DÜRDANƏ ZAHİDQIZI (1963)

DÜRDANƏ ZAHİDQIZI (1963) Dürdanə Zahidqızı - 1963-cü il dekabrın 10-da Ucar rayonunun Qazıqumlaq kəndində dünyaya gəlib.
İbtidai sinif müəllimi olan Dürdanə xanım öz həyatını peşəsinə, yetişdirdiyi şagirdlərinin mənəvi dünyasının zənginləşməsinə həsr etmişdir.

"Gümüş" təxəllüsü ilə yazdığı şeirlər şagirdləri tərəfindən
sevgiylə oxunur.

Dürdanə xanımın bir neçə şeirini biz də ZiM.Az-ın dəyərli oxucularına təqdim edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


ZiM.Az

Mən həyatda olmayanda


Görən birdə yaz olarmı?
Güllər, çiçəklər açarmı?
Külək budaq oynadarmı?
Mən həyatda olmayanda.
Gizlin gəlib baxa biləm,
Gözəlliyin seyrin edəm,
Bu dünyadan xəbər biləm,
Mən dünyada olmayanda.
Görən sular axacaqmı?
Yağış göydən yağacaqmı?
Qorxunc şimşək çaxacaqmı,
Mən həyatda olmayanda.
Yarpaq üstə boz kəpənək,
Qanad açıb qonacaqmı?
Bülbül bağda nalə çəkib
Yardan soraq alacaqmı,
Mən həyatda olmayanda?
Axşam qönçə olan güllər,
Səhər açıb gül olarmı?
Baş üstündən əsən mehlər,
Bir də əsib coşacaqmı?
Mən həyatda olmayanda.
Cırcırama cırıldayıb
Axşam soraq salacaqmı?
Qu-qu quşu hay-küy salıb,
Balasını soracaqmı
Mən həyatda olmayanda?
Gümüşü də yada salıb,
Xatırlayan olacaqmı?
Əvvəl vardı, sözü qalıb
Bircə deyən olacaqmı
Mən həyatda olmayanda.


Sən dənizdə, mən sahildə

Külək əsir həzin-həzin,
Vurğunuyam təbiətin,
Yanındadır fikrim sənin,
Sən dənizdə,mən sahildə.

Nə vaxt keçdi gəncliyimiz?
Harda ötdü illərimiz?
Vüsal anı görmədik biz,
Sən dənizdə, mən sahildə.

Saç ağardı, yaş dəyişdi,
Payımıza həsrət düşdü.
Bu hal səndə, həm məndədi,
Sən dənizdə, mən sahildə.

Ömür keçir axar sutək,
Tale olmaz bizimkitək,
Ömr edirik ikimiz tək,
Sən dənizdə, mən sahildə.

Sənin ömrün məndən küskün,
Mənim ömrüm səndən küskün.
Yaşayırıq ayrı bu gün
Sən dənizdə,mən sahildə.

Düşünürəm axşam-səhər,
Ömrümüzü etdin hədər.
Qismətimiz qüssə kədər,
Sən dənizdə ,mən sahildə.

Bax beləcə ömr edirik,
Keçənləri yad edirik,
İkimiz bir yol gedirik,
Sən dənizdə, mən sahildə.

Gümüş deyər, bir gün gələr,
Taleyimiz sona yetər,
Əcəl bizi alıb gedər,
Sən dənizdə, mən sahildə.


Əsgər balalarım

Altı gündür ayrılmışam,
Gözəl göyçək balalarım!
Sizsiz yaman darıxmışam,
Ətrinizi kimdən alım?

Gözüm dolur həsrət ilə,
Qəlbim küsgün,nisgil ilə,
Ayrı düşdüm mən sizinlə
Ətrinizi kimdən alım?

Heç kəs sizi əvəz etməz,
Heç nə sizi əvəz etməz,
Könlüm sizsiz deyib-gülməz,
Ətrinizi kimdən alım?!

Fikirliyəm,fikrimdə siz,
Xəyaldayam gecə-gündüz,
Ömrüm də siz,günüm də siz,
Ətrinizi kimdən alım?!

Bu ayrılıq çətin oldu,
Ana-bala sevgisi bu,
Bu ayrılıq sınaq oldu,
Ətrinizi kimdən alım?!


DÜRDANƏ ZAHİDQIZI (1963) Biləydim

Sən gəzən bağların bülbülü olub,
Tər qönçə üstünə qona biləydim.
Sən gəlib o bağdan keçən zamanda,
Cəh-cəhlə başını qata biləydim.
Sən gedən məclisin nəğməsi olub,
Soyuq ürəyinə dola biləydim,
Biganə ömürdən xəcalət çəkib,
Qovrulan qəlbinə dola biləydim.
Sən gedən yolların çinarı olub,
Şirin düşüncənə şahid olaydım,
Kölgəmdə əyləşib fikrə gedəndə,
Fikrinə min fikir qata biləydim.
Baxdığın göylərin ulduzu olub,
Yoluna gur işıq saça biləydim.
Tək gecə demirəm,həm də gündüzlər
Sənin bəxt ulduzun ola biləydim.
Sevdiyin ətirli bir gül olaydım.
Çiçəklər içindən aça biləydim.
Öz əlinlə dərib kaş oxşayaydın,
Mən sənə xoş ətir verə biləydim.
Əllərində çiçək qəbrimin üstə ,
Dayanıb lal kimi sən ayaq üstə,
Göz yaşın tökülsə məzarım üstə,
Qalxıb göz yaşını silə biləydim.
Əlindən gülləri ala biləydim!
Bir kəlmə təəssüf deyə biləydim.


Ay mənim göyçək Banum

(Nəvəmə)


Balamın balasısan,
Qəlbimin aynasısan,
Bütün ellər bilir ki,
Gümüşün gül balasısan
Ay mənim göyçək Banum.
Adın gözəl,özün gözəl.
Üzün gözəl,gözün gözəl.
Kim olar ki ,səndən gözəl?
Ay mənim göyçək Banum!
Sən gülüm ol, çiçəyim ol!
Var dövlətim, gərəyim ol!
Gülüm, güllər içində,
Nazlı, şirin mələksən!
Ömrümə bir bəzəksən !
Nədən belə qəşəngsən?
Ay mənim göyçək Banum!
Ömür yolu uzun olur,
Yolu günəş, çovğun olur,
Sən günəşi seç ay gülüm,
Çovğun yaman, yaman olur.
Gözəl nəvəm, bir tək Banum!
Ay mənim göyçək Banum!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: