“Vicdan” (hekayə)

“Vicdan”    (hekayə) Yenə gec gəlmişdi evə. Səhərin açılmağına bir az qalır, hava da yavaş-yavaş işıqlanmağa doğru gedirdi. Qapının taqqıltısına həmişəki kimi Gülər yenə də oyandı. Onsuzda gec gedirdi yuxuya. Hər dəfəsində də onun gəlişinə oyanırdı ki, uşaqların da oyanmaması üçün nələrsə etsin.

-Yenə içmisən hə? Heç olmasa uşaqları fikirləş, biraz tez gəl evə, Fuad 1-ə kimi səni gözləyib...
-Az danış da sən də! əəhh...

Divardan tuta-tuta özünü birtəhər hamama saldı Hikmət. Gülər hər gün özünü nə qədər alçalmış hiss eləsə də, bir qadın kimi məsuliyyətini hələ də dərk edirdi. Bunu hamamın asılqanında hər gün asdığı təzə qətvə və təzə dəyişik geyimlər göstərirdi.
-nəsə yeyəcəksən?
Heç nə demədi Hikmət, hamamın qapısını örtdü, vəssalam.Gülər isə uşaqları yoxlayıb yenə qayıtdı yataq otağına və səhər açılana kimi səssiz-səssiz ağladı. Hikmət də həmişəki kimi hamamdan çıxıb elə divandaca yuxuya getdi.
Hikmət üç qardaşdan ən kiçiyi idi. Böyük qardaşları ali təhsil alsalar da onun oxumağa marağı az idi. Atasının yanında işləyə-işləyə artıq orta məktəbi bitirənə yaxın işin tamamını mənimsəmişdi. Zərgər idi atası. Hikmətin sənətə göstərdiyi hədsiz maraq atasını onu oxutmaq sevdasından döndərə bilmişdi. Tezliklə şəhərin əsas təlabatlı qızıl mağazalarından təklif alan Hikmət işini biznesə çevirməyi bacarmışdı. Güləri Hikmətə atası məsləhət bilmiş və Hikmət sırf atasının sözünə görə 7 illik sevgilisi Nərminlə ayrılmışdı. Bir neçə dəfə atasına qarşı çıxsa da xeyri olmamış və nəticədə Gülərlə evlənməyə məcbur olmuşdu. Amma bu evlilik 5 ildir ki, demək olar ki, sadəcə kağız üzərində idi. Gülər isə bir həyat yoldaşı kimi bütün vəzifələrini layiqincə yerinə yetirir, Hikmətin etdiyi bütün haqsızlıqlara göz yumurdu. Çünki bir qadın kimi o, artıq iki uşaqlılıq məsuliyyətini çiynində daşıyırdı. Bu məsuliyyəti , əslində, Hikmət də dərk edirdi, amma o Gülərə qarşı heç nə hiss etmirdi. Heç nə.Hətta hörmət hissi də yavaş-yavaş aradan qalxmağa başlayırdı. Bunu hər gün köynəyində qalan dodaq boyası, ya da fərqli qadın ətirləri göstərirdi.
Fuadın dörd, Dənizin isə iki yaşı vardı. Hikməti işə yola salıqdan sonra Gülər ancaq onlarla məşğul olurdu. Və gününün böyük bir hissəsini ağlamaqla keçirirdi. Çünki Fuad iş saatı bitsə belə evə gec gəlir, Güləri nəyinki həyatında, zaman-zaman hətta evdə belə görməzdən gəlirdi. Bir qadın üçünsə bundan böyük təhqir ola bilməzdi.
Fuad nisbətən böyük olduğu üçün anasının ağlamasına üzülür, ona hər mənada dəstək olmağa çalışırdı. Amma hər dəfəsində Gülər bir bəhanə ilə onu sakitləşdirirdi.
Bu gün Hikmətlə evliliklərinin 5 illiyi tamam olurdu. Düzü, bunu Hikmətə nə cür deyəcəyini, yaxud da nə cür xatırladacağını bir xeyli fikirləşmişdi. Bəlkə də ehtiyac yox idi və bəlkə də Hikmət artıq bu tarixdən xəbərdar idi. Amma hər halda bunu onun yadına salmalı idi.
Hikmət əl-üzünü yuyub, masaya gələnə kimi Gülər səhər süfrəsini artıq hazır etmişdi. O səhər naharını edərkən, Gülər də guya qab yuyurmuş kimi bir neçə dəqiqə sonra ola biləcəkləri götür qoy edir, yaxud da özünü ala biləcəyi hər cür cavaba hazırlayırdı. Stəkanın nəlbəki ilə təmasının sayından artıq son qurtumların olduğunu hesabladı. Yavaş-yavaş özünü toparladı. Hikmət də masadan artıq qalxmışdı. Maşının açarlarını götürüb qapıya doğru gedəndə Gülər qorxusuna qalib gəlməyi bacardı:
-bu gün evliliyimizin 5 illiyidi. Fuad da bilir, söz vermişəm ona...Evə bir az tez...
-bilirəm, gələcəm!
On-on beş saniyə çəkən bu dialoq Güləri təpədən dırnağa kimi tərləmiştdi. Əslində Hikmətin bu beş ilə sakit və səbirlə “dözməsinin” ən böyük səbəbi Gülərin hədsiz məsumluğu idi. Çünki Gülərlə bu günə kimi yaşadığı bütün dialoqlarda o həmişə susurdu. Günahkar olmaya-olmaya günahkar kimi susurdu.
Aldığı cavabın yumşaqlığı üzündə kiçik də olsa təbəssüm yaratmışdı Gülərin və bu təbəssüm bu gün axşama kimi davam edəcəkdi. Bu gün ağlamaq olmaz! Ən azından bu gün!
Axşama yaxın Hikmət gəldi. Fuad həyət qapısının açıldığını görüncə atasına doğru qaçmağa başladı. Sözsüz ki, Hikmət də uşaqlarını sevirdi, yəni bu sevginin Gülərlə ola biləcək münasibətə heç bir dəxli yox idi. O bir ata idi və uşaqlarını sevirdi.Fuadı qucağına alıb, yavaş-yavaş evə tərəf gəlməyə başladı. Mətbəxdən gələn fərqli qoxular Gülərin gün boyu gecə üçün necə canfəşanlıq etdiyinin göstəricisi idi. Bu Hikmətdə az da olsa təbəssüm yaratdı. Elə bu sualı da verməsinə səbəb bəlkə də Gülərin hədsiz hazırlığı idi.
-evə nəsə lazımdı?
Gülər əlindəki işi saxlayıb, cavab verməyə tələsdi:
-hə, bir iki şey yazmışam..
-gətir!
Əlindəki siyahıya baxa-baxa Hikmət həyətin qapısına doğru gedəndə Fuad ona çatıb, onu da özü ilə aparmasını xahiş elədi. Hikmət də Fuadın sözündən çıxmadı.
Ata-bala əllərindəki siyahı ilə marketi o baş, bu baş gəzməyə başladılar. Fuad hədsiz sevincli görünürdü, çünki belə bir gəzinti onun üçün ilk idi. Və o hələ bilmirdiki az sonra bəlkə də ailələrinin xilaskarına çevriləcək.
Marketdə bir xeyli dolaşdıqdan sonra Hikmət siyahıya bir daha göz gəzdirdi və satıcıya soğan çəkməsini xahiş elədi. Fuad isə ucadan “yox,soğan alma,ata” qışqıraraq, onun dizlərini qucaqladı.Ətrafa bir neçə saniyəlik süküt çökdü və hər kəsin diqqəti Fuada yönəldi. Gözlənilməz hal Hikməti də təəccübləndirmişdi və o Fuadın boyu bərabərinə enib soruşdu:
-niyə, mənim balam?
-alma, istəmirəm!
-axı anan yazıb, almasam bəs nə yeyərik?
-yox, alma.Soğan anamı ağladır, hər gün anam ağlayır, mən soruşanda deyir ki, soğana görədi.Alma, ata, alma, nolar....
Fuad atasının dizini qucaqlayıb içdən ağlaya-ağlaya “alma, alma” deyə ayaqlarını yerə döyəcləyirdi. Hikmət isə yavaş-yavaş boğazında sanki nəyinsə düyünlənib qaldığını hiss eləyirdi. Udquna bilmirdi, göz qapaqları elə bil ağırlaşırdı. Satıcının –“müəllim,soğan çəkim?” sualına “yox” deyərək Fuadı qucağına alıb, gözünün yaşını sildi.
-yaxşı, sakitləş. Almarıq soğan, anan da ağlamaz, sakitləş!
Mağazadan çıxıb aldıqları ərzaqları maşına qoyub evə qayıtdılar. Yol boyu Hikmət bu günə kimi hiss etmədiyi bir ağrını hiss edirdi.Bu illərdir çiyninə çökmüş olan, lakin heç bir vəchlə Hikməti oyada bilməyən vicdan ağrısı idi. Güləri incitdiyini, Gülərə çox haqzılıq etdiyini o yaxşı bilirdi. Amma heç bir kəs ona Fuadın verdiyi dərsi verməmişdi, ya da verə bilməmişdi. Fuad olanları bir güzgüyə çevirərək atasının qarşısına qoymuşdu və Hikmət indi özü ilə üzbəüz dayanmışdı. Heç vaxt rastlaşmadığı özü ilə ya da rastlaşmaq istəmədiyi özü ilə.
Maşın həyətə yaxınlaşanda artıq Fuad sakitləşmişdi. Aldıqlarını evə daşıyana qədər Hikmət maşında ard-arda 3-4 siqaret tüstülətdi. Bu 10-15 dəqiqə ərzində o bütün 5 ili gözünün qabağında canlandırır, zaman-zaman Güləri günahkar çıxarsa da əsl həqiqəti indi görürdü.
Maşını həyətə salıb, evə qalxdı. Gülərin səsi mətbəxdən gəlirdi.
-bəs atan soğan almadı?
Elə bu vaxt Hikmət mətbəxin qapısında göründü. Gözləri qıpqırmızı qızarmış və özünü güclə tuturdu. Hikmətin bu cür halı Güləri bir az təşvişə saldı.
-Hikmət, yaxşısan?
Hikmət addım-addım ona sarı getməyə başladı. Gülər mat bir şəkildə ona baxırdı. Hikmət Gülərə çatıb, onun üzünü iki ovucu arasına aldı və dimdik gözlərinin içinə baxaraq :
-Gülər, məni bağışlaya bilərsən?
Hələ də nələrin baş verdiyini başa düşməyən Gülər təəccüb içində gözünü o yan bu yana qaçırır, tez-tez udqunurdu...
-Hikmət, sənə nə olub? Mən....
-heç nə demə, heç nə soruşma, sadəcə de ki, məni bağışlayırsan...!
-Hikmət...
Heç vaxt Gülərin gözlərinin içinə baxmayan, ömür boyu gözlərini onun gözündən qaçıran Hikmət indi bütün fikrini Gülərin gözlərinə zilləmişdi. Fuadın “anam hər gün ağlayır, deyir ki, soğana görədi” ifadəsi ağır bir yük kimi sinəsinə çökmüşdü. Bu yük onu az qala nəfəs almağa da qoymurdu. İllərdir onun üçün heç kim olmayan Gülərin indi sadəcə “bağışladım” kəlməsinə ehtiyacı vardı. Başqa heç nəyə!
-yaxşı, sakitləş, qurbanın olum, sakitləş...Bağışladım...Uşaqlar qorxacaq, sakitləş...
Yavaş-yavaş Hikmətin peşman olduğunu dərk edən Gülər onun boynuna sarılıb hönkürtü ilə ağlamağa başladı...
-yaxşı, sakitləş....sakitləş...
Fuadsa ağlayan bacısı-Dənizi qucaqlayıb, başını sığallaya-sığallaya astadan pıçıladayırdı:
-axı biz soğan almamışdıq...

Nihat Piriyev
13 iyun 2018
Lənkəran


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: