“Şəhidlər- Dünənimiz, Bu günümüz, Sabahımız”

 “Şəhidlər- Dünənimiz, Bu günümüz, Sabahımız” Doğulduğumuzda kim olaraq doğulmağımız bizdən aslı deyil, amma öləndə kim kimi öləcəyimiz özümüzdən aslıdır. İnsanoğlu özünü dərk elədiyi bir gündən etibarən, hər dəqiqə, hər saniyə, hər an gələ biləcək ölümünü gözə alır və onu gözləyir. Bax, o ölüm deyilən məhfumun zirvəsidir Şəhidlik. Ölüm deyilən məhfumun ən ali dərəcəsidir Şəhidlik.

Müşfiq də, Mübariz də, Əlif də, Salatın da biz kimi yaşadı əslində. Onları da bizi doğan anadan biri doğdu. Onları da bizə tərbiyə verən, Vətənini, torpağını, millətini sevməyi öyrədən bir ata yetişdirdi. Onlara da məktəbdə öyrətdilər ki, sənin bayrağın, sənin dövlətin sənin kimliyindir. Və onlar da biz kimi böyüdükcə, dərketmə səviyyəsi genişləndikcə daha çox sevdi torpağını, daha çox sevdi millətini və bu böyüyən sevgi düşməninə qarşı içindəki nifrəti, kini torpağı yolunda şəhid ola biləcək səviyyəyə çatdırdı. Varmı bu dünyada bundan böyük xoşbəxtlik? Varmı bu dünyada insanın bundan böyük arzusu, diləyi? O şəhidin cismindən düşüb, torpağa qarışan o qan zaman-zaman hopdu torpağın canına, hopdu torpağın ən dərin qatlarındakı suya və hopdu sənin, mənim, bizim ciyərlərimizə, qarışdı qanımıza. Ki o qanı yerdə qoymayaq! Ki o axan qana layiq övlad olaq!


“Mən Azərbaycanlıyam” kəlməsini dərk edən hər bir vətəndaş bu gün öz mövqeyini səngərə çevirməlidir. Məktəblinin səngəri partasıdır, mühəndisin səngəri isə iş masası. Bizim mübarizəmiz elə oradan başlamalıdır. Oradan bizim ruhumuza hopmalıdır ki, mənim çiynimdə nə boyda bir yük var. O yük Mübarizin, Fəridin, Müşfiqin yüküdür. O yük Xocalıda işgəncə verilən mənim, sənin, bizim anamızın, bacımızın yüküdür. O yük ev-eşiyindən didərgin düşmüş qaçqınlarınımızın yüküdür. Həmin o yükü düşmən boyda bir nifrətə, kinə, mübarizəyə çevirib, Qarabağımızı qaytarmalıyıq! Qaytaracayıq da!

Müstəqilliyi naminə tank qabağına əliyalın çıxan bu xalqın övladına yaraşır Şəhidlik. Vaxtı ilə sağı, solu, başının üstü qara buludlara bürünən bu xalq bu gün rahat, azad nəfəs alır, azad siyasət yeridir, azad qərar verirsə, deməli, ölməyə dəyərmiş, deməli, şəhid olmağa dəyərmiş. Heç bir qüvvə, heç bir iradə içindəki torpaq sevgisini öldürə bilməz, içindəki Vətən sevgisini məhv edə bilməz! Əksinə, hər xırıltı, hər gül qoxusu, çiçək qoxusu, hətta barıt qoxusu o sevgini daha da böyüdər, o sevgini Vətən boyda bir məhəbbətə çevirər!

Tarixə nəzə salırıq, bizim mübarizliyimiz zaman-zaman çoxlarına örnək olub və çoxları bizdən əsl xalq olmağı, əsl millət olmağı öyrənib. Və bu gün öyrənmək sırası bizdədir. Uzağa getməyə ehtiyac yoxdur, sənin şəhidlərin sənin üçün bir məktəbdir, sənin şəhidlərin sənin üçün bir qəhrəmanlıq salnaməsidir. Mən hazıram bu gün şəhidimin qisasını almağa, sən də hazırsan, amma biz o qisası almaq üçün, o qanı yumaq, yerdə qoymamaq üçün “biz” olmalıyıq. Fərdilik yox, birlik qalib gələcək bu mübarizədə. Nahaq yox, haqq qalib gələcək bu mübarizədə. Ədalət qələbə çalacaq bu mübarizədə, memarı isə biz olacayıq və tarix növbəti dəfə bizi yazacaq, bizdən danışacaq!

Uğrunda ölməyə dəyər, Azərbaycanım!!!

Nihat Zakir oğlu Piriyev,
Lənkəran Dövlət Universiteti

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: