Laçınlı xanım Nuranə Akif qızı İbadova Makrona AÇIQ MƏKTUB yazdı: “Sizi İlham Əliyevlə Ərdoğanın yanında olmağa dəvət edirəm”

Laçınlı xanım Nuranə Akif qızı İbadova Makrona AÇIQ MƏKTUB yazdı: “Sizi İlham Əliyevlə Ərdoğanın yanında olmağa dəvət edirəm”Azərbaycan Respublikası, Laçın şəhəri, Nizami küçəsi, ev 108 ünvanından 28 ildir məcburi köçkün düşmüş Nuranə Akif qızı İbadova Azərbaycan əleyhinə çıxışlar edən Fransa prezidenti Emmanuel Makrona açıq məktub yazıb.

ZiM.Az saytı laçınlı məcburi köçkünün məktubunu olduğu kimi təqdim edir:



“Emmanuel Makrona!

Yazdığımı oxusanız, məktubda sizdən narazı adam gördüyünüzü deməkdə haqlı olacaqsınız. Əslində, bəyanatınızı eşidəndən sonrakı hiddətimi təsvir etmək üçün narazı ifadəsi çox gücsüzdür. Bu narazılığın sizin üçün heç bir əhəmiyyət daşımadığını biləcək qədər ağıllı birisiyəm. Məsələ təkcə bunda olsaydı, bəlkə də susa bilərdim.


Çünki mən 14 yaşlı uşaqkən bir səhər silah səsinə yuxudan oyanıb evimdən qovulmağın, ailəmin illərlə evsiz qalmağının, öz vətənində köçkün olmağın, ermənilər tərəfindən yandırılan evinin kadrlarını illər sonra televiziya ekranında görən atamın ürəyi yana-yana ağlamağının narazılığını yaşayaraq susmağı bacarmışam. Mənim atamın ölüm yatağındakı son arzusu ermənilər tərəfindən işğal edilən kəndlərindəki bulağın suyundan bircə fincan (eşidirsiniz? - bircə fincan) içmək idi və mən bir övlad kimi onun bu sadə arzusunu yerinə yetirmək imkanından sizin bu gün müdafiəsinə durduğunuz ermənilərin işğalı sayəsində məhrum idim. Bəlkə də bu bir fincan su ona yanan evinin ürəyində yaratdığı yanğını söndürmək üçün lazım idi. Erməni işğalı nəticəsində yaşadığım şəxsi faciələrimdən danışmaqla sizi çox yormayacağam.

Ermənistanın işğalı nəticəsində yaşanmış faciələrin Şəhid xiyabanları, anaların göz yaşları, dağıdılan qəbirlər, güllələnən heykəllər, atəşkəs dövründə nənəsi ilə bərabər üç yaşında öldürülən Zəhra və nəhayət Xocalı kimi daha ağır ittihamçıları var. Lakin bu məktubun yazılma səbəbi nə şəxsi, nə də milli faciələrdir. Məni bu məktubu yazmağa vadar edən daha ciddi səbəblər var. Bu faciələrə göstərilən biganəliklə birtəhər barışmaq olardı. Amma haqqa, ədalətə, həqiqət hissinə söykənən Avropa dəyərlərinin belə insafsızcasına tapdanmasına göz yummaq olmur. İşğalı, zorakılığı, yalan və ədalətsizliyi Avropa dəyərləri pərdəsi altında, həqiqət və xeyir kimi təqdim edirlərsə, bu yerdə susmaq olmaz.

Bəli, mən bu dəyərləri çox sevmişəm. Öz vətəninə bağlı olan, onun tərəqqisini, inkişafını arzulayan bir adam kimi öz ölkəmin tərəqqi və inkişafını məhz bu dəyərlərdə görərək, onları ümid işığı bilmişəm. Həm də bu sevgi təkcə mənim deyil, sizin heç vaxt görmədiyiniz və sizi heç vaxt görməyən milyonlarla azərbaycanlının sevgisinin ifadəsidir. Məsuliyyətsiz bəyanatlarınız sayəsində insanların bu dəyərlərə olan inamının itirilməsinin baiskarı kimi bir dəqiqəlik də olsa, sakitliyinizi itirməlisiniz. Çünki bu dəyərlər heç də asanlıqla ərsəyə gəlməmişdir. Yoxsa Russonun, Volterin, Didronun, Monteskyenin, Hüqonun, Hobbsun və daha bir çox qaranlığa işıq tutan mütəfəkkirlərin ruhu sizi bağışlamaz.

Bu dəyərlər Hüqonun sözləri ilə desək, yüngüləхlaq və məzlum cəmiyyətə, bütün birləşmiş güclərə - saraya, zadəganlara, maliyyəçilərə, bu qüdrətli, amma anlaqsız və kor kütləyə, sadə insanlarla olduqca qəddar davranan, hakim qüvvələr qarşısında isə boynunu buran ikrahdoğurucu məhkəmələrə, birini öz qəddarlığı ilə cana yığıb, başqalarının qarşısında əyilənlərə, kralın qarşısında dizlərini хalqın boynuna dirəyərək diz çökənlərə, riyakarlıq və fanatizmin iyrənc qarışığı olan ruhanilərə, sosial ədalətsizliyin bu güc koalisiyasına, bu nəhəng və qorхunc dünyaya müharibə еlan еləyən və savaşa girən yüzlərlə mütəfəkkirin əməyinin bəhəridir və o dəyərlərdə nə zülmə biganəliyə, nə də də işğala bəraət yoxdur.

Siz isə o dəyərlərə öz siyasi karyeranızdan baxmağa alışmısınız və bu karyera naminə hadisələri olduğu kimi deyil, onları görmək istədiyiniz kimi göstərirsiniz.

Siz Azərbaycan əsgərinin öz torpaqları uğrunda vuruşduğunu yaxşı bilirsiniz. Azərbaycan əsgəri Tenardye kimi meyit soyan erməni əsgərindən (bunu sübut edən televiziya kadrları var) fərqli olaraq, utanılacaq heç nə etmir. O, yalnız canını qurban verməklə öz torpaqları uğrunda mübarizə aparır və bu mübarizədə Azərbaycanın heç bir muzdluya ehtiyacı yoxdur. Çünki onun vətəndaşlıq borcunun nə olduğunu bilən və onu vicdanla yerinə yetirən, vətən uğrunda canından keçməyə hazır olan 10 milyon əsgəri var.

Biz bu mübarizəmizdə heç kimi örnək almamışıq. Əksinə, bu gün ərazisi işğala məruz qalan dünya dövlətləri üçün örnək olacağıq. Amma yəqin ki, kimisə özümüzə nümunə götürəsi olsaq, bu, məhz 1792-ci ilin aprelində öz vətəninin müdafiəsinə qalxmış fransız xalqı və onun bir gecəyə dillər əzbəri olmuş Marselyozası olardı:

Əsməcəyə düşsün tiran
Başının küt dəstəsiylə.
Məkrli məmləkət quran
Cəzalansın haqq səsiylə.
Əsgər olmuşuq hamımız,
Gənc igidlər həlak oldu.
İkiqat artıq doğulduq
Yenmək üçün sizləri biz.
Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!


Cənab Makron, deyin görək biz kimin halına ağlamalıyıq? Günahsızların, əzab çəkənlərin, evi dağılanların, əsgərlərin hamısınınmı halına? Əgər belə isə mən razıyam. Amma bunun üçün Qarabağın 30 il əvvəlinə qayıtmaq və baş verən bütün faciələr üçün ağlamaq lazımdır. Əgər siz mənimlə bərabər Azərbaycanın faciələrinə ağlasanız, mən də sizinlə bərabər Ermənistan üçün ağlayaram. Lakin tərəzinin müvazinəti pozularsa, şübhəsiz ki Azərbaycan xalqının iztirabları üstün gələcəkdir. Çünki Azərbaycan heç kimin torpaqlarını işğal etməyib, işğala məruz qalan bir ölkə olaraq öz sərhədləri daxilində iztirab çəkir.

“Türkiyənin ritorikası Azərbaycanı Dağlıq Qarabağı yenidən “işğal etməyə” cəsarətləndirir”. Doğrudanmı bunu Minsk Qrupunun həmsədri olan ölkənin lideri deyir? Doğrudanmı siz Qarabağın Azərbaycan olduğunu bilmirsiniz? Doğrudanmı dünyadakı demokratik fikrin, düşüncə tərzinin formalaşmasında mühüm rol oynamış, cəhalətə qarşı fikir, ədalətsizliyə qarşı ədalət, xeyir, humanizm müharibəsi aparmış Fransa xalqının lideri öz siyasi maraqları naminə dünyadakı haqqı, ədaləti heçə sayır?!

Cənab Makron, hətta sizin bu ədalətsizliyiniz belə Qarabağı Azərbaycandan almaq iqtidarında deyil. Siz isə haqqı müdafiə edən Türkiyənin öz qardaşlarına haqq işində mənəvi dəstəyini belə çox görürsünüz. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad etməsini elə yenə Hüqonun dili ilə desək, Tanrı istəyir. Dünya həddindən artıq bir ağırlıqdan əzab çəkdiyi zaman qaranlıqdan gizli nalə və fəğan səsləri gəlir, uçurumda onlara qulaq asır. Qarabağda 30 ildir davam edən ədalətsizlikdən göylərə şikayət olunub və onun süqut məsələsinin həll ediləcəyi, Qarabağda Azərbaycan bayrağının dalğalanacağı, Laçındakı kəndimizdə axan su ilə atamın məzarı başındakı qızılgülü bəsləyəcəyim gün uzaqda deyil.

Sizi isə sonda, haqqa, ədalətə gerçəyə dayanan Avropa dəyərləri naminə, bütün işğalların dünyadan yox olması naminə, ədalətsizliklə davam edən atəşkəs üçün deyil, ədalətli sülh naminə Qarabağın Azərbaycan olduğunu səmimi şəkildə etiraf etməyə çağırıram. Və tərəzinin pozulmuş müvazinətini düzəldərək, sizi atamın məzarı başındakı qızılgülə su verəcəyim gün 1 milyon azərbaycanlı qaçqın-köçkünün şəxsi faciələrinə hörmət naminə haqq uğrunda mübarizə aparan və haqqı müdafiə edən İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yanında olmağa dəvət edirəm. Bir halda ki, işğallar və işğalçılar ətrafına qaranlıq yayır, yenə də dahi Hüqonun sözləri ilə desək, qoy məzarlardan dünyaya işıq yayılsın”.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Nuranə İbadova:

Nuranə İbadova: "Ədalətin Zəfəri"

Qarabağ, Köşə yazılar
Pərvin Abdullayeva:

Pərvin Abdullayeva: "Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan"

Qarabağ, AzTU
Azərbaycanlı jurnalist Zeynab Kazimovanın Fransada məqaləsi nəşr olunub

Azərbaycanlı jurnalist Zeynab Kazimovanın Fransada məqaləsi nəşr olunub

Dünya, Avropa
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Qarabağ, Gürcüstan, Borçalı
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət
Qafar Əsgərzadə:

Qafar Əsgərzadə: "Erməni təxribatına susmaq və onları qınaq predmentinə çe ...

Qarabağ, AzTU
44 günlük  Vətən Müharibəsi Komandanlığın və Ordumuzun                      ...

44 günlük Vətən Müharibəsi Komandanlığın və Ordumuzun ...

YAP, AzTU
Azərbaycan Respublikasının Prezidenti Çingiz Qurbanova “Azərbaycanın Milli  ...

Azərbaycan Respublikasının Prezidenti Çingiz Qurbanova “Azərbaycanın Milli ...

Rəsmi Xəbərlər, AzTU
Bəxtiyar Vahabzadənin Daxili İşlər nazirinə şok məktubu üzə çıxdı – “...Gör ...

Bəxtiyar Vahabzadənin Daxili İşlər nazirinə şok məktubu üzə çıxdı – “...Gör ...

Azərbaycan, Əsas xəbər
Rövşən Rzayev: “Ermənilər atamı girov götürəndə qardaşım zəng etdi ki...” - ...

Rövşən Rzayev: “Ermənilər atamı girov götürəndə qardaşım zəng etdi ki...” - ...

Milli Məclis, Qarabağ, Hüquq
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Köşə yazılar
Həbib Mirzəyev:

Həbib Mirzəyev: "Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdillikl ...

Qarabağ, AzTU
Xalidə Xalid: “Bu cinayətləri kimin ayağına yazaq?..”

Xalidə Xalid: “Bu cinayətləri kimin ayağına yazaq?..”

Azərbaycan, Qarabağ, Köşə yazılar
ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

"Şərqin səsi", "Elm və Təhsil"
Hüseyn Yusubov:

Hüseyn Yusubov: "İşğal olunmuş torpaqlarımızı işğalçılardan azad etmək Azə ...

Qarabağ, Gürcüstan, Borçalı
Valeh Mirzə: AZƏRBAYCAN HEÇ VAXT GÜZƏŞTƏ GETMƏYƏCƏK!..

Valeh Mirzə: AZƏRBAYCAN HEÇ VAXT GÜZƏŞTƏ GETMƏYƏCƏK!..

Qarabağ, MEDİA
Xalidə Xalid: “ Erməni sözçüsü  öz adını kimə qoymaq istəyir?”

Xalidə Xalid: “ Erməni sözçüsü öz adını kimə qoymaq istəyir?”

Azərbaycan, Köşə yazılar
44  GÜNLÜK  XATİRƏ

44 GÜNLÜK XATİRƏ

Sumqayıt, Köşə yazılar
Qan yaddaşımız Xocalı

Qan yaddaşımız Xocalı

BDU, Köşə yazılar
DÜNYAYA  SƏS SALAN  SƏRKƏRDƏ

DÜNYAYA SƏS SALAN SƏRKƏRDƏ

"Elm və Təhsil", Köşə yazılar
Rəy yazın: