Gilə ƏLİQIZI (1976): " Laçınsız burnumun ucu göynəyir...İndi oralarda lalə dövrüdür..."

Gilə ƏLİQIZI (1976): " Laçınsız burnumun ucu göynəyir...İndi oralarda lalə dövrüdür..." Gilə Əli qızı Rzayeva - 1976-cı il martın 3-də
Laçın rayonunun Alxaslı kəndində
anadan olub.
Hələ kiçik yaşlarından şeir yazmağa baş­layıb,
istedadı ilə yaşıdlarından seçilib.

Şeirləri ilk dəfə "Ziya", "Təhsil"
"Şərqin səsi" qəzetlərində işıqüzü görüb.

Daha sonra isə bir sıra müxtəlif qəzetlərdə,
"Zirvə" poeziya antologiyasında çap olunub.

«Sevgi nəğ­mələri» adlı ilk şeirlər kitabı 2001-ci ildə - 25 yaşında işıqüzü görüb.

2002-ci ildə «Bir payız günün­də…» adlı ikinci, 2004-cü ildə «Yollarıma yağan yağış» adlı üçün­cü şeirlər və hekayələr kitabı
«Borçalı» nəşriyyatı tərə­findən nəfis şəkildə
çap olunaraq oxucuların ixtiyarına ve­rilib.

Müəllifin oxucularla dördüncü gö­rüşü olan «Xatırla məni» adlı kitabı isə 2008-ci ildə işıq üzü görüb.

Şeirləri geniş oxucu kütləsi tərəfin­dən böyük maraq­la və xüsusi rəğbətlə qarşılanan Gilə Əli­qızı
2005-ci ildə Azər­baycan Respublikası «Təhsil» Mərkəzi və «Şərqin səsi» qə­ze­tinin
birgə keçirdiyi sorğu və müsa­biqənin nəticələrinə əsasən «ABDULLA ŞAİQ» mükafatı ilə
təltif olunub, bir az sonra isə «Qızıl Qələm» Media mü­kafatı laureatı adına layiq görülüb.

Biz də əməkdaşımız Gilə Əli­qızını bütün bu uğurlara görə sevinir, ona uzun ömür,
möhkəm cansağlığı, şəxsi hə­yatında, eləcə də bə­dii yara­dıcılığında yeni-yeni uğurlar arzula­yırıq!..
Və aşağıda sevimli şairəmizin bir neçə şeirini oxucularımıza ərmağan edirik.
Ümid edirik ki, şairənin bu şeirləri də əvvəlki şeirləri kimi
geniş oxucu kütləsi tərəfindən bəyəniləcəkdir.

ZiM.Az



Gilə ƏLİQIZI (1976): " Laçınsız burnumun ucu göynəyir...İndi oralarda lalə dövrüdür..." Laçına getməyim gəlir

Hər bahar gələndə qalmayır səbrim,
Yığışıb Laçına getməyim gəlir.
Gəzib ayaqyalın şehli düzündə
Güllərin içində itməyim gəlir.

Laçınsız burnumun ucu göynəyir,
Laçına hec yerdən yol-iz getməyir.
Ürəyim kəndimi elə istəyir,
Hər qarış yerini gəzməyim gəlir.

İndi oralarda lalə dövrüdür,
Dağları dumandı, bürkü-bürküdü.
Vətəndə vətənsiz ən ağır yükdü
Gedib oralarda ölməyim gəlir.

* * *


Düzürəm şeirə lal misraları

Mən sevdanın bar-bəhərli bağından,
Nisgil əkib, ayrılığı bicirəm.
Süzülüb gözümdən könlümə axan
Həsrət çeşməsinin suyun icirəm.

Düzürəm şeirə lal misraları,
Yığıram hecaya saf duyğuları.
Kədərimi ayrı, qəmimi ayrı
Dərdimi dərdimdən ayrı secirəm.

Yoxdur nə sevdanın, nə bəxtin suçu,
Gecikmiş görüşün budur sonuçu.
Həsrət yol olubdur, mən isə yolcu
Hər gün ayrılığın yandan kecirəm.


Dəyməyin

Siz Allah dəyməyin şair könlünə,
Onların ürəyi şüşə kimidir.
Bir dərddə siz verib oda atmayın
Onlara dərd, kədər peşə kimidir.

Şairdir sözləri şeir eyləyən,
Şairdir dərdləri hecaya düzən.
Küsərsə üstündə çiçək bitməyən
Bulağı quruyan meşə kimidir.

Şairdir könlünü odlara yaxan,
Eşqi saf, müqəddəs, uca saxlayan.
Gözlərdə yaş olub süzülüb axan
Sevinci əksilən nəşə kimidir.


Dünya

Bağın nazın çəkən bağban olsaydın,
Güllərin saralıb-solmazdı, dünya!
Sevgı olmasaydı əğər içində
Bir qəpik dəyərin olmazdı, dünya!

Qoynuna gələnlər qoynunda qalmaz,
Gedənlər geriyə bir də qayıtmaz.
Qarğalar özgürcə gəzib-dolaşmaz
Bülbüllər qəfəsdə susmazdı, dünya!

Kimlər, kimlər baxıb qəm pəncərəndən,
Kimsə nəsibini almayıb səndən.
Ayrı salmasaydın kimi-kimsədən
Şairlər zülmündən yazmazdı, dünya!


OL ŞAİR KÖNLÜMÜN İLHAM PƏRİSİ...

Ol şair könlümün ilham pərisi,
Qələmim eşqinlə yazıb yaratsın.
Min tərif söyləyib qara gözünə,
Adını yerlərdən göyə ucaltsın.

Şeirimdə sən ol qəzəlimdə sən,
Əvvəlimdə sən ol, əzəlimdə sən.
Sən əgər yolumu gözlə söyləsən,
Ürəyim sevdanı min il yaşatsın.

Səni heca-heca şeirə düzüm,
Yoluna qarışsın, cığırım, izim.
Məni elə sev ki, sevdalı könlüm,
Ömrümü ömrünə calayıb getsin.


O ZALIM YARA

Könlümdə alışıb yanan ocağam,
İstisi soymayan odum közüm var.
Girsədə araya necə vaxt zaman,
Məndə tükənməyən səbr, dözüm var.

Kim oldu araya ayrılıq salan,
Kim etdi könlümü virana, talan.
O gedib ardında tökülüb qalan,
Yolunu gözləyən yaşlı gözüm var.

Ömrüm tükənmədən kaş gəlib çıxa,
Cavabsız suallar həllini tapa.
Mənim o vəfasız, o zalım yara.
Hələ deyilməmiş neçə sözüm var.


Gilə ƏLİQIZI (1976): " Laçınsız burnumun ucu göynəyir...İndi oralarda lalə dövrüdür..." QORXUDUR MƏNİ

Qorxutmur bu fani dünya gözümü,
Bir acı dost sözü qorxudur məni.
Yanan ürəyimdə eşq ocağının,
Kül olan od közü qorxudur məni.

Qorxutmur saçıma tökülən ağ dən,
Düşən yarpaq kimi günlər ömürdən.
Dostların yolumdan ayağın kəsən,
Ot bitən yol izi qorxudur məni.

Ömür qisa zaman ötüb keçəri,
Bu dünyanı sahiblənmək hədəri.
Qorxutmur bəndənin xain nəzəri,
Fələyin kəm gözü qorxudur məni.


ŞAİRLƏR

Şairlər gözəllik vurğunu olar,
Güllərlə açılıb, güllərlə solar.
Şairlər məqsədli palitik olmaz,
Anlarda doğulub, anlarda yaşar.

Şairlər böyüməz uşaq tək qalar,
Qəlbləri sevgiylə hüzünlə dolar.
Şairlər nə qədər xoşbəxt olsa da.
Bir gözü güləndə, bir gözü ağlar.

Şairləq qəm əkər, hüzün biçərlər,
Neçə ayrılıqdan qəmdən keçərlər.
Şairlər sevincin hər kəslə bölüb.
Ağrısın acısın yalnız çəkərlər.


Gilə ƏLİQIZI (1976): " Laçınsız burnumun ucu göynəyir...İndi oralarda lalə dövrüdür..." SƏNƏ GƏLƏRƏM

Tutsa yollarımı keçilməz dağlar,
Taparam bir cığır sənə gələrəm.
Çıxsa yollarıma dənizlər çaylar,
Quş olub uçaram, sənə gələrəm.

Saxlamaz yolumu nə boran, nə qar,-
Görünməz gözümə şaxta var, buz var.
Könül istəyəndə dağlar düz olar,
Tufanda da, qarda da sənə gələrəm.

Qorxutmaz gözünü sınaq sevgimin,
Nə günah, nə cəza, yasaq sevgimin.
Olsada yolları uzaq sevgimin,
Bir ömür araram sənə gələrəm.

Olsan da dünyanın o başında sən,
Gəl desən yanına gələcəyəm mən.
Bir gün ayrı düşsə əlim -əlindən,
Tapar ünvanını sənə gələrəm.

Nə soyuq, nə yağış qorxutmaz məni,
Keçərəm keçilməz dumanı-çəni.
Bütün varlığımla sevdimsə səni,
Son nəfəsim olsa yenə gələrəm.


BİLMİRƏM

Qırsan da qəlbimi, üzsən də məni,
Bəs niyə inciyə bilmirəm səndən.
Qırıb qürurumu, gəzirəm səni,
Mən niyə inciyə bilmirəm səndən.

Zülmətə boyanır dünya gözümdə,
Tək-tənha qalıram hər kəs içində.
Özümdən-küsürəm səndən küsəndə,
Mən niyə inciyə bilmirəm səndən.

Sənsiz lal oluram, susub qalıram,
Həsrətdən acıdan buz tək donuram.
Səndən küsən andan bağışlayıram,
Mən niyə inciyə bilmirəm səndən.


MƏNƏ İCAZƏ VER

Mənə icazə ver qoy gec olmadan,
Çəkib gözlərindən gözümü gedim.
Bu sevgi yandırıb-yaxmadan bizi,
Söndürüb odumu, közümü gedim.

Günahkar nə sənsən, nə də ki, mənəm,
Ömrünü bürüyən dumanam, çənəm.
Qalmasın qoy sən də izim-nişanəm,
Silib izlərindən izimi gedim.

Gəl məni öyrətmə özünə belə,
Bağlanma bu qədər dərindən mənə.
İzn ver könlümü verməmiş sənə,
Susdurub özümü, sözümü gedim.


ÜÇ GÜNDÜR

Üç gündür gözlərin gözümə dəymir,
Üç günüm uzanıb ilə dönübdür.
Sənin yoxluğundan alışan könlüm,
Yanıb həsrətindən külə dönübdür.

Könlümə min ağrı, acılar dolub,
Sevinc küsüb məndən, kədər dost olub.
Ömrümün baharı sənsiz qış olub,
Borana, tufana, selə dönübdür.

Ay mənsiz dolanıb mənsiz gəzənim,
Yaman ağır olub sənsiz günlərim.
Soyub buza dönüb odlu ürəyim,
Ayazda açılan gülə dönübdür.


BU SEVGİ MƏNİM

Ən ağır günahım, ən ağır səhfim,
Ən ağır cəzamdır, bu sevgi mənim.
Gözüm gözlərindən asılı qalıb,
Suyumdur, havamdır bu sevgi mənim.

Həm mənə sevincdi, həm də qəhərdi,
Gah baldan şirindi, gah da zəhərdi.
Ömrü bu dünyanın, ömrü qədərdi,
Varım, varlığımdır, bu sevgi mənim.

Verdiyi əzablar şirindir mənə,
Bir ömür gətirir ömür, üstünə.
Ağlımda, könlümdə düşməndir yenə,
Diləyim, duamdır bu sevgi mənim.


MƏN SƏNİN NƏYİNƏM?

Mən sənin nəyinəm,
Kiminəm, söylə?


Gah mənə yaxınsan,
Gah da ki uzaq.
Gah mənə doğmasan,
Gah günah, yasaq.

Gah tutub əlimdən
Ümid verirsən,
Gah məni boşluqda
Qoyub gedirsən.

Həsrətin, kədərin,
Qəmin iziylə
Mən sənin nəyinəm.
Kiminəm, söylə?

Gah məni saxlayır
Söhbətin, sözün,
Gah da ki, yandırır
Alovun, közün.

Nə olar, bir düşün
Özün özünlə.
Mən sənin nəyinəm.
Kiminəm, söylə?

Ya çək əllərini,
Get əllərimdən,
Ya da mövqeyini,
Yerini bildir.

Bu qədər əzizkən
Belə yad olan,
Bu qəribə insan
Bilim kimindir!


SƏNSƏN

Daha nə xəyallar, nə keçmişlərdir,
Mənim şeirimin ünvanı sənsən.
Səni tanıyandan mənim ömrümün
Əvvəli, indisi, son anı sənsən.

Sənin varlığındır məni yaşadan,
Gecələr yatırıb, gündüz oyadan.
Mən çoxdan keçmişdim fani dünyadan,
Ucaldan gözümdə dünyanı sənsən.

Rəqibsiz qalibi sənsən sevgimin,
Ən şirin söhbəti sənsən dilimin.
Köksümdə səninçün vuran qəlbimin
Möhtacı olmazı, olanı sənsən.

Sənsən taleyimin dönüş nöqtəsi,
Yoxdur sevilmənin bundan ötəsi.
Könlümün yalnızca mənə diktəsi,
Soruşanı sənsən, soranı sənsən.


Bir payız günündəyəm...

Hava bir az buludlu,
Dolaşıram küçədə,
Ürəyim əllərimdə,
Könlüm sənə vuruldu...
Əsən sərsəri külək
Səpələyir yerlərə
Son bahar yarpaqların.
Qarışdırır ağlımı
O əlçatmaz, o sirli,
O nağıl xəyalların.
Sözlər qalır dilimdə,
Kəlmələr hüzn dolu.

Bu həsrətlər, kədərlər,
Bu, sənsizliyin yolu...
Soyuq, səssiz küçədə
Yerlərdədir yarpaqlar.
Gözlərimin önündə
Son bahar tablosu var,
Bir rəssam istəyirəm...
Könlümdəki soyuğu,
Həsrət duyğularımı,

Bu dilsiz hisslərimi
Tabloya çəkə bilsin.
Mənə anlatsın məni,
Kəlmələr, sözlər sussun,
Gözlərimi oxusun,
Halımı çözə bilsin...

Bir payız günündəyəm...
Küçələr qəfəs kimi,
Hər yer sarı yarpaqlar.
Səssiz, soyuq ürəyim,
Sanki son nəfəs kimi...


LAÇIN - 1

Könlümün yarısı səndə qalıbdır,
Əllərim uzanıb yoluna Laçın.
Girib aramıza neçə dağ-dərə,
Qayıda bilmirəm yanına Laçın.

Qaldım uzağında illərdi sənin,
Tutdu gözlərimi dumanın, çənin.
Zalıma yurd oldu hər qarış yerin,
Mənsə həsrət qaldım qoynuna Laçın.

Sən bizə, biz sənə intizar qaldıq,
Laçın deyə-deyə ömür yaşadıq.
Düşmür torpağına izimiz artıq,
Sığınıb qalmışıq adına Laçın.


LAÇIN - 2

Girib əllərinə bahar gəlibdir,
İndi düzlərində gül açıb Laçın.
Şehli çəmənlərin, buz bulaqların,
İndi dağlarında dil açıb Laçın.

Bürüyüb hər yanı dumanın çənin,
Qoynun məskənidir indi kimlərin.
Kimlər heyran qalıb hüsnünə sənin,
Əllərin kimlərə əl açıb Laçın?

Gör neçə illərdir səni görmürəm,
Min şirin gümanla yenə dözürəm.
Bağlıdır yolların gələ bilmirəm,
Xəyalım qoynuna yol açıb Laçın...


***
Atam Əli Pənahoğlunun
əziz xatirəsinə...


Gör neçə ildir ki, sənsiz qalmışam,
İllərə öyrəşə bilmirəm, Ata.
Saxta danışıram, saxta gülürəm,
Ürəkdən sevinib gülmürəm, Ata.

Açılan səhərə, düşən gecəyə,
Ümid bağlamıram daha heç nəyə,
Yadına salmayım Anamın deyə,
Səndən danışmıram, dinmirəm, Ata.

Daha yuxularda görürəm səni,
Gedib əlimizdən üzdün əlini.
Bir imkan tapmıram bağışla məni,
Nə vaxtdır yanına gəlmirəm, Ata...

* * *

Bu dünyanın ədaləti yox imiş,
Haqqı nahaqqına qul imiş demə.
Zülmü zalımlığı çoxdan çox imiş,
Odu, ocağıda kül imiş demə.

Bu dünyanın mərhəməti yox imiş,
Ağlayanın göz yaşını silməzmiş.
Ayrılığı ömürlükmüş, ömürlük,
Gedəni bir daha geri gəlməzmiş...

Bu dünyanın məhəbbəti yox imiş,
Saxtaymış, yalanmış sevgiləri də,
Nə etibar, nə sədaqət var imiş,
Tutulmazmış verildiyi sözlər də.

Bu dünyanın cəsarəti yox imiş,
İnsanları necə aciz, yazıqmış.
Çarəsiz sevgilər, əlçatmaz kəslər,
Sən demə göylər tək bizdən uzaqmış..

* * *

Razıyam hər dərdə, hər bir əzaba,
Təki ömür boyu sən ol yanımda.
Dözərəm yolunda hər bir cəfaya,
Təki ömür boyu sən ol yanımda.

İnan bu müqəddəs, bu saf arzuya,
Razıyam Tanrının verdiyi paya.
Bir tikə çörəyə, bir udum suya,
Təki ömür boyu sən ol yanımda.

Səadət sanaram mənə baxmanı,
Yandırıb könlümü oda yaxmanı,
Bir saray bilirəm uçuq daxmanı,
Təki ömür boyu sən ol yanımda.

Düşərəm borana, düşərəm çənə,
Verərəm ömrümü qurban ömrünə,
Dözərəm taleyin hər bir zülmünə,
Təki ömür boyu sən ol yanımda...


BORÇALININ MÜŞFİQ OĞLU

Yolun elm, söz yoludur,
Könlün də şair könlüdür.
Ömrün ziyalı ömrüdür
Borçalının Müşfiq oğlu.

Adın kimi mehribansan,
Elinə dayaq duransan.
Elmə ömür calayansan,
Borçalının Müşfiq oğlu.

Neçə-neçə şairlərə,
Olmusan xoş xəbər, müjdə
Adın yazılıb tarixə
Borçalının Müşfiq oğlu.

Yolun daim açıq olsun,
Könlün də şadlıqla dolsun,
Qələmin yazdıqca yazsın,
Borçalının Müşfiq oğlu.


Mənim balaca qızım, şirinim, doyulmazım!..

Bu şeiri - ağıllı qızım - Bakının Binəqədi rayonundakı
M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən
42 nömrəli Laçın orta məktəbinin V sinif şagirdi
GÜLƏR RZAZADƏyə ithaf edirəm.


Bir az halım pis olsa, bir az başım ağrısa,
Necə narahat olur - düşür ələ ayağa.
Gah həkimlik eləyir, gah “qızdıman var”,-deyir,
Sıgallayıb saçımı balaca əlləriylə,
Gah da üzümdən öpür, necə qayğımı çəkir,
Mənim balaca qızım, şirinim, doyulmazım.

Sən nə zaman böyüdün, qucağıma aldığım,
Elə bil dünen idi, sənin qayğılarınla
Yaşadıgım o günlər - ən gözəl günlər idi...
Sən hamıdan gec yatıb, hamıdan tez durardın,
Sən elə şirin idin, yuxusuz gecələri,
Bircə gülüşün ilə bizə unutdurardın...

Ayaq açdın, yeridin, atdın ilk addımını,
Yıxıla dura-dura, bizə verdin dunyanı...
Qabağına nə keçsə dağıdardın, tökərdin,
Bir yerini əzərdin, “sən nə etdin?”-deyəndə,
Dodağını büzərdin, bizə həyat vərərdin,
Elə şıltaq dəcəldin, elə şirin gözəldin....

İndi qayğıma qalır, sən halıma yanırsan,
Sag ol, mənim mələyim, bu gözəl xoş duyğunu
Sən mənə yaşadırsan... Əllərindən öpürəm,
Aglayıram sevincdən, sənsə qaş qabaq töküb:
“Məni çox istəmirsən...” yanındayam yenə də
Ağlayırsan deyirsən... inşallah böyüyərsən,
Sən də ana olarsan... məni başa düşərsən,
Niyə ağladıgımı - bax o zaman bilərsən....
2014


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: