Dilşad Fəqanın şeirləri

Dilşad Fəqanın şeirləri Bağışla...

Bağışla, bilməmişəm,
Mən özüm də bilmədən
Qəlbinin içindəki
Közləri qoparmışam...
Həsrətli bir nəğmənin
Ən gözəl sözlərini
Ruhuna hopdurmuşam.
Sızlayan bir kaman tək
Elə hey çalınmışam...
Çalındıqca mən səni
Səni, səndən almışam...
Bağışla, bilməmişəm
Qəlbinin yarasını
Bilmədən göynətmişəm...
Danışdıqca dərdini
Təzələyib neçə yol...
Yenidən bitirmişəm...
Kədərini artırıb
sən demə dərd vermişəm...
Mən özüm də bilmədən
Bir həzin nəğmə olub,
Səninçün səslənmişəm...
Bəlkə ruhun da bezib
O nəğmənin səsindən
Könlün qaçmaq istəyib
Onun zümzüməsindən...
Bağışla, bilməmişəm
Qəlbin kamanmış demə
Kim bilir, o neçə yol
Sızlayıb tellərində?
Fəryad edib, ağlayıb
Yol gözləyib, dözməyib
Ruhunun qonağına
Gözəl misralar deyib...
Sətirində oxşayıb...
Bağışla, bilməmişəm
Axı, necə kor olub
Mən gözümü yummuşam
Qəlbindəki yaranı
Mən necə unutmuşam...
Bilirdim bu baxışlar
Dərdlidir, kədərlidir
Sənin qəlb evindəki
O gözlərin nəmlidir...
Bilirdim, viran olub
Çoxdan könül otağın
Sevinmir, üzü gülmür
Həsrətdən könül bağın...
Lap uzaqda evində
Tənhasan təksən hələ
Gözləyirsən nə vaxtsa
Bəlkə də bir gün gələ...
İsinməyir ürəyin
Tükənməyir dərdlərin...
Qonaqsan öz evində,
Yadsan sənə canından
Ürəyindən yanana...
Ruhun cisminə sığmır
Səsləndikcə o kaman
Sən də kövrək olursan
Ağlayırsan o zaman...
İstəyirsən baş alıb
Yolda, izdə itəsən
Onun gəldiyi yolda
Bənövşə tək bitəsən...
Sızladıqca o kaman
Göz önündə canlanır...
Xatirələr dil açır,
Yollarına boylanır...
Bağışla bilməmişəm,
Səni qəmləndirmişəm,
Qoparıb qəlbindəki
Yaraları eşmişəm...
Bağışla bilməmişəm,
Kövrəltmişəm mən səni
Qəlb evinin içində
Göyərtmişəm həsrəti...
Bağışla, bilməmişəm...
Səni sənsiz sevmişəm...
Sənə verib qəlbimi
Həsrətindən bitmişəm...
Bağışla... bağışla sən
Səni vaxtsız sevmişəm...
Həyatına gələndə
İcazəsiz gəlmişəm...

Yaşamaq həvəsi

Dağılmış fikirlər alıb köksünə
Dalmışam...
Yenə də qəm dənizinə...
Təbiət ətrini ruhuma sərir
Ağaclar yamyaşıl...
Yenicə açılan yarpaq düyünü...
Var ol... yaşa deyir, ümid var hələ...
Ruhumu oxşayır bir çiçək ətri
Könüldən boy atır, cücərir ümid...
Haradasa sevinir bir körpə uşaq
Dünyadan xəbərsiz,
məndən xəbərsiz...
Gülüşü titrədir insan ruhunu
Həyat gözəlləşir gülər gözündə
Körpə simasının məsum çöhrəsi
Bəxş edir insana yaşamaq eşqi...
Ruhumu oxşayır gur bulaq səsi...
Bir həzin mahnıdır hər zümzüməsi...
Səmaya baxıram, necə də təmiz
Necə də gözəldir
Göy üzü bu an...
Torpaqdan boy atır bir gül rişəsi
Ətrafa yayılır gözəllik səsi...
Rəngini təbiət versə də ona
Varlığı ruh verir ətrin duyana...
Ətrafa baxırsan...
Yaşıllıq, səma...
Bir də lap uzaqda bir körpə səsi
Həyata səsləyən o zümzüməsi...

Sən susurdun

Nə vaxt sevdim səni
bilmirəm...
Necə gəldin həyatıma
bilmirəm...
Bircə onu bilirəm ki,
görməyəndə axtarırdı
gözlərini gözlərim...
Bircə onu bilirəm ki,
sənsizlikdən üşüyürdü,
sənsiz olanda qəlbim...
Necə oldu sevdim səni
bilmirəm...
Bircə onda bildim ki, mən
əziz olub xatirən...
Yazıb səndən gizli onu
Yaddaşımın sənli olan
gününə...
Ən əziz yadigar kimi
Saxlayıram onu mən...
Necə oldu doğma oldun
Mənə sən?
Bəlkə elə doğma gəldin ömrümə
Mən də səni əziz bilib,
Tən elədim sevgimə...
Nə vaxt, necə sevdim səni
bilmirəm!
Bircə onu bilirəm ki,
Sənə yaman vuruldum...
Həsrətindən gecələrdə
Mən yuxusuz olurdum...
Gündüzləri darıxırdım
Səninçün...
Görüşləri gözləyirdim...
Sənsə elə susurdun...
Sənsə elə susurdun...

Bitsin artıq...

Gəl bitirək, bu sevdanı,
Nağılını mən yazaram,
Nöqtəsini özün qoy...
Gəl bitirək intizarı, həsrəti
Heç qalmasın baxışlarda
deyilməyən, söhbəti...
Gəl bitirək, biz adlı hekayəti,
Sussun yenə, xatirələr dinməsin...
Gəl bitirək, qoy yox olsun izimiz,
Qoy tükənsin, dillənməsin
daha sevən qəlbimiz...
Gəl bitirək, sən adlı nəqarəti,
Çalınmasın musiqisi, bəstəsi.
Gəl bitirək, mən adlı bu hekayəti,
İçilməsin baldan şirin busəsi...
Gəl bitirək, unudulaq ikimiz,
danışmasın indən belə
birgə vuran qəlbimiz...
Gəl bitirək, gəl qayıdaq geriyə
Çalınmasın bu sevginin nəğməsi...
Gəl bitirək, bu hekayə bitsin qoy,
üzülməsin səni sevən ürəyim.
Bəsdir daha, göz yaşlarım axmasın,
Bitsin artıq, səni səndə saxlasın.
Ruhum yenə qoy qayıtsın evinə,
öz evində qonaq kimi qalmasın!

Dilşad FƏQAN
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: