Gilə ƏLİQIZI: "OL ŞAİR KÖNLÜMÜN İLHAM PƏRİSİ..."

Gilə ƏLİQIZI: "OL ŞAİR KÖNLÜMÜN İLHAM PƏRİSİ..." OL ŞAİR KÖNLÜMÜN İLHAM PƏRİSİ...

Ol şair könlümün ilham pərisi,
Qələmim eşqinlə yazıb yaratsın.
Min tərif söyləyib qara gözünə,
Adını yerlərdən göyə ucaltsın.

Şeirimdə sən ol qəzəlimdə sən,
Əvvəlimdə sən ol, əzəlimdə sən.
Sən əgər yolumu gözlə söyləsən,
Ürəyim sevdanı min il yaşatsın.

Səni heca-heca şeirə düzüm,
Yoluna qarışsın, cığırım, izim.
Məni elə sev ki, sevdalı könlüm,
Ömrümü ömrünə calayıb getsin.


O ZALIM YARA

Könlümdə alışıb yanan ocağam,
İstisi soymayan odum közüm var.
Girsədə araya necə vaxt zaman,
Məndə tükənməyən səbr, dözüm var.

Kim oldu araya ayrılıq salan,
Kim etdi könlümü virana, talan.
O gedib ardında tökülüb qalan,
Yolunu gözləyən yaşlı gözüm var.

Ömrüm tükənmədən kaş gəlib çıxa,
Cavabsız suallar həllini tapa.
Mənim o vəfasız, o zalım yara.
Hələ deyilməmiş neçə sözüm var.


QORXUDUR MƏNİ

Qorxutmur bu fani dünya gözümü,
Bir acı dost sözü qorxudur məni.
Yanan ürəyimdə eşq ocağının,
Kül olan od közü qorxudur məni.

Qorxutmur saçıma tökülən ağ dən,
Düşən yarpaq kimi günlər ömürdən.
Dostların yolumdan ayağın kəsən,
Ot bitən yol izi qorxudur məni.

Ömür qisa zaman ötüb keçəri,
Bu dünyanı sahiblənmək hədəri.
Qorxutmur bəndənin xain nəzəri,
Fələyin kəm gözü qorxudur məni.


LAÇIN

Girib əllərinə bahar gəlibdir,
İndi düzlərində gül açıb Laçın.
Şehli çəmənlərin, buz bulaqların,
İndi dağlarında dil açıb Laçın.

Bürüyüb hər yanı dumanın çənin,
Qoynun məskənidir indi kimlərin.
Kimlər heyran qalıb hüsnünə sənin,
Əllərin kimlərə əl açıb Laçın?

Gör neçə illərdir səni görmürəm,
Min şirin gümanla yenə dözürəm.
Bağlıdır yolların gələ bilmirəm,
Xəyalım qoynuna yol açıb Laçın...


ŞAİRLƏR

Şairlər gözəllik vurğunu olar,
Güllərlə açılıb, güllərlə solar.
Şairlər məqsədli palitik olmaz,
Anlarda doğulub, anlarda yaşar.

Şairlər böyüməz uşaq tək qalar,
Qəlbləri sevgiylə hüzünlə dolar.
Şairlər nə qədər xoşbəxt olsa da.
Bir gözü güləndə, bir gözü ağlar.

Şairləq qəm əkər, hüzün biçərlər,
Neçə ayrılıqdan qəmdən keçərlər.
Şairlər sevincin hər kəslə bölüb.
Ağrısın acısın yalnız çəkərlər.


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: