Şabranda bir nəfəri "cin çıxarmaq" adı ilə döyüb öldürüblər...

Şabranda bir nəfəri "cin çıxarmaq" adı ilə döyüb öldürüblər... ...dinmə sən Allah!..

Şabranda bir nəfəri
"cin çıxarmaq" adı ilə
döyüb öldürüblər.
Bu, hadisənin üzücü tərəfidir.
Gülünc tərəfi isə ondan ibarətdir ki,
saxlanılan "cin çıxardan"lardan biri
qeyd edib ki, "mərhum sadəcə
ikinci seansa dözmədi".

Adamı "cin çıxarmaq" üçün
döymələri isə işin faciəvi tərəfidir.


Ömrünü milləti, xalqı yolunda fəda edən rəhmətlik Sabir deyirdi ki:

Yan, dinmə sən Allah,
Qan, dinmə sən Allah,
Həqq söyləmiş olsan,
Dan, dinmə sən Allah!


Bağışlasın o kişinin ruhu ki, mən yanıram, susuram, mən qanıram, yenə də susuram, amma mən həqqi dana bilmirəm. İçim-içimi yeyir, çölüm də hərlənib- fırlanıb yenə cumur özümə. Getdiyimiz uçurumdan gələn o vahiməli səslər qulaqlarımda elə həyəcan təbili çalır, çox vaxt düşünürəm ki, hətta gecdi.

Bu təbil indi çalınmır ee, bu təbil

"qüvvət elmdədir, başqa cür heç kəs
heç kəsə üstünlük eyləyə bilməz" -


yazılan kağıza tum büküb satılandan çalınır.
Hələ o kağızı özümüzlə apardığımız o qədər yerlər də var ki.
Adamın üzü də gəlmir deməyə.

Tarixin o tozlu rəfinə nəzər salırsan, gözünə Nizamisi dəyir, gözünə Füzulisi dəyir, gözünə Sabiri dəyir. Ürəyin az qalır ki, fərəhdən qanad açıb uça. Bir az dərinə gedirsən, Mübarizin, Fəridin, Müşfiqin adı qızıl qanlı hərflərlə çıxır qarşına. Torpağınla o qədər fəxarət hissi duyursan ki, elə abzası da burada bitirmək gəlir ağlına. Əlavə nə şərhə lüzum var, nə də bər-bəzəyə. Yaxşı, bəs niyə, bu cür oğullar yetişdirən bir millət, bu gün hansısa bisavadlara görə qınaq obyəktinə çevrilsin, mən və mənimkimilərin içindəki o fəxarət yanğısını, acılı bir yanğıya çevirsin. Niyə? Nədir onları 21-ci əsrdə bu qədər cahilliyə sövq edən?

"Biz dünya sivilizasiyasına yeni multikultural model təqdim edirik ", "Biz regionda sabit inkişaf tempini qoruyan tək dövlətik", "Bizim neft dünya bazarında öz reytinqini qoruyur", "Göydən üç alma düşdü..."... Nağıldi e, atam balası, nağıldı hamısı.

Elə inkişaf bu bəzi düşüncəsiz, millətin adına qara ləkə yaxan bisavadlarınla.
Elə inkişaf dediyim bu bəzi beyinsiz kütlən ilə.
Elə inkişaf bu küt oksigen israfçıları ilə.

Mənim mətnimin mahiyyəti inkişafda deyile, edirik inkişaf, görürük, danmırıq, belə ABŞ bizə həsəd aparır, amma mənə biri desin görüm ki, neynirəm mən multikultural dəyəri ki, əgər mənim Mübariz davamçılarım bu sözün heç mənası cəhənnəm, xeyirli ya ziyanlı olduğunu dərk eləmirsə ? Neynirəm mən o inkişafı və ondan gələn "xeyri" ki, mənim xalqımın bir tərəfi o çörəyi qulağına yeyirsə? Yaxamıza mismarlanmış bu savadsız, cahil kütlədən biz xilas olmadan, "avropalaşmaqdan" dəm vururuqsa, "avropa mədəniyyəti"ni balaqdan üç qarış kəsməkdə görürüksə, başqaları cəhənnəm, özümüzü aldatmış olmuruqmu?

Ərəbi gəlir Tarqovuda filankəsin qızını beş dəqiqənin içində bir yaşıl yüzlüyə fahişəyə çevirir, aparır otelə, orda nə hoqqadan çıxırlarsa, ürəyi dözmür, ölür gedir.
Millətin küt, yelbeyin bəzi nümayəndələri isə bunu öz səviyyəsiz yumor hədəfinə çevirir:
"Babəkin qisasını nəvələri alır".
Yumora yox, savada, ağla, beynə ac tərəflər isə qarnını tutub gülür.
Telekanalın biri çıxır təzə multikultural modeldən dəm vurur, biri də deyir ki, ermənidən bizə düşmən olmaz. Və o kütlənin, nəhayət, yelbeyni silkələnir, söyüb batırırlar televiziyanı da , onun aparıcısını da.
Əzizim, sən o qədər kütləşmisən ki, sən o qədər manqurtlaşmısan ki, sənin televiziyan az qala sənin namus qədər əhəmiyyətli torpaq məsələnə "lağ edir".
İnan ki, ölmək bundan daha faydalıdır.
Ölməsən də, bu "cin çıxardan" "vergili"lərimiz səni elə döyə-döyə öldürəcəklər.
Necə ki, öldürürlər.


Nihat Piriyev,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: