Hüseyn FAXRALI: "Mənim eşqim bir bulaqdı..."

Hüseyn FAXRALI: "Mənim eşqim bir bulaqdı..." Hüseyn Faxralı
(Hüseyn Aslan oğlu Hüseynov)

1959-cu il iyulun 21-də
qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində anadan olub.
1966-cı ildə Faxralı kəndində Şahbuzlu İbtidai məktəbinin
I-ci sinfinə gedib.
1969-1974-cü illərdə Faxralı kənd 8 illik məktəbində oxuyub.
1976-cı ildə Faxralı kənd orta məktəbini bitirib.
Həmin ildə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə universitetin tam kursunu bitirərək, riyaziyyatçı ixtisasını alıb.
Azərbaycan Respublikasının Müharibə veteranı, istefada olan polkovnik-leytenantdır.
Hazırda təqaüdçüdür. Evlidir. 3(üç) övladı var.
Şeirləri ZiM.Az saytənda və "ZİRVƏ" Poeziya antologiyasında çap olunub.
Aşağıda Hüseyn Faxralının bir neçə şeirini dəyərli oxucularımıza təqdim edir və şair qardaşımıza
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


Sazla, sözlə oynar sinəm

Mənim eşqim bir bulaqdı,
Bulaq kimi qaynar sinəm.
Körük kimi qalxar, enər,
Odla, közlə oynar sinəm.

Dərdli durna dəstəsidi,
Mahnı, muğam bəstəsidi,
“Yetim segah” xəstəsidi,
Könlüm istər oy nar sinəm.

“Yurd yeri”ndən yaralıdı,
İnanmırsan oy, yar sinəm.
Borçalıdı, haralıdı ?
Sazla, sözlə oynar sinəm.

Bağrım şan-şan "Məmmədbağrı",
Axşam artar acı, ağrı,
A “Faxralı zarıncı”sı,
Ahu – zarla oynar sinəm.
14.10.2016


Ay başıbəlalı, ilk məhəbbətim

(Məhəbbət mövzusunda yazılmış bu şeir
eloğlum, qonşum İlham Borçalının
sifarişi əsasında qələmə alınmışdır).


Apardın ağlımı, a cənnət quşum,
Məhəbbət şerini yaz dedi qonşum,
Uçmuşdu başımdan ondakı huşum,
Ay başıbəlalı, ilk məhəbbətim.

Mənim olmalıydın, ancağ olmadın,
Yaxama sancılıb, sancağ olmadın,
Sancağa düzülmüş muncuğ olmadın,
Ay başıbəlalı, ilk məhəbbətim.

Bu şirin canıma sən qəsd eylədin,
Mey verdin, nuş etdim, sən məst eylədin,
O vaxtdan sərxoşam, sərməst eylədin,
Ay başıbəlalı, ilk məhəbbətim.

Ay boyu - buxunu bəstə gözəllər,
Siz dərsdən çıxanda dəstə gözəllər,
Gözlərim boy süzər, neçə göz əllər
Ay başıbəlalı, ilk məhəbbətim ?

Çıxardım, durardım yolların üstə,
Boynumu burardım qolların üstə,
Xatirə yazardım xalların üstə,
Ay başıbəlalı, ilk məhəbbətim.

Surətin gözümdə, şəklin sinəmdə,
O pünhan sirrini saxlar sinəm də,
Quruyub gözümdə göz yaşım, nəm də,
Ay başıbəlalı, ilk məhəbbətim.

Ömür–gün keçdikcə sən yaşa doldun,
Yəqin ki, gül kimi saraldın, soldun,
Gəncliy əldən getdi, pərişan oldun,
Ay başıbəlalı, ilk məhəbbətim.

Uçdu sevgimizin durna qatarı,
Gileyli olsam da mən səndən sarı,
Yaşa öz yarınla, baxtından yarı,
Ay başıbəlalı, ilk məhəbbətim.

Bilmirəm dərdimi kimə söyləyim,
Gücüm çatmır vaxt, zamanı əyləyim,
Səni mənə vermədilər, neyləyim,
Ay başıbəlalı, ilk məhəbbətim.

Sən bir el qızıydın, mən də el oğlu,
Ayağnın altında kəsərdim toğlu,
Yarım da olmadın, oldum yad oğlu,
Ay başıbəlalı, ilk məhəbbətim.

Ayrılan günündən, ay başıdaşlım,
Qəlbimə toxundun, ay qələmqaşlım,
Necədi halların, ay gözüyaşlım,
Ay başıbəlalı, ilk məhəbbətim ?

Yazdım bu şerimi yazda oxunsun,
Aşıqlar dilində, sazda oxunsun,
Məhəbbət hekayəm eldə car olsun,
Ay başıbəlalı, ilk məhəbbətim.
19.10.2017


Dağ yadıma düşəndə

O qədər möhnəti çəkmişəm mən də,
Möhnətin izləri möhür sinəmdə.
Qalxmışam dumanda, çökmüşəm çəndə,
Navalça gözümdə, nohur sinəmdə.

Gözümdə qəm - qüssə, göz yaşı acı,
Qəlbimə qəhətdi, sevinc möhtacı,
Bəlalar başımın olubdu tacı,
Qovuran, yandıran hicranın sacı.

Mərmərdən döşənsin məzara yollar,
Eh, kimə qalası milyonlar, dollar?
Həsrətlə Vətənə uzanan qollar,
Alışıram, yurd yadıma düşəndə.

Ulduzlu gecələr, Aylı gecələr,
Payızlı gecələr, yaylı gecələr,
Yazı toy – düyünlü, nazlı gecələr,
Sizdən ayrı ah – vay yatır sinəmdə.

Mən deyim, sən dinlə, ay quşəppəyi,
Quzqulaq, qulançar, yemliy özəyi,
Bənövşəm, nərgizim, çöllər bəzəyi,
Açılanda cana gələr binəm də.

Bənövşəm bənzəri çox gördüm güllər,
Dərmədim onun tək köynəyi tüllər,
Dəli – divanəyəm, dənli sünbüllər,
Dilim gəlmir tərifləyəm, dinəm də.

Hüseyn, bağ-bağça da, bar da görmüşəm,
Quzeydə qırov da, qar da görmüşəm,
Yaxşı da, yaman da, dar da görmüşəm,
Darıxıram, dağ yadıma düşəndə.
22.10.2014


Ay bənövşə

Niyə qaçıb rəngin, ruhun,
Ağrın alım, ay bənövşə ?
Sağa – sola tellərini
Dara yana, yay bənövşə.

O nə yaşdı yanağında ?
Sözmü donub dodağında?
Özüm ölüm qabağında,
Yoxdu sənə tay bənövşə.

Bircə - bircə tellərini,
Saçlarını say bənövşə.
Yanağından bircə busə
Versən nolar pay bənövşə.

Saçlarımın çal vədəsi,
Ürəyimin xal, zədəsi,
Çağlayar çeşmələr kimi
Çeşmim yaşı çay bənövşə.

Sən baharda açan vaxtı,
Ənbər, ətir saçan vaxtı,
Mən dünyadan köçən vaxtı
Ömrüm olar zay bənövşə.
01.04.2017


Hüseyn FAXRALI: "Mənim eşqim bir bulaqdı..."
YEL DAĞINDA...

Görürəm ki, yaz fəslidi,
İlin - günün saz fəslidi,
Sarı nərgiz nəfəslidi,
Gül qoxuyur, gül Borçalı.

Vətənim cənnət qoxuyur,
Güllərdən çələng toxuyur,
Qaz susur, bülbül oxuyur,
Gül qoxuyur, gül Borçalı.

Yel dağında yanı üstə
Uzanıb MÜŞFİQ BORÇALI,
Yan - yörəsi bönövşələr,
Gül qoxuyur, gül Borçalı.


~~~~~~~~~~~~~~

Hüseyn HÜSEYNOV,
23.07.2016, 23:11.




Hüseyn FAXRALI: "Mənim eşqim bir bulaqdı..."



İşığ üzü görübdü
səndə bir şerim mənim.
Gün üzümə gülübdü
İşığ, nur, "ZİYA"m mənim!..


Qeyd: ZiM.Az - "ZİYA" İnformasiya Mərkəzi
nin nəşr etdiyi Poeziya antologiyası nəzərdə tutulur.






Müşfiq Borçalı

Müşk - ənbər ətirli müjdələr gəlir,
Qələm də, varağ da, mən də sevinir.
Xoş xəbər dalınca xoş xəbər gəlir,
Mən sözə müştağam, Müşfiq Borçalı !

Təmənna ummayan ziyalısan, sən,
Bir sərraf sayğılı, sayalısan, sən,
Maşallah, Borçalı mayalısan sən,
Mən saza müştağam, Müşfiq Borçalı !

“ZİYA”da müstəsna mövqeyin vardı,
Günəş öz nurunu saçar, yayardı,
İşığsız bir dünya başıma dardı,
Mən nura müştağam, Müşfiq Borçalı !

Səsimə səs verən, səs – sədasan sən,
Zamanla yetişmiş vaxt – vədəsən, sən,
Yaxşı ki, «zim.az»da, “ZİRVƏ”dəsən sən,
Mən Sizə müştağam, Müşfiq Borçalı !



Ay Rəşid məllim

Yamyaşıl geyinib dərə, təpə, düz,
Hayana baxırsan göz oxşayır, göz,
Nə qədər şəninə yazsam, desəm söz,
Yenə də doymaram, ay Rəşid məllim!

Biçənək biçilib, xallanmayıbdı,
Çöllərin otu da çalınmayıbdı,
Lalənin yanağı allanmayıbdı,
Yemliklər gəl deyir, ay Rəşid məllim!

İndi süpürgələr çiçəkləyibdi,
Südləyən, süsənlər sünbülləyibdi,
Çiyələk allanıb, yetkin, dəyibdi,
Əmliklər gəl deyir, ay Rəşid məllim!

Meşəyə, ormana, o kollara bax,
Cığıra, izə bax, o yollara bax,
Vətənə uzalı bu qollara bax,
Di gəl köks ötürmə, ay Rəşid məllim!

Heç yaddan çıxarmı bizim Tənəkli,
Gəlin, qız, gözəllər beli sənəkli,
O Qızılqayanın qızılı şəkli,
Gözümdə həkk olub, ay Rəşid məllim!

Meşənin göylüyü gözümə çöküb,
Alovum, ocağm, közümə çöküb,
Üzüntü, iztirab üzümə çöküb,
Çönməyib heç üzüm, ay Rəşid məllim!

Aşırım, keçiddə, bərələrdədi,
Kəkliklər, kəhərlər, kərələrdədi,
Xəyalım qaranlıq dərələrdədi,
Dərd məni götürüb, ay Rəşid məllim!

Düzülüb sinəmdə söz sətir – sətir,
Göy buludlar başım üstə göy çətir,
Yarpızın ətiri, o yağlı fətir,
Hardadı o dad-tam, ay Rəşid məllim?!

*Qeyd: Əliyev Rəşid Əli oğluna xitabən.



Ömrümdən sil ahlarımı

Adəm də adamdı, mən də adamam,
O sənə yaxındı, bəyəm mən yadam?
Şad-xürrəm dünyada gör necə şadam,
Ay Allah, anladım, bil ahlarımı!

Məhəmməd hümmətim, İslamdı dinim,
Miflərə inanclı milyonum, minim,
Kitaba sığışmaz küdurət, kinim,
Susmasın, söyləsin dil ahlarımı!

Sinəm çox sirlərə qapalı zindan,
Xaraba xaniman, xapalı zindan,
Özünə tay, həmdəm tapalı zindan,
O zinhar, o zillət, zil ahlarımı!

Nə yazdı, nə yaydı, nə də zimistan,
Tağları saralmış, viranə bostan,
Bülbülü, həm gülü zardı gülüstan,
Yükləsən çəkənməz fil ahlarımı !

Dərd birdimi, ikidimi, sanı yox,
Cəfa canda dərya, ümman, canı yox,
Qayğılar da qalaq – qalaq, qanı yox,
Axıtmaz Kür, Araz, Nil ahlarımı !

Bir üzü siyahdır, bir üzü bəyaz,
Bir üzü sazaqdır, bir üzü ayaz,
Bir üzü üzdəndir, bir üzü dayaz,
Limanda lığ gəzmə, - lil ahlarımı !

Neyliyim, ney səsi yandırır yaman,
Təsəlli verməyir təşnəmə zaman,
Gəncliyə güc gəlir gücsüz bir güman,
Yellər də sovurur kül ahlarımı !

Bu ürək də bir balaca nimçədir,
Tüstü nə, tül nədir, tükdən incədir,
Sanma ki, saralmaq ürəyimcədir,
Soyuqluq soldurur gül ahlarımı!

Yağının yarağı yağ içindədi,
Dinsiz - imansızlar bağ içindədi,
Dad – aman dadanlar dağ içindədi,
Götürməz nə Yer – Göy, Mil ahlarımı !

Oğuz, qırğız, qıpçaq, özbək, türkmənəm,
Tərki - dünya, tərki - silah tək mənəm,
Tərki – Vətən, tərtəmizcə türk mənəm,
Ölüncə ömrümdən sil ahlarımı!
22.10.2013


Zəlimxansız qaldı dünya

Başa düşən, anlayana
Şirin, şəkər, baldı dünya.
Onu qanıb, duymayana
Laqeyd, dinməz, laldı dünya.

Memar kimi misraları
Cilalayıb, yona – yona,
Qucağ açdı şair ona,
Şahmar kimi çaldı dünya.

Fərman yazan qələm, lələk,
Hara baxır məsum mələk ?
Can alanda zalım fələk,
Elə sandı Zaldı dünya.

Dərə, təpə, dağlı, düzlü,
Köksü kömür, küllü, közlü
Sinəsi də sazlı – sözlü,
Zəlimxansız qaldı dünya.
09.01.2016


Yaxasından

Gül açıb döşündə düyünlü qönçə,
Çırtlayıb çıxıbdı tər yaxasından.
Yaz ayları açılanda düymələr
Əllərim, əzab çək, dər yaxasından.

Nə biçin vaxtıdı, nə çin vaxtıdı,
Dağların dumanlı, sis, çən vaxtıdı,
Durnalar köç edən, keçən vaxtıdı,
Ləl eylə lələyin, sər yaxasından.

Yaralı durnayam, çöl – çöl gəzərəm,
Qol açıb üzməyə göy - göl gəzərəm,
Nə bir gülü incidərəm, əzərəm,
Keçəndə köynəyin zər yaxasından.

Çiçəklərin nazın çəkən arıyam,
Zəmilərdə süsən, sünbül, darıyam,
Həqiqət meyarı, söz memarıyam,
Seçirəm sözlərin tər, yuxasından.

Cilalaram çıxan sözü dilimdə,
Yalan desəm yanar, yaxar dilim də,
Çürüyəndə ilmə gəvə, kilimdə
Kimliyim kənar dur şər yaxasından.
18.10.2014


Aman versən

Dilə gəlib duyğularım,
Xəyallarım ələk – vələk.
Ruhum pərvazlanıb göyə,
De gördünmü onu mələk?

Göy qapısı bağlı damdı,
Sinəmdə sirli dünyamdı,
Yastığım yazı masamdı,
Əlimdədi qələm, - lələk.

Dağılsın başdan dumanlar,
Qoy keçsin daşdan gümanlar,
Dayansın dərya, ümmanlar,
Qəlbim dərdə beşik, bələk.

Ruh uçub, ilham gəlibdi,
Çıraq sönüb, şam gəlibdi,
Mey dolu bir cam gəlibdi,
Aman versən içəm fələk.
08.10.2017 20:13


Qaşla gözün arasında

Mənə layla çal qucaqda,
Sakit, səssiz, bir bucaqda
Canım yanar od – ocaqda
Daşla közün arasında.

Xumarlanar xub gözlərim,
Dünyadan olmaz xəbərim,
Dilim qalar, a dilbərim
Başla sözün arasında.

Çal laylamı, elə çal ki,
Yuxum olsun şirin bal ki,
Mən məst olum, qalım lal ki,
Çaşla düzün arasında.

Aşsüzəndi ürəyimiz,
Dərd ələyir, qəmi süzür,
Damcıları qatar düzür
Kaşla üzün arasında.

Ay ləçəyi nazik tülüm,
Yaxalayar məni gülüm,
Qəza, qədər, qəfil ölüm
Qaşla gözün arasında.

Nə dəmirik, nə də ki daş,
Yaşlanırıq yavaş – yavaş,
Hüseyn, gizlənibdi təlaş
Yaşla gözün arasında.
08.10.2016

***
Əlim qələm tutan andan
Türk dünyası, Turan dedim,
Allah dedim, Quran dedim,
Haqqa dayaq duran dedim.
20 Oktyabr,


Deyəsi nəyim var üzdədi mənim
(Səadət Butaya həsr olunur)


Həyalı, həyasız üz də görmüşəm,
Qaynar qaş altında göz də görmüşəm,
İsti, qaynar qucaq, köz də görmüşəm,
Deyəsi nəyim var, üzdədi mənim.

Udmuşam dağların saf havasını,
Sevmişəm, seçmişəm saz nəvasını,
Yarıyol qoymasın binəvasını,
Hələ var taqətim, dizdədi mənim.

Xəyalım dolanar dolanbacları,
Dolasa boynuma zil qulacları,
Şairin yuxulu, xam xəyalları,
Aranda, dağdadı, düzdədi mənim.

Türkümün baxtına yazılan yazı,
Kamandar avazı, Əmrahın sazı,
Şairin, şeirin, inan, ən azı,
Zəlimxan nərəsi izdədi, mənim.

Səadət Butasan sən də, el qızı,
Yurdumun, yuvamın “Sarıtel” qızı,
Ay qara qaşlısı, qara tel qızı,
Ələsgər əvəzi bizdədi, mənim.

Nağıllı dünyamın naz vədəsində,
Alyanaq, baldodaq qız vədəsində,
Hardaydın yaşımın saz vədəsində?
Gözəlim, gözlərim yüzdədi mənim.
06.02.2016


Nə kövrək səsin var

Ay sazım, od saçır isti nəfəsin,
Dünyada tükənməz eşqin, həvəsin,
Sənin ki, bu qədər həzindi səsin,
Nə kövrək səsin var, səsinə qurban.

Türkün sinəsində haysan-haraysan,
İşıqlı səhərim, Günəşsən, Aysan,
Könüllər fəth edən körpü, saraysan,
Nə kövrək səsin var, səsinə qurban.

Çanağın bir yana, donun da qara,
Meylini salıbsan qarlı dağlara,
Heyranam səndəki əzmə, vüqara,
Nə kövrək səsin var, səsinə qurban.

Əzəldən yaralı, yar aşığısan,
Boynuna dolanan sarmaşığısan,
Xeyrimin - şərimin yaraşığısan,
Nə kövrək səsin var, səsinə qurban.

Tellərin titrəyib, vuranda pərdə,
Qalarmı canımda taqət, təpər də ?
Hüseyni salarsan bax onda dərdə,
Nə kövrək səsin var, səsinə qurban.
28.02.2016


Yadıma düşüb, yadımdan düşüb

Çöllərin, güllərin çobanyastığı,
Bir çobanbayatı yadıma düşüb.
Dağların ağ qarı, qaymağ, qatığı,
Çörəyin boyatı yadıma düşüb

Buzovun, dananın başında çatı,
O minib çapdığım dəlisoy atı,
Obası, oymağı, eli, elatı,
Yaylağın yağmuru yadıma düşüb.

Narın - narın səpələrdi çən – çisək,
Yorulmazdıq, gün də vurub təngisək,
Boy atırdıq yollar boyu, ləngisək,
Çaylağı, çamuru yadıma düşüb.

Bələd idik cığıradək, izədək,
Lil sularda lap batsaq da mizədək,
Çırmalardıq şalvarları dizədək,
Sellərdə axdığım yadıma düşüb.

Gölləri görürəm yuxularımda,
Lap ərşə çəkilib yuxularım da,
Varlığ axtarıram yoxluqlarımda,
Qalxdığım yoxuşlar yadıma düşüb.

Məktəbə gedərdim, əlimdə çanta,
O vaxtlar yox idi kənddə də fanta,
Qızların başında bağlanan banta
Baharda baxdığım yadıma düşüb.

Mən ağır bir elin ağır oğluyan,
Dili dilim – dilim, yağır oğluyam,
Faxralı balası, fağır oğluyam,
Yaralı günlərim yadıma düşüb.

Dəyədə yatdığım, yatdığım çalım,
Dəryazı götürüm gömgöy ot çalım,
Hardadı o çağlar, anam Borçalım,
Yaddaşım korşalıb, yadımdan düşüb.
30.12.2015

Ay bənövşə

Niyə qaçıb rəngin, ruhun,
Ağrın alım, ay bənövşə ?
Sağa – sola tellərini
Dara yana, yay bənövşə.

O nə yaşdı yanağında ?
Sözmü donub dodağında?
Özüm ölüm qabağında,
Yoxdu sənə tay bənövşə.

Bircə - bircə tellərini,
Saçlarını say bənövşə.
Yanağından bircə busə
Versən nolar pay bənövşə.

Saçlarımın çal vədəsi,
Ürəyimin xal, zədəsi,
Çağlayar çeşmələr kimi
Çeşmim yaşı çay bənövşə.

Sən baharda açan vaxtı,
Ənbər, ətir saçan vaxtı,
Mən dünyadan köçən vaxtı
Ömrüm olar zay bənövşə.
01.04.2017


Kəklik

Kəkotulu, kol dibində,
A köksümü yolan kəklik.
Kəlmələri dimdiyində,
Dağı - daşı dolan kəklik.

Bülbül ötər xiyabanda,
Yurdun-yuvan biyabanda,
Xınalar barmaq, dabanda,
Bəlasını bulan kəklik.

Dörd yanın çəmən, çiçəklik,
Bağ - bağçalı, dirrik, ləklik,
Baxtı, taleyi fələklik,
Bir gülləylə solan kəklik.
07.01.2016


Gözüm çiçəklərdə qaldı

Ağlımı başımdan aldı,
Bulaqları şirin baldı,
Sular sakit, dinməz, laldı,
Gözüm çiçəklərdə qaldı.

Araya ayrılıq saldı,
Quş nəğməsi ayrı valdı,
Dağlar başı dümağ, çaldı,
Gözüm çiçəklərdə qaldı.

Bu nə halət, o nə haldı,
Qaynar çeşmə çəngi çaldı,
Ruhum xəyallara daldı,
Gözüm çiçəklərdə qaldı.

Göy guruldar, şaqqıldardı,
Fərə kəklik qaqqıldardı,
Şəlalələr şırıldardı,
Gözüm çiçəklərdə qaldı.

Yaz puçurlar pıçıldardı,
Payız yarpaq xışıldardı,
Ulduz par-par, ışıldardı,
Gözüm çiçəklərdə qaldı.

Çobanlar çobanbayatı,
Fışdırıq da, fit də çaldı,
Boz kəhərlər nalın saldı,
Gözüm çiçəklərdə qaldı.

Günəş batdı, qaş qaraldı,
Zülmət çökdü, gün daraldı,
Rəngim sapsarı saraldı,
Gözüm çiçəklərdə qaldı.

Neçə çiçək soldu, açdı,
Ay axşamlar nur da saçdı,
Yatmadım ki, yuxum qaçdı,
Gözüm çiçəklərdə qaldı.

Yaylaqlar yağmur, yağarlı,
Qarı xarlı, torpaq varlı,
O bəxtiyar, abır, arlı,
Gözüm çiçəklərdə qaldı.

Talaları al lalalı,
Cüyürlər yanı balalı,
Ceyranları ah – nalalı,
Gözüm çiçəklərdə qaldı.

Nə bayramdı, nə bazardı,
Od içində cismim nardı,
Çəkdiklərim ahu – zardı,
Gözüm çiçəklərdə qaldı.

Bir elim var toy-mağarlı,
Başı qeylü – qalmağallı,
Eniş, yoxuş, yamac, yallı,
Gözüm çiçəklərdə qaldı.

Nə döngədi, nə dalandı,
Nə doğrudu, nə yalandı,
Ömrüm odlara qalandı,
Gözüm çiçəklərdə qaldı.

Soldu getdi çiçəklər də,
Ləl dediyim ləçəklər də,
Vəfasızmış birçəklər də,
Gözüm çiçəklərdə qaldı.

Xatirələr xam, xal - xaldı,
Ürəyimə düşən xaldı,
Hüseyn, sənin dilin faldı,
Gözüm çiçəklərdə qaldı.
24.01.2016


Şirin laylaya möhtacam

Uşağ olam, atam - anam,
Yüyrükdə qıvrılam, yatam,
Onda olmaz heç bir xatam,
Şirin laylaya möhtacam.

Heç doymadım bayatıdan,
Zümzümədən, tırınqıdan,
Saz üstündə aram - aram
Şirin laylaya möhtacam.

Bələyəsən bələyimi,
Körpə kəsən kələyimi,
Yarımasın fələyimi,
Şirin laylaya möhtacam.

Gül içində gülə batam,
Çöl, çəməndə şehə batam,
Sinəm üstə ocaq çatam,
Şirin laylaya möhtacam.

Nə acgözəm, nə də acam,
Nə qızıldan taxtam, tacam,
Toxunmayın, qaynar sacam,
Şirin laylaya möhtacam.

Qara qaşa, telə basıb,
Qəddi büküb, belə basıb,
Dərd möhrünü elə basıb,
Şirin laylaya möhtacam.

Gilələnər yaş gözümdə,
Eh, səyriyər qaş-gözüm də,
Ürəy olub daş dözümdə,
Şirin laylaya möhtacam.

Bir “Zarıncı” çal ay sazım,
Avazında itim, azım,
Atam - anam çəksin nazım,
Şirin laylaya möhtacam.

Hüseyn, etmə hər an fəğan,
Vaxtsız qardı başa yağan,
O tanrım verən ərmağan,
Şirin laylaya möhtacam.
13.03.2016


Bizim Borçalının

Bizim Borçalının Ləlvər, Lökü var,
Könüllərdə kök-kömənci, kökü var,
Çəkilməz Əyriqar, böyük Babakər,
Çiynində dağların Səngər yükü var.

Babaların əl - əl gəzən əlində
Balta, dəhrə, kəsən kərki, törpü var.
Maşavera, Ehram çayı, dəli Kür,
Köpüklənib altdan axan körpü var.

Başa, daşa çaxsan başla daş yaran
Baltasının, toxasının küpü var.
Yazı güllü, qışı şaxta, boranlı,
Çovğunu var, tufanı var, tüpü var.

Qayım - qədim oba, oğuz elində,
Gözəllərin gül çələngi telində,
Nənələrin gümüş kəmər belində,
Ürəyində taqət, təpər, gürpü var.

Qalıb türkçülükdən yadigar, nişan,
Yüz illər keçsə də dəyişməz insan,
Hüseyn, adlarına bağlanan dastan
Köhnə kişilərin köhnə kürkü var.
13.03.2016


Dərdin alem
(Akif Nəsibova həsr olunur)


Xəyalından buz bulaqlar,
O turşməzə quzqulaqlar,
Dərdə dərman duzlu sular,
Qumru, qazlar, qular keçir,
Keçməsinmi dərdin alem ?

Bənövşələr saçan ətrə,
Həsrət qalıb yağlı fətrə,
Sığmaz bəndə, sığmaz sətrə,
Qəm - qüssəni qətrə - qətrə
İçməsinmi dərdin alem ?

Bahar fəsli, yaz gül açıb,
Süsən, sünbül tez gül açıb,
Köksü üstə köz bir yana,
Sinəsində saz dil açıb,
Ötməsinmi dərdin alem ?

Ay aşıq Tərmeyxan qağa,
Arandan köç edir dağa,
Hazırlaşer el yaylağa,
Sürü mələşən oylağa,
Köçməsinmi dərdin alem ?

Gözü dikilib göylərə,
Körpə fidanlar, şöylərə,
Dönübdü dəli döylərə,
Üz tutub sönük öylərə,
Dolmasınmı dərdin alem ?

Dağıdıb dumanı, çəni,
Sığallar saçda hər dəni,
Gendi sinəsi, gərdəni,
Mizrab da simi, pərdəni
Yolmasınmı dərdin alem ?

Bal sular balı Akifin,
Pərişan halı Akifin,
Açılmaz falı Akifin,
İndi bildin xəyalından
Nələr keçer dərdin alem ?
Marneuli, 13.03.2016


Qabağında ölləm, nərgiz

Nə gözəl, bahar barıdı,
Şirəni soran arıdı,
Ləçəklərin sapsarıdı,
Qabağında ölləm, nərgiz.

Darıxıram duman, çənsiz,
İlim, ayım keçir sənsiz,
Hərlənnəm başına, hərgiz,
Qabağında ölləm, nərgiz.

Yaşıldı kovtan, köynəyin,
Yer nəyindi, de göy nəyin ?
Gözümdən getməz göynəyin,
Qabağında ölləm, nərgiz.

Bənövşəm başının tacı,
O da sənə doğma bacı,
Ay çiçəyim, çəkmə acı,
Qabağında ölləm, nərgiz.

Mənim kimi xəstə səni,
Dərdim dəstə - dəstə səni,
Sevdim boyu bəstə səni,
Qabağında ölləm, nərgiz.

Sinəm şan-şan, ahı sənsən,
Əmr eləsən, mahı sənsən,
Çiçəklərin şahı sənsən,
Qabağında ölləm, nərgiz.

Mədənisən, yabanısan,
Ya Baharsan, ya Banusan,
Hüseyn üçün gülüm, busan,
Qabağında ölləm, nərgiz.
01.04.2016


Türk türkün qardaşıdır !

“Azərbaycanı “Turan üzüyünün qaşı”
adlandıran” Əmir Teymur.

Turan bir üzükdüsə,
Azərbaycan qaşıdır.
Bunu qəbul etməyən,
Gözləri götürməyən
Namərd, nadan, naşıdır !

Bu qaş ləldən, gövhərdən,
Candan, qandan, cövhərdən,
Əgər çıxsa məhvərdən,
Alçaqları məhv edən
Ağır Ağrı daşıdır !

Zəhər qatan aşına,
Xamırına, xaşına,
Lap qaşına – qaşına,
O düşmənin başına
Düşən Tanrı daşıdır !

And içirəm Qurana,
Yetişəcək zamana,
Zalım, zülüm, ziyankar
Baş əyəcək Turana,
Türk türkün qardaşıdır !
14.04.2016


Ay Dədə Camal !
(Şeir Borçalımızın dəyərli oğlu, müəllimim
professor Camal Mustafayevə ithaf olunur)

O arzudu, o istəkdi, o amal,
O dərrakə, o ağıldı, o kamal,
O dünyası cənnətməkan, xoş camal,
Dədəlik dərs dedin, ay Dədə Camal!

Hər bir şeyin əndazəsi, həddi var,
Etik norma, söz ölçüsü, səddi var,
Səcdəgahdı, dədələrin cəddi var,
Qibləm, qibləgahım sən, Dədə Camal!

Borçalımın bülbülü sən, gülü sən,
Bir dəfə görmədim yersiz güləsən,
Döndün közə, küləyə sən, külə sən,
Pirlərin pirisən, ay Dədə Camal!

Söz xəzinə, sən xiridar, ustasan,
Zirvədəsən, yüksəkdəsən, üstdəsən,
Dərya da sən, ümman da sən, üst də sən,
Ustadlar ustadı say Dədə Camal!

Qarayazı hara yazdı baxtını,
Əridərək damla-damla vaxtını,
Söz mülkündə qurdun qızıl taxtını,
Saç – saqqal ağartdın, ay Dədə Camal!

Yerişin ağırdı, duruşun ağır,
Qarlı Ləlvərimsən, ləngərin ağır,
Fərəhdən vəsf etdi Faxralı fağır,
Fəxrim, fəxarətim sən, Dədə Camal!
25.03.2012


İndi hanı ?

Ölüm haqdı Aşığ Alı,
Min hava çal, çevir valı,
Kəhərlər tökdü mıx, nalı
Kimə qaldı dünya malı,
İndi hanı ?

Ələsgərin sazı hanı,
Niyə çalmır yana – yana ?
Kamil Cəlilin qaboyu
Səs salmayır bu cahana,
İndi hanı ?

Əmrah ağlatmır ki sazı,
Kamandarın xoş avazı,
Gülabının gülab vazı
Ənbər saçmır sayrı cana,
İndi hanı ?

O Xındının xırda – xırda,
Asta – asta zümzüməsi,
Çeşmələrin pıçıltısı,
Bulaqların zümzüməsi,
İndi hanı ?

Saraclının sinəsində
Oxunmamış neçə dastan,
Aşıq Məmməd, aşıq Astan,
Tağı solmuş neçə bostan,
İndi hanı ?

İmrandilli sazla İmran,
Aşıq Əkbər, aşıq Xanlar,
Xaloğloğluyla, aşıq Cəlal,
Neçə - neçə nakam canlar
İndi hanı ?

Aşıq Mürsəl, Şəmistanı,
Hacı Nəsib, Müsəllimi,
Miskin Nəbim dil məllimi,
Beşdi, ondumu, əllimi,
İndi hanı ?

Ürəkləri tel - tel çalan
Hanı, harda Habil kaman?
Necə dözür ayrılığa
O Habilsiz qalan kaman,
İndi hanı ?

Aşıq Avdı, aşıq Sadıq
Aşıqların sultanıydı.
Şuşanı Şuşa eyləyən
Seyidi, Cabbar, Xanıydı,
İndi hanı ?

Boz günləri, boz ayları
Vurğun gəzdi dolayları.
Ölüm adlı dəhşət, kabus
Çəkdi sınağ, imtahana,
İndi hanı ?

Qılıncından qanlar daman
Fələk qəddar, dünya yaman,
Neçə - neçə azmanları
Aldı getdi, uddu zaman,
İndi hanı ?
19.05.2016


Qoynuna gələndə daşlama məni

Ay dağlar, dolanım, başına dönüm,
Yağışın, yağmurun, yaşına dönüm,
Toz-tomur, torpağın, daşına dönüm,
Qoynuna gələndə daşlama məni.

Vallah, başım dəyib çox daşdan daşa,
Qəlbə qubar çöküb, qəm qonub qaşa,
Əyri, düz gedirəm, yol çaşa – çaşa,
Qoynuna gələndə daşlama məni.

Başıma salmağa daş da qalmayıb,
Gözümdən axmağa yaş da qalmayıb,
Huş uçub başımdan, baş da qalmayıb,
Qoynuna gələndə daşlama məni.

Qurbanlıq quzuyam, mələrəm burda,
Hüseynəm, həsrətəm yuvaya, yurda,
Qoynundan uzaqda yem ollam qurda,
Qoynuna gələndə daşlama məni.
26.07.2016


Şumla, kotan, xış da birdi

Bizim dağda, binələrdə
Basasan sazı bağrına,
Ağrı qata saz ağrına,
Yazda birdi, qış da birdi.

Bulaqların zümzüməsi,
Qulağımda qarğı səsi,
Ötməyə varsa həvəsi,
Qumru da bir, quş da birdi.

Ağlım başımdan perikdi,
Köksüm başı köz, körükdü,
Sinəm xırman, şum, herikdi,
Şumla, kotan, xış da birdi.
29.07.2016


Bura Vətəndir !

Qalxar bacalardan, burular tüstü,
Qayımdı qosqoca qayalar büstü,
Qışda buz bağlayar bulaqlar üstü,
Buyurun, bu yerlər, bura Vətəndir !

Nə ünüm çatandır, əlim yetəndir,
Gözəlliyi nə gözümdən itəndir,
Torpağında hər nə desən bitəndir,
Buyurun, bu yerlər, bura Vətəndir !

Alçaq, hündür, sıralanıb dağlar da,
Bahar fəsli sellər - sular çağlar da,
Quş iliyi, can dərmanı bağlarda,
Buyurun, bu yerlər, bura Vətəndir !

Ad alıb, qazanıb şöhrəti, şanı,
Yaşıllıqlar göz oxşayır hər yanı,
Dastan olub, adı gəzir dünyanı,
Buyurun, bu yerlər, bura Vətəndir !

Sallana – sallana gəzər gözəllər,
Çiçəkləri tellərinə düzərlər,
Toyda qol qaldırıb, qoşa süzərlər,
Buyurun, bu yerlər, bura Vətəndir !

Dərdə can dərmanı, cənnət məkandır,
Mərifət, əxlaqdı, ədəb, ərkandır,
Göyləri çırağban, nə kəhkəşandır,
Buyurun, bu yerlər, bura Vətəndir !

Odur məlalım da, odur möhnətim,
Odur cəlalım da, odur hörmətim,
Qürurum, qüdrətim, odur qeyrətim,
Buyurun, bu yerlər, bura Vətəndir !

Sazında “Zarıncı”, “Məmmədbağırı”,
Yola düşər yığnaqların ağırı,
Borçalı mahalı, ellər ağırı,
Buyurun, bu yerlər, bura Vətəndir !
7/30/2016

Yaz həkim !
(“Mənim reseptimə dərman yerinə...”.
Şair Nüsrət Kəsəmənli)


Mənim reseptimə dərman yerinə,
Fələyin verdiyi fərman yerinə,
O loğman, o təbib Nərman yerinə
Borçalı, Zəngəzur, Dərbənd yaz həkim !

Bir az duyğuluyam, bir az çılğınam,
Daş bir yana, kəsəyinə vurğunam,
Kömür, külü, kösöyünə vurğunam,
Nə dedim kağıza kənd-kənd yaz həkim!

İstərsən başa yaz, istərsən daşa,
İstərsən qumruya, istərsən quşa,
İstərsən ayrı yaz, istərsən qoşa,
Rəhmə gəl birazca, bir bənd yaz həkim !

Mən bunu yazmasam partlayar ürək,
Min yerdən çat verib, çatlayar ürək,
Hüseyn, qatım - qatım qatlayar ürək,
Belə misra-misra, bənd-bənd yaz həkim !
31.07.2016


ZiM.Az




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: