QUBA ƏDƏBİ MÜHİTİ ŞAHİN FAZİLİN SİMASINDA...

QUBA ƏDƏBİ MÜHİTİ ŞAHİN FAZİLİN SİMASINDA... Yazıların da şeir kimi gələn vaxtı, ağ vərəqlərə süzülüb taleyini yaşayan zamanı var. Bir də təəssüratın bolluğunda, duyğuların rəngarəng çalarında başını itirməyin... Və yaşantılarından aldığın zövqün zamanını bir qədər uzatmaq istəyin...

İndi o bizdən uzaqdadır və mən duyğularımın durulub, sərbirah olduğu bir fürsətlə onun özü, sözü, şeirləri haqqında bir qədər yazmaq üçün cəməm...
Bizlərdə, “Öz qubalımızdır!” deyirlər, dəyər verdikləri insanlar üçün. Bu sözün öz çəkisi, öz ağırlığı var. Barmaqla sayılası qədərdir bəlkə də belə insanlar öz el-obası üçün. Elin bu dəyərinə layiq olan insanlar torpaq qoxulu olur, sözün bütün mənalarında. Fitri istedadı ilə ucalır, elinə dəyər gətirir, onun dərdi-səri ilə birgə olur, sevilib seçilir! Uzağa getməyəcəyəm. Tariximizin, sənətimizin Şahin Fazil zirvəsinə boylanacağam bir qədər...
Gəlişinin xoş sorağını almışdıq.Ən böyük qubalı olsa da, Bakıda yaşayır. Sənət adamlarının öz taleyi olur... Ata evləri bizim məhəlləmizdə, evimizdən bir qədər yuxarıda yerləşir. Ana tərəfdən qohumluğumuz da var. Onun haqqında hələ uzun-uzun illər öncə eşitmişdim. Uşaqlıq illərimin ən gözəl xatirələri ilə bağlıdır onların evi. Anamın, nənəmin əlindən tutub bağcaya gedəndə hər səhər bu evin qarşından keçərdik. Küçə tərəfə açılan, iki-üç pilləkənli balkonları sarmaşıqlı güllərlə əhatələnmişdi. Evin, balkonun qarşısında salınmış dar gül zolağı vardı ki, həmişə çiçəkli, yam-yaşıl olardı. Onların küçəsi də qeyri-adi idi mənim xəyallarımda. Hündür, qocaman ağaclarla sıralanmışdı səkiləri. Göyün üzü görünmürdü baş-başa əyilən ağacların budaqlarından.Yaşıllıqlar içərisində yerləşən taxta balkonlu, birmərtəbəli kərpic ev sirli görünürdü, sanki... Sonralar mən özüm kiçik bacı və qardaşlarımı bu yolla bağçaya aparıb gətirər, maraqla bu evin qarşısından keçər, hərdən də balkonun məhəccərinə söykənib dalğın-dalğın siqaret çəkən uca boylu, yaraşıqlıbir şairi seyr edərdim. Bu Şahin müəllimin qardaşı Maqbet Fərzəliyev idi. Hərdən yanında duran dostlarına, yaxınlarına şeir söyləməsinə nəfəs çəkmədən diqqət kəsilərdim.Şahin müəllimin şeirlərini, qəzəllərini dayım və anam əzbər bilirdi. Nənəm bu ailə haqqında həmişə ehtiramla danışar, o zamanlar Bakıya köçüb gedən, Əfqanıstanda “hörmətli qulluqda” olan şair-qəzəlxan Şahin Fazil haqqında ağız dolusu danışardı.Məni bu evə çəkən də, onu sirli-sehirli edən də, ailəmin onlara olan dərin ehtiramı, bir də şeirin, qəzəlin sirli qüvvəsi idi.

İllər ötdü. Mən orta məktəbi bitirəndə Şahin Fazili, necə deyərlər, müəyyən qədər oxumuş, haqqında məlumatlanmışdım. Şeirləri, qafiyələri də təbiəti kimi “gəlişi ağır”, təmkinli, düşündürücü idi. Dədə Qorqud havası vardı bu şeirlərin, oğuz eli igidlərinin, ərənlərin nəfəsi duyulurdu misralarda...

Bu haray adi haray,
Bu səs adi səs deyil.
Nə qədər ağlasaq da
Bu gün bizə bəs deyil,
Ağlamayaq, kişilər!

Harayımda qəzəb var,
Qəzəbimə səbəb var:
Bu - intiqam harayı,
Bu - intiqam səsidir,
Bu gün ağlamaq deyil,
Savaşmaq vədəsidir,
Ağlamayaq, kişilər!


Sonralar diktor və ədəbi işçi kimi çalışdığım Quba yerli radiosu ilə şeirlərini oxumuşdum çalışdığım redaksiyada, Qırmızı Qəsəbədə yerləşən beynəlxalq “Birlik-Edinstvo” qəzetində dəfələrlə haqqında məqalə, şeir və qəzəllərini dərc eləsək də, özü ilə yaxın tanışlığım yox idi. Taa ki, ustad şair Ramiz Qusarçaylının Qubada təsis və rəhbərlik etdiyi “Ay işığı”ədəbi məclisinə qoşulub, tədbirlərində iştirak edənədək.
Şahin müəllimlə ilk görüşümüz bir neçə il bundan əvvəl Bakıda S.Vurğun adına rus dram teatrında keçirilən Quba günlərində oldu. Ramiz müəllim məni təqdim edib, Sevinc də Qubadandır, söylədi, redaksiyada çalışır, jurnalistdir, dedi. Üzümə zəndlə baxıb, mehribanlıqla əlimi sıxdı. Başı qarlı Şah dağını xatırlatdı mənə şair, duruşuyla! Nurani çöhrəsi sanki işıq saçırdı... Gəncliyinin od-alovunu qoruyan canlı gözləri, aydın baxışları zəngin daxili dünyasının güzgüsü idi, elə bil!
Sənət, dostluq görüşləri, kitab təqdimatları davam etdikcə Şahin müəllimlə görüşmək fürsəti əldə edir, hamı kimi bir-birindən maraqlı çıxışlarını, söhbətlərini dinləyir, şeirlərinə qulaq asırdım. Mən bəlkə də sənətdə Şahin Fazil qədər ciddi, tələbkar ikinci bir müəllim görməmişəm. Xoşuna gəlməyən, zəif şeiri həmən üzünə deyəcək, bəyəndiyi sənət nümunələrini xəsislik etmədən tərifləyəcək, fikir söyləyib, rəy bildirəcək, doğru yola yönləndirəcək yazanı. Onun qarşısında şeir oxumaq əməlli-başlı risqdi, imtahandır. Mən bu yazımla bağlı şair haqqında daha ətraflı araşdırma aparmaq üçün onun vikipediyasına müraciət edim. Qısa tanışlığım belə oldu:

QUBA ƏDƏBİ MÜHİTİ ŞAHİN FAZİLİN SİMASINDA...Şahin Fazil oğlu Fərzəliyev 27 mart 1940-ci ildə Quba şəhərində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinə daxil olmuş, 1964-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Müxtəlif illərdə Əfqanıstanda tərcüməçi, Azərbaycan Dövlət Universitetində dekan müavini vəzifəsində fəaliyyət göstərmişdir. 1970-1973-cü illərdə Elmlər Akademiyasının Tarix İnstitutunun əyani aspiranturasında təhsil alaraq, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1974-78-ci illərdə bu institutun “Orta əsrlər tarixi” şöbəsində elmi işçi vəzifəsində çalışmış, sonra institutun baş elmi işçisi olmuşdur. 1985-88-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyətini davam etdirmiş, vətənə qayıtdıqdan sonra həmin institutda aparıcı və baş elmi işçi vəzifəsində işinə davam etmişdir. 1996-cı ildə “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 17 yanvar 1997-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür.
Hazırda Tarix İnstitutunda “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir. Həm də görkəmli şair olan Şahin Fazil beş “Divan” bağlayıb... Özünün dili ilə desək, bu “Divanlar” ona ərsəyə gələnə kimi divan tutub... İlk mətbu “Divan”ı 1996-cı ildə çap olunub.

Görkəmli alim 130 yaşlı “Məcməüş-şüvəra” (Şairlər məclisi) ədəbi məclisinin tarixini yazmış və onu “Təzkireyi-Şahin” adı ilə nəşr etdirmişdir.

1998-ci ildən “Məcməüş-şüara”nın sədridir. Şeirləri Əfqanıstan, İran, Türkiyə, İraq və Yaponiyada çap olunmuşdur.

Şahin Fazil namizədlik və doktorluq dissertasiyasıyalarının müdafiəsindən sonra çoxsaylı elmi məqalə çap etdirmişdir. Azərbaycan Sovet və Naxçıvan Ensiklopediyalarında 100-ə qədər məqalənin müəllifidir. Yeddi cildlik Azərbaycan tarixi kitabının müəlliflərindən biri olan Şahin Fazil Azərbaycanın orta əsrlər tarixinin müxtəlif məsələlərini araşdıraraq, öz sözünü demişdir. Hazırda üç cildlik “Azərbaycan tarixi” kitabının müəllifidir.
Şahin müəllim bir neçə monoqrafiyanın, o cümlədən Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsəri üzrə, “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə”, “Quba tarixi”, “XV əsr Azərbaycan dövlətlərinin quruluşu”, həmçinin bir neçə fənn proqramı və dərs vəsaitinin müəllifidir.
Professor Şahin Fazil son illərdə tərcüməçilik fəsliyyətini daha da genişləndirmiş, fars dilində yazılmış iki böyük Azərbaycan tarixçisinin məşhur kitablarını dilimizə çevirmiş, onlarla sanballı “Ön söz” başlıqlı məqalələr, geniş şəhrlər yazmışdır. Həmin kitabların birincisi XVI əsrin ikinci yarısı-XVII əsrin birinci rübündə yaşamış və Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair faydalı tarixi qaynaq qələmə almış İsgəndər bəy Münşinin “Tarixe- aləmaraye-Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərinin mükəmməl tərcüməsidir. Əsər 2010 və 2014-cü illərdə 2505 səhifədən ibarət çap olunmuşdur. Ikinci qaynaq isə Həsən bəy Rumlu kimi Səfəvi dövrü tarixçisinin məşhur “Əhsənüt-təvarix” (“Tarixlərin ən yaxşısı”) salnaməsidir. O həm də Jozef Tiflisinin “Mir Veys və Şah Sultan Hüseyn”, Yan Tadeuş Kruşinskinin “Xristian səyyarın tarixi” kimi dəyərli mənbələrin tərcüməçisidir.
QUBA ƏDƏBİ MÜHİTİ ŞAHİN FAZİLİN SİMASINDA... Şahin Fazil yaradıcılığı, araşdırmaları göründüyü kimi çoxşaxəlidir. O bir tərəfdən ümumi tarixlə bağlı kitablar nəşr etdirmiş, digər tərəfdən isə Azərbaycan tarixinə dair müxtəlif dillərdə olan ilkin mənbələrin Azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş, indiyədək iki tarixi qaynaq kitabını fars və osmanlı dillərindən dilimizə çevirərək çap etdirmişdir. O Azərbaycan xalqının vətənpərvər övladı və tanınmış alim kimi Azərbaycanın tarixi problemlərini istər ölkə daxilində, istərsə də xaricdə işıqlandırmış, çıxış etdiyi ölkələrdə Azərbaycanın tutduğu mövqeyi cəsarətlə müdafiə etmişdir.
Şahin Fazil gənc elmi kadrların yetişdirilməsi sahəsində çox səmərəli fəaliyyət göstərir. Ondan çox kitabın elmi redaktoru olmuş, iyirmiyə yaxın tarix üzrə fəlsəfə doktoru və tarix üzrə elmlər doktoru dissertasiyalarına opponentlik etmişdir. Otuz yeddi bədii, elmi və tərcümə kitablarının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür”.

Əsəblər çəkilib yerdə tarıma,
Şahin pərvazına göy intizar ki…
Gəl, səni götürüb qanadlarıma
Aparım göylərə, yerdə nə var ki?


QUBA ƏDƏBİ MÜHİTİ ŞAHİN FAZİLİN SİMASINDA... Ramiz Qusarçaylı zəng edib mənə bildirəndə də Şahin müəllimin yerli yazarla görüşü olacaq, sevindim. Bilirdim, bilirdim ki, şeirlərinin qanadlarında Ustad bizi yerlərdən ayıracaq...
O yenə də bizimlə idi! Görüşünə sevənləri toplanmışdı. Onu təqdim etməyə ehtiyac olmasa da “Ay işığı” ədəbi məclisimizin sədri, şəxsiyyət və yaradıcılığına böyük dəyər verdiyi Ramiz Qusarçaylı şairin yaxın zamanının yaradıcılığından söhbət açdı. Nəşr olunan kitablarını, uğurlarını sadaladı. Qeyd eləmək yerinə düşər ki, sənətdə və həyatda yaxın dostu, sirdaşı olan Ramiz Qusarçaylıya 30-a yaxın şeir həsr edən Ustad onunla hər zaman qürurludur! “Ramiz”, deyərək müraciət etməsində də bir doğmalıq, ehtiram var...

Gündüzə, axşama ey vurğun yazar,
Ey coşqun sənətkar, ey çılğın yazar,
Şeir sənin Leylin, ey Məcnun yazar
Ramiz Qusarçaylı, axşamın xeyir!

Canında çağlayır ilham, yazırsan,
Ətalət hissinə edam yazırsan,
Gündüz düşünürsən, axşam yazırsan
Ramiz Qusarçaylı, axşamın xeyir!


Şair sevgiləri, dostluqları silinməz olur, axar bulaq kimi qurumur, tükənmir.
Bu sevginin kökünü araşdırmaq o qədər də asan deyil:

Bu nəzər səmimi, bu köz səmimi,
Bu söz tərif deyil, bu söz səmimi,
Az şair görürəm indi sən kimi
Səni yaşatmağa tələsirəm mən.

Mənəm sənin dostun, dost dosta hayan,
Şahin, dost yolunda ha çalış, ha yan!
Qubaya gəlmişəm çıxıb Bakıdan
Səni yaşatmağa tələsirəm mən!


Biz Onu dinləmək istəyirdik, o isə bizi...
Hər birimiz Ustadın qarşısında hesabat verirmiş kimi idik. Quba ədəbi mühiti Şahin Fazil simasında təmsil olunurdu, sanki..!


Sevinc MƏMMƏDOVA
şair-publisist,
ZiM.Az-ın xüsusi müxbiri,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Bayram Qaralov:

Bayram Qaralov: "ŞAHİN"

Başkeçid
Ramiz QUSARÇAYLIya BAŞSAĞLIĞI

Ramiz QUSARÇAYLIya BAŞSAĞLIĞI

Nekroloqlar

"ŞEİR DÜNYAMIZ" ədəbi məclisinin növbəti poeziya gecəsi keçirilib

Sumqayıt
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Bu gün AzTU-nun dekanı, professor FAZİL HƏSƏNOVun ad günüdür

Bu gün AzTU-nun dekanı, professor FAZİL HƏSƏNOVun ad günüdür

AzTU, "XXI əsrin Ziyalıları", Təbriklər
BİR YANI ŞAH DAĞI, BİR YANI XƏZƏR...

BİR YANI ŞAH DAĞI, BİR YANI XƏZƏR...

Regionlar, Köşə yazılar
GÖRKƏMLİ ÇOĞRAFİYAŞÜNAS ALİM  ZAKİR EMİNOV

GÖRKƏMLİ ÇOĞRAFİYAŞÜNAS ALİM ZAKİR EMİNOV

Yeni nəşrlər, Digər bölmələr
AzTU-nun rektoru Gənclər üçün Prezident mükafatına layiq görülən AzTU məzun ...

AzTU-nun rektoru Gənclər üçün Prezident mükafatına layiq görülən AzTU məzun ...

AzTU
Diaspor rəhbəri Litvada deputatlığa namizədliyini irəli sürüb

Diaspor rəhbəri Litvada deputatlığa namizədliyini irəli sürüb

Diaspora

"AİLƏMİZDƏ YEGANƏ MÜĞƏNNİYƏM"

Mədəniyyət, "Elm və Təhsil"
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib

"Zirvə", Nekroloqlar
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Yeni nəşrlər, Elm, Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

Humanitar elmlər, ADPU, Təbriklər
PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

Digər bölmələr
TƏBRİK EDİRİK, HÖRMƏTLİ FAZİL MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ FAZİL MÜƏLLİM!...

Borçalı, Təbriklər

"Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi

Borçalı, Əsas xəbər
Rəy yazın: