Hacan Hacısoy: Borçalı bir qızıl üzük, Üzüyün qaşı Başkeçid!..

Hacan Hacısoy: Borçalı bir qızıl üzük, Üzüyün qaşı Başkeçid!..
BORÇALI

Gözümün qarası, ağı,
Vətənimin bir budağı.
Başımın qeyrət papağı,
Ömrümün tacı Borçalı!


Haqqı-sayı itirməyən,
Şahdan da söz götürməyən.
İqbalı düz gətirməyən,
Taleyi acı Borçalı!

Sərhəddimin o yanısan,
Ancaq canımın canısan!
Sən bir səhvin qurbanısan,
Baxtı qıyqacı Borçalı!

Hər zaman parla, alış, yan,
Öz yerində möhkəm dayan.
Heç kəsdən qayğı ummayan,
Qayğı möhtacı Borçalı!

Hərə versin bir cür qərar,
Axı, kimdən sənə nə var.
Özün öz içində axtar,
Dərdə əlacı Borçalı!

Gözümün qarası, ağı,
Vətənimin şah budağı.
Başımın qeyrət papağı,
Baxtımın tacı Borçalı!

* * *

Borçalım – anam mənim,
Hüsnündən gözüm doymaz,
Sevgindən də ürəyim.
Könlüm tel-tel ötən saz,
Baş pərdəsi, simi – sən!
Sən də könül sazınla,
Füsunkar ecazınla,
Talen, alın yazınla,
Azərbaycan kimisən!

Sənə bəzək vurubdur,
Yaradanın fırçası.
Təbiətin qoynunda,
Sən bir zümrüd parçası.
Ləli-mərcan kimisən!
Səbrləri daşdıran,
Ağılları çaşdıran,
Gözləri qamaşdıran,
Azərbaycan kimisən!

Hansı gündə yarandın,
Donun hansı biçimdə?
Özün kiçik olsan da,
Sən bu cahan içində,
Böyük cahan kimisən!
Qovğası sovuşmayan,
Kamına qovuşmayan,
Cahana sığışmayan,
Azərbaycan kimisən!

Bir qapısan beləcə,
Həm açıq, həm kilidli.
Olsan da gözdən uzaq,
Bir az vüsal ümidli,
Bir az hicran kimisən.
Ögey gözlə baxılan,
Nahaq oda yaxılan,
Qəlbi şişə taxılan,
Azərbaycan kimisən!

Sənsən mənim ovqatım,
Sənsən mənim təhərim.
Səninlə aydınlaşır,
Açılır hər səhərim.
Üfüqdə dan kimisən!
Sifəti, üzü nurlu,
Düşüncəli, şüurlu,
Çılğın, məğrur, qürurlu,
Azərbaycan kimisən!

Sərt küləklər əssə də,
Nə əyilir, sınırsan.
Özün öz fırtınanda,
Döyünür, çırpınırsan!
Qəfəsdə can kimisən!
Kin-küdurət bilməyən,
Səsi eşidilməyən,
Son ümidi ölməyən,
Azərbaycan kimisən!

Gözümün qarası, ağı,
Vətənimin şah budağı.
Başımın qeyrət papağı,
Baxtımın tacı Borçalı!

BAŞKEÇİD

Qəlbin geniş, özün böyük,
El yüküdür ən ağır yük!
Borçalı bir qızıl üzük,
Üzüyün qaşı Başkeçid!

Gedib kimin, qalıb kimin,
Qəm havası çalır simin.
Nuhdan gələn tariximin,
Canlı yaddaşı Başkeçid!

Adın uca, mənan dərin,
Örnək olub əməllərin.
Bu daş-qaya heykəllərin,
Ustad nəqqaşı Başkeçid!

Bir nübarsan bağ yolunda,
Aşırımsan dağ yolunda.
Ulu türkün Ağ yolunda,
Keçidlər başı Başkeçid!

Babam haqqı alıb haqla,
Tikib, qurub diş-dırnaqla.
Sən də qoru, möhkəm saxla,
Daş üstdə daşı Başkeçid!..


QARAÇÖP

Çinarların düzülübdür, qatar-qatar yol boyunca,
Bu Süleyman bulağıdır, saf suyundan iç doyunca.
Girəcəkdə Şəhid oğlun heykəlləşib dönüb tunca,
Çox-çox ağır sınaqlara meydan mahalım Qaraçöp,
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

İnsanların etibarlı, qədirbilən, Hətəmtaydı,
Obaların oymaq-oymaq, naxış-naxış, yeddi saydı.
Arxan Töyrə – silsilə dağ, önün Qavrı – axar çaydı,
Dağ döşündən düzə baxan eyvan mahalım Qaraçöp,
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

Baş əyməli gör nə qədər ziyarətgah ocağın var,
Göz oxşayan, könül açan neçə guşən, bucağın var.
Ata evim, ana qoynum, nə mehriban qucağın var,
Hər tərəfi gül-çiçəkli, əlvan mahalım Qaraçöp,
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

Çox qədimdi tayfaların soy adları, əsilləri,
Gah oturaq, gah köçəri yaşamısan fəsilləri.
Sinən üstə at oynadır Qarapapaq nəsilləri,
Eyləyirsən bu minvalla cövlan mahalım Qaraçöp,
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

Dədə Qorqud hikmətindən xəlq olunmuş bir diyarsan,
Altay, Oğuz axınından qopub qalan yadigarsan.
Zaman, məkan ölçüsündə əbədiyyət qədər varsan,
Əbədiyə doğru gedən karvan mahalım Qaraçöp,
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

Oğulların kişi kimi, basdığını kəsən deyil,
Dizin düşmən qarşısında əsməyibdir, əsən deyil,
Çox obalar, ellər gördüm, fəqət heç biri Sən deyil,
Həqiqətə, ədalətə divan mahalım Qaraçöp,
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

Ümid çırağı olmusan üstünə kim gəlibdisə,
Ocağından od vermisən tüstünə kim gəlibdisə.
Oturtmusan öz yerinə qəsdinə kim gəlibdisə,
Düşmənini mənzilinə qovan mahalım Qaraçöp,
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

Həsrətinə, möhnətinə dözmək olmur nə sirdisə,
Günah deyil əgər könül sevdiyinə əsirdisə.
Nisgil qalmaz ürəklərdə Vətən bütöv, el birdisə,
Qəlbi geniş, yolu-izi rəvan mahalım Qaraçöp.
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

Kaş adını yaza bilim üfüqlərin dan yerinə,
Nə qaytara bilər övlad, ana verən can yerinə!
İgidlərin damarında qeyrət axır qan yerinə,
Səni belə yetiribdir dövran, mahalım Qaraçöp.
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: