“Xəyanət” (novella)

“Xəyanət”  (novella) Telefonun zəng səsinə oyandım.Tural idi-uşaqlıq dostum. Demək olar ki, hər gün məni o oyadırdı yuxudan. Çarpayıda gözlərimi ovuşdura-ovuşdura yadıma düşdü ki, bu gün birlikdə kitab yarmarkasına gedəcəkdik. Saat 10-da başlamalı idi.Telefon çağırdı-çağırdı və dayandı.Tural artıq öyrəşmişdi buna.Yerimdən qalxmağım,üz-əlimi yuyub,bir stəkan çay içib,evdən çıxmağım həmişəki kimi cəmisi 15 dəqiqə çəkdi.Bir az “tökünük” adamam.

Turalla dostluğumuz bağçalıq dövrundən başlayır.O gün bu gündü elə bir gün olmur ki,bir yerdə olmayaq.Açığı biraz onu qısqanıram.Məndən kifayət qədər yaraşıqlıdır və həmişə onun yanında özümü cılız görürəm.Çünki boy fərqimiz də bir xeylidir.Amma hər ikimizin ortaq cəhətlərimiz çoxdu,bunlar içərisində sözsüz ki,birincisi kitab sevgimizdi.Elə bir yarmarka,elə bir təqdimat yoxdur ki,onu qaçıraq.
Yarmarkada hər tip insana rast gəlmək olardı,kimisi bura bəlkə də aylardır axtardığı kitabı tapmağa gəlib,kimisi marağa,kimisi də sadəcə şəkil çəkdirməyə.Artıq yarım saat içində hərəmizə 2-3 kitab seçmişdik.Ən böyük fərqimiz başqalarından o idi ki,biz xərclik pullarımızı yalnız kitab almağa sərf edirdik.Məktəb vaxtından bir çox dəliliklərimizə evdəkilərin göz yummasına da ən böyük səbəb elə bu idi.
Diqqətimi əlimdəki kitaba cəmlədiyim vaxta yanımdakı xanımın səsi məni fikrimdən oyatdı.
-bunu oxumusuz?
Əlində çox da tanış olmayan bir müəllifin kitabı var idi.Açığı bir az tutuldum,çünki bəlkə də ömründə birinci dəfə idi ki,bir xanım(həm də gözəl bir xanım)mənimlə münasibət qurmağa cəhd edirdi.Gözüm elə Turalı gəzirdi ki,gəlsin məni bu vəziyyətdən çıxarsın.Amma Tural yox idi..
-siz yaxşısız?
-həə....mən...yox,oxumamışam.
-amma mən oxumuşam,sizə də məsləhət görürəm...
-əlbəttə,mütləq...Adim Cavid..
Əlimi ona tərəf uzatdım.Sözsüz ki,bir az tələsik davranmışdım,amma iş işdən keçmişdi daha.Xanım gülməmək üçün özünü bir xeyli tutsa da daha bacarmadı və gülərək əlimə qarşılıq verdi.
-Sevda.Mən sadəcə məsləhət verdim...
-hə,mən....
-eybi yoxdu.Nəysə,mən gedim...
Bilmirəm,bəlkə də şişirdirəm,bəlkə də özümdən uydururam,amma mənə elə gəldi ki,o getməzdən əvvəl mənə göz vurdu,daha sonra geri çevrildi ,yarmarka boyunca irəllədi və yolu keçib,qarşıdakı küçədə qarışıqlıq içində yoxa çıxdı.Bir müddət getdiyi yol istiqamətində gözümü dikib qaldım.Birazdan Turalın həmişəki “ictimai” zarafatı məni oyatdı.Bu boynuma gələn şillə idi.
-yatmısan,ala?
Bayaqkı hadisə haqqında ona heç nə demədim.Bir az da şəhərdə ora-bura “avaralandıq” və evə qayıtdıq.Hə,bu arada,onun məsləhət bildiyi kitabı da almışdım.
Üstündən bir müddət keçdi.Tural artıq neçə vaxt idi ki,sevdiyi qızla münasibətləri ciddiləşdirmək istəyirdi.Atasının da bir az xəstə olması məsələni lap tezləşdirdi və axır-nəhayət,nişanlanmaq qərarına gəldilər.Bir neçə dəfə “ən yaxın dostu” kimi məni onunla tanış eləmək istəsə də razı olmamışdım.Kaş ki olaydım.
Nişan günü ən yaxın dostu kimi yanında idim.Amma qarşılaşdığım mənzərə nəinki bütün gecəni,hətta gələcək həyatımızı alt-üst edə bilərdi.Elədi də.Yarmarkada gördüyüm qız Turalın yanında və onun nişanlısı kimi dayanmışdı .Məni görüncə özünü itirməməyə çalışsa da,bir xeyli həyəcan keçirdiyini hiss elədim.Çünki özüm də eyni durumda idim.Nəysə,birtəhər o gecəni yola verdik.İçimdəki vicdan əzabı məni rahat buraxmırdı.Düzdü,mən pis heç nə etməmişdim.Amma bir az dərindən fikirləşəndə onun etdiyini “xəyanət” adlandırırdım və bu məni çox qorxudurdu.Turala nəsə deməyə ürəyim gəlmirdi,demədim də.Uzun müddət onun gözünə görsənmədim.Evləndilər.Və bu mənim dostuma ilk xəyanətim oldu.
Yeni evlərinə ilk dəfə bizi qonaq kimi çağırdılar.Getdik.Atam,anam,mən və balaca bacım.Bu onunla üçüncü görüşümüz idi.Birinci dəfə yarmarkada,ikinci dəfə nişan günü,bu da üç.Çox əzab çəkirdim və nəhayət ki,bu gecə məni içdən narahat edən hisslərimə ad verə bilmişdim:-mən onu sevirdim.Hə,mən dostumun həyat yoldaşına elə ilk baxışdaca aşiq olmuşdum.Yenə də çox ağır bir gecə oldu və birtəhər bu gecəni də yola verdim.
Günlər bir-birini əvəz etdikcə içimdəki qəribə hiss məni açıq aşkar təhdid edirdi.Bu vicdan deyildi,mən artıq vicdanımı nişan günü itirmişdim.Bunun bircə adı var idi – ona sahib olmaq ya da ki-“şəhvət”!
Ailə qurduğu üçün artıq məsuliyyətli birinə çevrilən Tural ticarət mərkəzlərinin birində mühafizəyə işə düzəldi.Bir gün gecə,bir gün səhər.Elə Turala ikinci xəyanəti də məhz həmin gecələrin birində etdim.Bu xəyanət o idi ki,onların evlərinin arxaya baxan pəncərəsi qarşısında dayanıb,o yuxuya gedənə qədər pəncərəyə düşən kölgəsinə tamaşa etdim.Bu da mənim üçüncü ağır gecəm idi.Amma bu dəfə o mənimlə bərabər əzab çəkmirdi.Mən tək idim.Deyərdim ki,vicdanımla baş-başa idim,amma yox,mən ora gedəndə yolda vicdanınım olan-qalan izlərini də içimdən silib atmışdım.
Ən böyük dəhşət isə yenə də həmin gecələrdən birinə təsadüf etdi..Həyətdə oturub olanları götür-qoy eləməyə çalışdığım bir vaxtda Turaldan mənə səsli mesaj gəldi:
-Cavid,tez bizə get,Sevdaya zəng çatmır,mənim şəxsiyyət vəsiqəmin seriya nömrəsi lazımdı....
Səsə bircə dəfə qulaq asdım ,amma beynimdə “o evdə təkdi” fikri dolaşdıqca hər dəfəsində fərqli-fərqli hisslər keçirirdim.İçim titrəyirdi,bütün vücüdum titrəyirdi...Telefona gələn növbəti səsli mesaja fikir vermədim və bir də onda ayıldım ki,artıq evlərinin qarşısındayam.Çox həyəcanlı və qərarsız kimi hiss edirdim özümü.Amma yolda qərara gəlmişdim ki,əvvəlcə həmin pəncərədən içəri göz gəzdirim,sonra qapını döyərəm.Pəncərə evin arxa tərəfində idi,evin arxa tərəfi isə tamamilə qaranlıq idi.Yəni burada məni kiminsə görməsi qətiyyən mümkün deyildi.Pəncərəyə çatanda ayaqlarımın yavaş-yavaş tutulduğunu və boğulma hissinin məni bütün bürüdüyünü hiss elədim.Məni bu hala salan qarşılaşdığım gözlənilməz mənzərə oldu.Onun yanında başqası var idi...
Bir müddət donuq bir şəkildə dostumun həyat yoldaşının və mənim sevdiyim qadının bizə xəyanət etməsinə tamaşa etdim.Biz hər ikimiz eyni anda ,eyni adam tərəfindən xəyanətə uğramışdıq.Əsl “dost” kimi.Məni özümə qaytaran Turalın qapını açması və “Sevda” deyə bağırması oldu.Gözləri qanla dolmuş dostum cəmi beş dəqiqə sonra gözümün qarşısında mətbəxdən gətirdiyi ət baltası ilə hər ikisini tikə-tikə doğradı...

Bu dəhşətli mənzərə məni o qədər qorxmutmuşdu ki, gözümü pəncərədən çəkə bilmirdim, boğazım, nitqim, ayaqlarım qurumuşdu. Bütün vücudum qurumuşdu. Amma Turalın dəhşətli səsi,söydüyü söyüşlər mənə əsl “şillə” təsiri bağışladı və pəncərədən addım-addım geri çəkilərək,özümdə birtəhər güc tapıb evə çatana kimi arxama baxmadan qaçdım.Yarım saata yaxın soyuq suyun altında-duşda hərəkətsiz qalıb,olanları həzm eləməyə çalışdım. Deyəsən,bacardım da. Daha sonra bayaq telefona gələn ikinci səsi açdım, bu Tural idi:

-Cavid,özüm icazə aldım, gedirəm evə...
Cavabımda yazdım ki, ”şəhərdə deyildim,indi gəlirəm”.
Və bu mənim dostuma üçüncü, həm də sonuncu xəyanətim oldu.

Nihat PİRİYEV,
8 iyun 2018,
Lənkəran


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: