Aşıq FİKRƏT CƏFƏROĞLU (1968)

Aşıq FİKRƏT CƏFƏROĞLU (1968) “SAZ QƏLBİNƏ BİÇİLİBDİ FİKRƏTİN!”

“Borçalı elindən söhbət düşəndə dağlarda sürünən duman, zümzümə bulaqlar, yaşıl ormanlar, qoyun-quzusu mələşən yaylaqlar göz önünə gəlir və özünü saf havanın ağuşunda hiss edirsən. Bu təmizlik səltənətində xoşallana-xoşallana əsrləri, qərinələri yara-yara bir saz havası hopur ruhuna... - Bu sətirlərlə başlayır tanınmış şair-tərcüməçi Givi Paçxataşvilinin hələ 20 mart 2004-cü ildə “Səhər” qəzetində çap olunmuş “Saz qəlbinə biçilibir Fikrətin!” sərlövhəli məqaləsi...

Bəli, doğrudan da belədir. Barmaqları simə toxundunmu, səs selinin layla ovqatlı, ipisti yağışına düşürsən - bahadırlaşırsan, qürrələnirsən. Həmin anda azərbaycanlılığınla fəxr edə-edə Aşıq Xındı Məmmədin, Dədə Əmrahın, Ustad Aşıq Hüseyn Saraclının, Aşıq Kamandarın, Aşıq Əhməd Sadaxlının, Aşıq Gülabının ucalığına boylanıb əlinə saz götürüb Azərbaycan adlı bir cənnətməkanı qarış-qarış gəzmək istəyi baş qaldırır. Bu istək isə ən qəlbidaş adamı belə ürəyiyumşaq eləyir, onun yatmış hisslərini, özünə məlum olmayan istedadını oyadır. Günlərin birində isə həmin Allah bəndəsi anlayır ki, artıq gözəllik, həzinlik və mərdanəlik aləmi onu öz cazibə qüvvəsinin quluna çevirib. "Misri"nin, "Sarıtel"in, "Dilqəmi"nin, "Yanıq Kərəmi"n, "Dastanı" havacatlarının tilsimindən aşiqə və aşığa çevrilməmək mümkündürmü?!.

1968-ci ildə qədim Borçalı mahalının Bolus bölgəsinin Babakişilər kəndində bir ailə oğul payının sevincini yaşayanda, ona Fikrət adını qoyanda ağlına belə gətirməzdi ki, “zamananın müxənnət qasırğaları bu ağır eli-obanı siyasi fəlakətlərin "oyunçağına" çevirəcək, adamların qismətinə qaçqınlıq düşəcəkdir...” Bəli bu sətrlər də milliyyətcə gürcü olan Givi Paçxataşviliyə məxsusdur. Bu hələ çox-çox sonraların işi olacaqdı. Hələliksə balaca Fikrət füsünkar təbiətin saflığını ciyərlərinə çəkə-çəkə böyüyür, məsumluqla düşən xoş günlərini yaşayırdı.

Qəribə də olsa uşağın saz-söz dünyasına yolu gitaradan başlanır. Fikrət böyüyə-böyüyə anlayır ki, gitaranın pərdələrindən süzülən musiqi onun gənc ürəyinin çırpıntılarını ödəyə bilmir və "özünə qayıdışın" sehrli maqniti zavallı qəlbini saza sarı çevirir. Bu daxili "üsyan" 1983-cü ildə Fikrət Cəfərovu məktəblilərin XII Ümumdünya festivalının qalibi etdi. "Qızıl medal" isə saza tapınmanın ən dəyərli mükafatı oldu. Qızılın sarı rəng çaları sarı simlərin gücü ilə ona oxumaq məharətini bəxş etdi. Ümidverən gəncin sorağı "Şəlalə" özfəaliyyət kollektivindən, "Oğuz" folklor ansamblından gələ-gələ Baba Mahmudoğlunun diqqətini çəkdi. Fikrətin çalğı və oxu texnikası "Xəzinə" folklor ansamblında cilalandı, saflaşdı və Borçalı ruhunu qaytardı ona.

Artıq hərbi xidmət də, Şüvəlandakı polis məktəbi də arxada qaldı. 1995-ci ildən polis paqonları onun çiyinlərini bəzəsə də, saz-söz aləmi Fikrət mənəviyyatının ayrılmaz hissəsi kimi bu utancaq, özünü heç vədə gözə soxmayan adamın bütövlüyünü göstərməkdədir. "Azərbaycan" nəşriyyatını mühafizə edən polis nəfəri, gül balalar Əsmər və İzzətin atası Fikrət Cəfəroğlu "Dastanı"ndan, "Borçalı gözəlləməsi"ndən, "Ruhani"dən boylanaraq sazsevərlərə, söz əhlinə könül xoşluğu bəxş etməkdədir. Belə olmasaydı, Abdulla Şaiqin xatirə tədbirinə, Səadət Butalının, Aşıq Əhməd Sadaxlının gecələrinə çağırmazdılar onu... Və o, gözünü yumub, mikrafonu unudub saz havaçatlarının qanadında Borçalıya "uçmazdı". Borçalı ovqatlı, saza hörmət qoyulan, sözün qədri bilinən belə tədbirlərdə Fikrət səsinin zil pərdəsində məclis iştirakçılarının ruhuna hakim kəsilir, onları sarı simlərin ovsununa qərq edir. Və bu ovsunun ilıq dumanında hərə öz dünyasına, dərd-sərinə qapanır...

Fikrətin barmaqları simlərdə, səsi ürəklərdə gəzişməkdədir. Nələr keçir onun ürəyindən - bunu bir özü, bir də Allahı bilir. Bizim bildiyimiz isə odur ki, saz qəlbinə biçilibdir Fikrətin!..

“Qoy sazının yanıqlı havası, səsinin kövrəkliyi buz ürəklərə od çiləyə-çiləyə, yatmışları oyada-oyada bizi cənnət Qarabağımıza qovuşdursun, Fikrət! Gün o gün olsun ki, süngüyə çevrilmiş sazının səsi ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdən gəlsin, igid əsgərlərimiz qəhrəmanlıq havalarının sədaları altında erməni işğalçılarını torpaqlarımızdan qovub çıxarsınlar.” - Bu arzu da Givi Paçxataşviliyə məxsusdur.
Təkcə Giviyəmi?!! Yox!
Elə biz də hamımız Givinin arzularına qoşuluruq:
Biz inanırıq ki, çox keçməyəcək, Fikrətin özünün və sazının səsi Şuşa dağlarından gələcəkdir!..
Bax onda biz də, bütün Babakişilər camaatı da, Borçalı eli də, Azərbaycanımız da, bütün Türk dünyası da sevinəcək. Yurd yerlərimiz Orta-bulaqdan, Qara-arxacdan, Sərxandan, Əyriqardan səsimizə səs, ünümüzə ün gələcək!!! Bax onda biz hamımız Fikrətin həzin saz havaları altında Qələbə müjdəli nəğmələr oxuyacağıq! O gün isə heç də uzaqda deyil!!! Biz buna inanırıq!

Müşfiq BORÇALI.

Aşağıda Aşıq Fikrətin üç şeirini və Aşıq Fikrətin oxuduğu “Şərabanı” mahnısına nəzirə olaraq eloğlumuz Araz Rəsuloğlunun Şərabanının dilindən qələmə aldığı “Ay Cəfəroğlu” şeirini oxucularımıza ərmağan edirik.



Aşıq FİKRƏT CƏFƏROĞLU (1968) GÖRMƏDİM

Qızmar yay günündə seyrinə vardım,
Çox boylandım, yurd yerini görmədim.
Kəkotun, yarpızın qoxsunu aldım,
Çox boylandım yurd yerini görmədim.

Ulu Borçalının qarlı dağları,
Armudludu igidlərin oylağı,
Dumandan, çiskindən görmək olarmı?
Çox boylandım, yurd yerini görmədim.

Sən Aşıq Fikrəti oda salmısan,
Fələk gözdən salmaz, cuda salıbsan,
Qarlı Başkeçidi, yada salıbsan.
Ha boylandım yurd yerini görmədim,
Çox axtardım dəyə çadır görmədim.


BU YERLƏR

Gəncliyimdə o yerləri gəzmişəm,
Əyri-qarın öz qarını görmüşəm.
Sənəkuçanın sehrini bilmişəm,
Babalarmız gələn yerdi bu yerlər.

Çox görmüşəm köç karvanı köçəndə,
Qara-qayada dəyə-çadır quranda,
Yurd yerinin izlərini bulanda,
Ərənlərmiz görən yerdi bu yerlər.

Aşıq Fikrət, çox gəzibsən yaylağı,
Şamdüyəni, Taxdalını oylağı.
Qoca çınqıl səndən doymaq olarmı
Ozanlarmız gəzən yerdi bu yerlər.


QOCALARMI

Bu yerləri seyrə çıxan,
Gül-çiçəkdən ətir saçan,
Yaylaqlardan heç doymayan,
Yeyib içən qocalarmı?

Gözəlimsən nazlı ceyran
Qırxbulağa oldum heyran.
Əyriqardan məğrur baxan
Dağlaroğlu qocalarmı?

Aşıq Fikrət fəğan eylər,
Başkeçiddən ötüb, keçər,
Armudluda kabab çəkər,
Bardaş qurar qocalarmı?

Fikrət CƏFƏROĞLU,
Başkeçid, Armudlu yaylağı,
26.VII.2009
.



Aşıq FİKRƏT CƏFƏROĞLU (1968) AY CƏFƏROĞLU
Şərabanının dilindən


Allah məni göydən sənə göndərib,
Ərənlər-ərəni, ay Cəfəroğlu.
Könlüm başqa igidləri sevməyib
Sevmişəm birini, ay Cəfəroğlu.

Gəldim Borçalıya gəzək bağları,
Boranlı, şaxtalı, qarlı dağları.
Seyr edək hər yanda gur bulaqları,
Öyrənək sirrini, ay Cəfəroğlu.

Gül-çiçək toplayaq gözləyək yazı,
Gəl qadasın alım, sal məni razı.
Elimin oğlusan, mən elin qızı,
Bil sözün yerini, ay Cəfəroğlu.

Mən saza vurğunam, sazla yanıram,
Tək sənin sazınla alovlanıram.
Səni doğmalardan doğma sanıram,
Bilirəm qədrini, ay Cəfəroğlu.

Araz RƏSULOĞLU,
Borçalı,
Babakişilər kəndi.


"ŞƏRQİN SƏSİ" QƏZETİ, 2008.
"ELM və TƏHSİL" QƏZETİ, 2014.










.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: