Qürur və əzəmət rəmzim - FAXRALIM

Qürur və əzəmət rəmzim - FAXRALIM Qədim Borçalımızın
ən gözəl, füsunkar guşələrindən biri də mənim doğulduğum kənddir.
Doğulduğum, boyatdığım, böyüdüyüm ana Vətənim. Körpəliyim, uşaqlığım, atalı-analı dünyam mənim.
İstisi doğma, soyuğu doğma kəndim-Faxralım.

Allahın əliylə dağlarına, meşələrinə, çəmənlərinə min bir sığal çəkilmiş, güllərdən-çiçəklərdən rəngini-ətrini almış, sal qayalar, uca dağlar arasında zamanla yaşıd kəndim.


Yaşanan həyatımın ən gözəl tablosudur bu kənd, bənzərsiz, əvəzsiz, qiymətsiz bir tablosu. Qoca təbiət xəsislik etməmiş, bir rəssam məharəti ilə əsrarəngiz bir mənzərə bəxş etmişdir bizim kəndə. Diş göynədən bulaqlarını, sərin meşələrini, meyvə bağlarını, bağçalarını, füsunkar təbiətini, insanlarının qonaqpərvərvərliyini sözlə ifadə etmək üçün coşğun təbiətli şair olmaq lazımdır. Yurdumuzun hər dərəsini, hər uçurumunu, hər zirvəsini təbiət elə yaradıb ki, sanki bura doğmalar üçün möhtəşəm qala, düşmən üçün isə fəlakət yuvasıdır.
Hər fəslin xüsusi gözəlliyi var bizim kənddə. Yazda bir cür gözəllik, yayda, payızda, qışda başqa gözəllik var bu kənddə. Yaz aylarında ana təbiət qış yuxusundan ayılır. Hər tərəf yaşıllaşır, ağaclar çiçəkləyir, köçəri quşlar qayıdır öz yurduna. Hər tərəf yaşıl xalıya bürünür. Çiçəklərin xoş ətri, quşların sevinc dolu nəğməsi insanı valeh edir.

Qürur və əzəmət rəmzim - FAXRALIM Faxralının mənzərəsi yayda bir başqa aləm canlandırır göz önündə. Bu kənddə istirahət etmiş bir insan çətin ki, ikinci dəfə istirahət üçün başqa bir yerdə olmaq istəyər. Kənddən uzaqlaşaraq meşələrə tərəf getdikcə sakitlik, təbiətin sehrləyici sükutu içində uyumuş gözəlliyi insanı valeh edir. Buz kimi soyuq sulu bir bulağın yaxınlığında, meşə kənarında çadırını qurub gecələsən gecənin sakitliyini pozan böcəklərin səsi, yarpaqların xışıltısı, meşənin dərinliyindən gələn heyvanların səsi səni öz ağuşuna alıb sehrli, füsünkar bir aləmə aparar. Ulduzları əlini atanda götürə biləcəyin qədər yaxın görünən səma səni xəyallar aləminə aparacaq, nə vaxt yuxuladığını bilməyəcəksən. Səni gecənin sərin mehi bu gözəl yuxudan edə bilər, lakin insanın tüklərini ürpədən bu havada da xüsusi gözəllik var. Sinə dolusu udmaq istəyəcəksən bu havadan- sərin, gül ətirli dağ havasından. Səhər oyandıqda təbiətin bəxş etdiyi nemətlərdən yeyəcək, bulaq suyundan qaynadılmış samovar çayından içəcək və təbiətin könül açıqlığıilə bəxş etdiyi gözəlliyinə gözü dolusu baxacaqsan. Günorta quzu ətinin kababı və ağac kölgəsində istirahətin yerini verə biləcək heçnə yoxdur. Sonra təbiəti gəzər, göz yaşı kimi təmiz bulağın diş göynədən suyundan içib meşəni gəzə bilərsən.
Bu kənd hər fəsildə gözəldir. Elə ki, qızılı payız gəldi Faxralı ayrı bir cənnətə dönür. Bu fəsildə kəndin təbiətinə nəzər saldıqda gözəl bir mənzərədə bütün rəng çalarlarını görmək mümkündür. İş həyatında ayrı canlanma olur payızda. Hər tərəfdə məhsul yığımı sona çatır. Kənd əhalisi qışa hazırlığını yekunlaşdırır, tarlalar şumlanır, taxıl səpilir.
Qışda isə quşbaşı qarın yağmasına baxmağın ayrı bir ləzzəti var. Tənbəllik etməyib, soyuqdan, şaxtadan qorxmayıb evdən çölə çıxsan ayrı bir ləzzət alarsan. Təmiz, soyuq havanı sinə dolusu ciyərlərinə çəkərək ağ qar üstündə gəzsən, qartopu oynasan, xizəklə sürüşsən və bir az da şücaətlənib meşəyə ova getsən… bax onda həyatın bu kənddə nə qədər ecazkar olduğunu özünçün kəşf edərsən.
Bu kəndin dağına-daşına mərdlik, təbiətinə səxavət, düzlərinə ürəyigenişlik hopduğunu hamı yaxşı bilir və mən də bundan hədsiz qürur duyuram. Tanrı Faxralıdan həiqətən heç bir şey əsirgəməyib. Tarixən xalqımızın milli-mənəvəi dəyərlərinin, qədim adət-ənənələrinin, yüksək əxlaqi dəyərlərinin iman və güvənc yeri olub Faxralı!. Böyük rus yazıçısı Dostoyevski demişdir: "İnsan torpaqdan yaranır, torpağa gömülür". Mənim kəndimlə bağlı fikirlərim də elə bu amilə xidmət edir. Faxralı kəndinin tarixi çox qədimlərə gedib çıxır. Qoynunda doğulan hər kəs bu kəndi özünə doğma bilir, sevir, əzizləyir.
Ulu babalarımızdan, ağbirçək nənələrimizdən bu kəndə nə miras qalıbsa, o, müqəddəsdir, ülvidir. Bu müqəddəslik əsrlərin, illərin süzgəcindən damla-damla qəlblərə hopub, qəlbləri isindirir. Gələcəyə, nurlu sabaha açılan işıqlı pəncərəyə şəfəq saçır - şəfəqləndirir. Əyilməyib, alçalmayıb, düşmənə bac verməyib bu kənd. Əsirlərdən bəri igidlik simvoluna çevrilib. Ərənləri ilə öyünüb, fəxarət duyub. "İgidi olan el basılmaz"- deyib babalar da.
Hər dəfə kəndimiz barədə düşünərkən, xəyal məni əvvələ uşaqlıq illərinə aparır: səhər tezdən durub bir qarnı ac, bir qarnı tox gecə-gündüz əlləşən insanları görürəm. Zülmət gecələrdə asılı çıraq işığında səhəri diri gözlü açan insanları xatırlayıram. Çantasına bir parça quru çörək, bir az da yavanlıq qoyub bütün günü qoyun-quzu arxasında olan məsum uşaqlar gözlərim önünə gəlir və bütün gerçəkləri bu günlə müqayisə edirəm…
Bu gün mənim ulu kəndim gözəlliklər məskənidir. Bu gün mənim kəndim çıl-çıraqlarla zülmət gecələrdə bərq vurur. Sayrışan ulduzları xatırladır. Səhər tezdən əllərində məktəb çantası, məktəbə tələsən məsum uşaqlar sanki çiçək açırlar. Kənddəki işıqlı sinif otaqları, əsaslı təmir olunmuş məktəb inkişafdan xəbər verir. Bir ziyalıya, oxumuşa ehtiyacı olan kəndim indi saysız - hesabsız ali təhsilli ziyalısı, müəllimi və alimi və ilə fəxr edir. Kəndin havasını udan, suyunu içən onlarla övladı dünyanın hər yerində müxtəlif vəzifələrdə çalışır, öz işi, əməli ilə kəndin başını uca edir.
Yenə uşaqlıq xatirələri yada düşür. El yaylağa köçən vaxtlar kənd-kəsəkdə adam qalmazdı. Hərə öz tanış-bilişi, qohum əqrabası ilə köçünü yığıb yaylağa yollanardı. Atlar yəhərlənər, köç arabaları hazırlanar, üzü dağlara, yaylaqlara yol alardı. El-oba biçənəklərdə binə yerini düzəldir, dəyələrini qurardılar. Hərə gətirdiyi azuqəni açıb şirin-sirin yeyir, kimi ocaqüstü quzu pörtdəməsi bişirir, kimi samovarlara od salıb buğlana-buğlana kəkotu çayı dəmləyir, hər qayğıdan, hər qəmdən uzaq bizlərsə qayalarda kəkliklərin səsinə bənd olub, burnumuzda kəkotu ətri uşaqlığın xanlıq, sultanlıq dövrünü yaşayırdıq.
Nədən danışım, nədən yazım bilmirəm?. Bunlar hamısı həqiqətdir və bu kəndin tarixinə əbədi həkk olunub. Vətən torpağının hər daşı qəhrəmanlıq tariximizin bir sirrini özündə yaşadır. Xalqın qazandığı qələbələr də, düçar olduğu fəlakətlər də bir çox yurd yerlərində, adlarında abidələşmiş və canlı tarixə çevrilmişdir.
El – oba öz başlanğıcını yoldan götürür, yolçunu el – oba ilə qovuşduran yoldu. Faxralının yolu Gilliyin burnundan başlayır. Bu yol bütün yolların ən uğurlusudur. Bu yolun yolçuları dünyanın bütün yollarının yolçularından xoşbəxtdir. Təpənin üstünə çıxan kimi Faxralının yaşıllıqlar içində ağban evləri, möhtəşəm sarayları görünür. Bu həndəvərlər Təpələr adı ilə tanınır. Təpələr bir – birindən yaraşıqlı təpəliklər silsiləsidir. Yaz gəldimi, gül – çiçəyin ətri yolçunu yoldan eləyir. Təpələri aşandan sonra, görürsən ki, Faxralının qürur və əzəmət rəmzi olan Gözəldağı Səngər ilə uzaqdan-uzağa, zirvədən-zirvəyə görüşür, salamlaşırlar. Onlar bizdən çox-çox yüksəklikdə göylərin ənginliyinə doğru hələ də baş vurmaqda davam edirlər...

Qürur və əzəmət rəmzim - FAXRALIM Uzaqdan baxanda döyüşdən qalib çıxmış igidə bənzəyir Gözəldağı. Seyrinə çıxanların gözəllik payı, ünlü ərənlərin keşikçisidir – Səngər. Hər il bahar fəslində, yazın ilk günü qədəmlərini torpağa qoyanda, səhər-səhər, sübh tezdən Gözəldağından Səngərə tərəf boylananda həmin dağın əzəməti, qaməti aydın görünür. Gözəldağından fərqli olaraq Səngərin bitki örtüyü zəngindir, bu dağlıq massivin otuna ot çatmaz. Yaşıl örtüyə bürünmüş meşələrdəki palıd, dəmir ağac, çökə, ağcaqayın, alma, armud, alça, qoz, fındıq, əzgil ağacları isə əvəzsiz nemət və həyatımızın böyük sərvətidir.
Bu yerlərdə neçə-neçə dadı-tamı bir-birindən fərqli suyu can dərmanı bulaqlar var. Lal, sakit axan, utancaq-utancaq dərələrdən süzülərək çaylara qovuşan, qəzəbi-hikkəsi ilə torpaq çatladan, qaynaya-qaynaya yer üstünə çıxan bulaqlar. Bulaqlar da bir aləm - Göz bulağı, Bayda bulaq, Qarama bulağı, Təhməz bulağı, Baş bulaq, Gülyənəli bulaq, Kor bulaq, Qoşa bulaq və s. Qoşa bulaq dərə misallı, nazik sulu dağ çayının yaxasındadır. Dərəni keçən kimi biri digərindən yaraşıqlı, sərin sulu iki bulaq görünür. Qoşa bulağın sərin suyu can dərmanıdır, bircə qurtum içənin dizlərinin taqəti artır, yorğunluğu çıxır. Doğma yurdun hər keçidi, hər dərəsi, hər aşırımı insanı ayaq saxlamağa vadar edir.
Faxralıya şan-şöhrət gətirən onun təkcə qeyri-adi təbii gözəllikləri deyil. Onun uzaq keçmişimizə şahidlik edən çox sayda maddi-mədəniyyət abidələri var. Burada az qala hər bir daşın, hər bir təpənin, hər bir bulağın öz tarixi, öz adı var. Saysız-hesabsız toponimləri ilə məşhur olan Faxralı kəndinin, yer-yurd adlarının tarixinə varanda bəlli olur ki, bu yerlər ta qədim zamanlardan türk tayfalarının yaşayış məskənləri olmuşdur. Faxralı haqqında tarixi qaynaqlarda kifayət qədər geniş və dolğun faktlara rast gəlmək olur. Maraqlıdır ki, bir sıra türk tayfalarının tarixi hərəkat zamanı əsas dayaq nöqtələrindən biri də Faxralı olub. Bir çox qədim türk adları Faxralının dağ, düzən, dərə, kənd, arx, və sair adlarına transformasiya olunub, dilimizin əbədi yaddaşına köçüb. Əzgilli yal, Daşın boyny, Kosanın yolu, Kömürxanal, Daşdı burun, Qızılqaya, Zağalıqaya, Ballıqaya, Tək qaya, Dik qaya, Qazan qaya, Səriynə, Bejanazaran, Batdaxlı keçid və s. kimi keçidlər, bərələr bu yerlərin təbii bələdçiləridir. İnsanlara yol gəstərir, mənzil başına aparır. Belə gözəl yurd yerləri həmişə qonaq-qaralı olur.
Bəli əziz eloğlular! Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur.. Bəs Vətən haradan başlanır? – Vətən sərhəddən başlanır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Vətən məndən, səndən, ondan başlanır. Demək, sərhəd dedikdə, mən, sən, o nəzərdə tutulur. Vətən bizim yaşadığımız kənddən, şəhərdən qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlas çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, çoşqun çaylardan, mavi göllərdən başlanır.

Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır. Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata – anamız bu torpaqlarda addımlayırlar. Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsl vətəndaş ola bilməzsən. Biz ana dedikdə vətəni, vətən dedikdə anamızı düşünürük. Çünki vətən də bizə anamız qədər doğma, anamız qədər əzizdir. Ana müqəddəsliyi vətən müqəddəsliyi, vətən ucalığıdır.
Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur, heç vaxt öz təravətini və gücünü itirmir və elə buna görədir ki, insan bu sevgiyə köklənəndə dünyanın bütün gücü onun qoluna toplanır, göyün bütün işığı və nuru onun qəlbinə, fikrinə dolur. Biz də bütün qəlbimizlə ana ocağı, ata yurdumuz Borçalıya – Faxralıya, bu müqəddəs torpağa bağlı olmalıyıq. Onun fərəhi bizim fərəhimiz, onun kədəri bizim kədərimizdir. Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş isə odur ki, vətənini öz qəlbi ilə, canı və qanı ilə sevir.

Çingiz Haley oğlu Qasımov,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: