çayının sağ sahilində, rayon mərkəzindən 13 km cənub-şərqdə, dəniz səviyyəsindən 1160 m yüksəklikdə yerləşən Əngirəvanın əhalisi hazırda 175 nəfərdir.

Əslən Başkeçiddən olan olan istedadlı şairə bacımız
Rahilə xanım Qaralova "ƏNGİRƏVAN" şeirində yazır:


Neçə dərdə sinə gərib,
"Sarı qaya" kölgə sərib,
Olmayıbdı heç vaxt qərib,
Dağ başında bir növ cavan,
Gözəl kəndim Əngirəvan.

Gül-çiçəkli oylaqlıdı,
Elatlıdı, yaylaqlıdı,
Diş göynədən bulaqlıdı
Qoy var olsun elin, oban,
Gözəl kəndim Əngirəvan.

Teymur yurdu bir mənzərə,
Çulu təpə bənzər zərə,
Gəlməyəsən pis nəzərə,
Qoy könüllər olsun rəvan,
Gözəl kəndim Əngirəvan.

Çiçəyindən şeh üzülüb,
Pətəyindən bal süzülüb,
Dağ döşünə gül düzülüb,
Hər çiçəyin dərdə dəvan,
Gözəl kəndim Əngirəvan

Ömrüm, günüm keçib orda,
Qoymayıbdı bizi darda,
Yaşasaqda uzaq, harda,
Dərdə dərman suyun, havan,
Gözəl kəndim Əngirəvan.


GƏYLİYƏN - Bax: AZ-GƏYLİYƏNİ.

GÖDƏKDAĞ - Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Bu oy¬konim ya qədim türk tay¬falarından biri olan «Katak» tayfa adı ilə türkköklü «dağ» sözünün, ya da «kakak» tayfa adı ilə eyni köklü Qazax tay¬fasının bir qolu olan «gödəkli» tayfa adı ilə «dağ» sözü¬nün birləş¬məsindən yaranıb. (Rayon mərkəzindən 9 km günbatar səmtdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir, əhalisi 426 nəfərdir).
Bun¬dan başqa, Azərbaycanın Bərdə qəzasının Şir nahiyəsində də Kataq eli (kəndi), Qərbi Azərbaycanın Gəncə quberniyasının Zəngəzur qəzasında (indiki Er¬mənistanda) Qafan rayonunda Aşağı Gödəkli, Yuxarı Gö-dəkli adlı kəndlər olub.

GÖYDAĞ. GÖYBULAQ - Qədim Borçalının Dağ böl¬gəsində - sabiq Başkeçid (in¬diki Dmanisi) rayonundakı bu mik¬rotoponimlərin tərki¬¬bindəki «göy» sözü «şərq» mənasın¬da işlənmişdir. Yəni, Şərq dağı, Şərq bulağı. Güman ki, bu toponimlər, hər şeydən əvvəl, həmin dağdan və bulaqdan Qərbdə - yaylaqlarda ya¬şayanlar tərəfindən belə adlandırılmışdır.

HAMAMLI - Qədim Borçalının Dağ bölgəsinin Baş¬ke¬çid (indiki Dmanisi rayonu) ərazisində, Qarabulaq çayının sol sahilində, rayon mərkəzindən 8 km güneydə, dəniz sə¬viy¬yəsindən 1200 m yüksəklikdə yerləşən kəndin adıdır. Əhalisi 1677 nəfər¬dir. Bu kənddə dünyəvi məktəb 1922-ci ildən fəa¬liy¬¬yət gös¬tərir. Güləş üzrə Dünya və Avropa çem¬pio¬nu Ka¬mandar Mə¬ci¬dov, Aşıq Sona, Aşıq Vəkil, din xa¬di¬mi Hacı Salman Mu¬sayev, polkovnik Şahbaz Aslanov, şair Knyaz As¬lan və baş¬qaları bu kəndin yetirmələridir.
Xalq etimologiyasına görə, «Ha¬mamlı» kən¬dinin adı «ha¬mam» və «-lı» şəkilçisinin birləş¬məsindən yaranıb. Ümumi mə¬nası «hamamı olan yer» deməkdir. 1590-cı ilin mən¬bə¬lə¬rin¬də Hamamlı kəndinin adı qeyd olu¬nub və göstərilib ki, bu kənd Tiflis qu¬berniyasının Pəmbək nahiyə¬sində¬dir.
Hamamlı XIX əsrin ikin¬ci yarısında Qərbi Azərbaycan əra¬zisindəki Canbaxca, (Molla Eyfli (Əy¬yublu), Cərəyer, Qə¬dirqulu, Qo¬şaqala (indi Ermə¬nis¬tanda), Əngrəvan, Bəzəkli, Məmişli, Mahmudlu, Yu¬xarı Or¬zuman və Səfərli kənd¬lərini birləş¬dirən icmanın adı olub.


HÜSEYNKƏND - Qədim Borçalının Dağ bölgəsində - sabiq Başkeçid (in¬diki Dmanisi) rayonunda, Qomaret yay¬la¬sında, ra¬yon mərkəzindən 25 km günbatar səmtdə, dəniz sə¬viyyəsindən 1380 m yüksəklikdə yerləşən kəndin adıdır. Bu oykonim kəndin özülünü qoyan şəxsin - Hüseynin şə¬rəfinə belə adlan¬dırılıb. Xalq arasında bu kənd buradakı ça¬yın adı ilə Hüseyn¬çay da adlan¬dırılır. Hələ 1701-ci il sənəd¬lərində adı çəkilən bu kəndin əha¬lisi 1990-cı il olay¬larından sonra xeyli azal¬mış¬dır. Hazırda bu kənddə 185 nəfər soyda¬şımız yaşayır.

KİROVİS - Qədim Borçalının Dağ bölgəsində - sabiq Başkeçid (in¬diki Dmanisi) rayonunda, Qomaret yaylasında, ra¬¬¬yon mər¬kəzindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 1260 m yüksəklikdə yerləşən kəndin adıdır. 1815-1817-ci il¬lər¬də Çar Rusiyası bu əraziyə alman əhalisini köçürmüş və be¬ləliklə də, kəndin özülü qoyulmuşdur. 1940-cı ilədək «Val¬dheym» ad¬lanan bu kənd¬də alman¬lar yaşamışlar. Xalq isə, hə¬min kəndi Valgem adlandırırdı. Böyük Vətən müharibəsi başlayandan sonra sabiq SSRİ imperiyası almanları bu kənd¬dən Sibirə sürgün etmiş və əvəzində Başkeçid rayonunun qonşu Şorşelet və Xutor (xalq arasında Qutur adlandırılırdı) kəndlərində yaşayan soydaşlarımızı Valxayim kəndinə köçürmüşlər. Elə həmin vaxtlardan da burada azərbaycanlılar yaşayırlar. 5 avqust 1943-cü ildən S.M.Kirovun şərəfinə Kirovis adlandırılıb. Əhalisi 550 nəfərdir.

QAMIŞLI - Tiflis quberniyasının Borçalı qəza¬sının Dağ bölgəsində, Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Rayon mərkəzindən 40 km cənub-şərqdə, dəniz səviyyəsin¬dən 1460 m yüksəklikdə yerləşir, əhalisi 421 nəfərdir. Bu kənddə dünyəvi məktəb 1921-ci ildən fəaliyyət göstərir.
1536-cı il sənədlərində adı qeyd olunan Qamışlı oykonimi, türk köklü «qamış» sözü ilə «-lı» leksik şəkilçisinin birləşməsindən yaranıb. Çox güman ki, bu ad kəndin təbii-coğrafi mövqeyinə görə qoyulub. Onu da qeyd edək ki, Qamışlı - Qızılbaşların Komuşlu tirəsi ilə də ilgili ola bilər.


QARABULAQ (AŞAĞI QARABULAQ, YUXARI QA¬RABULAQ) - Qədim Borçalının qərbində Şindi dağının şimal ətəyində Aşağı Qarabulaq və Yuxarı Qarabulaq adlı kənd¬lər vardır. Rayon mərkəzindən 22 km günbatarda, dəniz səviyyəsindən 1340 m yüksəklikdə yerləşir, əhalisi müvafiq olaraq 400 və 1300 nəfərdir. 1701-ci il sənədlərində adı çəkilən həmin kəndlərin adı qədim türk dilində şimal mənasını bildirən «qara» (qədim türk dilində qara sözünün böyük, iri, geniş mənaları da olmuşdur) sözü ilə bulaq hidroni¬minin birləşməsindən əmələ gəlmişdir. Mənası «Şimal bulağı» deməkdir. Güman ki, vaxtilə həmin kəndlərə nisbətən cə¬nubda yaşa-yanlar onları Aşağı, Yuxarı Qarabulaq adlandırmışlar. Həmin bölgədəki Qarasu toponimi - hidronimi də bu qəbildəndir.
Bu kənddə dünyəvi məktəb 1921-ci ildən fəaliyyət göstərir.
AMEA-nın üzvü, akademik Şahvələd Xəlilov, professorlar Əzizxan Tanrıverdi, Fariz Mikayılov və başqaları bu məktəbin məzunlarıdır.

QARAKİLSƏ - Qədim Borçalının Dağ bölgəsində - Başkeçid (in¬diki Dmanisi rayonunda) kənd adıdır. Orzuman va¬disində, dəniz səviyyəsindən 1250 m yüksəklikdə yerləşir, əhalisi 353 nəfərdir. Bu oykonim «qara» və «kilsə» sözlərinin birləşməsindən yaranıb. Kənd indi «Vake» adlanır.

QƏMƏRLİ - Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı olub. Hazırda Borçalının Dağ bölgəsinin Başkeçid yaylasında, rayon mərkəzindən 7 km gün¬batar səmtdə, dəniz səviyyəsindən 1390 m yüksəklikdə yerləşən kənd də Qəmərli adlanır. Bu oykonim eramızdan əvvəl VIII əsrdə Şi¬mali Qafqaz istiqamətindən Güney Qaf¬qaza gələn qədim türk köklü Qəmər tayfasının adı əsasında təşəkkül tapıb. Bu kənddə dünyəvi məktəb 1921-ci ildən fəaliyyət göstərir. Ha¬zır¬da Qəmərlinin əhalisi 868 nəfərdir.
Qori Seminariyasının məzunu Qulam Vahabov, polkovnik Əlləz Ovçuyev, xeyriyyəçi iş adamı Hüseyn Artıqoğlu, şair Aftandil Qəmərli, Şamı Balacaoğlu və başqaları bu kəndin yetirmələridir.

QIZILKİLSƏ - Qədim Borçalının Dağ bölgəsində - Başkeçid (indiki Dmanisi) rayonunda, Şindi dağının gündo-ğarında, rayon mərkəzindən 8 km şimal-şərqdə, dəniz səviyyəsindən 1220 m yüksəklikdə yerləşən kəndin adıdır. Əhalisi 785 nəfərdir. Bu kənddə dünyəvi məktəb 1920-ci ildən fəaliyyət göstərir.
Professor Əlişir Musayev, Əməkdar müəllim Aslan Mansurov, şairə Səadət Buta, polkovnik Mehman Səlimov, alimlər Vidadi Orucov, Şahbaz Şamıoğlu, Alı Musayev, Adilxan Nəbiyev, Tinatin İsabalaqızı, dövlət qulluqçuları Şahin Mansurov, Vidadi Səlimov, şair-jurnalist Murtuz Fərhadoğlu, ictimayyətçilər Müsafir Məmmədov və başqaları bu kəndin yetirmələridir.

QIZIL-HACILI - Qədim Borçalının həm Aran Borçalısında, sabiq Borçalı (indi Marneuli) rayonunda, həm də Dağ Borçalısında - sabiq Başkeçid (indiki Dmanisi) rayonlarında Qızılhacılı adlı kəndlər vardır. Başkeçid (indiki Dmanisi) rayonundakı Qızılhacılı kəndi el arasında Dağ-Qızılhacılı adlanır. Hazırda əhalisi 400 nəfərə yaxındır. Bax: Dağ-Qızılhacılı.

QORA - Qədim Borçalının Dağ bölgəsində - Başkeçid (indiki Dmanisi) rayonunda azərbaycanlıların və yunanların bir¬gə yaşadıqları kiçik bir kəndin adıdır. Bax: CARANOR…

QORUNCUQ - Qədim Borçalının Dağ bölgəsində - indiki Dmanisi rayonunda kənd adıdır. Bu oykonim türkköklü «qorun» (-maq) feli əsasında yaranıb. 1943-cü ildə kəndin adı «gürcüləşdirilmiş» və «Masavere» adlandırılmışdır.

LÖK-CANDAR - Qədim Borçalının Dağ bölgəsinin Başkeçid (indiki Dmanisi) rayonunda kənd və dağ adıdır. Bu oykonim mən¬şəcə «lök» («lək») və «can¬dar» sözlə¬rinin - tay¬fa adlarının bir¬ləşməsindən düzəl¬miş¬dir. «Lök» sö¬zü qədim türk tayfalarından birinin adı olan «lək» etnoni¬mindən iba¬rətdir. Danışıq di¬lində «ə» səsi «ö» səsinə çev¬rilmişdir.
Lək tayfası XIII əsrdə İrandan Azər¬baycana köçü¬rül¬müşdür. Bu tayfanın adı ilə bağlı Azər¬baycanın Ağdaş ra-yo¬nunda Aşağı Ləki, Ucar, Bər¬də və Xanlar rayonlarında Lək kənd adları vardır. Bu to¬ponimin ikinci komponenti Can¬dar dilimizdə tayfa, nəsil an¬la¬mında işlədilir. Gürcüstanın Qa¬rayazı (in¬diki Qardabani) və sabiq Sarvan - Borçalı (indiki Marneu¬li) rayonlarında da Can¬dar adlı kəndlər vardır. Gü¬man ki, Azərbaycanın Quba və Zəngilan rayonlarındakı Can¬dar kənd¬lərinin adı da eyni kök¬dən ibarətdir.
Professor Ə.Dəmirçizadəyə əsaslanan professor Mahmud Ke¬şəli isə, «lök» sözünün vaxtı ilə «dəvə» mənasında işlə¬nən bir söz olduğunu göstərərək qeyd edirdi ki, Bakı ətra¬fında ba¬taqlıq¬lardan biri «Ceyranbatan», digəri «Lökbatan» (dəvə batan yer) adlanır və çox ehtimal ki, əhali Lök dağının for¬ma¬sını dəvəyə bənzətdiyi üçün belə adlandırmış və onun yaxınlığında məskunlaşmışdır. Candar tayfası da öz yeni yaşayış məntəqələrinə həmin dağın adını vermişdir.
Başkeçid (indiki Dmanisi) rayonundakı Lök-Candar kəndi rayon mərkəzindən 32 km cənub-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Hazırda bu kəndin əha¬lisi təxminən 300 nəfərdir. Kənddəki Azərbaycan məktəbi 1917-ci ildən fəaliyyət göstərir.
Şair Əlixan Düşgün, polis polkovniki Rəşid Musayev və b. bu kəndin yetirmələridir.

MEHDİAĞALAR - Qədim Dağ Borça¬lısının sabiq Baş¬keçid (indi Dmanisi) ra¬yo¬nunun Qarabulaq düzünün qəbrində, Qır¬dağının şərq ətəyinə birləşdiyi hüdudlarda kənd adıdır. Bu oy¬konim ağa nəslinə mənsub olan «Mehdiağalar» nəslinin adı əsasında yaranıb. Həmin kəndin əhalisi (təx¬minən 320 nəfər) XX əsrin 60-cı illərində köçüb getmiş¬lər. İndi kəndin xarabalığı eyni adla adlanır.

MEŞƏAĞZI - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Əhalisi 60 nəfər. İndi gürcü dilində «TĞİSPİRİ» adlandırırlar. Bax: BOĞAZKƏSƏN.

MƏMİŞLİ - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Bu kənd XIX əsrdə Hamamlı icmasına daxil olub. Bu oykonim, çox güman ki, «Məmişli» nəslinin adı əsasında yaranıb. Rayon mərkəzindən 10 km güneydə, dəniz səviyyəsindən 1110 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 1000 nəfərdir. Kənddəki Azərbaycan məktəbi 1923-cü ildən fəaliyyət göstərir.

MƏMİŞLƏR - Qədim Dağ Bor¬çalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda Qomaret yaylasında - başı göylərə ucalan Şənbiyən (Şamdüyə) dağının dibində, rayon mər¬kəzindən 22 km qərbdə, dəniz səviyyəsindən 1560 m yüksəklikdə, eyniadlı çayın yuxarı vadisində yerləşən kəndin adıdır. Bu oy¬konim də, «Mə¬mişli» nəsil adı əsa¬sın¬da yaranıb. (Əhalisi 100 nəfərdir).

MƏHƏMMƏDAĞALAR (MƏMMƏDAĞALAR) - Qədim Dağ Borçalısının Başkeçid (indi Dmanisi) rayonunda - adı dillər¬də əzbər olan «Qır¬dağı»nın ətəyində sabiq Karvansaray yaxınlığında kənd adıdır. Bu oykonim «Məhəmməd¬ağalar» nəslinin adı əsasında yaranıb. Əhalisi 1000 nəfərdən çox¬dur.

MUĞANLI - Qədim Dağ Borçalısının Başkeçid nahiyəsində 1992-ci ilədək mövcud olmuş kəndlərdən biri də Muğanlı kəndi idi. Bu kənd xalq arasında Dağ Muğanlı adlanırdı. Lakin bir neçə yüzillik tarixə malik olan bu kəndin bəxti gətirmədi. Sabiq SSRİ imperiyasının «ədavət toxumu» bu kənddə də «cücərirdi». Bu kənd Qərbi Azərbaycanla (indiki Ermənistanla) həmsərhəddə idi. Gürcüstan hökuməti Muğanlı və Saatlı kəndlərinin təhlü-kəsizliyinə təminat vermədiyi üçün əhali 1990-1992-ci illlərdə Azərbaycana köçdü... (Əhalisi 482 nəfər) Bax: Borçalı (indiki Marneuli) rayonunun Böyük-Muğanlı kəndi... Bolnisi ra¬yo¬nunun Bala-Muğanlı kəndi… Qaraçöp (Saqareco) rayo¬nunda Yor-Muğanlı kəndi…

ORMEŞƏN - Qədim Dağ Borçalısının Başkeçid (indiki Dma¬nisi) rayonunda, Şindi dağının quzey yamacında, rayon mər¬kə¬zin¬dən 22 km şimal-qərbdə, dəniz səviyyəsindən 1320 m yük¬səklikdə, meşələr qoynunda yerləşən bu kənd öz adını, bir növ, təbiətin gözəllik¬lərin¬dən al¬mışdır.
«Ormeşən» oykonimi türk dillə¬rində meşə anla¬mında ge¬niş ya¬yılmış «orman» və «me¬şə» sözlərinin birləş-məsindən əmə¬lə gəl¬mişdir. Türk dillərin¬də «orman» sözü «meşəlik», «kolluq», «ağaclıq», «qamışlıq» mənalarını ifadə edir. «Or¬man» sözü eti¬moloji cəhətdən «or» (ağac, odun) sözü və «-man» cəm şəkilçisindən iba¬rətdir. Göründüyü kimi, «or» və «meşə» sözləri birləşib, Or¬meşən sözünü əmə¬lə gə¬tirmiş¬dir (sözün sonuna «-n» samiti artırılmışdır). Bu kəndin adının «or¬man» və «meşə» söz¬lərindən ibarət olma¬sını onun coğrafi möv¬qeyi və təbiəti də təsdiq edir.
Əhalisi 240 nə¬fərdir. Kənddə Azər¬bay¬can məktəbi 1929-cu ildən fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Baş prokuroru, Ədliyyə generalı Zakir Qaralov, Millət vəkili, professor Zahid Qaralov, tanınmış ictimaiyyətçilər və iş adamları Teymur, Tahir, Hamlet və Akif Qaralovlar, Eldar Nəbiyev, Həmid Ormanlı və b. bu kəndin yetirmələridir.

ORZUMAN (ORUZMAN) - Qədim Borçalı mahalının Dağ böl¬gəsində, Başkeçid (indiki Dmanisi) rayonunda Ma-şa¬ver çayının sağ sahilində, rayon mərkəzindən 4 km güneydə, dəniz səviyyəsindən 1220 m yüksəklikdə yerləşən «AŞAĞI OR¬ZU¬MAN» (əhalisi 770 nəfər) və «YUXARI ORZUMAN» (əha¬lisi 1000 nəfər) ol¬maqla iki Azərbaycan-türk kəndi var.
1536-cı il sənədlərində (Baratların bölgü kitabında rast gəlinən bu oykonim - türk tayfa¬larının ən böyük qolla-rın¬¬dan biri olan Qıpçaqların «Orus» tay¬fa adı ilə türk dillərində «qoyun saxlamaq üçün çəpərlən¬miş yer» məna-sında işlə¬nən «man» sö¬zünün birləş¬məsindən yaranıb, Oğuzoğlu Uruzu xa¬tırladır.
Bu kəndlər XIX əsrdə Hamamlı kənd icmasına (kənd bir¬liyinə) mənsub olub.
AMEA-nın üzvü, akademik Səlim Musayev, alim Sirəc Məmmədov, Əməkdar müəllimlər Cəlal Musayev, İslam Məmmədov, Mikayıl Mikayılov, şairlər Namaz Hümmətoğlu, Oruc Oğuzmən və b. bu kəndin yetirmələridir.

PANTİADİ - Bax: Armudlu.

SAATLI - Qədim Dağ Borçalısının sabiq Baş¬keçid (in¬diki Dma¬nisi) rayonunda 1992-ci ilədək mövcud olmuş kənd¬lərdən birinin adı idi. Bu oykonimin əsasında du¬ran etnonim haq¬qında müxtəlif fikir vardır. A.Axundova gö¬rə, bu oyko¬nim «sayət» adlı türk et¬nonimindən düzəl¬miş¬dir. M.H.Vəliyevə görə, Saatlı keç¬mişdə ayrumların bir qolu ol¬muş, sonralar isə bir elin adını bildirən toponim olmuşdur. XIX əsrin əv¬vəl¬¬lərində Saatlı tayfası 15 ailədən ibarət köçəri bir qrup kimi Qara¬bağda yaşamışdır. Güman ki, bu tayfa son¬ralar müx-təlif ərazilərdə məskunlaşmışdır. Deməli, Saatlı oy¬ko¬nimi Sayatlı tayfasının adı ilə bağlı olaraq yaranmışdır.
Azərbaycanda Saatlı adlı rayon, şə¬hər, Bərdə ra¬yonu¬nun Həsənqara, Ağdaş rayonunun Şəm¬sa¬bad ərazi böl-gü¬lə¬rində Qaraqan Saatlı adlı kənd vardır. Həm¬çinin, Şuşa şə¬hə¬rində Saatlı adlı məhəllə olmuşdur. M.P.Va¬qif bu mə¬həl¬¬lədə mək¬təb açmış və müəllimlik et¬miş¬dir. Qərbi Azər¬bay¬canda - indiki Ermənistan «ərazisində» də Saa¬t¬lı adlı kənd olmuşdur.
Dağ-Muğanlı ilə yaxın qonşuluqda yaşayan Saatlı kən¬di¬¬nin də bəxti gətirmədi. Həmin kənd də sabiq SSRİ im¬pe¬ri¬yasının «milli ədavət toxumunun qur¬banı» oldu. Gür¬cüs¬tan höku¬məti guya Ermənistanla yaxınlıqda yerləşdi¬yin¬dən Saatlı (1600 nə¬fər) və Dağ-Muğanlı (482 nəfər) kənd¬¬lərinin təhlükəsizliyinə təminat vermədiyi üçün 1990-1992-ci illərdə hər iki kəndin əhalisi Azər¬baycana köç¬məli oldu...

SACA - Qədim Dağ¬ Borçalısının sabiq Başkeçid (indi¬ki Dma¬nisi) rayonunda, Qo¬maret yaylasında, rayon mərkəzindən 21 km günbatarda, dəniz səviyyəsindən 1230 m yüksəklikdə yerləşən kəndin adı¬dır. Bu oykonim «sacilər» tayfa adından dızəlib. Kəndin yaxınlığında XI əsrə aid daşdan yonulmuş memarlıq abidəsi aşkarlanıb. Sacanın əhalisi XX əsrin əvvəllərində 500 nəfərdən çox ol¬sa da, təəssüflər olsun ki, 100 il sonra 5 dəfə azalıb, hazırda təxminən 100 nəfərdir.

SAKİRE - Qədim Dağ¬ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kiçik bir kənddir, əhalisi yunan-lar¬dan və azərbaycanlılardan ibarətdir.

SALAMMƏLİK - Dağ¬ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda, Cavaxet dağ silsiləsinin gündo-ğa¬rında, rayon mərkəzindən 28 km günbatarda, dəniz səviyyə¬sindən 1420 m yüksəklikdə yerləşən qədim bir türk kəndinin adıdır. XII-XIII əsrlərə aid karvansara uçuqları bu kənddə hələ də qalmaqdadır.
Salamməlik kəndinin əhalisi 1926-cı ildə 158 nəfər ol¬du¬ğu halda, 80 il sonra 2006-cı ildə Gürcüstan Statistika Komitəsinin əhalinin siyahıya alınmasına görə təxminən 100 nə¬fər¬dir.

SƏFƏRLİ - Qədim Dağ Borçalısının sabiq Başkeçid (in¬diki Dma¬nisi) rayonunda Lök dağ silsiləsinin quzey yama¬cında, indiki Er¬mənistana gedən avtomobil yolunun kənarın¬da, rayon mər¬kəzindən 6 km cənub-şərqdə, dəniz səviyyə¬sindən 1070 m yüksəklikdə yerləşən qədim kənd adıdır. Bu oyko¬nim «Sə¬fərli» nəslinin adı əsasında yaranıb. XIX əsrdə Ha¬mamlı ic¬masına aid olub. Hazırda əhalisi 800 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1927-ci ildə yaradılıb.
Professor İsa Ömərov, yazıçı Seyfəddin Əliyev, şairə Nazilə Səfərli, Sədaqət Dilqəm Abbasova, hüquq-mühafizə işçiləri Elman Hüseynov, Fərman Qurbanov və b. bu kəndin yetirmələridir.

SÖYÜDLÜ (SOYOTLU - SOĞUTLU) - Qədim Borçalının Dağ bölgəsində - sabiq Baş¬keçid (indiki Dmanisi) rayo¬nunda Ca¬va¬xet dağ silsiləsinin gündoğar yamacında, rayon mərkə¬zin¬dən 18 km günbatar səmtdə, dəniz səviyyəsindən 1590 m yüksəklikdə yerləşən qədim türk kəndinin adıdır. Əha¬lisi 46 nəfərdir. Bu oykonim qədim türk köklü «Soyot» tay¬fa¬sının adı əsasında yaranıb. Həmçinin, Başkeçid rayonun¬da «Sö¬yüd¬lü-cala» adlı kənd də olub.

SU QALASI - Qədim Dağ Borçalısının Baş¬keçid bölgəsində, Maşaver vadisində, rayon mərkəzindən 4 km qərbdə yerlə¬şən qədim türk kəndinin adıdır. Bu oykonim qədim türk dil¬lərində «qo¬şun, or¬du» mə¬nasında işlənən «sü» və «qa¬la» söz¬lərinin birləş¬məsindən yaranıb. Tarixi sənədlərdə Dağətə¬yi (Mtisdziri) kimi də qeyd olunub. İndi gürcü dilində «Ka¬riani» ad¬lanır. Əhalisi 300 nəfərdir.

Müşfiq BORÇALI: "SAZLI-SÖZLÜ BAŞKEÇİD..."
ŞAHMARLI - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda Maşaver vadisində, rayon mərkəzindən 8 km qərbdə, dəniz səviyyəsindən 1388 m yüksək¬likdə, Qə¬mərli kəndi ilə qonşuluqda yerləşən türk kəndinin adıdır. Bu oykonim, çox güman ki, «Şahmarlı» nəslinin adı əsasında yaranıb. Əhalisi 600 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1929-cu ildə yaradılıb.
Polis general-mayoru Cavanşir Məmmədov, hərbi tibb polkovniki Musa Musayev, polis polkovnik-leytenantı İlqar Məmmədov və b. bu kəndin yetirmələridir.

ŞIXLI - Qədim Borçalının Dağ bölgəsinə aid olan həm Ağbulaq (indiki Tetri-sxaro), həm də Başkeçid (indiki Dmanisi) rayonlarında «Şıxlı» adlı kəndlər vardır. Bu kəndlərin hər ikisi xalqın yaddaşında «Dağ Şıxlı» adı ilə tanınır.
Bu oykonimin adı türk dillərində etnonim kimi qeyd olunur. Bu mənada, «Şıxlı» kəndinin adı «Şıxlı» etnonimi əsasında yaranıb.


ŞİNDİLƏR - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda Şindi dağının ətəyində, rayon mərkəzindən 6 km şimal-qərbdə, dəniz səviyyəsindən 1250 m yüksəklikdə yerləşən kəndin adıdır.

Bu oykonim «Şindi» oronimi - dağ adı ilə «-lər» şəkilçisinin birləşməsindən yaranıb.

Təəssüflər olsun ki, bəzən Şindilər kəndinin adının gürcü dilində «zoğal» mənasında işlənən «şvindi» sözü ilə əlaqələnirirlər.

Halbu ki, "Şindilər" sözünün "zoğal" sözü ilə heç bir əlaqəsi yoxdur.

Çünki həmin kənd dağ bölgəsində yerləşir.

Soyuq dağ bölgəsində isə «zoğal» bitməsi və «zoğal» adının kəndə verilməsi ağlabatan deyildir.

Şair Seyraqif Coculu isə bizə ünvanladığı məktubunda yazmışdır ki, "Şindi sözünün mənası Ay kimi, Aytəkin deməkdir. Məsələn, Ləlvərdən baxanda Şindi Ay kimi yarım dairə formasında görünür."

S.Coculu onu da qeyd etmişdir ki, Türkiyədə yaşayan Erdoğan Şindi onunla ilə məktublaşma yazamanı bildirmişdir ki, "Şindi bizim tayfanın adıdır. Şindi soy adı ilə eyni zamanda bir qadın yazıçı da var."

Tarixi mənbələrə görə, Şindilər kəndinin əhalisi XIX əsrin əvvəllərində Tiflis və Rustavi şəhərləri arasında yerləşən Dəmirçi Həsənli kəndindən köçürülüb və ilk adı İkinci Dəmirçi Həsənli olub.

Sonralar kəndin adı dəyişdirilib, Şindi dağının aşağı yamacında olduğu üçün Şindilər adlandırılıb.

Əhalisi 500 nəfərdir.

Kənddə Azərbaycan məktəbi 1928-ci ildə yaradılıb. Şindilərin ilk kolxoz sədri Mustafa Qurban oğlu olub.

Professor Fəxrəddin Həmidov, dosent Vahid Qara oğlu Fərhadov, gənc alim Sahil Zahid oğlu Həmidov, hüquq-mühafizəçisi Vəkil Bayramov, el şairi Novruz Məhəmmədəlioğlu, şairə Səadət Novruzqızı, şair Seyraqif Coculu və b. bu kəndin yetirmələridir.


ŞORŞALET - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dma¬nisi) rayonunda kənd adı olub. Həmin kəndin əhalisi XX əsrin qırxıncı illərində - almanlar sürgün edil¬dik¬dən sonra keçmişdə almanlar yaşayan Valdhayim (Val¬gem) kəndinə köçürülüblər. Əhalisi təxminən 300 nəfər olub.
Yazıçı Zahid Əhmədov və b. bu kəndin yetirmələridir.

VAKE - Bax: QARAKİLSƏ.

YAQUBLU (YAVUQLU) - Qədim Borçalının Dağ bölgəsinin Başkeçid rayonunda - indiki Dmanisi rayonunda, ra¬yon mərkəzindən 3 km qərbdə, dəniz səviyyəsindən 1360 m yüksəklikdə yerləşən kəndin adıdır. Bu kəndin adı Kitabi-Dədə Qorqud dastan¬ları ilə səsləşən Ya¬vuqlu (yaxın, ya¬xınlıq) sözü ilə əlaqə¬dardır. Yəni, Ya¬qublu - «Yavuq» sözü ilə «-lı» şəkilçisinin birləşməsindən yaranıb. «Yavuq» sö¬zü həm «Kitabi-Dədə Qorqud» das¬ta-nın¬da, həm də Xətayi¬nin əsərlərində yaxın, yaxınlıq məna¬sında işlənmişdir. Xətayidə:
«Gəlməz yavuğa həzir qılar o,
Dərgahə sarı nəzər qılar o.»
Hazırda həmin kəndin adı Gürcüstanın türk-azərbaycanlı əhalisi arasında da Yavıqlı (Yavıxlı) şəklində işlənməkdədir. Lakin Gürcüstan mətbuatında təhrif olunaraq, Yaqublu şəklində sabitləşmişdir. İkinci mülahizəyə görə, «Yaqublu» oykonimi türk dillərində «şahzadə» mənasında işlənən «yabu» sözü əsasında yaranıb.
Yaqublu kəndinin əhalisi hazırda 600 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1921-ci ildə yaradılıb.
Alim Cəmilə Abdullayeva, Əməkdar müəllimlər Sadıq Süleymanov, Ənvər Süleymanov, Mahmud Abdullayev, hüquq-mühafizəçisi Adil Mümmətov, Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş pilot, mayor Təbriz Musazadə və b. bu kəndin yetirmələridir.

YENİ GÖDƏKDAĞ - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayo¬nunda kənd adıdır. Bu oyko¬nim 1978-ci ildə Gürcüstanın Dağ bölgəsində baş verən zəlzələdən sonra yaranıb. Çünki Şindi dağının şimal yama¬cında yerləşən Gö¬dəkdağ kəndində bir çox evlər zəlzələ nəticə¬sində dağıl¬mış¬dır. Ev¬ləri dağılan ailələr doğma kənd¬lərinin aşağısındakı düzənlikdə yenidən yurd-yuva salmışlar. Həmin kənd «Yeni Gödək-dağ» adlanır.
Əhalisi 368 nəfərdir. Bax: GÖDƏKDAĞ.

YIRĞANÇAY- Qədim Dağ Borçalısının sabiq Baş¬keçid (indiki Dmanisi) rayo¬nunda, Loru yaylasında, rayon mərkə¬zindən 45 km cənub-qərbdə, dəniz səviyyəsindən 1660 m yüksəklikdə, indiki Ermənistanla sərhəddə yerləşən ən ucqar kəndin adı¬dır. Bu oykonim «yır¬ğan» (-maq), «dalğa¬lan» (-maq) feli ilə «çay» sözünün birləş-məsindən yaranıb. Əhalisi¬nin bir hissəsi 1921-ci ildə Türki¬yəyə köçüb get¬miş¬dir. Ha¬zırda əhalisi 3000 nəfərə yaxındır. Kənddə Azərbaycan mək¬təbi 1923-cü ildə yaradılıb.
El ağsaqqalı Yunus bəy Çırpanoğlu, el şairləri Misginoğlu Allahverdi, Yolçu Novruz, Vəzir Əliyev, Əməkdar müəllimlər İdris, Aslan və Şakir Çırpanlılar, Cəlal Yadigarov, həkim Bilal Yadigarov, Aşıq Qara və b. bu kəndin yetirmələridir.

YUXARI ORZUMAN - Bax: Orzuman.



Müşfiq BORÇALI: "SAZLI-SÖZLÜ BAŞKEÇİD..." P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı, eləcə də
Gürcüstandakı bu və ya digər
QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə
TOPONİMLƏRİMİZLƏ, həmçinin
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ
SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

M-Borcali@mail.ru

və ya:

info@zim.az





.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: