SƏMİMİ POEZİYA... GÖYÇƏNİN QİSASI QALIR...

SƏMİMİ  POEZİYA... GÖYÇƏNİN QİSASI QALIR... Göyçə ədəbi mühitində yaşayıb-yaradan el sənətkarlarından biri də Eldar İsmayıldır. Onun yaradıcılığını qismən əhatə edən iki kitabı - "Ulu Göyçə""Allah Amanatı" kitabları əlimizdədir. Hər iki kitab Göyçə erməni tapdağında viran olandan sonra nəşr olunub. Bəlkə də əsas səbəb budur ki, oxuculara təqdim olunan bu toplulardakı poetik nümunələrdə kədər motivi, qəm laylası daha qabarıq görünür. Axı, Göyçə göyçək görünüşüylə dünyanın bütün obalarından, yurd yerlərindən seçilən mahal olub. Söz yox ki, bu gözəllik, bu zəriflik şair qəlbini riqqətə gətirib, onun ilhamında maya olmasın.

Ulu Göyçə, ululardan ulusan,
Çəmənlisən, çeşməlisən, sulusan.
Ələsgərin gövhəriylə dolusan,
Dünya boyda bu xəzinən var olsun,
Bar gətirən bəxtin sənə yar olsun.


Eldar İsmayıl Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. Özünün etiraf etdiyinə görə, şair kimi doğulmasında babasının "folklor xəzinəsi olması" böyük rol oynayıb. "Babam o qədər nağıl, dastan, bayatı bilirdi ki, danışmaqla başa gəlmirdi. Onun bu xalq xəzinəsindən söyləmələri ürəyimdə söz misralamağın sehrini, tutumunu cücərtdi, sonra da el-oba, torpaq-Vətən sevgisi o cücərti gözə nəfəs verdi, həyat verdi. Və bir də gördüm ki, içimdə bir pıçıltı dolanır. Bu, Vətənimə, Göyçəmə, doğulduğum Ağbulaq kəndimə eşq pıçıltısı idi".

Doğma Ağbulağım, dağlar dilbəri,
Günəşli gündüzüm, səhərim mənim.
Göyçədə ən kiçik kəndim mənim,
Dünyada ən böyük şəhərim mənim.


Eldar İsmayıl Göyçədə mətbuat sahəsində - Krasnoselo rayon qəzetində redaktor kimi çalışıb. Vaxtaşırı şerləri, müxtəlif səpgili yazılarıyla mətbuatda görünüb. Göyçə ədəbi birliyinin ətrafında toplanan qələmdaşlardan biri olub. Eldə-obada sayılan-seçilən ziyalı, ağıllı söz sahibi idi. İlk şer toplusunu da hazırlayıb İrəvan nəşriyyatlarının birinə təqdim etmişdi. Lakin Göyçənin, İrəvan obasının bütün yazarlarının şer-söz qovluqları kimi bu qovluq da orada it-bat oldu. İşıq üzü görmədi. Doğulmamışdan məkrli düşmən boğub qaranlıq bəxt verdi o yazılara, o misralara.

Ulu Göyə, şer-sənət maraqlı.
Miskin Abdal, Dədə Alı soraqlı,
Dilqəm ünlü, Misri-cəngi yaraqlı,
Bu ünvanın eşqi, andı belədi...
Saza baxdım, məni oda bələdi.


Belə bir obanın torpağından, suyundan doğulan şair qəlbini, bu qaranlıqlar boğa bilməz, susdura bilməz, haqq yolundan çəkindirə bilməz. Bu misraların düzümləndiyi duyğulu könüllər dağlarda qaynayan saf bulaqlar kimi təbiidir, büllurdur.
Şairin bütün şerlərində görünən qırmızı xətt Göyçəyə sonsuz bağlılıq hissindəndir. Ancaq buo demək deyil ki, şair Göyçədən özgə, sevgili şəhər, yurd yeri tanımır, sevmir, könül vermir. Hələ Göyçədə yaşayarkən Bakıda olan, bacısına ünvanladığı "Bacım Yasəmənə məktub" şerində yazır:

Özün bilirsən ki, Bakı dünyamdı,
Mənim Bakı adlı dünyamdan danış.
Bu adla qoşadı anamın adı,
Mənə məktubunda anamdan danış.


Bu onun bütöv Azərbaycan sevgisidir. Eldar İsmayıl 1988-ci il noyabr ayının axırlarında Göyçədən Bakıya pənah gətirib. 10 gündən sonra 6 ili tamam olacaq o tükürpədici, dəhşətli gecədən keçən illərdən, günlərdən geniş danışmaq çətindir, ağrılıdır. Eldar İsmayılın könül işığına toplaşdığımız bu məclisə acı xatirələri çözələməklə ağırlıq gətirmək istəmirəm. Şair ilhamını aldığı dağından, daşından, gülündən, çınqılından, gölündən, qumundan, ağacından, torpağından, yurdundan, evindən qovulursa, onun könlü xoş yaşaması çətin olur. Nikbin duyğular içindən, düşüncəsindən perik düşür. Eldar İsmayıl belə bəxt sahibi olanlardan biridir. İsmixan Məmmədov, Alqayıt Məmmədov, Haqverdi Ələsgərov, Yusif Kəsəmənli, Tərlan Göyçəli, Məcnun Göyçəli, Zəki İslam və onlarla Göyçə ədəbi məktəbinin davamçıları kimi. Allah rəhmət eləsin. İsmixan Məmmədov deyəndə, Göyçənin nəhəng bir sütunu gözümüz önünə gəlir. Yurd nisgili, kənd ağrısı o haqq sənətkarı yedi, ömrünü yedi, bir ovuc torpaq elədi.
Eldar İsmayıl şerlərindən çox danışmaq olar. Mübaliğəsiz deyə bilərəm ki, hər şerində, hər misrasında oxucunu ayaq saxlamağa məcbur edən bir hiss, duyğu, fikir, məna, sirr var, hər misrada doluxsunur, kövrəlirsən. O misralar pünhan bir sevgiyə bülənc edir səni. Onun "Ulu Göyçə" adlı poemasına gəldikdə isə, bu əsər Göyçənin etnoqrafik, coğrafi, mənəvi xəritəsidir, poetik ziyarət karvanıdır. Böyük bir xalqın ulu tarixi, qədim adət-ənənəsi bu poemada nəğmələr boyunca Şəhriyarsayağı elə misralanıb ki, birnəfəsə oxuyub başa vurammayınca doya bilmirsən. Göyçənin Novruz bayramı gözəl keçirilərdi. Dörd çərşənbə axşamı bütün xırda etnoqrafik detallarıyla belə qeyd olunan bu bayram axşamları ruha sevinc, xoşbəxtlik gətirərdi.

Bayram gələcək yumurtanı boyardın,
Vuruşdurar, sonra qatar qoyardıq.
Beş uduzar, təkdən bir udardıq,
Bayram ayı təzə paltar geyərdik,
Özümüzü, Allah, necə öyərdik!

Bu poemanın hər misrasında min bir hikmət, min bir sirr qapısı açılır. Bu şair qəlbinin sevgi uğurundandır. Ancaq o, 1989-cu ilin Novruz gecəsi belə bir şer yazdı: "Göyçə bir də bayram etməyəcəkdir". Şairin "Nəcəf" poemasında el aşığı Nəcəfin faciəvi taleyindən danışılır. Bu qeydlərim Eldar İsmayılın 50 yaşı tamam olan vaxta təsadüf edir.
Yurd sevgili nəğmələrim dünya boyunca könüllərə yayılsın!

1995


GÖYÇƏNİN QİSASI QALIR...

Şair Eldar İsmayıl bu il daha iki kitab - "Göyçənin qisası qalır""Səttar oğlu" tarixi romanlarını nəşr etdirmişdir. Xatırladaq ki, Eldar İsmayıl dövri mətbuat yazılarından əlavə, "Ulu Göyçə", "Allah amanatı", "Vətən dedi İbrahim" və "Ermənistan türklərinin 1988-ci il soyqırımı" şer və publisist kitabları ilə də oxuculara çoxdan tanışdır.

"Göyçənin qisası qalır" tarixi-sənədli romanı qədim Oğuz yurdunun - İrəvan xanlığının Göyçə mahalının tarixi keçmişindən, eləcə də əsrin əvvəllərində burada torpaq uğrunda baş verən qanlı hadisələrdən bəhs edir. Təsvir olunan bütün əhvalatlar, demək olar ki, konkret faktlardan və real həyatdan götürülmüşdür. Qəhrəmanlıqları barədə danışılan adamlar da yaşadığımız əsrin əvvəllərinin görkəmli, şöhrətli şəxsiyyətləridir. Bu qəhrəmanların adları, igidliyi illər boyu Göyçə camaatının dilindən düşməmiş, nəsildən-nəsilə ötürülmüşdür. Romanın məziyyətlərindən biri də odur ki, əsərdə Göyçə mühiti - əhalinin yaşayış tərzi, adət-ənənəsi, folkloru, etnoqrafiyası, el-elat məclislərinin təfərrüatı olduğu kimi oxucuya təqdim olunur. Göyçə ruhu, Göyçə nəfəsi romanın əvvəlindən axırınacan duyulur, görünür. Məhz bu xətt əsəri oxucusuna daha da doğmalaşdırır, birnəfəsə oxumaq imkanı yaradır. Tarixən torpaq namusu, torpaq şərəfi igid qanından, qılıncından əziz tutulub. Cığal Həsən, Topal Oruc kimi el qəhrəmanlarının apardığı mübarizələrdə bu hisslər daha qabarıq, canlı və faktlar əsasında qələmə alınmışdır. El qəhrəmanlarının da mübarizəsi, torpaq, yurd uğrunda qanlar axıtmaları məhz bu səbəbdən baş vermişdir.

"Səttar oğlu" tarixi-sənədli romanı da bu ruhda yazılmış əsərdir. Hələ keçən əsrin ortalarından imperiyanın qədim Oğuz yurdlarında planlı şəkildə erməniləri yerləşdirməsini xalq hiddət və nifrətlə qarşılamışdır. Bu mübarizələrin bir qolu da Vedi torpağına gedib çıxır. 1905-1920-ci illərdə İrəvan xanlığının Vedi mahalında baş verən torpaq davasından bəhs edən bu əsər aktuallığı, məzmunu ilə diqqətəlayiq və gərəklidir. Göstərilən illərdə Vedi obalarında gedən canlı vuruşmalarda iştirak edən oğulların - Abbasqulu bəyin, Məhərrəmin, Musanın, Kərbalayı İsmayılın, Eyyub ağanın, Qəmlonun, Bəhlulun, Aşıq Xudayarın və digər görkəmli şəxsiyyətlərin ruhu xatırlanır, igidliklərindən danışılır, ən başlıcası isə bu yurdun imperiyaya və onun erməni əlaltılarına elə-belə havayı verilmədiyi tarixi faktlarla açılıb göstərilir. Əsərdə, adından da göründüyü kimi, Vedi mahalının adlı-sanlı igidlərindən biri - Səttar oğlu Musanın həyatı və döyüş yolu daha qabarıq tərzdə oxucuya təqdim olunur. Səttar oğlu Musa doğulduğu yurdun bir qarışını belə düşmənə təslim etməyən oğullardandır. Düşmənlə mübarizə, haqq savaşında sərkərdə kimi öndə getmək əsərdə Səttar oğlu taleyinin əsas xətti kimi götürülmüşdür.
Eldar İsmayılın qələmə aldığı hər iki sənədli-tarixi roman həm də ona görə qiymətlidir ki, qeyrət, haray səsimizin məğlub olduğu zamanda əlimizə yetib. Bu əsərləri oxuduqca adamın ürəyi coşur, düşməni qılıncının kəsərində, atının təpiyində qovmağa can atırsan, hər şeydən əvvəl isə ruhunla qan yaddaşı, qan qeyrəti qaynayır. Yaşanmış ötən tarixin olaylarında bu gününü süzgəcdən keçirirsən, faktlara, hadisələrin gedişatına əsasən qalib düşmənin əsrlər boyu apardığı qanlı siyasətin əzəlinə - başlanğıcına gedib çıxırsan, ötən günlər səhifələndikcə mübarizə yolları, üsulları seçirsən və sabahkı haqq davasına ruhən, qəlbən özünü hazırlayırsan. El qəhrəmanlarının - məhz torpaq uğrunda vuruşaraq, qan tökərək ad almış xalq qəhrəmanlarının yolunu yurd taleyinə çıraq tutmaq ümidi qəlbində oyanır.
1997

Eldar İsmayılın yeni kitabları nəşr edilmişdir

Tanınmış şair-publisist Eldar İsmayılın bu günlərdə iki yeni kitabı çapdan çıxmışdır.
"Ömür itiririk yaş qazanınca" kitabına şair müxtəlif illərdə yazdığı kiçikhəcmli şerlərini toplamışdır. "Eldar İsmayıl poeziyasının əksər nümunələrini Vətən və vətənpərvərlik duyğularının şairdə doğurduğu emosional ovqat və bu ovqatın təsiriylə yaranan şerlər təşkil edir". Kitabın "Ön söz"ündən götürdüyümüz bu sətirlər topludakı əksər şerlərin ruhunda duyulur. Şer dünyasına ehtiyatla, ehtiramla qədəm qoyan şairin gənclik illərində yazdığı və bu kitabına daxil etdiyi poetik sətirlərə nəzər salaq

Şeriyyət aləmi pərdə-pərdədir,
Nizami, Füzuli yüksəklərdədir.
Vurğun ürəklərdə yuva salıbdır,
Şerin ən gözəli Ələsgərdədir.


40 il bundan əvvəl bu misraları yazan şair indi də şer dünyasına ciddiyyətlə yanaşır. "Eldar İsmayıl poeziyası insanın ağlına, düşüncəsinə təsiretmə gücünə malik analitik poeziyadır. Onun şerlərində Vətən təsviri də, bu təsvirin şairdə doğurduğu emosionallıq da sonda analitik bir nəticənin-əxlaqi-estetik konsepsiyanın meydana çıxmasına səbəb olur".
"Sənsizlik nə yaman çətinmiş, Sərdar" adlı digər kitabı isə tanınmış tibb xadimi, istedadlı söz-qələm əhli Sərdar Kərimovun əziz xatirəsinə həsr olunmuşdur. Müəllif kədərli notlarla sətirlənmiş bu kitabına həyatdan vaxtsız köç etmiş Sərdar haqqında publisist qeydlərini və şerlərini daxil etmişdir. Mərhumun keçdiyi ömür yoluna Eldar İsmayıl publisistikası bələdçilik edərək oxuculara ətraflı məlumatlar verir. Sərdarın uşaqlıq illərindən ta ömrünün 49-cu illinə - qanuna qədər maraqlı, layiqli izlərini bu kitabda görmək mümkündür. Ömrün müxtəlif illərinin bir anını kağıza köçürən şəkillər kitabı daha da zənginləşdirib. "Sənsizlik nə yaman çətinmiş, Sərdar" kitabına unudulmaz Sərdarın yaxın dostlarının, iş yoldaşları-həkimlərin xatirə dolu kədərli məqalələri, şerləri də daxil edilmişdir. Kitabın "Səni dinləyirik, Sərdar" adlı bölməsində isə mərhumun şerlərindən nümunələr verilmişdir –

Gördü öz işini ömür də, vaxtdı,
Qayıtma geriyə, qayıtma, daha.
Ötənin, itənin dalınca baxma,
Qayıtma geriyə, qayıtma, daha.


Eldar İsmayılın nəşr etdirdiyi bu kitablar sayca onun 22-23-cü əsərlər toplusudur.


Almaz Ülvi
Filologiya elmləri doktoru

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: