“Azərbaycan” qəzetində vətənpərvərlik mövzusu

“Azərbaycan” qəzetində vətənpərvərlik mövzusu Tarixdə mövcud olmuş bütün dövlətlər kimi, 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin də özünəməxsus siyasi, ictimai, hüquqi, o cümlədən mədəni təsisatları olmuşdu. Bu təsisatlar Azərbaycan xalqının tarix boyu uğrunda mübarizə apardığı və nəhayət, münasib şəraitdə həyata keçirə bildiyi arzular idi. Belə ki, fəaliyyətinin ilk günlərindən Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı təsisatlardan biri və rəsmi orqanı olan "Azərbaycan” qəzeti Azərbaycan və rus dillərində çap olunmağa başlamışdı. "Azərbaycan”ın rəsmi dövlət qəzeti kimi meydana çıxması ölkə tarixinin mühüm hadisəsi idi. Qəzet yarandığı vaxtdan xalqına xidmət etmiş və vətənin azadlığı naminə fəaliyyət göstərmişdir. Bu münasibətlə qəzetin baş redaktoru Üzeyir bəy Hacıbəyli yazırdı: "Danışırlar ki, "Azərbaycan” qəzeti guya "Müsavat” partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. "Azərbaycan” qəzetinin məsləki vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir”. Bu məsləkə sadiq qalan qəzet fəaliyyət göstərdiyi bütün illərdə - istər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də müstəqillik dövründə rəsmi dövlət qəzeti olaraq üzərinə düşən missiyanı şərəflə yerinə yetirmişdir.
* * *

Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə bu il "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olundu. İkinci bir sərəncam AXC-nin 100 illik yubileyinin keçirilməsi ilə bağlı verildi. Bu il həm də "Azərbaycan” qəzetinin 100 yaşı qeyd edildi.

İndiyədək "Azərbaycan”ın səhifələrində, xüsusilə müstəqillik illərində ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi, hərbi quruculuq və mədəni həyatına dair yüzlərlə yazı dərc olunub: erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan, Qarabağ və digər rayonlarda xalqımıza qarşı törətdiyi vəhşiliklər, Ermənistan ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması, köçkünlük həyatı haqqında çoxlu məlumatlar oxucuların diqqətinə çatdırılıb. Ən maraqlısi isə azərbaycanlıların soyqırımı, İrəvanın, Naxçıvanın, Qarabağın və Zəngəzurun tarixi barədə qəzet səhifələrində mütəmadi olaraq çap olunmuş məqalələrdir.
Qəzetin səhifələrində vətənpərvərlik mövzusuna xüsusi diqqət yetirilib. "Ulu öndər Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi sahəsində fəaliyyəti”, "Azərbaycan diasporunun formalaşması”, "Alman faşizmi üzərində Qələbədə Azərbaycan oğullarının qəhrəmanlıq yolu”, "Vətənpərvərlik tərbiyəsinin formalaşması”, "Azərbaycan torpaqlarının müdafiəsi uğrunda qəhrəmanlıq göstərənlər”, "Azərbaycan ərazisinə erməni iddiaları”, "20 Yanvar faciəsi”, "Xocalı faciəsi”, "Mart soyqırımı”, "Şəhidlik zirvəsinə ucalanlar ölmürlər”, "Milli qəhrəmanlarımız”, "Ordu quruculuğu” və s. sərlövhə və rubrikalar altında verilən materiallarda vətən naminə çalışmaq, fədakarlıqlar göstərmək, torpaq sevgisi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və s. məsələlər geniş əksini tapmışdır.

"Azərbaycan” qəzetinin ən böyük uğurlarından biri ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin işıqlandırılması, onun zəngin irsinin, böyük təcrübəsinin hələ xalqımıza çox lazım olacağının Azərbaycan ictimaiyyətinə çatdırılmasıdır. Demək olar ki, qəzetin bütün nömrələrində bu mövzulara üstünlük verilmişdir.
"Azərbaycan” qəzetinin 1 aprel 2003-cü il tarixli nömrəsində "Dövlət başçımızın böyük təcrübəsi xalqımıza hələ çox lazım olacaqdır” adlı məqalə elə bu qəbildəndir. Məqalədə ulu öndərin XX əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətlərdən biri, dünya şöhrətli siyasətçi, təcrübəli dövlət başçısı olduğundan, ümummilli liderin ömür yolundan və xalqımız qarşısında misilsiz xidmətlərdən söz açılır. Göstərilir ki, Heydər Əliyev xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran müdrik dövlət xadimidir. O, ölkə həyatının bütün sahələrində quruculuğun, islahatların banisi olmuşdur. Sənayenin yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaranması, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi dövlət quruculuğu bu dahi şəxsiyyətin adı ilə bağlıdır.
Ulu öndərin uzaqgörənliyi bir də onda idi ki, böyük rəhbər dünya azərbaycanlılarını bir araya toplaya bilmişdi. Onları harada yaşamalarından asılı olmayaraq Azərbaycan haqqında düşünməyə səsləmiş və Azərbaycanın onlara dayaq olduğunu bəyan etmişdi. Ölkəmiz indi dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının əsas daşıyıcısıdır. Dövlətimiz bu gün xaricdə yaşayan azərbaycanlıların insan və vətəndaş hüquqlarının müdafiəçisi və qarantı rolunda çıxış edir.
Diasporumuzu yaratmaq ideyalarına əsaslanaraq bu illər ərzində "Azərbaycan” qezeti müntəzəm olaraq öz səhifələrində xaricdə yaşayan azərbaycanlılar və onların fəaliyyəti haqqında məqalələr dərc edir, diasporumuzun möhkəmləndirilməsi, daha da gücləndirilməsi ideyasını təbliğ edir. Qəzetin 6 yanvar 2006-cı il tarixli nömrəsində dərc olunan "Azərbaycan diasporunun formalaşması və təşəkkülü Heydər Əliyevin adı ilə bağlıdır” adlı məqalə belələrindən biridir.
Ulu öndərin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü və ümummilli bayramı kimi qeyd olunması, dövlət bayramları sırasında şərəfli yer tutması bu gün də uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev, demək olar ki, 2003-cü ildən bəri bütün xarici səfərləri zamanı həmvətənlərimizlə yaxından maraqlanır, onlarla görüşür, arzu və təkliflərini bildirir, bu insanlarla fikir mübadiləsi aparır. Belə görüşlər Azərbaycan diasporu nümayəndələrinin ölkəmizə marağını daha da artırır, həmvətənlərimizin vətənlə bağlı təəssüratlarını zənginləşdirir.
Göründüyü kimi, Azərbaycan diasporunun inkişafına dövlət qayğısı bu gün də yeni mərhələdə, daha da yüksək səviyyədə davam etdirilir. "Azərbaycan” qəzeti bu istiqamətdə fəaliyyətini uğurla aparır.
* * *
"Azərbaycan” qəzetinin 12 fevral 2017-ci il tarixli nömrəsində dərc olunan "Hərbi-vətənpərvərlik tərbiyəsi gücləndirilir” adlı məqalə ölkə Prezidenti İlham Əliyevin bu sözləri ilə başlayır: "Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. ...Bunu etmək üçün güclü iqtisadiyyat və güclü hərbi potensial lazımdır. Azərbaycan həm güclü iqtisadi potensiala, həm də hərbi potensiala malik olan ölkədir”.
Daha sonra qeyd edilir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə davam etdirilən ordu quruculuğu prosesi artıq yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Ordumuzda vətənpərvərlik hisləri olduqca yüksəkdir. 2016-cı ilin Aprel hadisələri bütün bunlara sübutdur. Ali Baş Komandan İlham Əliyev demişdir: "...Aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Aprel döyüşləri bizim böyük hərbi qələbimizdir. ...Bu gün heç kimə sirr deyil ki, bizim işimiz haqq işidir və biz öz torpaqlarımız uğrunda vuruşuruq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır... İrəvan, Zəngəzur, Göyçə bizim tarixi torpaqlarımızdır”.
Bundan başqa, çağırışaqədərki hazırlıq işinin keyfiyyətinin yüksəldilməsi məqsədilə "Vətənin müdafiəsinə hazıram” adı altında regionlar üzrə keçirilən silsilə tədbirlər, eləcə də ümumrespublika rəsm və "Sabahın əsgəri” yazı müsabiqələri gənclər tərəfindən böyük maraqla qarşılanmış və ictimaiyyətin rəğbətini qazanmışdır.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müharibə veteranlarına göstərilən diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Azərbaycan” qəzeti mütəmadi olaraq Böyük Vətən müharibəsi və müharibə iştirakçıları haqqında, onların xatirələri və göstərdikləri qəhrəmanlıqlar barəsində yazılar dərc edir. Müharibə veteranlarına və həlak olan döyüşçülərin ailəsinə göstərilən dövlət qayğısı haqqında məqalələr, oçerk və reportajlar dərc edir. Bu ruhlu yazıları oxuyan hər bir insanda fəxarət, vətənə məhəbbət hissi yüksəlir, onun müdafiəsinə hazır olmaq əzmi qəlblərdə baş qaldırır.
"Azərbaycan” qəzeti milli-mənəvi dəyərləri qorumaq və gənclərə vətənpərvərlik tərbiyəsini aşılamaq məqsədilə ardıcıl olaraq "dəyirmi masa”lar keçirmiş və yaradıcı müzakirələrə geniş yer vermişdir. Qəzetin 2010-cu il 13 avqust tarixli nömrəsində "Azərbaycan” qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun "Mətbuatın vətənpərvərliyi və mətbuatda vətənpərvərlik, yaradıcılıq mövzusunda səmimi söhbət” adlı yazısı belə müzakirələrdəndir. Müəllif qeyd edir: "Sovet dövründə SSRİ miqyasında çıxan bütün mətbuat orqanları təkcə senzuranın yox, həm də partiyanın nəzarəti altında idi. Senzura öz qaydalarını tətbiq edir, "özgəfikirliliyə” yol vermirdi. Sov.İKP isə "nədən, necə yazmağı” nəzarətdə saxlayırdı. Qəzetlərin qarşısına "zəhmətkeşlərin iqtisadi cəhətdən tərbiyəsi” vəzifəsi qoyulmuşdu. Əsas məsələlərdən biri "sosializmin iqtisadi nailiyyətləri”nin təbliği, tezliklə "kommunizmə çatacağımızın iqtisadi cəhətdən əsaslandırılması” idi. Sov.İKP-nin fəaliyyəti, ən sülhsevər dövlət olmağımız barədə söhbətlər, sosializm yarışının işıqlandırılması və s. ümumi mövzular sayılsa da, bütün bünların hamısı bir "mətbəx”dən çıxır, Moskvadan diqqətlə idarə olunurdu. Qəzetlərdə bir cür yazılır, rəsmi yerlərdə başqa söhbətlər gedirdi, həyatda isə bambaşqaydı! Yəni hadisə və proseslər reallıqdakı kimi qəzet səhifələrinə çıxarılmırdı. Bu gün isə vəziyyət tam dəyişib. Qəzetlər istədikləri mövzuda, istədikləri məsələlərdən yazır. Müstəqillik qazandıqdan sonra Azərbaycan tarixən qısa dövrdə çox böyük məsafə qət etmişdir. Xalqın arzu və tələbi ilə yenidən dövlət rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin başçılığı ilə ölkədə möhkəm və dönməz sabitlik yaradıldı, qanunsuz silahlı dəstələr ləğv edildi, atəşkəsə nail olundu, siyasi, hüquqi və iqtisadi islahatlar keçirilərək sərbəst bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan demokratik cəmiyyət quruculuğu prosesinə başlandı”.
"Azərbaycan” qəzeti Silahlı Qüvvələrin 91 illiyi ərəfəsində təşkil etdiyi növbəti tədbirdə Azərbaycan Ordusunun keçdiyi keşməkeşli yola, mövcud vəziyyətə nəzər salmış, ordu həyatı ilə bağlı cəmiyyətdə müzakirə mövzusu olan məsələlər ətrafında fikir mübadiləsi aparmışdı.
Qəzetin səhifələrində ordu quruculuğunun gedişi və uğurları barəsində informasiya xarakterli yazıların verilməsi və müzakirələrin keçirilməsi hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi işinə töhfə kimi dəyərləndirilməlidir. Dərc olunan məqalələrə və söylənilən rəylərə əsasən demək olar ki, "Azərbaycan” dövlətçilik maraqlarının və ölkənin mənafeyinin qorunmasına istiqamətlənən yaradıcı fəaliyyəti ilə ordunun yaxın dostuna çevrilmişdir. Qəzetin müstəqillik illərində nəşr olunan nömrələrini izlədikcə bu qənaətə gəlmək olur ki, hərbi hissələrin, xüsusən ön xətdə döyüş tapşırığını yerinə yetirən əsgər və zabitlərin həyatını, xidmətini əks etdirən yazılar insanlarda yüksək duyğuları, vətən sevgisini, millət, torpaq məhəbbətini nümayiş etdirmişdir. Bu, "Azərbaycan”ın dövlətçilik və milli mənafeləri rəhbər tutmasından və vətənpərvərlik tərbiyəsi aşılamaq qayəsindən irəli gəlmişdir.
* * *
Mütəmadi olaraq qəzet səhifələrində torpaqlarımızın düşməndən azad olunması yolunda qəhrəmanlıq göstərənlər və vətənpərvərliyin ən ali məqamı olan şəhidlik zirvəsinə yüksələnlər haqqında məqalələr dərc olunur. Məsələn, "Azərbaycan” qəzetinin 17 noyabr 2013-cü il nömrəsində "Şəhidlik zirvəsinə ucalanlar ölmürlər” adlı məqalədə göstərilir ki, vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ucalığa yüksələnlərin, bu şərəfi daşıyanların xatirəsi daim hörmətlə anılır, ehtiramla yad edilir. Çünki zirvə təbiətin coğrafi yüksəkliyi, əlçatmazlığı, ucalığı olduğu kimi, şəhidlik də vətənpərvərliyin ən ali məqamıdır. Bu məqamda olanlar arasında, əməlinin və hünərinin ucalığında dayanan Elgün adlı bir gənc də var idi. 1974-cü ildə Bakı şəhərində anadan olan Elgün Dağbəyi oğlu İsmayılov "Azərbaycan” qəzetində işləyirdi. Qəzetdə çalışdığı qısa müddət ərzində hamıya qaynayıb-qarışan, torpaqlarımızın mənfur ermənilər tərəfindən işğalına dözməyən Elgün İsmayılovun nakam ömrü yarıda qırılsa da, adı vətənin hünər tarixinə düşənlərin cərgəsinə əbədi həkk olunmuşdur... Horadiz qəsəbəsinin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə Elgün İsmayılov komandanlıq tərəfindən mükafatlandırıldı.
1994-cü ilin yanvarında hərbi briqada Kəlbəcər bölgəsinə, Murov dağına göndərildi. Döyüşçü dostları Elgünü bacarıqlı və qorxmaz əsgər kimi tanıyırdılar. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murov dağında bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak etmişdir. 1994-cü il mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün İsmayılov da olmuşdur. Cəsur əsgər burada düşmən hücumuna məruz qalaraq qızğın döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.
Elgün İsmayılovun "Azərbaycan” qəzeti redaksiyasındakı xatirə lövhəsindən boylanan baxışları ürəklərdə qürur yaradır. İş yoldaşları Elgünün xatirəsini həmişə əziz tuturlar. Hər il Elgünün doğum günündə redaksiya kollektivinin onun xatirəsinə həsr etdiyi tədbir İkinci Şəhidlər xiyabanındakı müqəddəs məzarını ziyarətlə başlayır. Tədbirdə "Azərbaycan” qəzetində ənənəvi vətənpərvərlik mövzusuna həsr olunmuş yaradıcılıq müsabiqəsinə yekun vurulur və qaliblər mükafatlandırılırlar: "Vətən uğrunda canından keçən hər bir insan şəhiddir və əlçatmaz zirvə sahibidir. Tarixi torpağımız olan Dağlıq Qarabağ uğrunda müharibə başlayanda onun uğrunda ölüm-dirim savaşına atılaraq şəhidlik zirvəsinə yüksələnlər heç zaman unudulmurlar”.
Bundan başqa, qəzetin 14 yanvar 2014-cü il nömrəsində Bəxtiyar Sadıqovun İlham Əliyevin "Vətənpərvərlik, dövlətçilik duyğuları bütün başqa məsələlərdən üstün olmalıdır” sözü ilə başlanan və analtik təhlillə verilən yazısı vətən sevgisi formalaşdırmaq üçün ən gözəl nümunə hesab oluna bilər.
Qəzetin 13 aprel 2014-cü il sayında Qarabağ müharibəsi veteranı B.Aslanovun "Vətənpərvərlik vətənə bağlılıqdan yaranır” adlı məqaləsi vətənpərvərlik tərbiyəsi aşılamaq üçün daha xarakterikdir. Müəllif yazır: "Ana torpaq uğrunda sinəsini düşmən gülləsinə sipər edənlərin arasında Laçında doğulub onun uğrunda şəhid olan, yaxud əlilə çevrilənlər də az deyil. Erməni təcavüzünün qurbanlarından olan Laçın rayonunun əhalisi də, aparılan danışıqlar səmərə vermədiyi təqdirdə, Ali Baş Komandanın əmri ilə uşaqdan-böyüyə kimi işğal altında olan torpaqları azad etmək, qisası qiyamətə qoymamaq əzmindədir. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında Prezidentin uğurla apardığı siyasəti birmənalı şəkildə bəyənir, eyni zamanda müharibə şəraitində döyüşə hazırlığın başlıca şərt olduğunu da unutmurlar. Bu məqsədlə də rayonun təhsil müəssisələrində bir qayda olaraq vətənpərvərlik mövzusunda söhbətlər aparılır, Qarabağ savaşında igidlik göstərmiş laçınlı döyüşçülərlə gənclərin müntəzəm görüşləri təşkil olunur. Eləcə də yuxarı sinif şagirdlərinin hərbi hissələrdə əsgər və zabitlərlə görüşləri təşkil edilir, hərbi həyatla tanışlıq istiqamətində müxtəlif formatlı tədbirlər keçirilir. Müəllimlər bildirirlər ki, hərbi dərslərin tədrisi zamanı şagirdlərin bacarıqları, sağlamlığı, psixoloji durumu, fənnə maraqları ilə yanaşı, onlara vətənpərvərik hislərinin aşılanması da diqqətdə saxlanılır. Azərbaycan tarixinin məktəblərdə daha dərindən öyrənilməsinə böyük əhəmiyyət verilir. Mükəmməl elmi biliyə malik zabit kadrların hazırlanması istiqamətində məqsədyönlü işlər aparılır”. Məqalədə diqqətə çatdırılır ki, 2013-cü tədris ilində hərbi akademiyalara 4, hərbi liseyə isə 7 nəfər laçınlı gənc qəbul olunmuşdur. 2014-cü ildə 30-dan çox gənc hərbi akademiyalara, 20-dən artıq şagird isə hərbi liseyə qəbul olunmaq arzusunu bildirmişdir. Aparılan sorğuların ilkin nəticələrinə görə, 2014-cü ilin məzunları olacaq gənclərin xeyli hissəsi xüsusi təyinatlı təhsil müəssisələrində oxumaq arzusunda olduqlarını bildirmişlər.
Göstərilir ki, vətənpərvərlik təbliğatını səmərəli təmin etməyin bir yolu da keçmiş döyüşçülərə diqqət və qayğının artırılmasıdır. Buna görə də həmin məsələyə xüsusi önəm verilir - keçmiş döyüşçülərlə görüşlər keçirilir, onların problemlərinin həlli, xüsusən işlə təmin olunmaları üçün hər vasitədən istifadə olunur. Rayon 21 ildən artıq işğal altında olduğundan şagirdlərin Laçınla bağlı təsəvvürlərinin zənginləşdirilməsi məqsədilə bütün tədris ocaqlarında təbliğat-təşviqat işləri gücləndirilir.
* * *
Xalqımızın sirri açılmamış bir çox tarixi-qəhrəmanlıq səhifələri vardır ki, bunları hər kəs bilməlidir və həmin bilgilər milli qürur hissi, vətənpərvərlik tərbiyəsi baxımından zəruri sayılmalıdır. Bu mənada torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparmış və xalq qəhrəmanları səviyyəsinə yüksəlmiş şəxsiyyətlər haqqında araşdırmalar aparmaq və onların ərazilərimizin erməni quldurlarından müdafiəsi yolunda göstərdiyi şücaətləri xalqa çatdırmaq xüsusi əhəmiyyət kəsb edir. Bu mənada etiraf etmək lazımdır ki, son illərə qədər Zəngəzur qəzasının igid oğulları Sultan bəy və Xosrov bəy qardaşları barədə tədqiqat işi aparılmamışdır. Zəngəzur Azərbaycanın unudulmaz qan yaddaşı kitabıdır. XX əsrin əvvəllərindən sonunadək erməni vəhşilikləri ilə ilk qarşılaşan, onlara müqavimət göstərən də Zəngəzur torpağı və zəngəzurlular olmuşdur. Ən dəhşətlisi budur ki, 70 il qadağalarla, saxta beynəlmiləlçilik təbliğatı ilə faciəmizi bizə unutdurublar. Son illərə qədər insanlarımız Zəngəzur adlı qədim torpaqlarımızın göz yaşında boğulduğu tarixdən xəbərsiz olmuşlar. Bütün bu göstərilənlərə bir aydınlıq gətirmək və xalq qəhrəmanları səviyyəsinə yüksəlmiş igidlərimizin nümunəsində vətənə məhəbbət, düşmənə nifrət ruhunda gənclərimizi tərbiyə etmək üçün "Azərbaycan” qəzetinin 11 yanvar 2011-ci il sayında dərc olunmuş "Xalq qəhrəmanı Sultan bəy” və 24 aprel 2016-cı il sayında isə "Əfsanəvi Sultan bəy” adlı məqalələr böyük maraq doğurmuşdur.
XX əsrin əvvəllərində yalnız Zəngəzurun deyil, Şuşanın, Kəlbəcərin və Basarkeçərin azərbaycanlı əhalisinin erməni basqınlarından qorunmasında, talanların qarşısının alınmasında da Sultan bəyin və Xosrov bəyin əvəzsiz xidmətləri olmuşdur.
* * *
Müstəqillik illərində Azərbaycanın XX əsr tarixi üzərindən qaldırılan qara pərdələr yeni-yeni səhifələr üzə çıxartdı. Müəyyən olundu ki, Azərbaycan xalqının erməni daşnaklarına qarşı apardığı mübarizənin bütün müsbət və qəhrəmanlıq səhifələri üzərindən sükutla keçilmişdir. Əslində bu qənaətə gəlinmişdir ki, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparan xalq qəhrəmanları səviyyəsinə yüksəlmişləri axtarıb, araşdırıb tapmaq və gələcək nəslə tanıtdırmaq bu gün daha vacibdir. Bu baxımdan "Azərbaycan” qəzetində dərc olunan tarixi məqalələr, faktlar, hadisələr əsasında yazılan materiallar oxucular tərəfindən böyük maraqla və rəğbətlə qarşılanır.
Qəzetin 1 aprel 2018-ci il sayında dərc olunmuş "Erməni məkri və acı nəticələri” adlı məqalə ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında” fərmanının əhəmiyyətini, tarix boyu xalqımızın başına gələn faciələri bilməyimizi, həmin faciəni təkcə 31 martda deyil, hər gün xatırlamağı, unutmamağı öyrənmək, düşmənimizi tanımaq və vətənimizi sevmək baxımından mühüm rola malikdir.
Öz ənənəsinə sadiq qalan qəzet 2018-ci il 24 aprel nömrəsində "24 aprel soyqırımı” ermənilərin qondarmasıdır” adlı məqalə ilə erməni ideoloqlarının yalanlarının açılmasına, bu tarixin ermənilərin qondarması olduğunun ifşasına xidmət etmişdir.
Ermənilər məkrli iddialarını tanıtdırmaq üçün hələ Sovetlər birliyi dövründən fəal iş aparmış, qondarma "soyqırımı qurbanları”na abidələr ucaltmışlar. SSRİ rəhbərliyinin bu məsələdə maraqlı olması daşnak şovinistlərini daha da şirnikləndirmiş, "soyqırımı” təbliğatının sistemli şəkildə aparılmasına imkan yaratmışdır. SSRİ dağılana qədər bu təbliğat bilavasitə Türkiyə dövlətinə qarşı yönəlsə də, əslində məqsəd bütün türk-müsəlman dünyasını günahlandırmaq idi. Qondarma "erməni soyqırımı” məsələsinin harada və necə müzakirə edilməsindən asılı olmayaraq, ümumilikdə bu, həm Türkiyə, həm də Azərbaycana qarşı yönəldilmiş bir siyasətdir. 1980-ci illərin ortalarından Azərbaycana qarşı başlanmış növbəti ərazi iddiaları da məhz bu məkrli siyasətin davamı olmuşdur.
Qəzetdə bu mövzuda verilən silsilə yazılar, göstərilən fakt və sənədlər ermənilərin uydurma "24 aprel soyqırımı”nın əsl mahiyyətini açır.

Bütün bunlar göstərir ki,
xristian dünyasında qondarma "erməni soyqırımı” ilə bağlı başlanmış kampaniyanın kökündə Türkiyə və Azərbaycana təsir göstərmək, hər iki qardaş və strateji müttəfiq ölkəni prinsipial mövqeyindən çəkindirmək niyyəti dayanır.

"Azərbaycan” qəzetinin səhifələrində qondarma "erməni soyqırımı” ilə bağlı məqalələrin dərc edilməsi, erməni məkrinin köklərinin açılması və bütövlükdə vətənpərvərlik mövzusunda yazıların oxuculara çatdırılması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.


Şikar QASIMOV,
Azərbaycan Texniki Universiteti
İctimai fənlər kafedrasının müdiri,
arix elmləri doktoru, professor


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

Sumqayıt
Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində  Xocalı soyqırımını ...

Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində Xocalı soyqırımını ...

Qarabağ
AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər

Naxçıvan
Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi  bütövlüyümüz bərpa edildi

Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi

AzTU, Köşə yazılar
Şikar QASIMOV:

Şikar QASIMOV: "Ulu öndər Heydər Əliyevin bənzərsiz ömür yolu, tariximizin ...

YAP, AzTU
Azərbaycan Texniki Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əla ...

Azərbaycan Texniki Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əla ...

Təhsil, AzTU
İLLƏRLƏ GÖZLƏDİYİMİZ GÜN GƏLİB ÇATDI

İLLƏRLƏ GÖZLƏDİYİMİZ GÜN GƏLİB ÇATDI

Qarabağ, Biologiya və tibb elmləri
VƏTƏN TORPAĞI BİZİM NAMUSUMUZDUR

VƏTƏN TORPAĞI BİZİM NAMUSUMUZDUR

Qarabağ, Biologiya və tibb elmləri
AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU
VƏTƏN SAVAŞINDA TARİXİ ZƏFƏR - HEYDƏR ƏLİYEVDƏN İLHAM ƏLİYEVƏ

VƏTƏN SAVAŞINDA TARİXİ ZƏFƏR - HEYDƏR ƏLİYEVDƏN İLHAM ƏLİYEVƏ

Humanitar elmlər, Elmi Məqalələr, "Zirvə"
Günel Səmədova:

Günel Səmədova: "Tarixi Qələbənin uğurlu davamı"

Məktəblər
Azərbaycanın gələcəyi gənclərin əlindədir

Azərbaycanın gələcəyi gənclərin əlindədir

Digər bölmələr, Gənclik
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
Həm pandemiya, həm də müharibə sınağından uğurla çıxan AZƏRBAYCAN MƏTBUATI

Həm pandemiya, həm də müharibə sınağından uğurla çıxan AZƏRBAYCAN MƏTBUATI

Elm, Elmi Məqalələr, Müsabiqə
Erməni cinayətlərinə son qoyulması ümumbəşəri vəzifədir

Erməni cinayətlərinə son qoyulması ümumbəşəri vəzifədir

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da 31 Mart Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib

AzTU-da 31 Mart Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib

AzTU
BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan  Türkiyə televiziyasında ...

BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan Türkiyə televiziyasında ...

BDU, Başkeçid, Knyaz Aslan, Turan
AZƏRBAYCAN GƏNCLİYİ: DÜNƏNDƏN BU GÜNƏ

AZƏRBAYCAN GƏNCLİYİ: DÜNƏNDƏN BU GÜNƏ

Publisistika, Qarayazı
Həmişə yetirmələrinin uğurlarına sevinəsən Həsən müəllim!..

Həmişə yetirmələrinin uğurlarına sevinəsən Həsən müəllim!..

Regionlar, Məktəblər
Rəy yazın: