DARVAZLI Nizami LƏZGİYEV (1950)

DARVAZLI Nizami LƏZGİYEV (1950) Tanış olun:
Ləzgiyev Nizami Yusub oğlu - 21 sentyabr 1950-ci ildə
qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının
Bolnisi rayonundakı Darvaz kəndində kolxozçu ailəsində
dünyaya göz açıb.
1957-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə daxil olub
və həmin məktəbi 1967-ci ildə medalla bitirib.
1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı
Dövlət Universitetinin) Kimya fakültəsinə daxil olub.
1972-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirib.
1972-1974-cü illərdə təyinatla Qax rayonunun Almalı kəndi
müəllım
vəzifəsində çalışıb.
1974-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda
(indiki AzTU-da) “Analitik kimya və kimya texnologiyası” kafedrasında
kiçik elmi işçi vəzifəsində işləyib.
1975-1978-ci illərdə həmin kafedranın əyani aspirantı olub.
1986-cı ildə “Viniltsikloheksil və onun törəmələrinin malein anhidridi ilə növbəli radikal birgə polimerləşməsi“ mövzusunda dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi alimlik adına layiq görülüb.
1979-cu ildən Azərbaycan Politexnik İnstitutunun Gəncə filialının “Kimya” kafedrasında baş
laborant, assisent, baş müəllim, dosent
vəzifələrində çalışıb.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dosent vəzifəsində çalışır.
Hazırda UNEC-in “Fizika və kimya” kafedrasının dosentidir.
8 dərslik, dərs vəsaiti, 60-dan çox elmi məqalə və tezisin müəllifidir.
Üç övladı və nəvələri var.
Nizami Ləzgiyev həm də poeziya, saz-söz vurğunudur. Hələ tələbəlik illərindən şeirlər yazır.
Şeirləri müxtəlif mətbuat orqanlarında, o cümlədən, "Ziya", "Şərqin səsi", "Elm və təhsil" qəzetlərində,
"Zirvə""Sazlı-sözlü Borçalı" poeziya antologiyalarında,
ZiM.Az, Zirve.info, Vetenim.az, Borcali.org və s. saytlarda dərc olunub.
Biz də Nizami Ləzgiyevə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini
dəyərli oxucularımıza təqdim edirik!..


Müşfiq BORÇALI,
ZiM.Az



DARVAZLI Nizami LƏZGİYEV (1950) DARVAZLI Nizami LƏZGİYEV (1950) DARVAZLI Nizami LƏZGİYEV (1950) QUYUBULAQ

Dostlarla görüşüb
gəldik yanına,
Bizi cəlb elədin
öz oylağına.
Uzaq yol qət etdim
mən sorağına,
Görüşünə gəldik,
gen Quyubulaq.

Çoxdandır gəlmirdim,
xəbərsiz idim,
İşim rəvan idi,
kədərsiz idim,
Buraya gəlməyə
ümidsiz idim,
Görüşünə gəldik,
şen Quyubulaq.

Burada gözəllik başıma vurdu,
Əsdi meh küləyi, qaşıma vurdu,
İçdik sərin sudan dişimə vurdu,
Görüşünə gəldik, şən Quyubulaq.
12.08.2014.


GÖYƏRÇİN

Eyvanıma pənah gəldin,
Mənə əziz qonaq gəldin,
Düşündüm ki, soraq gəldin,
Günün nəbzi göyərçinim!..

Necə gözəl bənzərin var,
Yaraşıqlı gözlərin var,
Bəlkə mənə sözlərin var,
Sülhün rəmzi göyərçinim!..


Yeni ildə qar yağıbdır!..

Yeni ildə qar yağıbdır!..
Bürünübdür düm ağ hər yan,
Necə gözəl mənzərədir,
Nə yatmısan dur qalx, oyan,
Hər yan bütöv ağarıbdır,
Yeni ildə qar yağıbdır!..

Çıx bayıra seyrə dalaq,
Bu yerlərə nəzər salaq,
Qaçaq hərdən ora-bura,
Qar topu ilə vura-vura,
Hər yan bütöv ağarıbdır,
Yeni ildə qar yağıbdır!..

Yeni ilin səxavəti,
Bir andaca üzə çıxdı,
Yağan qarın qalınlığı,
Bayırdaca dizə çıxdı,
Hər yan bütöv ağarıbdır,
Yeni ildə qar yağıbdır!..
Bakı 01.01.2016


Qəhrəman ZİYA!...

Elimin-obamın dəyərli oğlu
məşhur xeyriyyəçi
Ziya Abbasova
ithaf edirəm


Xeyirxah əməlin qaynasın, daşsın,
Geniş sədaların ölkələr aşsın.
Doğma kəndin abadlaşsın, qoy coşsun,
Elin qeyrətisən, qəhrəman Ziya.

Elin, oban üçün alışıb yandın,
Gördüyün işlərdən sən ilham aldın.
Bu qədər qayğını sən azmı sandın?
Elin hörmətisən, qəhrəman Ziya.

Parlaq günəş olub şölə saçırsan,
Keçilməz yerlərə yollar açırsan.
Xoşbəxt gələcəyə imza atırsan,
Elin sərvətisən, qəhrəman Ziya.

İnsanlığın zirvəsinə qalxmısan,
Müdrik olub şan-şöhrətə çatmısan.
Bil ki, neçə savab işə batmısan,
Elin mərifətisən, qəhrəman Ziya.
12.08.2014.


Bax: "Şərqin səsi" və
"Elm və Təhsil" qəzetləri,
N: 32 (302),
28 fevral, 2015-ci il, səh.28;
N: 13 (313) yanvar, 2016-cı il, səh.12.



Zəlimxan oldu!..

Zəlimxan od-alov oldu!..
Çox andırdı ananları,
Onun sonsuz dərinliyi,
Məyus etdi “yananları”!..

O qəflətən külək oldu!..
Güclü əsdi, iti kəsdi.
Onu sevən insanların,
Məhəbbəti ona bəsdi!..

O bəzən də şaxta oldu!..
Söz eşitdi nadanlardan,
Nə gözləmək olardı ki,
O naxələf adamlardan!..

O həmişə günəş oldu!..
Şölə saçdı bu ellərə,
Onun gözəl misraları,
Çox yaraşdı o tellərə!..

O nəhayət yuxu oldu!..
Nələr etdi, nələr gördü?..
Süzgəcdən keçirməklə,
O sözlərdən pətək hördü!..

O həyatda dahi oldu!..
Düşündürdü hər bir kəsi,
Ömrü qısa olsa belə,
İtməyəcək onun səsi.
12.01.2016.


Nəzrin yaşın mübarək!

Nəzrin yeni qönçədir,
Bahar ona xonçadır.
Ikisi birgə boxçadır,
Sevinəsən sən gərək!
Nəzrin yaşın mübarək!

Nəzrin neçə göyçəkdir,
Bahar açan çiçəkdir.
Ikisi birgə ləçəkdir,
Öyünəsən sən gərək!
Nəzrin yaşın mübarək!

Atan sədaqətlidir,
Anan ləyaqətlidir.
Xalan geniş qəlblidir,
Güvənəsən sən gərək!
Nəzrin yaşın mübarək!


Mənim atam

Heç savadın olmamışdır,
Attestatın dolmamışdır.
Gülər üzün solmamışdır,
Niyə soldun mənim atam!..

Sənsiz bir an olmamışdıq.
Səndən ayrı qalmamışdıq.
Ayrılıqdan ağlamışdıq,
Necə oldun mənim atam!..

Xatirələr yadda qalmış,
Bizi ağuşuna almış.
İlk öncə atamı anmış,
Niyə söndün mənim atam!..


Sənin kədərinə mən şərik oldum!

Qəflətən eşitdim acı bir xəbər,
Səni yaxalamış amansız kədər.
Beləcə boşaldım bəzən də doldum,
Sənin kədərinə mən şərik oldum!..

O anda mən sənə çata bilmədim,
Sənin kədərinə bata bilmədim.
Beləcə saraldım, bəzəndə soldum,
Sənin kədərinə mən şərik oldum!..

Qəlbimi odlara yaxa bilmədim,
Sənə mən yaxından baxa bilmədim.
Beləcə kövrəldim, bəzən də yandım,
Sənin kədərinə mən şərik oldum!..


LƏTİF BULAĞI

Lətif intizarı yandırır indi,
Onun ruhu gəzir, andırır indi,
Yaddan çıxmamışdır qandırır indi,
Dərədə çağlayan Lətif bulağı.

Lətif istəyənlər ağlayır indi,
Onun ayrılığı dağlayır indi,
Lətif qohumları bağlayır indi,
Dərədə gurlayır Lətif bulağı.

Lətif yadigarı dəyişdi indi,
Onun gey-güzarı sovuşdu indi,
Lətif arzusuna qovuşdu indi,
Dərədə sızlayır Lətif bulağı.


DARVAZLI Nizami LƏZGİYEV (1950) KƏKOTU

Daşların qoynunda bir yuva qurdun,
Dağların bəzəyi – imzanı vurdun.
Dağlar keşiyində çox möhkəm durdun,
Dağların vüqarı, sözü kəkotu!..

Kiçik təpəçiklər sənə dayaqdır,
Açdığın çiçəklər daim oyaqdır.
Dağlara qalxırıq bizə soraqdır,
Dağların sovqatı, gözü kəkotu!..

Ətrinlə hamını çox sevindirdin,
Bizləri həvəslə xeyli gəzdirdin.
Nəhayət məni də artıq dindirdin,
Dağların ilqarı, nazı kəkotu!..

Nizami LƏZGİYEV,
ADİU-nin dosenti
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: