RƏŞAD BALAKƏNLİ (QABALLI)

RƏŞAD BALAKƏNLİ (QABALLI) Rəşad Ramis oğlu Alsoinov 1990-cı il sentyabrın 23-də Azərbaycanın dilbər guşələrindən olan Balakən rayonunda dünyaya göz açıb.
Balakəndə doğulub boya-başa çatdığı üçün təxəllüsünü də elə "Balakənli" kimi götürüb.
Amma, özü əslən qədim Qabaldandır. Valideynlərinin hər ikisi Gürcüstanın Laqodexi rayonundakı qədim Qabal elinin Qaracalar kəndində doğulub. 1972-ci ildən Balakənə gəliblər və indiyədək burada yaşayırlar.
Rəşad tez-tez Gürcüstandakı qohumlarının yanına gedir, buranın da havasından alıb, suyundan içdiyi üçün Qabal elini özünə doğma sayıb və bir çox şeirlər yazıb.
Görkəmli şairimiz - söz dəryası Zəlimxan Yaqubun Qaracalar kənd orta məktəbinə gələrək Qabal sakinləri ilə görüşünü Rəşad "Ay Zəlimxan, Qabala gəl, yenə də" - adlı şeiri ilə qeyd edib. Qabalda toy və bayramlarda Rəşad Balakənli tez-tez dəvətlər alır və öz sözüylə-şeirləriylə şeir-sənət sevənləri sevindirib görüşünə gəlir.

Rəşadın "Azərbaycan", "Qələbə günü", "O yan da mənimdir, bu yan da mənim", "Bütöv Azərbaycanım", "Vətəndir" adlı şeirləri qazetdə çap olunub.
Bundan əlavə 2015-ci ildə şairin "Durna qatarı tək uçan şeirlər" adlı şeirlər kitabı da işıq üzü görüb.

Biz də Rəşad Balakənliyə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini
ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.


Müşfiq BORÇALI,
ZiM.Az



VƏTƏNDİR

Dərin düşünənçün, dərin bilənçün,
Övlad da vətəndir, can da vətəndir!
Ey qərib diyarda şöhrət axtaran,
Şöhrət də vətəndir, şan da vətəndir!

Vətəndir insanı yetirir başa,
Havası, suyuyla doluruq yaşa,
Verir nemətindən dosta, sirdaşa,
Damar da vətəndir, qan da vətəndir!

Vətənin yaxşı, pis olmayır fərqi,
Pis o insandır ki bilməyir qədri.
Vətən sənin üçün verirsə ətri,
Gül də vətəndir, tikan da vətəndir!


O YAN da mənimdir, BU YAN da mənim

Araz sinəm üstdən keçən damarım,
O yan da mənimdir, bu yan da mənim,
Bir çayla bölünməz Azərbaycanım,
O yan da mənimdir, bu yan da mənim.

Bütöv Azərbaycan bütöv qalacaq,
Sonda haqq-ədalət zəfər çalacaq,
Yenə dövlətimiz bütöv olacaq,
O yan da mənimdir, bu yan da mənim.


BÜTÖV AZƏRBAYCANIM

Bir kiçik qartaldan ibarət deyil,
Bir böyük dövlətdir mənim vətənim.
Tarix boyu olub mərdi-mərdanə,
Əzəmət-qüdrətdir mənim vətənim.

Dərbənd də mənimdir, Təbriz də mənim,
Ərdəbil, Həmədan, Kərkük vətənim.
İrəvan, Qarabağ, Laçın məskənim,
Bir şirin nemətdir mənim vətənim.

Lənkəran, Borçalı, Gəncədir yurdum,
Türkəm, türk ordusu mənim qürurum.
Şah İsmayıldan miras tək aldığım,
Gözəl əmanətdir mənim vətənim.

Necə parçalanıb indi gör vətən,
Belə qalmaz bir gün dəyişər vətən.
Vaxt gələr yenidən birləşər vətən,
Bütöv bir cənnətdir mənim vətənim.


VƏTƏNDƏN AYRI DÜŞƏNDƏ

Ömrüm, günüm hədər olur,
Dərd-məlalım betər olur,
Qəlb həyatdan bezar olur-
Vətəndən ayrı düşəndə.

Qanım damarımda donur,
Naləm göylərə sovrulur.
Həyata sevgim də solur-
Vətəndən ayrı düşəndə.

Əlim uzanır vətənə,
Mən deyirəm hər yetənə:
-Görüm vətəni bir dəfə-
Vətəndən ayrı düşəndə.

Həsrətdən çəkirəm fəğan,
Mənəm vətənçün ağlayan.
Qaynayır dərd adlı dəryam-
Vətəndən ayrı düşəndə.

Qəriblik yandırır qəlbi,
Qəlbim çox çəkibdi dərdi.
Ürək çox sevir vətəni-
Vətəndən ayrı düşəndə.

Çəkirəm vətən həsrətin,
Dadını görmə qürbətin,
Deyirəm:yaşamaq çətin-
Vətənddən ayrı düşəndə.

Ürəyim odlarda yanır,
Bülbülü qəfəsdə sanır.
Vətən göz önündə qalır-
Vətəndən ayrı düşəndə.

Pozulur hali-əhvalım,
Ərşə çıxır hər fəğanım.
Əriyir şam təki canım-
Vətəndən ayrı düşəndə.

Dediklərim hamısı düz,
Qürbətdən gəl əlini üz.
Rəşad ağlar gecə-gündüz,
Vətəndən ayrı düşəndə.


BAYRAĞIMIZ

Sevir bütün elim səni,
Vəsf eləyir dilim səni,
Qarabağda görüm səni
Geri dönsün torpağımız,
Dalğalan ey bayrağımız.

Sən ən uca varlıqsan,
Torpağıma aşiqsən,
Sən şərəfə layiqsən,
Ey qürurum ad-sanımız,
Dalğalan ey bayrağımız.

Vətənim üçün gedirəm,
Vətən səni çox sevirəm,
Səni öpüb, and içirəm,
Qurbandır sənə canımız,
Dalğalan ey bayrağımız.

Ey canım, ciyərim mənim,
Ey dildə əzbərim mənim,
Üc rəngli cövhərim mənim,
Ey şərəf, şöhrət, şanımız,
Dalğalan ey bayrağımız.

Ay-ulduz İslam dinimiz,
Müsəlmanıq hər birimiz,
Bütöv olsun sərhədimiz,
Dönəcək Qarabağımız,
Dalğalan ey bayrağımız.


QABALIM

Bulağından su götürüb içəndə,
Hiss edirəm şəfaətdir Qabalım.
Ulu dağın vüqarına baxanda,
Könlüm duyur, səadətdir Qabalım.

Üç yanın dağ, qarşı tərəf arandı,
Zirvə düzə, düz zirvəyə heyrandı,
Qabal çayı könüllər oxşayandı,
Seyrangahdır, səyahətdir Qabalım.

Oğul-qızın müğənnidir, şairdir,
Kəlmə-sözün musiqidir, şeirdi,
Babam mənə nəsihətlə deyirdi,
İstedaddır,şan-şöhrətdir Qabalım.

İnsanları qonaqpərvər, mehriban,
Yeyib-içər, deyib-gülər, deyər can.
Hüsnünü kim görübdü, qalıb heyran,
Sevgi dolu məhəbbətdir Qabalım.

Qərib düşənlərin itib-batmadı,
Sənlə peyman edən, əhd unutmadı,
"Qabal-anam"-dedi, yadı tutmadı,
Əbədi eşq, həm həsrətdir Qabalım.

Torpağının hər qarışı bərəkət,
Əkib-biçib dolanırlar bu millət.
Qabal bizə babalardan əmanət,
Müqəddəs bir əmanətdir Qabalım.

Bayram oldu, açılır gen süfrəsi,
Şirniyyatı məst eləyir hər kəsi.
Mehmanı bol, vardı lapan kölgəsi,
Saz-söz dolu bir sənətdir Qabalım.

Gözəlliyin cənnətdənmi almısan?!
Bir bağ-bağat yer üzündə salmısan.
Rəşad, niyə belə çaşıb qalmısan?!
Bu dünyada bir cənnətdir Qabalım.


AY ZƏLİMXAN, QABALA GƏL YENƏ DƏ

Bir zaman gələrdin Qabal kəndinə,
Xalqım heyran olub sənin şeirinə.
Sevərək qulaq asdıq hər bəndinə,
Ay Zəlimxan, Qabala gəl yenə də.

Qabal məktəbi də tikildi yurda,
Özün görüşərkən olmuşdun orda,
Xalq səni çağırar qalanda darda,
Ay Zəlimxan, Qabala gəl yenə də.

Sirəc molla dünyasını dəyişdi,
Bilmirik bu, nə itgidir, nə işdi,
Güzaranımız şeiriyyatsız keçdi,
Ay Zəlimxan, Qabala gəl yenə də.

Qabal çayı daşdı, suyu çoxaldı,
Kəndlilərin ev-eşiyin apardı,
Millətinin dərdi-qəmi çoxaldı,
Ay Zəlimxan, Qabala gəl yenə də.

Mən də çıxmışam Qabalın seyrinə,
Çıxıb baxmışam Qabalın seyrinə.
Heyran qalmışam Qabalın seyrinə,
Ay Zəlimxan, Qabala gəl yenə də.


ÇIXAR GEDƏR

İnsan oğlu, çox da vara inanma,
Rüzgar əsər, əldən var çıxar gedər.
Ensən dağ başından, çökək dərəyə,
Əzizin səni vurar çıxar gedər.

Məsəl var: üstündür qardaşdan qarın,
Yeyib-içməkdəsən, var dövlət-varın,
Yığılır başına hər gün dostların,
Kasıblasan o dostlar çıxar gedər.

Hansı gözəli bəyənsən alarsan,
Pulun var, çox şeyə nail olarsan,
Kasıblasan bil ki, tənha qalarsan,
Atar səni həmən, yar çıxar gedər.


GÖZ YAŞI

Göz yaşın olub,
Gözlərində doğulub.
Sonra aşıb-daşaraq,
Kipriyindən qoparaq,
Yanağına sarılım.
Bir də xəlvət ayılım,
Görüm ki,mən yoxmuşam.
Dodağına hopmuşam.
Səndə doğulub, ölüb,
Səndə qalmaq istərəm.
Sən mənim dünyama dönüb,
Mən sənin olmaq istərəm.
Sən mənim ətirli çiçəyim, gülüm,
Mən səni sevirəm əziz sevgilim.


ÖTƏN BAHAR

Ötübdü neçə il, neçə fəsillər,
Sanma ki,mən səni əfv eyləmişəm.
O yalan sevgini, yalan eşqini,
Çoxdan ürəyimdə məhv eyləmişəm.

Mənimçün ölmüsən,sən yoxsan daha,
Eşqə dönük çıxıb, batdın günaha,
De,nə cavab verəcəksən dərgaha?!
Deyərsən, bağışla, səhv eyləmişəm.

Ölmüsən, mən bunu qəlbimlə duyub,
Cənazəni göz yaşlarımla yuyub,
Səni ürəyimdə məzara qoyub,
Tənha sevgi yolun dəf eyləmişəm.

Bu kitab oxundu, bağlandı daha,
Yanan ürək yanıb, dağlandı daha,
Rəşad, ötən bahar ağlandı daha,
Yeni bir xoşbəxtlik kəşf eyləmişəm.


ADAM VAR

Adam var anlamır dediyin sözü,
Yaxşını tərsinə qanan görmüşəm.
Adam var unudub özün dərdini,
Elinin dərdinə yanan görmüşəm.

Adam var danışır ən doğru sözü,
Qanmazlar ağzını buran görmüşəm.
Adam var sarsaqdır, unudub düzü,
Yaltaqlar təsdiqin vuran görmüşəm.

Adam var şər atır ləyaqətliyə,
Pis gözlə yaxşıya baxan görmüşəm.
Adam var ki, min cür oyundan çıxır,
Özgəsinə qara yaxan görmüşəm.

Adam var rəhbərdi uşaq ağıllı,
Səfeh-səfeh qanun qoyan görmüşəm.
Adam var uşaqdır müdrikliyiylə,
Hər yanda başın dik tutan görmüşəm.

Adam var beyini boş çəllək kimi,
İki-üç diplomu olan görmüşəm.
Adam var savadı bir ümman qədər,
İstedadı evdə solan görmüşəm.

Adam var müəllim ağılı hədər,
Hər kəlməsi əfi-ilan görmüşəm.
Adam var çobandı, qoyuna gedər,
Hər sözündə hikmət, quran görmüşəm.

Adam var şairdir, təbi sel kimi,
Yazdığı əsərlər nihan görmüşəm.
Adam var hər kəlmə sözü oğrayıb,
Çıxardıb kitabı dastan görmüşəm.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: