ƏHMƏD KABAKLI

ƏHMƏD KABAKLIƏHMƏD KABAKLI Bütün həyatını, yaradıcılığını türk insanının fikrini, düşüncəsini aydınlatmağa, işıqlandırmağa yönəltmiş Əhməd Kabaklının (1924-2001) bu gün anım günüdür.

XX əsr Türkiyəsinin elmi-ədəbi, ictimai-fəlsəfi fikir gündəmində o fədakar araşdırıcılıq səriştəsinə, analitik təfəkkürə, yenilikçi düşüncəyə, milli ruha malik ədəbiyyat tarixçisi, ədəbiyyatşünas-alim, yazar, pedaqoq və jurnalist kimi yetərincə tanınır, təqdir və təbliğ olunur. Son əlli ildə on dörd dəfə nəşr edilən, ümumi həcmi 4330 cəhifədən çox olan beş cildlik “Türk ədəbiyyatı” tarixi bu sahəyə həsr edilən ilk və ən mükəmməl ensiklopediya, türk ədəbi-mədəni mühitinin dolğun və sanballı atlasıdır. Onun “Kültür imperializmi” (1970), “Müsəlman Türkiyə” (1970), “Məbəd və millət” (1970), “Yunus Əmrə” (1971), “Mehmet Akif Ərsoy” (1970), “Mövlana” (1975), “Təməllərin duruşmasi” (1989), “Güney-doğu yaxından” (1990), “Şeir incələmələri” (1992), “Doğudan doğuş” (1993), “Sultan-üş şüəra Nəcib Fazil” (1995), “Şairi Cahan Nədim” (1996), “Millətə vurulan canlı qandal - bürokratiya” (2002), “İstanbul gül dəstəsi” (2003), “İslamla qaynaşmış türk ədəbiyyatı” (2006), “Aşıq ədəbiyyatı” (2006), “Alpərən” (2007), “Nazim Hikmət” (2007), “Dövlət fəlsəfəmiz” (2007), “Türkiyəni yoğuranlar” (2008), “Çağlara hökm edənlər” (2008), “Fateh və İstanbul” (2011), “Divan ədəbiyyatı” (2011) və b. kitabları nəsillərin təlim və tərbiyəsində, milli şüurun oyanışında, ədəbiyyatşünaslıq elminin zənginləşməsində əlahiddə əhəmiyyət kəsb edən mənəvi xəzinədir. Bir elmi-tədqiqat institutunun on illərlə görə bilməyəcəyi işi təkbaşına yerinə yetirən, çətinliklərə, məşəqqətlərə sinə gərən, min beş yüz ildən artıq mürəkkəb, keşməkeşli bir dövrün ədəbi, tarixi materiallarını incələyən, əlyazmaları, arxiv sənədlərini saf-çürük edən, dəyərləndirən Əhməd Kabaklı mənsub olduğu türk ədəbiyyatına, mədəniyyətinə misilsiz milli mənəvi töhfələr bəxş etmişdir.

Əsərlərində, xüsusilə “Türk ədəbiyyatı”nda xalq yaradıcılığına, “Alp Ər Tonqa”, “Şu”, “Boz qurd”, “Ergenekon”, “Törəyiş”, “Köç” və s. əfsanələrin şərhinə geniş yer ayıran Əhməd Kabaklı 1924-cü ilin mayın 24-də əfsanəvi Harputda, Saray Xatun məscidinin azançısı (müəzzini) Ömər əfəndinin ailəsində həyata göz açmışdır. Türkiyənin tanınmış ədəbiyyatşünası Bəşir Ayvazoğlunun fikrincə Əhməd Kabaklının ata-babaları Harputun Daşlıbağında meyvə, özəlliklə kabak (balqabaq-A.R.) yetişdirdikləri üçün onlara kabaklılar deyilirdi (B.Ayvazoğlu. Göllübağdan köşə yazarlığına yüyürən yetim Əhməd Kabaklı. “Türk ədəbiyyatı”, 1997, № 279, s.8-9).
Fərqli bir dəyərləndirməyə - Dr. Süleyman Sərvət Kabaklının düşüncələrinə əsasən bu nəslin nümayəndələri həmişə xeyirxahlıqda, zəhmətsevərlikdə, müdriklikdə öndə, irəlidə, qabaqda olduğu üçün xalq onlara Kabaklı adı vermişdir. Sonuncu fikrin dolğunluğunu, doğruluğunu, dürüstlüyünü zaman keçdikcə tarix özü də təsdiqlədi. Dövrün, epoxanın məhrumiyyətlərinə, məşəqqətlərinə baxmayaraq zəhmətin və istedadın sayəsində Kabaklılar nəslinin öndə, qabaqda gedənləri bu soyadı qədim və böyük bir xalqın ədəbiyyat, mədəniyyət tarixinə ləyaqətlə həkk etdilər.
O, İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin türkologiya bölümündə oxuduğu illərdə Əhməd Cəfəroğlu, Cəmil Meriç, Cahid Okurer, Mehmet Kaplan və b. görkəmli şəxsiyyətlərdən dərs alirdı.

1970-ci illər Türkiyəsinin mədəniyyət aləmində iki böyük ədəbi hadisə Əhməd Kabaklı ilə birbaşa bağlıdır. Mətbuat ailəsinə 1972-ci ilin yanvarın 15-də ilk uğurlu sayı ilə qədəm qoyan “Türk ədəbiyyatı” dərgisi Ə.Kabaklının təsisçiliyi və baş redaktorluğu ilə yarandı və az vaxtda ədəbi qüvvələri ətrafında cəmləyərək milli məfkurəyə, mənəvi dəyərlərə dayalı yeni cərəyanın, çağdaş ədəbi məktəbin təməlini qoydu.

Digər əlamətdar hadisə isə dərgidən 6 il conra – 1978-ci ildə dövrün görkəmli siyasət, ədəbiyyat və mədəniyyət xadimlərinin iştirakı ilə Türk Ədəbiyyatı Vəqfinin yaradılması idi. Ə.Kabaklının öndərliyi ilə vəqfin üzvləri arasında Süleyman Dəmirəl, Alparslan Türkeş, prof.Məhərrəm Ergin, prof.Faruk Kadri Timurtaş, prof.Mehmet Kaplan, prof.Tahsin Banguoğlu, Necip Fazil Qısakürək, qurucuları sırasında Sevinc Çokum, İskender Öksüz, Tahir Kutsi Makal, İrfan Atagün, Halis Akaydın, İsmayıl Gerçəksöz və b. tanınmış qələm əhli yer almışdır. Bu günədək Türk Ədəbiyyatı Vəqfi və “Türk ədəbiyyatı” dərgisi eyni ideala – türkçülüyə və türk ədəbiyyatına ləyaqətlə xidmət edir.

PS.: Əhməd Kabaklının təsis etdiyi Türk Ədəbiyyatı Vəqfinin başkanı Serhat Kabaklı, böyük sənətkar-ozan Əsəd Kabaklı və vəqfin üzvləri 9 fevral (şübat), saat 13-00-da Atatürk Mərkəzində, 10 fevral, saat 15-00-da Azərbaycan Yazıçılar Birliyində keçirilən tədbirlərdə iştirak edəcəklər. Arzu edənlər dəvətlidir.


Dr.Prof. Asif Rüstəmli,
Bakı, 08.02.2018


Şəkillərdə:
1. A.Rüstəmli Türk Ədəbiyyatı Vəqfində çıxış zamanı. İstanbul, 08.02.2012
2. Əhməd Kabaklının məzarı önündə. Sağdan: Əsəd Kabaklı, Sərvət Kabaklı, A.Rüstəmli və b. İstanbul, Əyyub Sultan məzarlığı. 08.02.2012


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: