Mənəvi sərvətimiz olan xalçalar

Mənəvi sərvətimiz olan xalçalar Xalçaçılıq qədim və geniş yayılmış sənət növüdür.
Arxeoloji materiallara və yazılı mənbələrə əsasən bəzi tədqiqatçılar belə hesab edirlər ki, Azərbaycanda xalçaçılıqla hələ tunc dövründən (Bizim eradan əvvəl II minilliyin sonu l minilliyin əvvəllərindən) məşğul olmuşlar. Xalçaçılığa aid ən qədim və qiymətli arxeoloji materiallar keçmiş SSRİ-nin ərazisində Dağlıq Altay kurqanlarındakı daimi buzlaq rayonlarında əldə edilmişdir. Bütöv halda qalmış xalça Pazırık kurqanlarında tapılmışdır və o, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır. Onu da qeyd etmək lazımdır ki, kurqan türk sözüdür. O, öz mənşəyinə görə gor (qəbir) qurqu, qoruq sözləri ilə əlaqədardır. Kurqanlar ölülərin qəbirləri («axirət evləri») üzərində ucaldılmış konusvari təpələrdən ibarətdir. Belə ki, həmin xalçanın türklər tərəfindən toxunulduğunu etimal etmək olar.

Ta qədimlərdə, neolit dövrünün qəbirlərində cəhrənin çarxı üksük aşkar edilmişdir ki, bu da həmin dövrlərdə toxumanın mövcudluğunun gerçək sübutudur.
Əcdadlarımızın həyat və məişətində əvvəllər daha çox sırf əməli mahiyyət daşıyan xalça sonralar zaman keçdikcə bəzək nümunəsi kimi işlədilmiş və bir çox ölkəyə yayılaraq geniş şöhrət qazanmışdır.
Azərbaycan mili mədəniyyətinin əsl xəzinəsi olan xalçalar qədim zamanlardan bu günə kimi həm əməli, həm də ideya-bədii əhəmiyyətə malik olmuşdur. Bədii xüsusiyyət, rəng və məzmun el sənətkarları tərəfindən toxunan xalçaların rəsmində, ornamentində və rəngində öz əksini tapmışdır.
Azərbaycan nağıllarında olduğu kimi xalçalarda da xeyir və şərin mübarizəsi, əjdaha ilə simurğ quşunun təsviri geniş yayılmışdır. Əjdahanın təsviri sonralar güc, simurğ quşu isə xoşbəxtlik rəmzi olaraq da işlənmişdir.
Görkəmli türk alimləri Ə. Esin, O. Aslanpa, N. Diyarbəkirli və başqaları tarixi mənbələrə əsaslanaraq xalq sənəti nümunələri üzərində əjdaha təsvirini Qafqaz, İran və Anadoluda yayılmasını türk qəbilələrinin Orta və Mərkəzi Asiyadan Qərbə doğru axını ilə əlaqələndirir.
«Baftaçı şah Abbas» nağılında dara düşən şah Abbas baftada əks olunmuş rəmz vasitəsi ilə azadlığa çıxır. Belə ki, günlərin bir günü şah Abbas öz qoşunu ilə şəhərə daxil olur. Hamı onu qarşılamağa çıxır. O, eyvana çıxan naxırçı qızına vurulur. Elçi göndərib onu almaq istəyir. Uzun sözün kəsəsi qız ona bir şərt qoyur: əgər bir sənət öyrənməsən mən sənə gəlməyəcəm. Xülasə şah Abbas baftaçılıq sənətini öyrənir. Şah Abbas bir gün dara düşür. Bafta toxuyub onu dara salan şəxsə verir ki, apar bunu şah Abbasa ver sənə çoxlu pul verəcək. O baftanı şahın sarayına aparır. Baftanı alıb ona istədiyi pulu verirlər. Naxırçının qızı baftadakı naxışlardan, ilmələrdən duyur ki, şah Abbas dardadır. Odur ki, həmin şəxsi tutub şah Abbasın olduğu yeri soruşurlar. Beləliklə, şah Abbas azad olunur.
Azərbaycanda xalçaçılığın inkişafı haqqında Heredot, Klavdi, Elian, Ksenofont və başqaları məlumat verir. Bu sənət orta əsrlərdə daha da inkişaf etmiş, sonrakı dövrlərdə Azərbaycan əhalisinin məişət və iqtisadiyyatında mühüm yer tutmuşdur.

Şeyxülislam Allahşükür Paşazadə «Qafqazda islam» kitabında yazır:
«İslam mədəniyyətinin yayılması və bərqərar olması ilə Qafqazda tədbiqi sənətin ən qədim növlərindən olan xalçaçılıqda, toxuculuqda, tikmə sənətində yeni keyfiyyətin dəyişiklikləri əmələ gəldi. Xüsusilə, xalça və tikmələr üzərində salınan sonsuz nəbati və həndəsi naxışlar insanla allah, bu dünya ilə axirət aləmi arasındakı vəhdətin incəsənətdə əks etdirilməsini nəzərdə tutur, yeni mənəvi dəyərlərin mənimsənilməsinə kömək edirdi.»
Bütün antik aləmdə Gürcüstan toxuculuq məmulatlarının yüksək mədəniyyəti ilə məşhur idi. Bu barədə Heredotun «Tarix» əsərində məlumat vardır ki, yalnız kolxlar və misirlilər bir cür kilimlər hazırlayırdılar. Sonralar isə Gürcüstan tarixinin bütün mərhələlərində xalça və kilimlər çar və kübar dairələrinin vacib məişət atributu kimi xatırlanır. Xalça və xalça məmulatlarının naxış, rəng və rəmzlərində xalq ruhu və mədəniyyəti qorunub saxlanılmışdır. Və bütün bunlar çox şeylərdən xəbər verir.
XIII əsrin ən zəngin qaynaqlarından sayılan «Əcaib-əl-dünya» («Dünya möcüzələri») Abxaziyada toxunan xovsuz zili xalçalardan və keyfiyyətli corablardan söhbət açır.
Azərbaycan XI-XV əsrlərdə çox zəngin inkişaf yolu keçmişdir. XII- XIII əsrlərdə Azərbaycanda olmuş əcnəbi alim və səyyahlar (Yaqut Həməvi, Marko Polo və s.) el sənətkarlarından bəhs edərkən burada yüksək keyfiyyətli xalçalar toxunduğunu, bir çox ölkələrə ixrac olunduğunu qeyd edirlər.
Müxtəlif rəng çalarlı, naxış və elementləri və təsvirlərlə bəzədilən bədii toxuculuq məlumatı dəyə, çadır, alaçıq, həmçinin yaşayış evləri və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir. Xalçalar yüksək estetik əhəmiyyət kəsb etməklə yanaşı otağın daxilində istiliyi saxlayır, ətraf mühitin səs-küyünün qarşısını alır.
Azərbaycan xalçasının tarixini araşdıranlar bədii və texnoloji xüsusiyyətlərinə görə onları adətən, dörd böyük növə, məktəbə bölürlər: Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz növü və xalçaçılıq məktəbi. Xalçaları ornament, rəng və kompozisiya prinsipləri nəzərə almaqla xalça sənətini öyrənmək mümkündür.

Qazax xalçaçılıq məktəbi bilavasitə bizimlə əlaqədar olduğuna görə, onun barəsində bəzi şeyləri qeyd etmək istəyirəm.
Qazax xalçaçılıq məktəbi Qazax rayonunun qərbində yerləşən kəndləri, Gürcüstanda soydaşlarımızın məskunlaşdığı əraziləri, o cümlədən Borçalı, Qarayazı, Qaraçöp, eləcə də bu yaxınlara kimi Ermənistanın azərbaycanlılar yaşayan Göycə, Pəmbək, Ləmbəli, İcevanGöycə gölü ətrafındakı kəndləri əhatə edirdi.

Mənəvi sərvətimiz olan xalçalar Qazax xalçaçılıq məktəbinin məşhur xalça kompozisiyasını «Borçalı», «Şıxlı», «Qarayazı», «Qaçağan», «Salahlı», «Qaymaqlı» və başqaları təşkil edir.

Azərbaycan xalçalarının kompozisiyaları bir qayda olaraq bir-birindən asılı olan iki ünsürdən ibarətdir: arasahə xalçanın ortası və yelən xalçanın kənar bəzəkləri; arasahə və yelən adətən Azərbaycan xalçalarının xarakterini müəyyənləşdirir, naxışlar isə onların kompozisiyasını tamamlayır. Xalçanın ortasının və kənar naxışlarının kompozisiya xüsusiyyəti ondakı rənglərin və ornamentlərin bir-birinə olan tənasübü ilə səciyyələnir. Azərbaycan xalçalarındakı bu cəhət onların keyfiyyətini müəyyənləşdirir.

Xalça toxunuşunda yun, ipək, pambıq ipləri ilə yanaşı həsir (ağac qabığı), at quyruğu, kənaf, qızıl və gümüş tellər, qiymətli daş-qaşlar, qadının baş tükü və s. tətbiq olunur. Müasir dövrdə xalçalar əl ilə yanaşı Jakkard tipli maşınlar vasitəsilə də toxunur.
Bu xalçalar onların toxunma mərkəzlərinin, tayfanın, xalça toxuyan ustaların və yaxud naxış və kompozisiyasının adı ilə təsnif olunur.

Məsələn: «Borçalı», «Şıxlı», «Qədim Gəncə», «Şirvan», «Qala», «Bakı», «Fatmai», «Zeyva», «Hilya-buta», «Damğalı» və sair.
Azərbaycan xalçaları rənglərinə görə müxtəlifdir. Onlar üçün çoxrənglik (polixromiya) daha səciyyəvidir.

Əl ilə toxunan xalçalar texniki xüsusiyyətinə görə iki cür olur: xovlu, xovsuz.

Xovlu xalça növünə gəvə, xalı dəst, xalı aiddir.


Gəvə - dəst xalı kompleksinə daxildir. Qarabağ, Gəncə, Qazax, Quba, Şirvan, Laçın və Qubadlı zonalarında geniş yayılmışdır. Vaxtilə üç, dörd və beş xalçadan ibarət dəst xalı böyük ölçülü enli xalı, xalının yanlarındakı uzunsov, ensiz gəvələr, eləcə də baş və ayaq hissələri örtən kiçik xalçalar daxildir. Adətən orta xalının kompozisiyası və rəngləri gəvələrdə və xalçalarda təkrar edilir.

Xalı – böyük ölçülü xalça məmulatı 4 və ya 5 hissədən ibarət dəst xalı yaxud (xalı – gəvə) kompleksinin ortalıq xalçasıdır. Böyük otaqların və geniş zalların döşəmək üçün toxunan dəst xalı otağın mərkəzi hissəsinə salınan enli və uzun «ortalıq» xalıdan onun yanlarındakı nisbətən ensiz «kənarə» gəvələrindən, bunların aşağı («ayaqlıq», «pəyəndaz») və yuxarı «kəlleyi» hissələrinə döşənən 2 xalçadan ibarət olur.

Xovsuz xalçaların növləri

Palaz - toxunuşunda dəzgaha çəkilmiş şaquli əriş iplərinin arasından üfüqi istiqamətdə arğac ipləri keçirilir (sadə keçirmə).
Palazın xarakterik xüsusiyyətləri kilimdə olduğu kimi, hər iki üzündən istifadə olunur. Lakin kilimdən fərqli olaraq palaz asanca üsulla toxunur. Arğac və ərişləri sadə olur. Yun ilə yanaşı pambıq və bəzən də ipəkdən hazırlanır. Bəzəkləri üfüqi istiqamətdə toxunulan sadə formalı enli-ensiz zolaqlardan ibarətdir.

Kilim - mürəkkəb keçirmə üsulu ilə toxunulur. Burada arğaclar ərişlərin arasından müəyyən məsafədən aparılıb geri qaytarılır və arğac ipləri yan-yana duran əriş iplərini bəzi yerlərdə bağlanır. Nəticədə həndəsi naxışların ətrafında, ərişlərin arğaclarla bağlanmayan nöqtələrində «yelçəklər» adlanan dəliklər əmələ gəlir. Bu dəliklər kilim texnikasının səciyyəvi xüsusiyyətlərindəndir.

Sumax - toxunuşunda arğac və əriş iplərindən əlavə üçüncü ipdən – naxış ipindən də istifadə olunur. Naxış ipi qoşa ərişlərə (arxa və qabaq ərişlərə) dolanaraq ümumi toxunuşu əmələ gətirir. Dolamaların üzü birinci sırada yuxarıya, ikinci sırada aşağıya doğru istiqamətlənir. Nəticədə buğda dənələrinin sünbüldə düzülüşünü, yaxud sağ hörüyünü xatırlayan toxunuşu yaranır.
Sumaxların arasahə kompozisiyalarında böyük ölçülü medalyonlar (çoxbucaqlı, düzbucaqlı, romb şəkilli) stilizə edilmiş nəbati (gül, çiçək, qönçə. yarpaq, budaq və s. təsvirlər) motivlər, bəzən də heyvan və quş təsvirləri ilə bəzədilir.

Şəddə - damalı və süjetli olur, sadə keçirilmə və dolama ilmə texnikası ilə toxunur. Süjetli şəddələr orijinal kompozisiyasına görə xüsusilə seçilir. Belə şəddələrin əsas bəzəyini tünd kərpici arasahəsindəki at, yaxud dəvə karvanı sıraları, karvanın başını çəkən sarban rəsmlərii təşkil edir. Ata minmiş ovçular və onların qolunun üstündəki şahin, eləcə də atların yanında tula təsvirləri kompozisiyanın əsasını əmələ gətirir. Stilizə edilib həndəsiləşdirilmiş bu rəsmlər ritmik və real mənzərə yaradır.
Vərni - bədii və toxuma xüsusiyyətlərinə görə palaz və kilim və s. xovsuz xalçalardan fərqlənir. Yüngül olduğu üçün onlar pərdə, yük üzü, həmçinin dəyə və çadırların dekorativ bəzəyi kimi istifadə edilir. Vərnilər zərif toxunuşlu olur.

Zili - toxunuşunda naxış ipi sumaxda olduğu kimi qoşa ərişlərə dolanır, lakin sumaxdan fərqli olaraq burada dolama iplərin üzü bütün sıralarda yalnız yuxarıya doğru istiqamətlənir. Onun bəzəklərini stilizə edilmiş heyvan və quş rəsmləri, rəmzi təsvirlər, müxtəlif formalı göl, həndəsi və nəbati motivli ornamentlər təşkil edir.
Cecim - Onun eni 25-30 sm, uzunluğu 15-30 sm və daha artıq olur. Toxunma prosesində müxtəlif rəngli (ağ, qırmızı, sarı, palıdı) əriş ipləri dəzgaha çəkilir, ərişlərin arasından sadə formada bir rəngli arğac ipləri keçirilir. Cecimin bəzəkləri şaquli istiqamətli enli və ensiz zolaqlardan ibarət olur, çox vaxt zolaqların üzəri müxtəlif formalı həndəsi elementlərlə bəzədilir. Cecimdən vaxtilə qadın və kişi geyimləri, döşək üzü, yük pərdəsi, örtüklər, çanta və yəhər qaşlığı tikmək üçün, eləcə də döşənəcək və divar xalçası kimi istifadə edilmişdir.

Xalça məmulatları

Çul -
müxtəlif ev heyvanlarının (at, dəvə, eşşək, öküz və s.) belini örtmək, bəzən də bəzək üçün istehsal edilən bədii örtük. Azərbaycanda çul əsasən xovlu və xovsuz xalça texnikası, bəzən də tikmə (küləbətin, təkəldüz, cülmə) üsulu ilə istehsal olunur.

Heybə - kənd və dağlıq rayonlarda məişətdə istifadə edilir. Formasına görə xurcuna bənzəyir. Lakin ondan iki dəfə kiçikdir. Əsasən xovsuz xalça texnikasında toxunur. Cecimdən tikilmiş heybə də var. Belə ki, heybənin ağız hissəsi bədii tikmələr, bafta və s. ilə bəzədilir. Onunla xırda əşyalar daşınır. Heybə türk dilli xalqlar arasında geniş yayılmışdır.

Məfrəş - xovsuz (bəzən də xovlu) xalça texnikası ilə toxunan məişət əşyasıdır. Formaca hündür sandığa bənzəyir. Yorqan-döşək, paltar və sair saxlamaq, həmçinin onları daşımaq üçün istifadə edilir. Ağzı xalça məmulatları ilə, xüsusən də cecimlə örtülür.

Xurcun - Bu məişət əşyası əsasən müxtəlif rəngli yun ipdən (bəzən iplikdən) xalça texnikası ilə toxunur, qotazlarla bəzədilir. İki gözdən və şol hissədən ibarət olur. Ağız hissəsinə gözək salınır, gözəyin içərisindən keçən qotazlı bağ dartılarkən xurcunun ağzı bağlanır. Xurcun müxtəlif olçüdə olur. Əsasən kənd təsərrüfatı məhsulları və sair daşımaq üçün istifadə olunur. Qədim dövrlərdən qonşu Şərq və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların məişətində mühüm yer tutmuşdur.

Çuval - Azərbaycanın qədim məişət əşyası olan çuvaldan taxıl və s. məhsulların saxlanılması və daşınmasında istifadə olunur. Pambıq və yundan, kəndirdən, həmçinin keçi qəmzindən, xalça, palaz dəzgahlarında toxunur, kiçik ölçülü qulplu olur.

Xaral - Kəndirdən toxunan məişət qabıdır. Əsasən, saman, ot, pambıq və s. daşımaq üçün istifadə edilir. Kisə, çuval və sair qablardan böyüklüyünə görə fərqlənir. Pambıqçılıqla məşğul olan təsərrüfatlarda daha çox işlədilir.
«Azərbaycan tarixi» kitabının II cildində qeyd edilir: «XIX əsrin II yarısında Quba qəzasında xalçaçılıq istehsalında 30 minə qədər qadın məşğul idi. Burada ən yaxşı xalçalar və əla sumaxlar İmamqulukənddə və Ləkər kəndində hazırlanırdı.»
Həmin mənbənin başqa bir yerində oxuyuruq:
«Yelizavetopol quberniyasında xalçaçılıq Şuşa, Cavanşir, Zəngəzur qəzalarında daha çox yayılmışdı. Quberniyanın təkcə dörd qəzasında 90-cı illərdə xalça toxunması ilə 100 minə qədər adam məşğul idi. Qarabağ xalçalarının istehsalı və satışı mərkəzi Şuşa idi».

Qazax zonasında toxunmuş, üzərində simurğ quşu və əjdaha təsviri olan xalça Berlinin İncəsənət Muzeyində saxlanılır.
Təbriz xalçaçılıq məktəbinə məxsus «Şeyx Səfi» Azərbaycan xalısı 1539-cu ildə Təbrizdə toxunmuş Şeyx Səfiəddinin Ərdəbildəki məscid-türbəsinə fəqf edilmişdir. 350 ildən sonra, yəni 1893-cü ildə Londonun Viktoriya və Albert muzeyinə satılmışdır. Bu xalı orta əsr Azərbaycan xalçaçılığının şah əsəri hesab olunur.
Türkiyədə saxlanılan ən qədim Azərbaycan xalçası XIII əsrə aiddir. Hazırda Kolya şəhərində Mövlanə muzeyində saxlanılır.
İstanbulun Türk və İslam Əsərləri muzeyində saxlanılan «Şirvan» (XIII-XIV əsrlər), «Qazax» (XV əsr) xalçaları, Berlinin İncəsənət Muzeyinin Şərq bölməsində nümayiş etdirilən yenə «Şirvan» və «Qazax» (XV əsr) xalçaları nadir xalçalardır.
Filologiya elmləri doktoru Şürəddin Məmmədli «Azərbaycan ədəbiyyatının Borçalı qolu» kitabında Borçalıda toxunan xalçalardan söz açaraq yazır: «XVIII yüzilə aid edilən, gah «Borçalı», gah da «Damğalı» adlandırılan, biri Nyu-Yorkda, biri də Münhendə İncəsənət Muzeyində saxlanan, orta ölçülü xalı-gəvə qoşa buynuzi və paxlavari naxışlı yelənlə, ən çox arasahədəki iri damğa biçimlər ilə mütəxəssislərdə böyük maraq doğurmuşdu. Berlinin İncəsənət Muzeyindəki «Damğa» kilimi də Borçalı xalçaçılıq incisidir. Borçalıda toxunmuş sənət örnəklərimizdən biri də Budapeşt İncəsənət Muzeyindəki «Çoban kərə» xalısıdır. Gəncədəki Şah Abbas məscidinin divarını bəzəyən «Qaracon» çeşnili xalı da yaşıl yelənlə, qoçbuynuzu quyrumlarla, gəzmə xətlərlə zəngin kompozisiya, naxış koloriti yaradır. 19-cu yüzildə Qızılhacılıda toxunmuş «Zinətnişan» çeşnili xalı, Borçalı qarapapaqlıların adına bağlı olan «Papaqlı» xalıları, Borçalıda toxunmuş və Azərbaycan İncəsənət Muzeyində saxlanan «Qaraqoyunlu» xalısı, «Faxralı», «Qaracon», «Qarayazı», «Qaçağan», «Qurbağalı», «Ləmbəli», «Dəmirçihasanlı» xalıları hər naxışda ahıllarımızın hikmətini, gənclərimizin qeyrətini yaşatmış, yaşatmaqdadır.»
Bu mili sərvətimizi, mədəniyyətimizin əsl xəzinəsi olan xalça və xalça məlumatlarını qoruyub saxlamaq, el sənətkarlarının ustalığını və məharətini nümayiş etdirmək üçün Bakıda Azərbaycan xalçası və xalq Tətbiqi Sənəti Dövlət Muzeyi yaradılmışdır. Azərbaycanın görkəmli incəsənət xadimi, həyatını xalçaçılıq sənətinə həsr etmiş Lətif Kərimovun adını daşıyan bu muzey dünyada belə yönəmli ilk muzeydir. 1967-ci ildə təşkil olunmuş bu muzeyin ilk espozisiyasının açılışı 1972-ci ildə olmuşdur. Bu muzeydə 15000-dən artıq eksponat vardır.
Xalçaçılıq sənəti incəsənətə aid olduğundan dünyanın incəsənət muzeylərində özünəməxsus yer tutur.
Tbilisidəki Şalva Amiranaşvili adına İncəsənət Muzeyində İran, o cümlədən Təbriz, Ərdəbil, Azərbaycan, eləcə də Qarayazı, Borçalı xalçaları sərgilənmişdir. Muzeyin işçisi Tata Qriqoliya məni müşaiyət edərək buradakı xalçalar barəsində danışdı:

- Muzeydə XIX əsrə aid «Zelol»-«Sultan», «Kaşan», «Aran» adlı İran xalçaları, Təbriz xalçaçılıq məktəbinin nümunələri olan «Heris», «Yusif-Züleyxa», ipək xalçalar, Quba-Şirvan xalçaçılıq məktəbinə aid, 4 nəfərlik namazlıq xalçası, «Qımıl», «Şirvan», «Qollu Çiçi», «Sırt Çiçi», «Alçagül Çiçi», «Zeyva», «Pirəbədim» xalçaları, Abşeronun «Xilə buta» xalçası, «Dəvəçi», Qazax kilimləri, Azərbaycan zililəri, şəddələri, xalça məmulatlarından xurcu, heybə, məfrəş, «Borçalı», «Ləmbəli», «Qarayazı» xalçaları, namazlıqları eksponatlar sırasındadır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın xalq rəssamı, xalçaşünas məhrum Lətif Kərimov muzeyimizə şəxsən qədim Azərbaycan zili-şəddəsini bağışlamışdır.
Gürcüstan Milli Muzeyində də Azərbaycanın, eləcə də Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları bölgələrin xalça və xalça məmulatları nümayiş olunur.
«Kavkaz xalçaları qalereyası» Tiflis məhəlləsində mağazasının direktoru Manana Arkaniya söhbət zamanı dedi:
- Qədim Tiflisin eyvanlı evlərinə sərilmiş xalça və kilimlər məişət atributuna çevrilmişdi. Şəhərin bir neçə yerində xalça dükanları mövcud idi. Bu dükanlara İrandan, Azərbaycanın başqa-başqa rayonlarından, eləcə də, Gürcüstanın və Ermənistanın azərbaycanlıların yaşadığı bölgələrdən xalçalar, kilimlər, palazlar və digər xalça məmulatları gətirilirdi. Bu yerlərin yunu parlaq, yağlı olduğundan öz keyfiyyətinə görə Borçalı, Ləmbəli və Qaracop xalçaları da xüsusilə fərqlənirdi.
Qədim Tiflisdə azərbaycanlılar arasında cehizlik əşyaları arasında xalça hesab olunurdu. Qədim Tiflisə yaxşı bələd olan şair-akademik İosif Qrişaşvili 7 siyahıdan ibarət cehizlikdə xalça və kilimləri də xüsusilə qeyd etmişdir.
Əvvəllər xalçalar və kilimlər evlərdə həna adlanan dəzgahlarda toxunurdu.

Qoyunçuluğun inkişaf etdiyi Duşetidə, Pşavidə, Mtiuletidə, Kaxetidə kilim toxunuşu geniş yayılmışdı. Bu kilimlərdə müəlliflərin fiqurlarına onların adlarına, eləcə də onların ailə üzvlərinin, istərsə də ev quşlarının və heyvanlarının stilizə edilmiş fiqurlarına rast gəlmək olur. Xalçanın dəyərini müəyyən edən dörd meyar mövcuddur: yunun keyfiyyəti, toxuma texnologiyası, dizaynın mənşəyi və ipin təbii boyaq boyamaq prosesi. Yüksək keyfiyyətli xalçalar öz rənglərinin şuxluğunu əsrlər boyu saxlaya bilir. Boyaq texnologiyası bir növ sirli proses də idi. Çox şey qorunub saxlanılmamışdır. Lakin iplərin müxtəlif bitkilər və bitki kökləri, ağac, soğan qabığı, çiçək və s. təbii billə boyanması məlumdur. Xar tut, alça, tut yarpağı, palıdın qabığı, boyaq bitkisinin kökündən istifadə olunurdu. Palıdın yarpaqlarının qurdlarını qurudub, un halına salaraq ondan tünd zoğal rəngli boya almaq üçün istifadə olunurdu. 19-cu əsrdən süni alizarin, anilin boyaları kimi üzvi boyalar, son dövrlərdə isə müxtəlif kimyəvi boyalardan istifadə edilir. Bu barədə çox danışmaq olar.
Sizə maraqlı bir şeyi nəzərinizə çatdırmaq istəyirəm.
Vaxtilə ABŞ-ın prezidenti Gürcüstana qonaq gələndə onun xanımı Lora Buşun özü Qafqaz xalça-kilimləri nümunələrini gözdən keçirmək istəyində olduğunu bildirdi.
Mən onunla Tbilisidəki «Kortiard Marriot» mehmanxanasında görüşdüm və bizim qalereyanın kolleksiyasını ona təqdim etdim. Onun bu sahədə səriştəsi olduğunu hiss etdim. Mən xalçaların naxışlarından, digər spesifik xüsusiyyətlərindən danışanda hiss etdim ki, o hər şeyi bilirdi.
Doğrudan da əla bir xalça - «Şirvan» xalçasını, bir də Tuşeti kilimini seçdi. Onun yanında olanlardan biri də Quba-Şirvan xalçaçılıq məktəbinə məxsus ornamentlərlə, üsulla toxunmuş «Dərbənd» xalçalarını aldı. Sevinirəm ki, Qafqaz xalça və kilimləri Ağ evi də bəzəyir.

Lakin hər halda həmvətənlilərimizin bizim qalereyada olan kolleksiya ilə maraqlanması bizi çox xoşhal edir.
Bu son vaxtlar onların sayı artmışdır ki, bu da bizi çox sevindirir.
Çünki səmimi deyirəm, bizim bu gözəl «qızlarımızı» uzaqlara «verməyimiz» bizim üçün ağrılı prosesdir.
Yaxşı olar ki, onlar elə Gürcüstanın özündə qalsın.


Mirzə Məmmədoğlu,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: