Vətənin sevimli qızı

Vətənin sevimli qızı
Redaksiyamızın
bu günkü qonağı Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri
Zemfira xanım Ağayevadır.

Ləyaqətli Azərbaycan qadını! Sədaqətli - abidə,
dözümü, dəyanəti - əfsanə,
mənəviyyatındakı zərifliyi, həssaslığı, mətinliyi - qranitləşmiş bir qaya, bir dağ…
O möhkəmlik, o ucalıq, o əzəmət onlarla kitaba dastana sığmaz!..
Tarixin səhifələrini vərəqləsək Tomrislər, Nüşabələr, Nigarlar, Həcərlər… daha kimlər, kimlər təkcə tariximizdə deyil, bu gün də aramızdadırlar. Əbədi və həmişəyaşardırlar. Çünki Azərbaycan qadınının mənəviyyatındakı bütün gözəl keyfiyyətlər onların qanındadır, hər zaman dəyişmədən bələ axıb, belə də axacaqdır.


Haqqında söz açdığımız Zemfira Ağayeva da, məhz belə fədakar, vətənpərvər, dəyanətli, ləyaqətli qadınlarımızdan biridir. Onunla bir neçə gün öncə Bakının anası saydığımız İçəri Şəhərdə - ofisində görüşmüşdük. Bizi səmimiyyətlə qarşılamışdı. Söhbətimiz boyu hiss etdik ki, bura əsasən sahibkar qadınların görüşdükləri, bir-birinə dəstək olduqları rahat, isti bir məkandır. Biz də öz növbəmizdə xahiş etdik ki, boş vaxtlarının birində ZiM.Az-ın qonağı olsun. Sağ olsun, xahişimizi unutmadı...
Budur, bu gün, Zemfira xanım, ZiM.Az-ın qonağıdır.


Bir haşiyə:

İçəri Şəhərin, bu qədim yaşayış məskəninin adını çəkdiyimiz üçün xüsusi qeyd etmək istədik ki, bura Azərbaycan xalqının dəyərli, mədəni irsidir. Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında “Qala” kimi də, adlanır. Buradakı abidələrdən bir çoxu məsələn: “Qız Qalası”, “Şirvanşahlar Sarayı”, Məhəmməd Məscidi və s. dünya əhəmiyyətli abidələrdəndir. Həqiqətən də İçəri Şəhər Bakının gözüdür, fərqli aləm, fərqli bir mədəniyyətdir.
Hal-hazırda İçəri Şəhər həm yaşayır, həm də tarixi memarlıq kompleksidir. Buradakı gözəllik, abu-hava hər kəsə xoş ovqat bəxş edir.


Bildiyimiz kimi, Zemfira Ağayeva cəmiyyətimizin öndə olan qadınlarından biridir. Sevib-seçdiyi sahəyə ürəkdən bağlılığı, işgüzarlığı onu hər kəsə sevdirir. Tanıyanlar ona “Vətənin sevimli qızı”-dır deyillər.
Bu ad hər kəsə deyilmir…


-Zemfira xanım, öncə necə ailədə böyümüsünüz, hansı keyfiyyətlərə malik insanların tərbiyəsini almısınız? Əvvəlcə bu barədə danışmağınız maraqlı olardı.

-Atam Hüseynov Hüseyn Seyfulla oğlu və anam – Hüseynova Suqra əslən Gəncəlidirlər. Qollu-budaqlı, sayılıb-seçilən nəsildən idilər. Mən Goranboy rayonunda ziyalı ailəsində dünyaya gəlmişəm. Valideynlərim ali təhsilli insanlar idilər. Artıq onlar dünyalarını dəyişiblər. Dünyalarını dəyişən bütün valideynlərə Allahdan rəhmət diləyirəm.

Mənim həyatda sağlam, xoşbəxt böyüməyimdə, mənəvi güc-qüvvət almağımda minnətdarlığımı bildirmək istədiyim bir neçə insan var. Mən ilk növbədə atama minnətdaram, qəlbimin qürur teli, güvənc yeri olmuş atama. Çətinliklərə baxmayaraq övladlarının hər birinin ali təhsilli olmasına əsl ata borcunu əsirgəmədiyi üçün, öz həyatını onların gələcəyinin parlaq olmasına həqiqətən, bütünlüklə sərf etdiyi üçün… Anama minnətdaram, həsrətini çəkdiyim anama. Əsl Azərbaycan qadını kimi ömür yaşamış, fədakar anama, ömrünü şam kimi balalarının yolunda gilə-gilə əritmiş, öz arzularını bizim arzularımıza qurban vermiş anama. Sağlığında anamla fəxr etmişəm. Onunla bağlı hisslərim cümlələrə sığmaz. İndi ən gözəl bənzətmələr bir də heç olar onun ruhu qarşısında. Analı illərimdə ətrafımdan kimlərləsə onu tanış edəndə ağızdan çıxan qibtə dolu iki kəlmə hər zaman mənə böyük qürur bəxş edərdi: əsl anadır! Bir şairin dediyi kimi: İstəyirdim sağlığında çəkib onu gizlədim gözlərimdə, sonra da yavaş-yavaş yumum kipriklərimi. Göz bir insan varlığının ən əziz üzvüdür – mən orada saxlamaq istəyirdim anamı. Həm də elə ehmalca yavaşça ki, onun gül zərifliyini, o həlim xasiyyətini, o mehriban, asta danışığını… kipriklərim toxunub sıxmasın deyə. Könlümün ən baş otağındadır anam yenə də… Çünki o, sağlığında mənə hamıdan, hər kəsdən gözəl idi, bütün munis duyğularımın tərcümanı idi. Anam yenə ürəyimin döyüntüsündədir, hər zaman, hər an mənimlədir, varlığımda, ruhumdadır… Onunla söhbətləşirəm, dərdləşirəm.

-Bir qədər də tələbəlik dövrünüz və sonradan ictimai həyata atıldığınız ilk illərdən başlayan karyeranız haqqında…

-Gəncə Texnalogiya Universitetini bitirib, modeliyer-rəssam ixtisasına yiyələnmişəm. Bir müddət Gəncə Pedaqoji Universitetində geyimin hazırlanma texnologiyası və onun tədrisi metodikasından dərs demişəm. Həmin illərdə tədris etdiyim fənn üzrə kitab yazmışam və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi ilə çapdan çıxıb. Hazırda həmin tədris vəsaitindən universitetlərdə və kolleclərdə istifadə olunur. Elə o vaxtdan sevib-seçmişəm bu sahəni. Ötən illər ərzində əsasən sahibkarlıqla məşğul olmuşam. “Sahibkar Qadınlar” İctimai Birliyinə gəlincə isə bu təşkilat Ədliyyə Nazirliyinin dövlət qeydiyyatından 2001-ci ildə keçib. Hal-hazırda təşkilatın 5 mindən artıq üzvü var. Onların 60%-ni gənclər təşkil edirlər. Azərbaycanın 12 rayonunda mərkəzləri fəaliyyət gösdərir. 13 xarici ölkənin sahibkar qadınları ilə dostluq və əməkdaşlıq əlaqələri qurublar. 6 xarici ölkə sahibkarları ilə dövlət səviyyəsində ölkələrarası dostluq memerendumu imzalanıbdır. Təşkilatımız dövlətimiz tərəfindən daim dəstəklənir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın, Uşaq Dövlət Komitəsi, Azərbaycan Pespublikası Vergilər Nazirliyi və eləcə də Sahibkarlar Komfederasiyası təşkilatımızı dəstəkləyirlər. Sahibkar qadınların xarici ölkələrdə keçirilən tədbirlərdə, biznes formlara, iş adamları ilə ikitərəfli görüşlərini, qurultaylarda, beynəlxaq sərgilərdə və təlimlərdə iştirakını və səfərlərini təmin edirlər. Nəticədə isə onlar topladıqları təcrübəni öz işlərində, fəaliyyətlərində tətbiq edirlər. Bunun özü qadın sahibkarlığının inkişafının elmi əsaslar üzərində qurulması deməkdir. Elə ona görə də, 1 ildə orta hesabla 170 nəfərdən artıq gənc qadınlarımız sahibkarlıq fəaliyyətinə başlayırlar.

-Bu gün Sizi nələr fərəhləndirir, fəxr etdiyiniz nələr var? Bununla yanaşı hal-hazırda Sizi düşündürən, rahatlığınıza mane olan problemlər necə… varmı?
-Fərəhlənirəm ki, 1995-ci ildən özəl peşə kurslarına rəhbərlik edirəm. Bu peşə kursları əvvəl Gəncə Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstəribdir. Ölkəmizdə özəlləşmə proqramı həyata keçdikdən sonra isə fəaliyyətini özəl təhsil müəssisəsi kimi davam etdirməyə başladı. Hal-hazırda “Qızıl Əllər” tədris müəssisəsinin Gəncə şəhərində 2 böyük inzibati binası var. İlk Tədris müəssisəsidir ki, 1997-ci ildə Gəncə regionunda Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Böyük çətinliklərlə qarşılaşmağıma baxmayaraq, bu illər ərzində müəssisəni dayanmağa qoymadım. Hazırda “Qızıl Əllər”in Bakı şəhərində, eləcə də Azərbaycanın bir necə rayonlarında filialları fəaliyyət göstərir. Bu gün paytaxtımızdakı tədris müəssisəsində 1000-dən artıq vətəndaş peşə təhsili alır və qəbul olunanlara yaş məhdudiyyəti qoyulmur. Kurslarda vətəndaşlar - ailə tibb bacısı, diş texniki, dərzilik, bərbərlik, xalçaçılıq, dizayner-rəssam, zərgərlik, toxuculuq, kompüter təmiri, proqramisti, xarici dil öyrənmək, kulinariya və aşpazlıq kimi peşələrə yiyələnirlər. Qeyd edim ki, bu peşələrə yiyələnmək istəyənlər lazım olan bütün şəraitlə təmin olunurlar. Sonda kursları bitirənləri ya işlə təmin edirik və yaxud da sahibkarlıq fəaliyyətinə cəlb edirik.
Ötən dövr ərzində “Qızıl Əllər”in bazasında daha 4 tədris müəssisəsi yaradılıb. İndi isə Gəncə şəhərində peşə kurslarından fərqli olaraq, yeni bir tədris müəssisəsi “Tətbiqi İncəsənət Kolleci” yaratmaq ərəfəsindəyik.

-Bir qədər də qazandığınız uğurlarınız barədə...
-Azərbaycanda mənim öz dəsti-xəttim var. Tanıyanlar Zemfira Ağayevanın ötən müddət ərzində hansı çətinliklərdən keçdiyini və bu gün əzmkarlıqla, qətiyyətlə nələrə qadir olduğunu yaxşı bilirlər. Sevinirəm ki, dövlətimiz tərəfindən əməyimə yüksək qiymət verilibdir. Qeyd edim ki, müxtəlif illərdə Ailə, Qadın və Uşaq Dövlət Komitəsinin, ABŞ-nın, Türkiyə dövlətinin, İran İslam Respublikasının eləcə də digər Respublikaların fəxri fərmanları, diplomları ilə təltif olunmuşam. Məni ən çox fərəhləndirən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin 2012-ci il aprelin 25-də əməyimə yüksək qiymət verərək, məni “Tərəqqi” medalı ilə təltif etməsidir. Vətənin bu ali mükafatı mənim həyatımda ən yüksək mükafatdır. 2017-ci ildə isə “Sahibkarlar Günü” münasibəti ilə İqtisadiyyat Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşam.
Sahibkar Qadınlar İctimai Birliyinin əsas fəaliyyəti ölkəmizin iqtisadiyyatını daha da gücləndirmək məqsədi ilə, eləcə də, qız və qadınlarımızın biliyini, bacarığını bu sahəyə yönəltməkdir. Bunun üçün biz sahibkar qadınlarla mütəmadi görüşlər keçirir, problemləri ilə yaxından tanış olur və onlara lazım olan dəstəyi göstəririk.

-Zemfira xanım söylədiniz ki, ali məktəbi bitirdikdən sonra Gəncə Pedaqoji Universitetində müəllim işləmisiniz. Bu sahəni də, o vaxtdan sevib-seçmisiniz. Necə xatırlayırsınız, o illəri?

-İnsan yaddaşı çox şeyi, çox hadisəni yaşadır. Ömrün hansı anındasa, dönüb geri boylanırsan. Yaşadığın ömürdən qalan xatirələrdə neçə-neçə yaxın-uzaq olanlarla görüşürsən. Təbii ki, bu görüşlərin hamısı könül oxşamır. Amma xoş anlar, xoş əməllər insan ömrünə yaraşıq verir, yaddaşına yazılır, Beləcə... Bir ömürlük şirin xatirələrə çevrilir. Mənim üçün o illər bütün əzabları ilə doğma və əzizdir. Çünki, məhz həmin vaxtlarda mən də, digər gənclər kimi ölkəmizin rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğısını hiss edirdim. Müasir Azərbaycanın memarı və qurucusu o böyük İnsan hakimiyyətdə olduğu bütün zamanlarda gənclərim himayədarı olmuş və bu səbəbdən də minlərlə gəncin qəlbində özünə böyük abidə ucaltmışdır. Bu baxımdan sonrakı illərimdə əldə etdiyim uğurlarıma görə bu böyük Azərbaycanlıya borcluyam.

-Sizin fikirinizcə, Heydər Əliyev fenomeni, əzəməti və şəxsiyyəti haqqında söz demək çətindir, yoxsa asan?
-Ulu Öndərimiz haqqında söz demək həm çətindir, həm də asan... Çətindir ona görə ki, böyük şəxsiyyətin xalqına həsr olunmuş mübarizələrlə dolu həyatı çox dərin, mürəkkəb, keşməkeşli olmuşdur. Gecəni-gündüzünə qatan, bütün fəaliyyəti dövründə bir gün belə dincəlməyən, millətini daim yüksəlişə, inkişafa aparan bir rəhbərin həyatı çox dərindir və çoxşaxəli təhlil olunmağa layiqdir. Eyni zamanda ona görə asandır ki, Ümummilli Liderimizin rəhbərliyi dövründə Azərbaycanda gedən böyük quruculuq işləri, misilsiz inkişaf məhz, hamımızın gözümüzün önündə olmuşdur. Biz bu inkişafın, tərəqqinin birbaşa şahidləriyik. Heç şübhəsiz ki, bizim söz adamlarımız, ziyalılarımız, alimlərimiz hələ bundan sonra neçə-neçə yüzilliklər Ulu Öndərimizin şərəfli ömür yolundan bəhs edən yeni əsərlər, kitablar yazacaqlar. Və onun zəngin və məqsədyönlü fəaliyyəti, eləcə də böyük dövlətçilik təcrübəsi gələcək nəsillərə daim örnək olacaqdır.

-Bildiyimiz kimi sahibkarlığın inkişafına dövlət dəstəyinin əsası Ulu Öndərimiz Heydər Əliyevin tərəfindən qoyulmuşdur. Yeri gəlmişkən, Sizin sahibkarlıq fəaliyyətinizdə Ümummilli Liderimizin rolu nədən ibarət olmuşdur?
-Bu gün Azərbaycan əhalisinin yarıdan çoxunu qadınlar təşkil edirlər. Cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Diplomat, icra başçısı, millət vəkili, əsasən də sahibkar qadınlarımızın sayı günü-gündən artır. Məlum olduğu kimi Azərbaycan qadını bu yüksək pilləyə məhz Ulu Öndərimizin sayəsində nail olmuşdur. Xüsusi qeyd etməliyik ki, bu gün Heydər Əliyev irsinin, məktəbinin birbaşa layiqli davamçıları olan Prezidentimiz İlham Əliyevin və birinci Vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin günü-gündən çiçəklənməsində, o cümlədən də, sahibkarlığın inkişafında məqsədyönlü fəaliyyətləri deyilənlərə əyani sübutdur. Bu gün Mehriban xanım Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində öz sözlərini deyirlər. Şərq və Qərb xüsusiyyətlərini özündə cəmləşdirən, milli dəyərlərimizin və mədəniyyətimizin təbliğatçısı, adət-ənənələrimizin qoruyucusu, ümummilli problemlərimizin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyeva – deyərdim ki, ideal bir qadın obrazıdır. Əminəm ki, bu obraz Azərbaycan qadınının dünyaya baxışında, gələcəyində mühüm rol oynayacaqdır.
Yaxşı yadımdadır... Ulu Öndərimiz ölkənin bütün sahibkarları ilə ilk dəfə 2002-ci ildə görüş keçirdi. Həmin görüşdə mən də var idim. Qeyd edim ki, taleyin mənə bəxş etdiyi töhfə kimi həmin gün Heydər Əliyevlə Prezident Aparatının binasında keçirilən sərgidə görüşdüm. Soruşdu ki, Siz də sahibkarsınız? Cavabımda bəli, mən də sahibkar qadınam dedim. Dahi şəxsiyyət əlini mənim çiynimə qoyub gülümsədi. Həmin gün sahibkarlarla görüşü zamanı Ulu Öndərimiz həmişəki kimi qadınlara diqqət və qayğı ilə yanaşaraq, Sizlər ön sıralarda əyləşin dedi. Bizim hamımız keçib ön sıralarda əyləşdik. Söylədi ki, heç nədən çəkinməyin. Sizin hamınız çox çətin və şərəfli bir yolu tutmusunuz. Sizin yeriniz həmişə öndədir. Deyərdim ki, Ulu Öndərimizlə 2002-ci ildə ki, görüşümüz indiyədək qəlbimdə ən yaddaqalan, kövrək bir xatirəyə çevrilmişdir. O illərlə bağlı qəlbimdəki bir kövrək xatirə də, Ulu Öndərimizin “Azərbaycan” şeirini söyləyərkən qəhərlənməsidir. Bu kövrəklik Heydər Əliyev kimi dahinin Günəşli ölkəsinə və xalqına bəslədiyi sonsuz məhəbbətindən qaynaqlanırdı. Bizim hamımız o bir bənd şeiri onun səsi ilə eşidəndə həmişə kövrəlirik.

-Zemfira xanım, Siz ictimaiyyətdə ən çox tanınan qadın simalardansınız. Qeyd etdiniz ki, sahibkarlıq fəaliyyətinizlə bağlı xarici dövlətlərdə səfərlərdə olmusunuz. Deməli Azərbaycan qədər digər ölkələrdə də tanınmısınız. Bu uğurlu fəaliyyətiniz ötən illər ərzində Sizə nə verdi, nələr bəxş etdi?
-Mən bu gün də səfərlərdə oluram. Əlbəttə. Uğurlarım mənə ötən illər ərzində yalnız sevinc, fərəh hissi bəxş etdi. Məlumdur ki, zəhmətinin bəhrəsi insana mənəvi rahatlıq gətirir. Sevinirəm ki, illərlə çəkdiyim zəhmətim boşa getməyib. Mən bu gün də qurub-yaratmağa, yeniliyə can atanam. Heç vaxt özümü işsiz, fəaliyyətsiz təsəvvür edə bilmərəm. Müəssisədə çalışanlar, kursda təhsil alanlar və eləcə də Sahibkar Qadınlar İctimai Birliyinin üzvlərinin hamısı qadınlardır. Onların uğurları, qalibiyyətləri məni hər an sevindirir. Arzularıma nail olduğuma görə Tanrıma şükranlıyam.

-Gəlin bir qədər də, Azərbaycan qadının keçmişinə nəzər salaq. Sizin ömür yolunuz, təcrübəniz də, buna imkan verir. Məsələn 50-60 il bundan əvvəlki Azərbaycan qadını və bu gün XXI əsrin Azərbaycan qadını...
-Adətən zərif cinsin nümayəndələri adlandırdığımız qadınlarımız tarix boyu məhdud hüquqlara malik olsalar da, cəmiyyətin bütün dövrlərində onlara ehtiyac olub. Enişli-yoxuşlu yol keçən Azərbaycan qadınının taleyi, Azərbaycanın keçdiyi keşməkeşli yolundan elə də fərqli deyildir. Bu daşlı-kəsəkli yolda Azərbaycan qadını tarixin müəyyən dövrlərində öz əzəməti, yaxşı əməlləri və mübariz keyfiyyətləri ilə xüsusi izlər qoymuşdur. Bu keyfiyyətlər son iki əsrə də aiddir.

- Təkcə ötən əsrdə xalqımızı hər yerdə ləyaqətlə təmsil edən neçə-neçə qadın siyasi xadimlər, diplomatlar, filosoflar, hərbçilər yetişdirib. Qadınlarımız ölkənin ali qanunvericilik orqanı olan Milli Məclisdə xeyli sayda qadın millət vəkilindən ibarət bir kontingentlə təşkil olunurlar.
-Bəli. Azərbaycan qadınının bu günü də, keçmişi kimi şərəflidir və ona münasibət bu gün də ən uca səviyyədədir. 20 ildən artıq müddətdir ki, məruz qaldığımız Qarabağ savaşında qadınlarımız kişilərlə bərabər düşmənə qarşı mübarizədə nəyə qadir olduqlarını artıq sübut etmişlər. Mərdlik, kişi qeyrətli Salatınların, Qaratellərin, Gültəkinlərin işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaqdır. Bu müddətdə öz övladlarını Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıqlar göstərməyə, bu şərəfli yolda lazım gələrsə, canını belə əsirgəməməyə ruhlandıran qadınlarımız həm də sonsuz minnətdarlığa layiq qəhrəman ana olduqlarını ikiqat sübut etdilər. İndiki müstəqillik dövrümüzdə də Azərbaycan qadınlarının cəmiyyətdəki rolu genişlənir. Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, XX əsrin - 60-cı illərin sonlarından ölkəmizə rəhbərlik etməyə başlayan Heydər Əliyev qadın azadlığına, qadınların irəli çəkilməsinə xüsusi diqqət yetirib. Ulu Öndər hələ ötən əsrin 70-ci illərində ali məktəb və texnikumlarda təhsil alan qadınların sayının artırılmasını və onların elmlə məşğul olmasının stimullaşdırılmasını vacib məsələ kimi qarşıya qoyurdu. Göründüyü kimi Azərbaycanda qadınların həmişə özlərini cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etməsi Heydər Əliyev siyasətinin tərkib hissəsi olubdur.

-Bir qədər əvvəl Vətəndən, Qarabağdan, qəhrəmanlıq göstərmiş qadınlarımızdan danışdınız. Nədir Vətən sevgisi?
-Udduğumuz hava, içdiyimiz sudur, əsrarəngiz gözəlliklər diyarı, füsunkar şəhərdir-kənddir, dağlarına-bağlarına, meşəsinə-çeşməsinə bənd olduğumuz yurd-yuvadır, körpələrin ayaqlarını əzmiş kəsəkdir-çınqıldır, top-top, gizlənpaç, qaçdı-tutdu oynadığın kənd uşaqlarının şən çığırtısı, haray-həşiridir, bəxtəvərlik diyarıdır Vətən sevgisi. Ata öyüdü, qüruru, vüqarı, Ana laylası, güvənci, dayağıdır Vətən sevgisi. Elimiz-günümüz, dilimiz-imanımız, güvəncimiz, yaşam tərzimiz, milli mənimiz, qan yaddaşımızdır Vətən sevgisi. Həyatın rəngi, duyğuların rəngidir Vətən sevgisi. Heç vaxt köhnəlməyən sərvətimizdir. Sabahlara daşıya biləcəyimiz ən qiymətli əmanətdir Vətən sevgisi. Vətən mükəmməldir, müqəddəsdir, bölünməzdir.
Canımıza-qanımıza hopmuş sonsuz məhəbbətdir, tayını tapmadığımız gözəllik məskənidir, unuda bilmədiyimiz sevgidir. İlk məhəbbət pıçıltılarını aləmə car çəkən mehdir, küləkdir Vətən sevgisi. Tarixin sənə əmanət etdiyi keçmişin və gələcəyindir. Babaların at oynatdığı döyüş meydanıdır, hünər salnaməsidir Vətən sevgisi. Sülh göyərçini tək məsumdur. Yaşamağa-yaratmağa gücümüz-qüvvətimizdir Vətən sevgisi.

-Maraqlıdır... Əgər millət vəkili seçilsəydiniz, işinizi hansı əsaslar üzərində qurardınız?
-Əgər millət vəkili arzusunda olsaydım, seçilsəydim ilk növbədə xalqımızın mənafeyi naminə çıxış edərdim. Sahibkar qadın olaraq çalışardım ki, Azərbaycanın gələcəyi indikindən də parlaq olsun. İmkanım daxilində seçicilərimin yanında olar, onların haqqlarını hər zaman müdafiə edərdim. Çalışardım ki, xalqımız bizə səs verdiklərinə görə sonradan özlərini qınamasınlar.

-Ailə nədir Sizin üçün?
-Ömrüm boyu möhkəmliyinə çalışdığım, özümə böyük dayaq saydığım isti ocağımdır. Deyərdim ki, əsl tərcümeyi-halımdır. Mən həyatda bütün qadınlara ailə səadəti, övlad sevgisi arzulayıram.

-Yəqin Siz də razılaşarsınız ki, ən qüdrətli kişinin arxasında qüdrətli bir qadın ömrü əriyir..
- Bu fikirlə tam razıyam. Qadın güclü olanda kişi də güclü olur. Kişi qadınından arxayın olanda, evi bir qala olur. Məcazi mənada desək, rahat arxasını söykəyə bilər, heç zaman arxadan zərbə almayacaq, o zaman kişi hökmən güclü olacaq. O ki qaldı Sizin sualınızın o biri tərəfinə, mənim ömür-gün yoldaşım Ağayev Ağa Mansır oğlu ömrü boyu məsul vəzifələrdə çalışıbdır. Ailəsini, övladlarını sevənlərdən biri idi. Artıq dörd ildir ki, dünyasını dəyişibdir. Biz onunla bu həyatda bir-birimizə hər zaman arxa, dayaq, etibarlı ömür yoldaşı, dost, sirdaş olmuşuq. Əsl dostlar doğrudan da, ən çətin günlərində belə çiyin-çiyinə dayana bilirlər. Mən həyatda bütün uğurlarıma ailəmin köməyi, dəstəyi sayəsində nail olmuşam. Biz xoşbəxt ömür yolumuzda onunla iki oğul böyütdük, ali təhsil verdik. Hazırda Sahib ailəlidir, İlqar isə hələ subaydır.

-Ana kimi xoşbəxtsizmi?
-Analıq hissi çox alidir. Maraqlıdır ki, analar övladlarının zəhmətlərini nə qədər çəksələr də, əvəzində heç vaxt təmənna ummurlar. Tanrıma şükürlər olsun ki, övladlarımdan özümə qarşı daim hörmət və məhəbbət hissi duymuşam.

- Sizin üçün ideal qadın obrazı kimdir?
- Anam Suqra xanım mənim aləmimdə ən ideal qadın obrazı idi. O zəhmətli ömür yolunda 9 övladına - 5 oğlan, 4 qız - hamımıza nümunəvi tərbiyə və ali təhsil verib. Yataq şəraitində yaşamış qaynanasının düz 12 il qulluğunda dayanıbdır. Bu baxımdan hamımız bütün ali dəyərləri ailəmizdən, xüsusən də anamızdan görüb-götürmüşük.

- Oğul toyu edib ocağınıza gəlin gətirmisiniz. Həmin ərəfədə özünüzü qaynana yükünü qəbul etməyə hazır sayırdınızmı? Maraqlıdır...Qaynana statusu Sizdə kompleks yaratmırdı ki?

- Deyə bilmərəm təqdim olunan qaynana obrazları nə dərəcədə həqiqətə uyğundur. Amma mən o vaxt elə bilirdim ki, ocağımıza doğma qız gətiririk. Oğlumun həyatının bir parçası mənim də əzizim – doğmamdır. Övladımın seçdiyi qız mənim də sevdiyimdir. Mənim gəlinimə gəlincə isə o, bir mələkdir. Onu sevməmək mümkün deyil. Qaynana məsələsində isə heç bir kompleks yaşamamışam. Əksinə oğlumun toyunda şadlanırdım, zərif hisslər yaşayırdım. Elə indi də... Heç yaşa dolmaqdan da narahat olmuram. Çünki hər yaşın öz gözəlliyi var.

- Azərbaycan qadını, anası haqqında düşüncə və arzularınız...
- Mən qadınlarımıza, xanımlarımıza həmişə gözəl gözlərlə baxmışam. Onları sağlam, xoşbəxt, nikbin ruhlu, işıqlı görmək istəmişəm. Rəbbimə şükürlər olsun ki, qısqanclıqdan, paxıllıq hissindən, mənfilikdən uzağam. Xəbislərə yazığım gəlib. Deyirlər ki, insanı içindən yeyən və yendirən mənfi hisslərdir. Əlbəttə ki, bu xoşagəlməz keyfiyyətdir. Zəhmətə qatlaşmayanlar, aciz, bacarıqsız olanlar başqalarına da paxıllıq hissi ilə yanaşırlar. Mən bu illər ərzində qızların, qadınların inkişaf etməsində, düzgün istiqamət tutmasında köməyimi əsirgəməmişəm. Xoşbəxtəm ki, insanlara yaxşılıq etməyə çalışmışam. Zənnimcə, bütün bunlar düzgün və sağlam yanaşmadır.

-Yeri gəlmişkən, xeyriyyəçiliyə, xeyirxahlığa münasibətiniz?
- Xeyriyyəçilik yüksək amallara, xalqı işıqlı sabaha aparan işlərə yönəldilmişdir həmişə.
Tarixin səhifəsini vərəqləyəndə oxuyuruq ki, Xurşudbanu Natəvanın sərmayəsi Üzeyir bəyə ali təhsil veribdir, Hacı Zeynalabdinin var-dövləti ziyalıları yetişdiribdir, məktəblərə, zavodlara və fabriklərə xərclənibdir, teatrlara sərf olunubdur. Ancaq indiki zamanda xeyriyyəçiliyin əhalinin halal zəhmət çəkməmək obyektinə çevrilməsi bizi çox düşündürür. Xeyirxahlığa gəlincə isə bu illər ərzində qaçqın-köçkün, şəhid ailəsindən, uşaq evlərində və SOS Uşaq kəndində yaşayan uşaqlardan bizim müəssisədə pulsuz kurslar keçənlər az olmayıbdır. Xeyirxahlıq hissi hər kəsin içindən gəlir.

- Ömrünüzün böyük bir hissəsini, gənclik yaşlarınızdan bu günədək çalışmısınız. Kənardan bir qədər gərgin, qayğılı və çox məşğul görünürsünüz. Yorulmamısınız ki?
- Qətiyyən. Əlbəttə, insan illəri arxada qoyduqca özü də yaşa dolur. Bəzən fiziki, bəzən də mənəvi cəhətdən yorulduğumuz vaxtlar da olur. Ancaq mən çox nikbin insanam. Hesab edirəm ki, nikbinlik hissi ən çətin məqamlarda insana dayaq olur, səbirli olmağa sövq edir. Özümdə güc tapmağı, möhkəm dayanmağı, polad iradəli olmağı, məqsədimə, məramıma doğru qətiyyətlə addımlamağı lap əvvəldən sevmişəm. Qarşıda görüləsi işlərimiz çoxdur hələ .

- İndiki əmin-amanlıq, çiçəklənmə dövründə Sizi hansı qlobal problemlər narahat edir?
- Torpaqlarımızın işğal altında olması hamı kimi məni də narahat edir. Vətənimizin döyünən ürəyi sayılan Qarabağın düşmən tapdağından tezliklə azad olunduğu günü həsrətlə gözləyirəm. O günü görmək inşaallah bütün Azərbaycan xalqına qismət olacaqdır.
Son olaraq qeyd edək ki, həyatda bütün uğurların rəhni əməkdir. Bu baxımdan zəhmətsevərlik, işgüzarlıq, yaxşılıq və xeyirxahlıq kimi keyfiyyətlər məhz, Zemfira Ağayevanın da həyatının meyarıdır. Çox xoşbəxtik ki, Vətənimizin belə sevimli qızları var.

Müşfiq BORÇALI,
Xanım BİLALQIZI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Vətənin sevimli qızı

Vətənin sevimli qızı

Gəncə, Qadın dünyası, QHT
Fatma Yıldırım:

Fatma Yıldırım: "Analarımızın tərbiyə etdiyi bu oğullar olmasaydı..."

Milli Məclis, Qadın dünyası
TƏBRİK EDİRİK, HÖRMƏTLİ LEYLA XANIM ƏHMƏDOVA!..

TƏBRİK EDİRİK, HÖRMƏTLİ LEYLA XANIM ƏHMƏDOVA!..

Rusiya, Diaspora, Başkeçid, Təbriklər, QHT

"Ot kökü üstə bitər" - hüquq müdafiəçisi Samirə Məmmədzadə

"Şərqin səsi", Müsabiqə, Hüquq
Ömür insanın sənət əsəridir

Ömür insanın sənət əsəridir

Məktəblər, "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
Qadin nə üçün təhsil almalıdır?..

Qadin nə üçün təhsil almalıdır?..

Borçalı, Köşə yazılar
Ləyaqətli nümunə: RƏNA ƏLİYEVA

Ləyaqətli nümunə: RƏNA ƏLİYEVA

TDPİ-nin Azərbaycan bölməsi, Kolleclər, "Şərqin səsi", Qarayazı
PROFESSOR  SƏHƏR ORUCOVANIN VƏTƏN SEVGİSİ

PROFESSOR SƏHƏR ORUCOVANIN VƏTƏN SEVGİSİ

BDU, "XXI əsrin Ziyalıları"
Ömrünün ən yüksək qayəsi şəfadır, şəfqətdir, işıqdır... (Mahirə Əmir qızı N ...

Ömrünün ən yüksək qayəsi şəfadır, şəfqətdir, işıqdır... (Mahirə Əmir qızı N ...

Səhiyyə, "Elm və Təhsil"
ŞƏMKİR ELİNDƏ ADI HƏMİŞƏ İFTİXARLA ÇƏKİLƏN, FİRUZƏ XANIM

ŞƏMKİR ELİNDƏ ADI HƏMİŞƏ İFTİXARLA ÇƏKİLƏN, FİRUZƏ XANIM

Regionlar
KÖNÜL İŞIĞINDA...

KÖNÜL İŞIĞINDA...

"Şərqin səsi"
“Həyatımı körpələrin sağlamlığına  həsr etmək, ən böyük arzum idi...”

“Həyatımı körpələrin sağlamlığına həsr etmək, ən böyük arzum idi...”

Səhiyyə, "Elm və Təhsil"
ŞƏRƏFLİ   PEDAQOQ  ÖMRÜ

ŞƏRƏFLİ PEDAQOQ ÖMRÜ

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınları ...

MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınları ...

Milli Məclis, Siyasət
Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

---
5 oktyabr - Beynəlxalq müəllimlər günüdür!..

5 oktyabr - Beynəlxalq müəllimlər günüdür!..

Məktəblər, Təbriklər
Bəşərin əbədi tacıdır ana!..

Bəşərin əbədi tacıdır ana!..

Məktəblər, "Elm və Təhsil", "Şərqin səsi"
Ümid  işığı  - Dr. Fatimə Hacıyeva

Ümid işığı - Dr. Fatimə Hacıyeva

Səhiyyə, Borçalı
Dəyişməyən duyğuların işığında...

Dəyişməyən duyğuların işığında...

BDU, "Elm və Təhsil"
AZƏRBAYCAN GƏNCLİYİ: DÜNƏNDƏN BU GÜNƏ

AZƏRBAYCAN GƏNCLİYİ: DÜNƏNDƏN BU GÜNƏ

Publisistika, Qarayazı
Rəy yazın: