ZƏRİFƏ SUFİ DÜNYAMALIQIZI (1961)

ZƏRİFƏ SUFİ DÜNYAMALIQIZI (1961) ZƏRİFƏ SUFİ (Zərifə Dünyamalıqızı Mikayılova) -
1961-ci il oktyabrın 10-da qədim Borçalı mahalınnın
Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi)
rayonundakı Yuxarı Qarabulaq kəndində
ziyalı ailəsində anadan olub.
M.Ə.Sabir adına Şamaxı Pedaqoji məktəbini və
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1989-1991-ci illərdə ADPİ-nin (indiki ADPU-nun)
dissertantı olub.
1989-cu ildə "Baş müəllim" adına layiq görülüb.
1993-cü ildən Bakı şəhəri Hövsan qəsəbəsindəki
196 saylı tam orta məktəbdə Azərbaycan dili və
ədəbiyyat fənni tədris edir.

2013-cü ildə "Azərbaycan dili və Ədəbiyyat dərslərində interaktiv təlim metodlarından istifadə" adlı metodiki vəsaiti nəşr olunub.
2015-ci ildə "Əsrin ziyalıları" İctimai Birliyi tərəfindən
"İlin müəllimi" fəxri diplomuna layiq görülüb.

Zərifə xanım tələbəlik illərdindən bəri həm də bədii yaradıcılıqla da məşğul olur.
Əsərləri ötən əsrin 80-ci illərindən respublika mətbuatında müntəzəm olaraq çap edilir.

2003-cü ildə "Ümid" adlı ilk kitabı, 2011-ci ildə "Qırxbulaq nağılı" adlı ikinci kitabı, 2015-ci ildə
"Gəl daha sevgidən biz danışmayaq" adlı üçüncü şeirlər kitabı işıq üzü görüb.

Eləcə də, Zərifə xanımın şeirləri Müşfiq Borçalının 3 cildlik "Sazlı-sözlü Başkeçid" kitabında (2017),
5 cildlik "Zirvə" (2017-2019) poeziya antologiyasında, həmçinin "Sazlı-sözlü Borçalı" (N: 1, 2, 2018)
Ədəbi Məcmuəsində, "Şərqin səsi""Elm və Təhsil" qəzetlərində (2018) dərc olunub və oxucuların
böyük marağına səbəb olub.

Zərifə Dünyamalıqızı (Sufi) "Qızıl Qələm" mükafatı laureatıdır.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmaqla yanaşı,
həm də "Aşıq Pəri", "Məhsəti""Sazlı-sözlü Borçalı" ədəbi məclislərinin fəal üzvüdür.

Biz də Zərifə xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini
ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.


Müşfiq BORÇALI,
ZiM.Az



ZƏRİFƏ SUFİ DÜNYAMALIQIZI (1961)VƏTƏN TORPAĞI...

Dilim nəğmə deyir sizə bu axşam,
Könlüm bir məhəbbət sorağındadır.
Dostlar, bir aləmdi hər bir ürəkdə,
Səadət, - bu həyat növrağındadır.

İllər sellər kimi çağlayıb gedir,
Sellər zərrələrin harayındadır.
Məni bu illərə bağlayan tellər
Nə yaxşı, könlümün sarayındadır.

Bitib-tükənməyən sonsuz xəyallar,
Xəyallar tərlanlar oylağındadır.
İnsan məsləkinin ən böyük gücü,
Onun həyatdakı dayağındadır.

Axtarma yad yerdə sən gəl rahatlıq,
Rahatlıq közərən ocağındadır.
Qürbətdə tapmazsan heç vaxt doğmalıq,
Doğmalıq bu Vətən torpağındadır.


TORPAQDAN KİMSƏYƏ PAY OLA BİLMƏZ

Laləli, nərgizli çəmənlikləri,
Meyvəli bağları, üzümlükləri
Turaclı, kəklikli düzənlikləri,
Görsən də çox yerdə, amma ki heç vaxt
Vətən torpağına tay ola bilməz!

Bayrağımız uca, şöhrət rəmzidir,
Gerbimiz dünyaya hörmət rəmzidir,
İti qılıncımız qeyrət rəmzidir,
Mərdlər fəxrimizdir, namərdlər heç vaxt,
Vətən əsgərinə say ola bilməz!

Qışına qış çatmaz, baharına yaz,
Ruhudur tar, kaman, bir də telli saz,
Tarixi qədimdir, yazsam qurtarmaz.
Sərvəti zəngindir, tükənməz heç vaxt,
Vətənin yayı tək yay ola bilməz!

Pay olar həm baldan, pay olar yağdan,
Aranda xar tutdan, dağda quruddan.
Bağçada meyvədən, alma, armuddan,
Hər şeydən pay olar, amma ki heç vaxt
Torpaqdan kimsəyə pay ola bilməz!


ŞƏHİD oğullar!

VƏTƏNin sevgisi ürəyinizdə,
Düşmənin gülləsi kürəyinizdə,
Şəhidlik zirvəsi diləyinizdə.
Ay şəhid oğullar, şəhid oğullar!

Yaratdı yaradan pəhləvan kimi
Doğulduz anadan qəhrəman kimi
Əbədi qaldınız bu cahan kimi
Ay şəhid oğullar, şəhid oğullar.!

Dağ boyda sevginiz dağlara döndü,
Gənclik adlı əbədi çağlara döndü,
Ananız ömürlük ağlara döndü.
Ay şəhid oğullar, şəhid oğullar!

Bu Vətən yolunda iziniz qaldı,
Ürəkdə nə sözünüz qaldı,
Sizi sevənlərdə gözünüz qaldı
Ay şəhid oğullar, şəhid oğullar.

Yox, yox ölmədiniz, ölmədiniz siz,
Qorxu nədir belə bilmədiniz siz,
Həyatdan kam ala bilmədiniz siz.
Ay şəhid oğullar, şəhid oğullar!

Bayraqtək göylərə ucaldınız siz,
Namusdan, qeyrətdən güc aldınız siz,
Vətəndə heykəllər ucaltdınız siz.
Ay şəhid oğullar, şəhid oğullar!

Bu Sufi sizlərə bir dastan yazdı,
Axıdıb göz yaşı hey pünhan yazdı.
Hünər sahibinə ərməğan yazdı.
Ay şəhid oğullar, şəhid oğullar,
Ay şəhid oğullar, şəhid oğullar!!!


BAŞKEÇİDDƏ

Qoy sənə söyləyim, ay Narınc Xatun,
Dərdlərin dərmanı var Başkeçiddə.
İlin hər fəslində bahar çağında,
Dağların başında qar Başkeçiddə.

Qaymağı, pendiri düşməz heç ələ,
Kəkotu balına çatmaz bal hələ.
Ayranı, kərəsi, bir də dələmə,
Ətirli gülləri dər Başkeçiddə.

Qurudlu xəngəli dillər əzbəri,
Bulaqlar başında aç səhərləri.
Aşıqlar saz çalsın, dinləsin pəri.
Olmasın heç zaman xar Başkeçiddə.
2002

İNCİ SÖZLƏR

Ürək dolu, Vətən yolu uzaqda,
Bülbül ötər, lap uca şah budaqda,
Şeh süzülər qönçələnən dodaqda,
Yaz, şairim, yaz könüllər açılsın.

Qələmindən inci sözlər saçılsın,
Siyah tellər tellənənədə yanaqda,
Güllər açar, gül qoxuyan yanaq da,
Eşqimizi dünya boyda sanaq da.

Yaz, şairim,yaz könüllər açılsın,
Qələmindən inci sözlər saçılsın.
Sərin sular muncuqlanar bulaqda,
Köz alışar, kabab bişər ocaqda.

Sazım dinər, xumarlanar qonaq da,
Yaz, şairim, yaz könüllər açılsın.
Bizimkidir ağac, budaq, yarpaq da,
Qələmindən inci sözlər saçılsın.

Bizimkidir çay da, göl də, irmaq da,
Bizimkidir dağ da, daş da, torpaq da.
Yaz, şairim, yaz könüllər açılsın,
Qələmindən inci sözlər saçılsın.

Mən Sufiyəm, sözüm olmaz nahaqdan,
İşim olmaz yalan, yalnış, yaltaqnan,
Çox keçmişəm həyat adlı sınaqdan...
Yaz, şairim, yaz könüllər açılsın.
Qələmindən inci sözlər saçılsın.


ZƏRİFƏ SUFİ DÜNYAMALIQIZI (1961) BU HƏSRƏT BİTƏN DEYİL...

Ürəyimə köçsən də,
Eşq badəsin içsən də,
Çox sevirəm desən də,
Bu həsrət bitən deyil...

Hey yuxuma girsən də,
Saçlarımı hörsən də,
Mənə çiçək versən də,
Bu həsrət bitən deyil...

Gözümdə bir damla yaş,
İstəyirsən dağlar aş,
Mənə nədən qəm sirdaş?
Bu həsrət bitən deyil...

Sevincdən sevinc doğar,
Baxışından qəm yağar,
Of, qəhər məni boğar,
Bu həsrət bitən deyil...


MƏNİM SEVDAM

Gah üstünə qar ələndi,
Mənim sevdam, mənim sevdam.
Gah da ki, nura bələndi,
Mənim sevdam, mənim sevdam.

Şimşək kimi çaxdı getdi,
Sular kimi axdı getdi,
Qəmli-qəmli baxdı getdi,
Mənim sevdam, mənim sevdam.

Şəlalətək səpələndi,
Ağzınadək silələndi.
Neçə yerdən qəlpələndi.
Mənim sevdam, mənim sevdam.

Pünhan-pünhan düymələndi,
Öz-özünə pöhrələndi,
Korun-korun tüstüləndi,
Mənim sevdam, mənim sevdam.


MƏNDƏN

Mən nankor olaram, nadan olaram,
Gülündən min rəngdə məna dərməsəm.
Özümə hər zaman lənət deyərəm,
Çölünə, çayına baş endirməsəm.

Ay mənim dumanlı, boranlı yurdum,
Böyük günah olar sizi anmasam.
Halal olmaz mənə verdiyin çörək
Qışını, yayını həyat sanmasam.

Şehli çəmənindən çiçək dərməsəm,
Onları qapqara telə düzməsəm,
Bulağın gözündən suyu içməsəm,
Nanələr, reyhanlar inciyər məndən...


Mənim kimi sevən varmı?

Başı qarlı dağlarını,
Bol bəhərli bağlarını,
Aranını, yaylağını
Mənim kimi sevən varmı?

Sən bu ruhum, sən bu canım,
Dar günümdəki hayanım,
Necə dözüm, mən dayanım?
Mənim kimi sevən varmı?

Tarixini, torpağını,
Sevənlərin növrağını,
Hər zaman xoş sorağını,
Mənim kimi sevən varmı?

Hər gülünü, çiçəyini,
Yamacını, çökəyini,
VƏTƏN, sənin ürəyini
Mənim kimi sevən varmı?!

Başkeçidi, baş sarayı,
Qarabulaqdır harayı,
Sızıldayan bu yarayı,
Mənim kimi sevən varmı?!


Sağalarmı, sağalmazmı?

Ömrü boyu xəstə yatan,
Ağrıyarmı, ağrımazmı?
Həsrət üzən, hicran əzən
Ağlayarmı, ağlamazmı?

Bu dünyadan bezdim daha
Ümid qamayıb sabaha.
Ünüm yetsə ərvahıma
İnanarmı, inanmazmı?

Ötüb keçən illərimi,
Bağımdakı güllərimi,
Bir meh olub tellərimi,
Darayarmı, daramazmı?

Ağrılara sinə gərən,
Mənim kimi varmı görən?
Qəm bağından çiçək dərən
Sağalarmı, sağalmazmı?!


ZƏRİFƏ SUFİ DÜNYAMALIQIZI (1961) Gözləmə yolumu...

Aylardan, illərdən keçib gələrdim.
Güllərdən tər qönçə seçib gələrdim.
Sevgi badəsini içib gələrdim.
Gözləmə yolumu, gözləmə daha.

Dediyin sözləri həqiqət bildim,
Könlümə bir məlhəm, bir şəfqət bildim.
Sənsiz bu ömrümü məşəqqət bildim.
Gözləmə yolumu, gözləmə daha.

Bu ömür dediyin axar su imiş,
Eniş, yoxuşları təhərsiz imiş,
Zamanın özü də yəhərsiz imiş.
Gözləmə yolumu, gözləmə daha.

Nə üçün inanım,bir de, mən indi,
Səbəbsiz bəhanən gördüm ki, mindi.
Arzular yenidən köksümə sindi.
Gözləmə yolumu, gözləmə daha.


Mənə AYRILIQ demə...

Mənə səni sevirəm de,
Göz yaşını silirəm de,
Ayrılıq demə, gülüm..

Bu dünyanın özüsən de,
Eşqin şirin sözüsən de,
Ayrılıq demə, gülüm...

MƏNƏ sənsiz dözmərəm de,
Fərağından bezmərəm de,
Ayrılıq demə, gülüm...

Gəl biz tutaq əl-ələ de,
Xəbər verək bülbülə de,
Nəğmə desin gül-gülə de,
Ayrılıq demə, gülüm...

Hər an olaram yanında,
Yanaram eşqin odunda,
Bir aləm var fəryadında,
Ayrılıq demə, gülüm...

Bu nağıldan, röyadan de,
Bu həyatdan, dünyadan de,
Hər nə desən, sevdadan de,
Ayrılıq demə, gülüm...
Ayrılıq demə, gülüm...


NECƏSƏN?
(qəzəl)


Ruhumun pərvərisən, sevgili-yarım, necəsən?
Könlümün sərvərisən, sevgili-yarım, necəsən?

Dikilib yollarına yar, gözlərim görməz oldu,
Deyirəm bu halimlə etmə səfərin, necəsən?

Ruhum təşneyi-çeşmə, daim səni arzulayar ,
Varmıdır , ey biganəm , heç xəbərin ki, necəsən?

Göz yaşım giryan olub dəryalara qərq etsə,
Olacaqmı, bilmirəm, bir səmərin ki, necəsən?

Çəkə bilməz bu Sufi olsa, əgər ki, tənha,
Sor hərdən, söylə mənə, şəms-qəmərim,necəsən?


HARDASAN?
(qəzəl)


Gəl, ey mənim bülbülü-nalanım, hardasan?
Gəl, ey mənim könlümü alanım, hardasan?

Üzüldü canım, qalmadı tabü-tavanım,
Söylə, ey mənim könlü talanım, hardasan?

Bu qəlbim ahü-zarda, əqlim intizarda,
Ey sevə-sevə yada salanım, hardasan?

Sevən olarmı səndən qeyri bu dünyada,
Gəl , ey könlü eşq ilə dolanım, hardasan?

Zülmətdə sönməyən nurum, ruhi-rəvanım,
Gəl, ey mənim hicrətdə qalanım, hardasan?

İstəməz SUFİ sənsiz yaşasın dünyada,
Gəl, ey məni məndən alanım, hardasan?

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: