Cəlil Komradlı (1966)

Cəlil Komradlı (1966) Cəlil Komradlı (Səfərçinov) 1960-cı ildə Qəbələ rayonundakı
Yeni Dızaxlı kəndində anadan olub.
“Qəbələnin səsi” şairlər ictimai birliyinin üzvüdür.
Şairin bu günə qədər “Şəhidlər əmanəti” (2007), ”Dost gəzirəm” (2010), “Toy təranələri”(2014) və “Ana dilim”(2019) kitabları işıq üzü görüb, şeirləri oxucular tərəfindən maraqla qarşılanır və sevilir.
Aşağıda şairin bir neçə yeni şeirini təqdim edirik...

Gözlərinin sevincin kirpiklərdən çalan var

Mərdi qovmaq igidlik sayılmayır a qardaş,
Hər yatan top səsinə ayılmayır a qardaş.
Adam var ki,sevincdən bayılmayır a qardaş,
Bir çiçəyin ətrini yüz çiçəkdən alan var,
Gözlərinin sevincin kirpiklərdən çalan var.
***
Tutub əməl nişanın xəncər kimi dəstində,
Ağlı olan kiminsə gedib durmaz qəstində
Dəsti-xətti yerində , rəngi-ruhu üstündə,
Həqiqətə bənzəyən neçə cürə yalan var,
Gözlərinin sevincin kirpiklərdən çalan var.
***
Uşaq kimi deyinib ağlasa da arada,
Ürək daha tablaşmır ah-naləyə, fəryada,
Paxıllıqdan pas tutub eh...o qədər dünyada,
Haqlını haqdan edib haqsız oda salan var,
Gözlərinin sevincin kirpiklərdən çalan var.
***
İnsan insan olduğun anladıqca yetəndə,
Br-birinə əl tutur xeyrə-şərə gedəndə,
Haqlı haqsız kiməsə, bir yamanlıq edəndə,
Unutma ki, sənin də oğlun, qızın balan var.
Gözlərinin sevincin kirpiklərdən çalan var.
***
Göz dolusu hər yerdə bol olsa da hər bir şey
Baxırsan ki, bu dövran çoxlarını edıb key,
Bu dünyada özünü oda, közə vurub hey,
O dünyanın işinə can yandıran qalan var,
Gözlərinin sevincin kirpiklərdən çalan var.
***
Komradlının ürəyi yenə oda qalandı,
Hər şey ötüb keçsə də,xatirələr qalandı.
Kim deyirsə dünənin işidi ,bu yalandı,
Dünya yaranan gündən şər,böhtan var,yalan var.
Gözlərinin sevincin kirpiklərdən çalan var.


Elimizin şəhid oğlu

Şəhid General Polad Həşimovun əziz xatirəsinə


Qoy məkanın cənnət olsun.
Yolun olub haqqın yolu,
Sənə min yol yol rəhmət olsun.
*Qorxu yoxdur ər olana,
İgid, qoçaq, nər olana.
Arzusunda hər olana,
Yolun, izin qismət olsun.
*Çox sındırıb sınmaz daşı,
Yaz etmisən qarlı qışı.
Hünərinə addımbaşı,
Hörmət üstdən hörmət olsun.
*General oldun cavan yaşda,
Təpər dizdə, ağıl başda.
Keçirdiyin hər savaşda,
Dedin: dostum qeyrət olsun.
*Adın kimi möhkəm oldun,
Döyüşlərdə ötkəm oldun.
Gözə çarpan görkəm oldun,
Sözüm sənə qismət olsun.
*Fərqi yoxdur qohum ya,yad,
Ellər səni edəcək yad.
Qəbrin nurla dolsun Polad,
Yatan yerin zinət olsun.
*Düşsə də min talan qardaş,
Cəlil yazmaz yalan ,qardaş.
Bizlərə də qalan qardaş,
Xalqa elə xidmət olsun.

Azərbaycan əsgəri

Vətən sənə güvənir,unutma əsla bunu,
Ər kişinin dəyişməz nə sifəti,nə donu.
Xeyirə can atanların xeyirə calanar sonu,
Çıxıb zülmət gecədən ,aç günəşlə səhəri,
Azərbaycan əsgəri!
*
Keçən əsrin sonundan Qarabağ qan ağlayır,
Düşüb dözülməz dərdə,nə qədər can ağlayır.
Qəh-qəh çəkib gülməkdə ,zənn etmə “yan ağlayır”
Sən etmisən,axı kim bal edəcək zəhəri?
Azərbaycan əsgəri!
*
Əsrimizin Babəki,Koroğlusu ol bizim,
Hünərinlə yol açıb qəlbimizə dol bizim.
Könlümüzü şad edib,sevindir bol-bol bizim,
Aləmə bəlli olsun,qılıncının kəsəri,
Azərbaycan əsgəri!
*
Bir layiqli övlad ol,vətən adlı anana,
Sənin üçün hər zaman canı qəlbdən yanana.
Lənət deyib tarixi həqiqəti danana,
Sapla mənfur düşmənin ürəyinə xəncəri,
Azərbaycan əsgəri!
*
Uman,güman yerimiz səndən başqa yoxdu yox,
Sənə olan sevgimiz hər sevgidən çoxdu çox.
Otuz ildi canımız boş sözlərdən toxdu tox,
Yaz tarixə adını,daha qazan zəfəri,
Azərbaycan əsgəri!
*
Ağdam, Laçın, Kəlbəcər, Şuşa kimi qalamız,
Dığaların əlində, gör necədir halımız.
Hər gün şəhid olmaqla, neçə igid balamız,
Canı əldən gedənin, heç qalarmı təhəri...
Azərbaycan əsgəri!
*
Mən bilirəm tez ya gec, deyəcəksən sözünü,
Sənə kəm baxanların, oyacaqsan gözünü.
Sübut edib dünyaya, kimliyini, özünü,
Yenə Oğuz baban tək, olacaqsan bəşəri,
Azərbaycan əsgəri!
*
Bayrağımız o zaman, yüksələcək daha da,
Xalqımız son verəcək, naləyə də, aha da.
Dua edib Cəlillər, bir olan Allaha da,
Haqqınızda yazacaq, ən qiymətli əsəri,
Azərbaycan əsgəri!
Azərbayca əsgəri!

“Qərar tutdum”

(Allah Bəhmən Vətənoğluya rəhmət eləsin)


Açginən ey gül qucağın, gəlib orda qərar tutum,
Hicranın, həsrətin qəlbin,dəlib orda qərar tutum.
*
Bir sevğidən yetim kimi, qoy sığınım kuyinə mən,
Qucağını behişt, cənnət bilib orda qərar tutum.
*
Neçə vaxtdır firqətində ağladırsan məni zar-zar,
İmkan elə göz yaşımı, silib orda qərar tutum.
*
Ələ salıb daşa basıb, çox gülübdü əğyar mənə,
Mən də ona qoy doyunca, gülüb orda qərar tutum.
*
Yüz dərdim, yüz qəmim ola, qıymaram heç birin sənə,
Sevincimi sənlə bol-bol, bölüb orda qərar tutum.
*
Komratlını ahıl vaxtı, həsrət qoyma qucağına,
İcazə ver, heç olmasa, ölüb orda qərar tutum./Cəlil Komradlı/

Gəlin unutmayaq

Ana göz nurudur, ata baş tacı,
Gəlin unutmayaq bu həqiqəti.
Onlarsız bir həyat zəhərdən acı,
Şübhə eyləməyək bu işə qəti.
*
Etiraf edək ki, gələndə adı,
Artır ağzımızın ləzzəti, dadı.
İstərəm izləyə hər bir övladı,
Atanın,ananın saf məhəbbəti.
*
Nə qədər ki,gedib gəlir nəfəsin,
Sönməsin bu eşqə,Cəlil həvəsin.
Atanı,ananı sevməyən kəsin,
Kim görüb həyatda ola qisməti ?

Cəlil Komradlı,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: