İladi Öməroğlu (1948)

İladi Öməroğlu (1948) İladi Öməroğlu 1948-ci ildə Borçalıda anadan olub.
1971-ci ildə Gəncədə Kənd Təsərrüfat İnstitutunu bitirib. O, həmişə dağların vurğunu olub,
onlara çoxlu sayda şeirlər həsr edib.
İladinin rəhmətlik atası Ömər müəllim də saz-söz vurğuu olmuş, çoxlu sayda bayatılar yazmışdır.
Qardaşı Nəbi Borçalı, bacıları Səadət Buta və
Səringül Sadə şeir dünyasında tanınan
söz sahibləridirlər.
İladi Öməroğlu indi Bakıda yaşayıb-yaradır.
On iki kitabın müəllifidir.
Şeirləri çoxsaylı mətbuat orqanlarında,
Müşfiq Borçalının "Sazlı-Sözlü Başkeçid" (2015) və "Zirvə" (2017, 2018) poeziya antologiyalarında
dərc olunub.
O, “Qızıl Qələm” mükafatı laureatıdır.


Ulu Tanrım


Ulu Tanrım, yerə salma sözümü,
Mən göylərə zilləmişəm gözümü.
Tez tapılsın Qarabağın çözümü,
Ellərimiz yenə darda qalmasın.

Hökmün çatır yerə-göyə cahana,
Bir damlanı döndərirsən ümmana.
Mədəd eylə səndən kömək umana,
Saleh bendən intizarda qalmasın.

Tamah ilə dayandırma diz-dizə,
Ey Allahım, kölgənicə sal üzə.
Hatəm-Tai qismətindən ver bizə,
Gözlərimiz dövlət-varda qalmasın.

Yaradırsan bir andaca uca dağ,
Çiçəklənir buyruğunla bağça-bağ.
Qadir Mövlan, eylə bizi üzüağ,
Millətimiz atəş-narda qalmasın.

Uzaq olsun qəlbimizdən əndisə,
Könül açaq, qoy yarayaq biz işə.
Köç edəndə heç düşünməyək təşvişə,
İladi də ahu-zarda qalmasın.


Azərbaycan bayrağı


Dalğalanır müdam kənddə-şəhərdə,
Bayramlarda, döyüşlərdə, zəfərdə.
Görməmişik beləsini bəşərdə,
Nə gözəldir Azərbaycan bayrağı,
Xalqımızın sevinc-ilham qaynağı.

Yaşıl rəngdə din-islam adı var,
Qırmızısı müasirlik arzular.
Mavi rəngi türk olana iftixar,
Nə gözəldir Azərbaycan bayrağı,
Ay-ulduzdur onun yanar çırağı.

Ucalıbdır enən deyil bir daha,
Onun üçün dua edək Allaha.
Qovuşdurur bizi nurlu sabaha,
Nə gözəldir Azərbaycan bayrağı,
El-obanın arxa-ümid dayağı!

Başkeçid

Tanrımız olubdur dayağın sənin,
Tur dağı misalı hər dağın sənin.
Bir abi-kövsərdi bulağın sənin,
Dədə-baba yurdu Ulu Başkeçid.

Ey dinim-imanım, canım parası,
Dizimin təqati, gözüm qarası.
Ad-sanın yadlara ürək yarası,
İlhamın qanadı, qolu Başkeçid!

Ellər arasında bəlli mənliyin,
Gəzir ağızlarda toyun-şənliyin.
Türkoğlu Çıldırlı Aşıq Şenliyin,
Üstündən keçibdi yolu, Başkeçid!

Doyunca gəzmişəm dağlar başını,
Dünyaya vermərəm torpaq-daşını.
Qədim yurd yerləri deyir yaşını,
Sinəsi dastanla dolu Başkeçid!

Bizim Borçalıda bənzərsən taca,
Ülfət-məhəbbətə açmırsan baca.
Əgər lazım gəlsə, lap bir andaca,
İladi Qurbanın olu, Başkeçid!


Mənim sevdiyim

Bizim Başkeçiddi – doğma vətəndi,
Meşəli dağlardı, çöldü-çəməndi,
Uca zirvələrdə, dumandı-çəndi,
Yalçın qayalardı mənim sevdiyim.

Ellər binə quran geniş yaylaqdı,
Suyu qaysaqlanan soyuq bulaqdı,
Dərədi-təpədi, yoldu-yolaqdı,
Çiçəkli bahardı mənim sevdiyim.

Qırx il yaşadığım o kəndimizdi,
Babalar saldığı cığırdı-izdi.
Bir ey süd əmmişdi – qəlbi təmizdi,
Düzdü – düzilqardı mənim sevdiyim.

Layla bayatılı Ana dilimdi,
İgid-qəhrəmanlı ağır elimdi,
Ağsaqqal, ağbirçək, qaratelimdi,
Əyilməz vüqardı mənim sevdiyim.

Adı Borçalıdı-gözəl məkandı,
Qarayazı ilə Bolus, Sarvandı,
İladi yurdudu – Şindi, Sərxandı,
O bizim diyardı mənim sevdiyim!


Yemlikli

Tanrımızın hikmətindən yaranıb,
Yellər ilə yamacları daranıb.
Nuh Nəbidən gərək olub-aranıb,
Dədə-baba yaylağımız Yemlikli.

Yağış yağıb ətəyində çən durub,
Qayaları buludlarla tən durub.
Eşq-ilhama qanad verib-uçurub,
Yurd-yuvamız, ocağımız Yemlikli.

Yalan deyib Yaradana düşüb çaş,
Çoban ilə qoyunları olub daş.
Bizim üçün başımızdan başdı-baş,
Sirlə dolu pir dağımız Yemlikli.

Buzlu bulaq məst eyləyir insanı,
Çənlibeldi sanki onun bir yanı.
Hər vaxt olub ərənlərin meydanı,
Ümid, inam çırağımız Yemlikli.

Qaraçöpün yarasının məlhəmi,
Məhəmmədlər, Cəlillərin həmdəmi,
Nağılların aləmidir aləmi,
Gecə-gündüz marağımız Yemlikli.

Babalarım Kolu ilə Ramazan,
O yerlərdə hər il olub xan çoban.
Unudulmaz arxac yeri heç zaman,
Arzu-istək sorağımız Yemlikli.

İladi də ayrı düşüb oradan,
Neçə illər gəlib keçib aradan.
Kömək etsin qoy bizlərə Yaradan,
Yenə olsun oylağımız Yemlikli.

* Yemlikli - Dağ adıdır.


Ayrıldım

Borçalıdan-Başkeçiddən – vətəndən,
Çətin gündə dərdə-hoya yetəndən,
Bağ-baxçadan, gül-çiçəkdən-çəməndən,
Laləzardan-gülüstandan ayrıldım.

Bizim ellər dost-sirdaşa rəvadır,
Təbiəti cana dərman, dəvadır.
Bulaqları abi-kövsər, şəfadır,
Cənnət kimi bir məkandan ayrıldım.

Əyriqayadan, Yemliklidən, Şindidən,
Uzaqlaşdım saçlarıma düşdü dən.
Bu fələyin qəzəbinə gəlib mən,
Şamdüyədən, o Sərxandan ayrıldım.

Sevinc-şadlıq, arzu-istək, neşədən,
Dərə-təpə, koldan-kosdan, meşədən.
Yoldan-izdən, hər bucaqdan-köşədən,
Neçə-neçə gövhər-kandan ayrıldım.

İntizardan bağrım başı oldu qan,
Qızılkilsə deyə-deyə çıxır can.
İladiyəm, zənn edirəm nagahdan,
Ulduz kimi kəhkəşandan ayrıldım.


Şindi dağı

Şindi dağı, keçən günü yad edək,
Bir anlığa qəm-qüssəni bad edək.
Tay-tüşları, yoldaşları şad edək,
Geri dönək cavanlığa qayıdaq,
Bu dünyanın möhnətini cayıdaq*.

* - Çaşdırmaq, yayındırmaq

Fani dünya de kimlərə qalıbdı,
Neçə-neçə cavan canlar alıbdı.
Qocaları yaman hala salıbdı,
Gələnədək son günümüz-növbəmiz,
Dua edək qəbul olsun tövbəmiz.

Şindi dağı, xəyalımız səndədi,
Yağış-yağmur, dumandadı-çəndədi.
Dağlı olan necə gözəl bəndədi,
Çəmən görüb, çiçək görüb, yar görüb,
Uca-uca zirvələrdə qar görüb.

Şindi dağı, qoy soruşum halını,
Gəzim sənin yamacını-yalını.
Əvvəl-axır köç təbilim çalını,
Doyunca bir nəfəsimi alım mən,
Keçmişlərə yenə körpü salım mən.

Şindi dağı, sən olubsan həyanım,
Can-ciyərim, eşq-ilhamım, təvanım,
Yaxın gedib qoy başına dolanım,
Xoş xatirəm, ayaq izim səndədi,
Harda olsam yenə gözüm səndədi!

Şindi dağı, təbiətə vuruldum,
Böyüdükcə təmizləndim-duruldum.
Borçalının pərvənasi mən oldum.
Vəsf eylədin dağı-düzü, aranı,
İşləyəni, oxuyanı-yazanı.

Təhsil alıb çalışardıq bərabər,
Dost-yoldaşı axtarardıq sərasər,
Aralığa çəkən yoxdur sədd-çəpər,
Bölünərdi tapdığımız duz-çörək,
Fərəhlənib sevinərdi hər ürək.

Eyləmişdik özümüzə peşəni,
Biz gəzərdik çəmənləri, meşəni,
Cənnət kimi doğma-əziz guşəni,
Gərdikləri, bələnləri aşardıq,
O günləri sevinc ilə yaşardıq.

Şindi dağı, unutmaram heç səni,
Ürəyimə həkk etmişəm zirvəni,
Səndə tapdım ilham adlı çeşməni,
Hər çəməndən çiçəyini üzmüşəm,
Şeirə qatıb misralara düzmüşəm.

Olanları-keçənləri yazmışam,
Soyuq sudan içənləri yazmışam,
Dağlarda ot biçənləri yazmışam,
Yaddan çıxmır hər bir kəs də anılır,
Bizim üçün hamı əziz sarılır.

Biçinçilər cərgə-cərgə durardı,
Hər birisi öz yehrəsin vurardı,
Yığınçılar otdan bulud qurardı,
Yemək yeri bulaq başı olardı,
Hər adamın növ-növ aşı olardı.

Leyli-Məcnun olanlar da var idi,
Dillərində eşq-məhəbbət-yar idi,
Sevənlərin səbri isə dar idi,
Tapılırdı quşlar kimi uçanlar,
Bir-birinə qoşularaq qaçanlar.

Qız alanda baxardılar kök-soya,
Qocalığa, sir-sifətə, həm boya,
Oğlan evi başlayardı ilk toya,
Zurna səsi bürüyərdi dağları,
Kim unudar o günləri - çağları.

Toybabası qaldırıb hər nöqsanı,
Yaradardı səliqəni-səhmanı.
Güləşçilər tutardılar ceyranı,
Sonrası toy qız evinə keçərdi,
Subay oğlan bir gözaltı seçərdi.

Toyçularsa görən zaman şabaşı,
Fərəhlənib edərdilər göz-qaşı,
Oynayardı qızın bacı-qardaşı,
Bəziləri durna kimi süzərdi,
Kimlərəsə adam baxıb bəzərdi.

Şax bəzənib qız evinə gedərdi,
Qızlar əli xına ilə bələrdi,
Hamı çıxıb oynayardı-gülərdi,
Qız bəzənər ana baxıb ağlaradı,
Qardaş isə qıza kəmər bağlardı.

Atlandırma* çalınardı günorta,
Gəlin evdən alınardı günorta,
Cavanlarsa hərə minib bir ata,
Çapardılar gösdərərək hünəri,
Alardılar toy evindən nəməri.

* Vağzalı

Gəlin gəlib bəy evinə çatardı,
Qayınana ona şirni atardı,
Uşaqlarsa göydə ikən tutardı,
Sındırardı gəlin qabı ayaqla,
Güllə atıb bəy baxardı maraqla.

Aləm idi oğlan şaxı gətirmək,
Onu bəyin hüzuruna yetirmək,
Sonra toyu tamamlayıb bitirmək,
Qoy toy olsun eldə-gündə həmişə,
Biz də yazıb qoy yarayaq bir işə.

Azalıbdır indi toyun sədası,
Gəlinlərin naz-qəmzəsi, ədası,
Yenə oldu dünyamızın xətası,
Dərd üstündən dərd gətirdi zəmanə,
Qəm əlindən vallah olduq divanə.

Yaman günə saldı fələk bizləri,
Daha tutmur qocaların dizləri,
Sellər yuyub çığırlar-izləri,
Dəyələrdən-binələrdən nişan yox,
Naxır nədir, sürü nədir, dovşan yox.

Yurd boş qalıb köçhaköçlər düşəli,
Quymaq bişib, yağlanmayıb fəsəli,
Görmək olmur suya gedən gözəli,
Dağlar-daşlar tənha qalıb qəm edir,
Nədənsə də fələk bəxti kəm edir.

Keçəltəpə bir füsunkar oylaqdı,
Bizim üçün yurd yeridir-yaylaqdı,
Hər bir yanı dərə, çaydı-bulaqdı,
İndi binə yerlərində daş qalıb,
Nənələrin gözlərində yaş qalıb.

Şindi dağı, demə kimsə kardadı,
İnsan oğlu ta olandan dardadı,
“Kefçillər”də kef çəkənlər hardadı?
Oğulların uzaq elə düşübdü,
Qar-çovğuna qara yelə düşübdü.

Məktəbə bax, yoxdu səda, səs-hənir,
Sakitlikdən qulaqları səslənir,
Qəm-kədərlə, intizarla süslənir,
Beş-on nəfər şagirdi var, neyləsin,
Bu dərdini kimi açıb söyləsin.

Nə varsa da zəifləyib-sozalıb,
Hay-haraylı otaqları toz alıb,
Yoldan-izdən addım səsi azalıb,
Kənddən köçüb hərə gedib bir yana,
Övladından ayrı düşüb çox ana.

Şindi dağı, çox sinələr dağlanıb,
Ayrılıqdan hönkür-hönkür ağlanıb,
Çox evlərin qapıları bağlanıb,
Həyətləri alaq otu alıbdı,
Yan-yörədə çaqqal yuva salıbdı.

Bilmək olmur elin payız-yazını,
Çəkən yoxdur körpələrin nazını,
Aşıq olan alıb çalmır sazını,
Baş açılmır zəmanənin işindən,
Qutaran yox intizarın dişindən.

Yaddan çıxıb qara papaq, çalmalar,
Yox olubdu köhnələrdən qalmalar.
Quruyubdu gavalılar, almalar,
Qalanların barını da dərən yox,
Qonaq gəlmir xalça-xalı sərən yox.

Köçən-qalan oxuyur hey bayatı,
Bir əldənsə qınayırlar həyatı,
Düşünürlər o dünyanı-Siratı,
Qalmayıbdı gələcəyə inamlar,
Bədbinləşib, deyib-gülmür adamlar.

Əl açmasın görüm kimsə namərdə,
İgid olan dərd verərmi, de mərdə,
Qartal bala çıxararmı o yerdə,
Hər tərəfi alov-atəş-nar olsun,
Ətrafında tülkü, kaftar, sar olsun.

Şindi dağı, gəzdimsə çox vilayət,
Sənsən mənə səcdə yeri-ziyarət,
İladiyəm, nəğmə yazdım, nəhayət,
Arif olan qoy bunları anlasın,
Vətən nədir bilməyəni danlasın.


Şindilər

Şindilərdə kərəm əhli çoxuymuş,
Şindilərdə İrəm əhli çoxuymuş.
Bundan bizim xəbərimiz yoxuymuş,
Tanıyıram indi bir-bir onları.

Bu bəllidir, heç deyildi sirr indi,
Söhbətləri-ləhcələri şirindi.
Şeiriyyatda onlar olub şir indi,
Borçalıda var adları-sanları.

Kəsən deyil heç birisi salamı,
Şindi verib onlara eşq-ilhamı.
Uzaqdanca tanıyırlar adamı,
Türk olana çox qaynayır qanları.

Əvəzsizdi Zakir avaz-ahəngi,
Rafaelsə sözdən düzür çələngi.
Dostum Vaqif elm-ürfanın pələngi,
Deyən boldu belə gövhər-kanları.

İmirqızı Şindilərin Zəmzəmi,
Bir başqadır o yerlərin aləmi.
Möcüzədir Yasəmənin qələmi,
Açıb tökür ürəkdəki donları.

Seyraqifsə vərəqləyib keçmişi,
Başkeçiddə eyləyibdi ər işi.
Tarix yazıb öz elindən o kişi,
Açıqlayıb əməlləri, sonları.

Yazan yazıb Dam yerindən – yaylaqdan,
O Mədinə təpəsindən, Çaxraqdan.
Vətən sözü qopur hər bir dodaqdan,
Candan artıq sevirlər o yanları.

Şindilərdi mərd igidlər məkan,
Şərifli var, babamın ad-ünvanı.
Onlar mənim könlümün xan-sultanı,
Arzum budur qoy sağolsun canları!

Tanrım versin Şindilərə köməyi,
Aşıb-daşsın onların duz-çörəyi.
Bax belədir İladinin diləyi-
Ərşə çatsın şöhrətləri-şanları!

* Şindi - Başkeçiddə dağ, Şindilər isə kənd adıdır.


Göyəzən dağı

“Göylərə baş çəkir göyəzən dağı”,
Hamının eşidib bunu qulağı.
O, Səməd Vurğundan verir sorağı,
Orada şairin izi qalıbdı.

Gedib yaxınında sən versən diqqət,
Vallahi, ürəyin eyləyər riqqət.
Ətrafda illərdi saxlayıb xilqət*,
Səməd ocağının közü qalıbdı.

* Təbiət

Göyəzən dağıdır Qazaxın piri,
Elə ovsunlayıb böyük şairi,
Onu zirvə ilə peymanı, siri,
Neçə deyilməmiş sözü qalıbdı.

Göyəzəni bilib Tiyan-Şan kimi,
Silsilə dağlara xan-sultan kimi.
Oranın qeydinə əziz can kimi,
Həmişə Vurğunun özü qalıbdır.

Vurğundan xatirə dağ nişanədir,
Tanrıdan töhfədir, tək-yeganədir.
İladi də müştaq – lap divanədir,
Ulu görkəmində gözü qalıbdı.


MÜŞFİQ BORÇALI

“Çağdaş Borçalı ədəbi məktəbi”
kitabının müəllifi,
hörmətli Müşfiq Çobanlıya


Gözəldi ad-sanı, həm təxəllüsü,
Dəryadı-ümmandı - Müşfiq Borçalı.
Savadda, qayğıda yoxdur əvəzi,
Bir əhli-ürfandı - Müşfiq Borçalı.

Naşirdi - yazmaqdı işi-sənəti,
“Elm və təhsil”di zəri-zinəti.
Vətəndi, millətdi sözü-söhbəti,
Dost-qardaş anandı - Müşfiq Borçalı.

Oğuz övladıdı, Qarapapaqdı,
Turana salamı qucaq-qucaqdı.
Ziyalı oğludu, yanar çıraqdı,
Hamıya həyandı - Müşfiq Borçalı.

Şair var dərədə axan bulaqdı,
Yoxdur axtaranı, gizli-uzaqdı.
Bunları tapmaqda, bilin, qoçaqdı,
Mətin-çalışqandı - Müşfiq Borçalı.

İladi söyləyir coşqundu təbi,
Ürəkdən sevdiyi Koroğlu, Nəbi.
“Alaq Qarabağı”- budur tələbi,
Mübariz insandı - Müşfiq Borçalı.

"ŞƏRQİN SƏSİ" qəzeti,
Dekabr, 2011



MÜŞFİQ BORÇALI

Müşfiq Borçalının bəlli mahalı,
Hamıya məlumdu ağlı-kamalı.
Dilinin əzbəri, arzu-amalı-
Xalqa-millətinə dost-həyan olmaq.

Mikayıl Müşfiqdən danışır hər an,
Bu sözü söyləyib eyləyir bəyan:
“Mənim xəyalımda vardı hər zaman,
Qartal təbiətli bir insan olmaq”.

Yazıb-yaratmaqdı təkdi-uludu,
Vətən sevdasıyla qəlbi doludu.
Onun ürəyindən keçən yol budu,
Azad Qarabağda tez mehman olmaq!

“Şərqin səsi”, iyun, 2014;
“Elm və Təhsil”, sentyabr, 2014.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: